AŞ PA-nın
məruzəçisi inadından
dönüb
Amma Cənubi Qafqazda mədəni irsin vəziyyətini
başqa missiya da araşdıra bilər
Azərbaycan Avropa
Şurası Parlament Assambleyasının (AŞ PA) Cənubi
Qafqazda mədəni irsin araşdırılması ilə
bağlı məruzəçisi, britaniyalı parlamentari
Edvard Oharanın regiona səfərinin baş tutmasında
maraqlıdır. Bu barədə Azərbaycanın AŞ
PA-dakı nümayəndə heyətinin üzvü, millət
vəkili Rafael Hüseynov məlumat verdi. O qeyd etdi ki, Cənubi
Qafqaz ölkələrindəki mədəni abidələrin
vəziyyəti 2001-ci ildən AŞ PA-nın Mədəniyyət,
Elm, Təhsil Məsələləri üzrə Komitəsinin
gündəmindədir. Ancaq bir neçə ildir məruzəçinin
regiona səfəri reallaşmır. Hətta bir qədər əvvəl
E.Ohara regiona səfər etməkdən imtina etmişdi. R.Hüseynovun
sözlərinə görə, artıq məruzəçi
inadından dönüb və regiona səfər etməyə
hazır olduğunu bildirib.
Millət vəkili dedi
ki, E.Oharanın regiona səfəri kompleks
araşdırmanı əhatə etməlidir. Məruzəçi
həm Azərbaycanın işğal olunmuş ərazilərindəki,
həm də Ermənistanda qalan abidələrin vəziyyətini
öyrənməlidir. Eləcə də
Gürcüstandakı Azərbaycan abidələri və Azərbaycandakı
erməni abidələrinin vəziyyəti
araşdırılmalıdır. Amma Ermənistan təkid edir
ki, E.Oharanın səfəri Naxçıvan Muxtar
Respublikasının Culfa rayonundakı erməni qəbiristanlığından
başlasın. Azərbaycan tərəfi isə
araşdırmaların Dağlıq Qarabağdan, işğal
altındakı digər rayonlardan başlamasını istəyir.
Bundan əlavə, Azərbaycan istəyir ki, məruzəçi
Dağlıq Qarabağa Ermənistandan deyil, Azərbaycan ərazisindən
getsin. Çünki Dağlıq Qarabağa Ermənistan ərazisindən
getmək Azərbaycanın müstəqilliyinə
aşağıdan yuxarı baxmaq deməkdir. R.Hüseynovun
sözlərinə görə, bütün bunlar Avropa
Şurasının özünün müəyyənləşdirdiyi
prinsiplərə uyğundur: "Bu baxımdan əgər cənab
Ohara səfərin baş tutmamasının günahını
bizdə axtarırsa, məsələyə düzgün
yanaşmır. Avropa Şurası daim Azərbaycanın
müstəqilliyini tanıdığını bildirib. Ermənistanın
təcavüzkar olduğu da təşkilatın qəbul etdiyi
sənədlərdə əksini tapıb. E.Oharanın regiona
səfər formatı da elə olmalıdır ki, o, Cənubi
Qafqaz ölkələrinin üçünə də eyni
vaxtda səfər etməlidir".
R.Hüseynov onu da
bildirdi ki, əgər E.Oharanın regiona səfəri
mümkün olmasa, digər bir missiya Cənubi Qafqazdakı mədəni
irsin vəziyyətini araşdırmaq üçün
bölgəyə səfər edəcək. Bu missiya Avropa
Şurasının baş katibi Terri Devis tərəfindən
formalaşdırılıb. Missiyanın tərkibinə
müxtəlif sahələr üzrə
ixtisaslaşmış çoxlu sayda mədəniyyət
mütəxəssisi daxil edilib. Millət vəkili hesab edir ki,
regiona məhz bu missiyanın səfər etməsi məqsədəuyğundur.
Artıq bu istiqamətdə müvafiq addımlar
atılmaqdadır.
İlham QULİYEV
Kaspi.- 2009.- 19 fevral.- S. 5.