"Məcburi köçkünlərin böyük bir hissəsi hələ də ağır şəraitdə yaşayır" 

 

Sənan Hüseynovun sözlərinə görə, yoxsulluq səviyyəsinin azaldılması istiqamətində işlər qaçqın və məcburi köçkünlərin həyatına da müsbət təsir göstərir

 

Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini işğal etdiyi gündən 15 ildən çox vaxt keçib. Bu müddət ərzində doğma yurd-yuvalarını tərk etmək məcburiyyəti qarşısında qalmış qaçqınlar və məcburi köçkünlərin həyatında çox şey yaxşılığa doğru dəyişib. 15 il əvvəl mümkünsüz görünən şey bu gün artıq həyata keçirilib. Belə ki, ən vacib məqam onlar üçün müasir standartlara cavab verən xüsusi evlərin tikilməsi olmuşdur. Bəs hansı problemlər öz həllini tapmayıb və gələcəkdə onların həlli istiqamətində hansı tədbirlər görüləcək? Bu kimi suallarla əməkdaşımız Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin departament direktoru Sənan Hüseynova müraciət edib.

- Məcburi köçkünlərin humanitar və sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə son illər Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər haqqında, zəhmət olmasa, ətraflı danışardınız.

- Məlum olduğu kimi, dövlət idarəçiliyi sahəsində gərgin işə və hökumətin fəaliyyətinə baxmayaraq, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü davam etməkdədir. Bu təcavüzkarlıq nəticəsində bir milyona qədər həmvətənimiz öz doğma evləri və torpaqlarından sürgün edilmişdir ki, onların sosial problemlərinin həlli hal-hazırda dövlətimizin əsas məqsədlərindən birinə çevrilmişdir. Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövr ərzində dünyanın müxtəlif dövlətlərinin liderləri ilə görüşərək, hər zaman bu problemə toxunmuş, onu respublikamız üçün birinci və əsas adlandırmışdır. Təsadüfi deyil ki, bu məsələ həmişə prezident İlham Əliyevin diqqət mərkəzindədir. Onun sayəsində son beş il ərzində göstərilən istiqamətdə müntəzəm olaraq məqsədəuyğun tədbirlər həyata keçirilir.

Ümumiyyətlə, son beş il ərzində qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı prezident 19 fərman və sərəncam imzalamış, bir Dövlət proqramını və ona edilən əlavələri təsdiqləmiş, həmin sənədlərin həyata keçirilməsi ilə əlaqədar olaraq Nazirlər Kabinetinə 65 sərəncam və qərar təqdim etmişdir. Bununla yanaşı, Milli Məclisdə göstərilən məsələyə dair bir qanun qəbul edilmiş, prezident İlham Əliyevin iştirakı ilə beynəlxalq konfrans və iki geniş müşavirə keçirilmişdir. Eyni zamanda, 2008-ci ildə Azərbaycan prezidenti 1 fərman və 2 sərəncam imzalamış, Nazirlər Kabineti 8 qərar və sərəncam qəbul etmişdir. Ötən beş ildə prezident İlham Əliyev məcburi köçkünlərlə 11 dəfə görüş keçirmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu gün bütün qaçqınlar və məcburi köçkünlər müasir standartlara cavab verən yaşayış yerləri ilə təmin olunmuş və onların yaşamağa məcbur olduqları çadır şəhərcikləri tamamilə ləğv edilmişdir. Xüsusilə onlar üçün tikilmiş qəsəbələrdə məktəblər, uşaq bağçaları və tibb müəssisələri mövcuddur.

Bundan əlavə, 2008-ci il ərzində prezident İlham Əliyevin 1 iyul 2004-cü il tarixli 298 saylı sərəncamı ilə təsdiqlənmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılmasına dair Dövlət Proqramı", prezident İlham Əliyevin "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılmasına dair Dövlət Proqramı"na əlavələrin edilməsinə dair" 31 oktyabr 2007-ci il tarixli 2475 saylı sərəncamına müvafiq olaraq müəyyən işlər həyata keçirilmişdir.

2008-ci il ərzində qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün dövlət büdcəsi, Dövlət Neft Fondu və digər mənbələrdən 336,9 mln. manat (163,1 mln. manat dövlət büdcəsinin, 145 mln. manat Dövlət Neft Fondunun, 1,8 mln. manat investisiya vasitələrinin, 27 mln. manat isə beynəlxalq humanitar təşkilatların payına düşür) ayrılmışdır. Deyilməlidir ki, 2008-ci ildə dövlət büdcəsindən ayrılmış məbləğ (163,1 mln. manat) 2003-cü ildəkindən (53,4 mln. manat) üç dəfə çoxdur.

- Bu vaxta qədər qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə beynəlxalq təşkilatlar tərəfindən nə qədər humanitar layihə həyata keçirilmişdir?

- Qeyd etmək lazımdır ki, hal-hazırda dövlətlər, beynəlxalq maliyyə strukturları və təşkilatları mikroiqtisadi sabitliyin yaradılması, inkişafın stimullaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması istiqamətində dövlətimizlə sıx və konstruktiv şəkildə əməkdaşlıq edirlər. Bu, respublikanın əhalisinə, o cümlədən qaçqınlara və məcburi köçkünlərə müsbət təsir göstərir. Bu gün qaçqınların, məcburi köçkünlərin və aztəminatlı ailələrin sosial problemlərinin həlli ilə əlaqədar olaraq 115 humanitar təşkilat fəaliyyət göstərir ki, onlardan 60-ı beynəlxalq, 40-ı yerli, 15-i isə onlar tərəfindən qeyri-bank kreditlərinin verilməsi üçün təsis edilən təşkilatlardır. Prezidentin müvafiq sərəncamına əsasən, həmin təşkilatların fəaliyyəti Respublika Beynəlxalq Humanitar Yardım Komissiyası tərəfindən əlaqələndirilir və sadalanan təşkilatlar 2008-ci ildə ümumi məbləği 30 mln. ABŞ dolları olan müxtəlif layihələr həyata keçirmişlər.

Beynəlxalq və yerli humanitar təşkilatlar tərəfindən təsis edilmiş, qeyri-bank kreditlərinin verilməsi üzrə təşkilatlar sayəsində 2008-ci ildə respublikanın şəhər və rayonlarında qaçqınlara və məcburi köçkünlərə ümumi məbləği 50 mln. ABŞ dolları olan mikrokreditlər verilmişdir.

Bundan əlavə, Dünya Bankının kredit müqaviləsinə ("Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi") əsasən, 3781,3 min ABŞ dolları məbləğində 61 müxtəlif ictimai mikrolayihə həyata keçirilib. Layihələr təxminən 45 min məcburi köçkünü əhatə etmişdir. Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu tərəfindən təşkil edilmiş daha 8 mikrolayihə tamamlanmaq üzrədir (məbləğ - 108 min ABŞ dolları).

- Daha hansı humanitar layihələrin reallaşdırılması nəzərdə tutulub?

- 2009-2011-ci illəri əhatə edən "Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi üçün Əlavə Maliyyələşdirmə"ni həyata keçirmək məqsədi ilə 2008-ci ilin may ayının 15-də Beynəlxalq İnkişaf Assosiasiyası (Beynəlxalq Bank) və Azərbaycan hökuməti arasında yeni layihə haqqında müqavilə imzalanmışdır. 24,19 mln. ABŞ dolları təşkil edən həmin layihə 15 mln. ABŞ dolları məbləğində kredit vəsaitlərinin ayrılmasını nəzərdə tutur, daha 9,19 mln. ABŞ dolları isə Azərbaycan hökuməti tərəfindən ayrılacaq. Məcburi köçkünlər üçün salınmış 25 yeni qəsəbədə gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2007-ci ilin oktyabr ayında imzalanmış "Məcburi Köçkün Gənclərin Dəstəklənməsi Layihəsi" çərçivəsində Yaponiya Sosial İnkişaf Fondu tərəfindən ayrılacaq 2 mln. ABŞ dolları miqdarında qrant vəsaiti hesabına məcburi köçkün gənclər üçün müxtəlif idman-sağlamlıq, mədəniyyət, kompyuter mərkəzləri yaradılacaqdır. Layihənin icrasına başlamaq üçün tender əsasında 4 vasitəçi təşkilat cəlb edilmişdir.

Ağdam rayonu ərazisində salınmış yeni qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərə zəruri kənd təsərrüfatı məhsullarının istehsalı və satışına köməklik məqsədi ilə BMT-nin "Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı" (FAO) tərəfindən həyata keçirilən layihənin genişləndirilməsi üçün 2008-ci ilin may ayında İsveçrə hökuməti tərəfindən 300 min ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Layihənin 2009-2011-ci illərdə davam etdirilməsi nəzərdə tutulur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 180-dən çox beynəlxalq maliyyə strukturlarının, humanitar təşkilatların nümayəndələri ilə görüşlər keçirilmişdir. Ancaq yenə də qeyd etmək lazımdır ki, məcburi köçkünlərin böyük bir hissəsi hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda ağır şəraitdə yaşayır və hər gün ciddi problemlərlə üzləşirlər.

- Beynəlxalq ictimaiyyətin Azərbaycanın sözügedən mühüm probleminə münasibəti barədə nə deyə bilərsiniz?

- Azərbaycan prezidentinin uğurlu xarici siyasəti nəticəsində hal-hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq səviyyədə mühüm tədbirlər həyata keçirilir. 2008-ci ilin mart ayının 14-də BMT-nin Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə qəbul edilmişdir. Sözügedən sənəd erməni silahlı qüvvələrinin təcili surətdə Azərbaycan ərazisindən çıxarılmasını tələb edərək, növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində həyata keçirilməsi zərurətini təsdiq edir. Bununla yanaşı, bu qətnamə Azərbaycanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq hüququnu bir daha təsdiq edərək, bu məqsədlə lazımi tədbirlərin görülməsinin əhəmiyyətini qeyd edir. Eyni zamanda, BMT-nin üzv dövlətləri Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalından sonra yaranmış vəziyyəti tanımamağa və ona dəstək verməməyə çağırılır.

Bundan əlavə, 2008-ci ildə baş vermiş mühüm bir hadisəni qeyd etmək istərdim. Belə ki, 2008-ci ilin noyabr ayının 2-də Rusiya prezidentinin təşəbbüsü və dəvəti ilə Azərbaycan Respublikası və Ermənistanın dövlət başçılarının iştirakı çərçivəsində üçtərəfli görüş keçirildi. Görüş zamanı tərəflərin imzaladığı Bəyannamədə münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində qəbul edilmiş sənədlərə və qərarlara əsasən həll edilməsinin zəruriliyi qeyd olunur. Eyni zamanda, bu kimi sənədlər sırasında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsini göstərmək olar. Həmçinin bir faktı da qeyd etmək lazımdır ki, son 15 ildə Ermənistan ilk dəfə olaraq Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü təsdiqlədi.

 

 

İsgəndər QULİYEV 

 

Kaspi.- 2009.- 19 fevral.- S .6.