YAP paytaxt və bölgələrdə
təşviqatla bağlı
proqramını açıqlayıb
Əli Əhmədov hakim partiyanın yarım milyona
yaxın üzvünün bu prosesdə fəal
olacağına əminliyini ifadə edib
Dünən YAP Xətai
rayon təşkilatının akt zalında "Yeni Azərbaycan"
referendum üzrə təşviqat qrupunun toplantısı
keçirilib. YAP-ın mətbuat xidmətindən verilən məlumata
görə, yığıncağı giriş sözü ilə
açan Yeni Azərbaycan Partiyasının sədr müavini,
icra katibi, "Yeni Azərbaycan" referendum üzrə təşviqat
qrupunun səlahiyyətli nümayəndəsi Əli Əhmədov
qeyd edib ki, artıq fevralın 18-dən Konstitusiyaya əlavə
və dəyişikliklərlə bağlı təşviqat
kampaniyasına start verilib. Martın 18-dək ayrı-ayrı təşviqat
qruplarının səlahiyyətli nümayəndələri
və vəkilləri təklif edilən dəyişikliklərlə
bağlı Azərbaycanın bütün bölgələrində
maarifləndirmə və izahat işi aparacaqlar. Martın 18-də
isə seçicilər Azərbaycan xalqının ümumi rəyini
və iradəsini ifadə edərək Milli Məclisin təklif
etdiyi əlavə və dəyişikliklərlə
bağlı referendum aktına səs verəcəklər. Onun
sözlərinə görə, "Yeni Azərbaycan" təşviqat
qrupu qanunla müəyyənləşdirilmiş prosedur
qaydalarına uyğun olaraq qeydiyyatdan keçdikdən sonra
Konstitusiyaya əlavə və dəyişikliklərin mahiyyətinin
ictimaiyyətə dolğun çatdırılmasında, təbliğat-təşviqat
kampaniyasında fəal iştirak edir. Referenduma
çıxarılan məsələlərə cəmiyyətin
müxtəlif təbəqələrinin böyük maraq
göstərdiyi göz qabağındadır. Referenduma
hazırlıq işləri yüksək səviyyədədir.
YAP-ın bu prosesdə fəal iştirakı üçün
kifayət qədər insani-təşkilati resursu var.
Keçirilən tədbirin məqsədini açıqlayan Ə.Əhmədov bildirib ki, məqsəd fevralın 18-dən başlanan təşviqat kampaniyası müddətində görüləcək işləri bir daha müzakirə etməkdir. "Yeni Azərbaycan" təşviqat qrupunun üzvləri respublikamızın bütün seçki dairələrini əhatə edir. O əlavə edib ki, təşviqat üçün 28 gün ayrılır. Təşviqat kampaniyasına start verilənə qədər partiyanın şəhər və rayon təşkilatları ilə birlikdə təsdiq olunmuş proqram və plan əsasında işlər aparılıb: "Təşviqat kampaniyasına partiyanın geniş insani-təşkilati resursları səfərbər edilib. Kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün partiyanın yerli qərargahlarında seminarlar keçirilib. Həmin tədbirlərin keçirilməsində məqsəd referenduma çıxarılan məsələlərin mahiyyətini yerlərdə fəaliyyət göstərən qərargah üzvlərinin diqqətinə çatdırmaq idi. Bu təlimatlar əsasında təşviqat üzvləri ölkə ictimaiyyətini məlumatlandıracaqlar. Bütövlükdə Azərbaycanın hər bir bölgəsində uğurlu və səmərəli izahetmə, maarifləndirmə kampaniyasının aparılmasını təmin edəcəyik".
Konstitusiyanın 29 maddəsində nəzərdə tutulan 40-a yaxın əlavə və dəyişiklikliyin mahiyyətini seçicilərə çatdırmaq qarşıda duran əsas vəzifədir. Aparılan müşahidələr Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin Konstitusiyaya əlavə və dəyişiklikləri birmənalı şəkildə dəstəklədiyini, onların mahiyyətini düzgün dərk etdiklərini göstərir.
Ə.Əhmədov onu da bildirib ki, YAP-ın seçki proseslərindən uğurla çıxmasının başlıca səbəblərindən biri daim xalqla ünsiyyətdə olması, əhalinin fikirlərini açıq-aydın öyrənməsidir. Bu şəffaflıq həmişə Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib: "Konstitusiyaya əlavə və dəyişikliklər zamanın tələbidir. Bütün bu gerçəkliklər fonunda Azərbaycan müxalifətinin referendumun keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlər reallıqdan uzaqdır.
Qarşıda duran vəzifələrdən biri də müxalif qüvvələrin apardığı təbliğatın əsassızlığını faktlarla ictimaiyyətə çatdırmaqdır. Bir sözlə, maarifləndirmə işini yüksək səviyyədə həyata keçirməliyik. Bu işdə ölkə vətəndaşlarının fəallığı aydın şəkildə sezilir". YAP-ın ölkədə keçirilən hər bir seçki prosesindən uğurla çıxmasının partiya üzvlərində heç bir arxayınlıq yaratmamasını qeyd edən Ə.Əhmədov bildirib ki, daha səylə çalışmalı, əlavə və dəyişikliklərin ölkəmizin tərəqqisinə, demokratiyanın inkişafına xidmət göstərdiyini daha dolğun şəkildə ictimaiyyətə çatdırmalıyıq. YAP sədrinin müavini qeyd edib ki, bu əlavə və dəyişikliklərin arxasında duran niyyətlər safdır. Azərbaycan dövlətçiliyinin əsaslarının möhkəmləndirilməsinə, konstitusion əsasların daha da gücləndirilməsinə, eyni zamanda Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının hüdudlarının genişləndirilməsinə, onların daha etibarlı müdafiəsinin təşkil edilməsinə, müdafiə mexanizminin yaradılmasına xidmət edir. "Artıq böyük bir mərhələni keçmişik. Referendumla əlaqədar kampaniyanın birinci mərhələsi başa çatıb. Artıq təbliğat-təşviqat kampaniyisına başlamışıq. Təşviqat qrupunun səlahiyyətli nümayəndələri və vəkilləri bu prosesdə üzərlərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirməlidir" - deyən Ə.Əhmədov YAP-ın yarım milyona yaxın üzvünün bu prosesdə fəal olacağına əminliyini ifadə edib.
Daha sonra YAP-ın icra katibinin müavini, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov təşviqat kampaniyası müddətində görüləcək işlərdən danışıb. Qeyd edib ki, bütün seçkilərdən uğurla çıxan Yeni Azərbaycan Partiyası ümumxalq səsverməsinə yüksək səviyyədə hazırlaşır. S.Novruzov paytaxt və bölgələrdə təşviqatla bağlı proqramı açıqlayıb.
K.HACIYEV
Kaspi.- 2009.- 20 fevral.- S. 3.