MDB kitabxanalarının
vahid portalı gələn il istifadəyə veriləcək
MDB ölkələrinin milli kitabxanalarının vahid portalı gələn il istifadəyə veriləcək. Bu barədə Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov məlumat verib. Onun sözlərinə görə, vahid portalın yaradılması ideyası Avrasiya Kitabxanalar Assambleyası qeyri-kommersiya təşkilatının ötən il keçirilən 10-cu toplantısında qərara alınıb. Hazırda vahid portalın yaradılması üzərində iş gedir. K.Tahirov bildirib ki, artıq Azərbaycan kitabxanalarının portalı yaradılıb və bu portal MDB ölkələrinin kitabxanalarının vahid portalına daxil olacaq. Vahid portalın yaradılması ilə MDB məkanında yaşayan insanlar digər birlik ölkələrinin milli kitabxanalarının fondlarında saxlanan kitablarla yanaşı, həmin ölkələrdə çıxan dövri mətbuatla da gündəlik tanış olmaq imkanı qazanacaqlar. Portalın yaradılmasının texniki tərəfləri isə Avrasiya Kitabxanalar Assambleyası qeyri-kommersiya təşkilatının bu ilin noyabrında keçiriləcək toplantısında müzakirə ediləcək.
K.Tahirov söhbəti zamanı onu da bildirdi ki, İslam Ölkələrinin Milli Kitabxanalarının Direktorlar Şurasının ikinci toplantısı bu ilin aprel ayında Bakıda keçiriləcək. Sözügedən tədbir 2009-cu ilin Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar baş tutacaq. Konfransla yanaşı, Milli Kitabxanada islam ölkələrinin milli kitabxanalarında saxlanılan ən qiymətli və qədim kitabların sərgisi də açılacaq. Bu ayın 19-da isə Milli Kitabxanada Bakının tarixinə aid, bir neçə islam ölkəsinin dilinə tərcümə olunmuş kitabın təqdimatı keçiriləcək.
Kaspi.-2009.-14-16 fevral.- S.16.