Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı internet saytı təqdim olunub

 

Bakının 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı yaradılmış internet saytının və Azərbaycana həsr olunmuş sənədli filmlərin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, "baku-icc-2009.az" saytı beş dildə - Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində hazırlanıb. Saytda mədəniyyətin müxtəlif sahələrinə aid bölmələrlə yanaşı, paytaxtla bağlı hazırlanmış video-rolik də yer alıb. Saytın təqdimatında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir il müddətində keçiriləcək bütün tədbirlərin saytda işıqlandırılacağını deyib: "Azərbaycan mədəniyyəti ilə bağlı saytda yer alacaq bütün məlumatları xaricdən də izləyə biləcəklər. Bu addım da Azərbaycan mədəniyyətinin təbliğinə yönəldilib və uğurlu nəticəsinin olacağına inanıram".

Ə.Qarayev deyib ki, Azərbaycana həsr olunmuş filmlər bir il müddətində müxtəlif tədbirlərdə göstəriləcək. Bu filmlər arasında "Azərbaycan xalçaları", "İçərişəhər", "Azərbaycan musiqisi", "Memarlıq abidələri" və digərlərinin adını qeyd edən nazir kino əsərlərinin artıq hazır olduğunu diqqətə çatdırıb. Saytın təqdimatında İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveyeri də iştirak edib.

 

 

Kaspi.- 2009.- 19 fevral.- S. 15.