Dünya Xocalı soyqırımını anacaq
Diaspor təşkilatlarının
bu istiqamətdə görəcəyi işlər
müəyyənləşib
Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Xocalı soyqırımının 17-ci ildönümünü qeyd etməsi ilə tədbirər planı təsdiqlənib. Xocalı faciəsini anmaq məqsədilə bu il də etiraz aksiyaları, konfransların keçirilməsi, sərgilərin təşkili nəzərdə tutulub. Diaspor ilə İş üzrə Dövlət Komitəsindən verilən iəlumata görə, Fransanın Strasburq şəhərində Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı silsilə tədbirlər Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin, Azərbaycan və türk təşkilatlarının, Strasburqda təhsil alan gənclərimizin, yerli və xarici qurumların nümayəndələrinin iştirakı ilə fevralın 26-da Avropa Parlamentlər Assosiasiyasının binasında XX əsrin bu dəhşətli faciələrindən birinə həsr olunmuş anma mərasimi ilə başlanacaq. Mərasim iştirakçılarına Xocalı soyqırımı, erməni vəhşilikləri, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi baradə Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdiyi materillar təqdim olunacaq, ermənilərin xalqımıza qarşı törətdiyi terror və soyqırımı aktlarına dair geniş məlumat veriləcək, faciədən bəhs edən film və fotostend nümayiş etdiriləcək. Bundan əlavə, elektron KİV-lərdə faicəyə dair məlumatların yerləşdirilməsi, "dəyirmi masa" keçirilməsi də nəzərdə tutulub. Nümayəndəlik faciə barədə faktları əks etdirən mətbuat bülletenləri hazırlayaraq, Avropa Şurasının katibliyində, üzv ölkələrin daimi nümayəndəliklərində, habelə Strasburqda fəaliyyət göstərən konsulluqlarda yayacaq. Strasburqdakı "Azərbaycan evi" də Azərbaycan Mədəni Əlaqələr və Azərbaycan Kültür Cəmiyyətləri, Azərbaycanlı Tələbələr Assosiasiyası, Miluzdakı Fransa-Azərbaycan Mədəniyyət Assosiasiyası ilə birlikdə ermənilərin 17 il əvvəl törətdilkəri vəhşiliklər və Xocalı soyqırımı baradə həqiqətləri fransız xalqına çatdırmaq məqsədi ilə proqram hazırlayıb. "Azərbaycan evi" fevralın 28-də Strasburqun mərkəzindəki meydanda nümayiş keçirəcək. Nümayişdə bu bölgədə yaşayan azərbaycanlılar və türk diasporunun nümayəndələri iştirak edəcəklər. Nümayişin keçirilməsi barədə Strasburq bələdiyyəsindən razılıq alınıb. Nümayiş vaxtı yerli sakinlərə Xosalı faciəsindən bəhs edən, ingilis və fransız dillərində çap olunmuş ədəbiyyat, qəzetlər və vərəqələr paylanacaq. Fevralın 29-da yerli radioda Xocalı soyqırımına həsr olunmuş xüsusi veriliş səslənəcək.
ABŞ-da da soyqırım qurbanlarının xatirəsi müxtəlif tədbirlərlə anılacaq. Belə ki, Amerika-Azərbaycan Şurasının və Amerika-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə ABŞ-da "Xocalı həftəsi" keçiriləcək. Tədbirlərin Nyu-York, Vaşinqton, San-Fransisko, Kaliforniya, Çikaqoda təşkili nəzərdə tutulub. "Xocalı ədalət kampaniyası" adı altında baş tutacaq tədbirlər çərçivəsində soyqırımı ilə bağlı konfrans da keçiriləcək. Konfransda Heydər Əliyev Fondu tərəfindən hazırlanan Xocalı filmi nümayiş olunacaq, millət vəkili Həvva Məmmədovanın ingilis dilində işıq üzü görən Xocalı soyqırımı ilə bağlı kitabı iştirakçılara təqdim olunacaq. Bundan başqa, tədbirlər çərçivəsində BMT-nin Nyu Yorkdakı mənzil qərargahı qarşısında etiraz aksiyası keçiriləcək. Etiraz aksiyasında BMT ölkələrinə və baş katibinə müraciət ünvanlanacaq. Nyu-Yorkdakı "Türk evi"ndə isə təqdimat keçiriləcək. Slaydlar vasitəsilə aparılacaq bu təqdimat və panel-disskussiya Kaliforniyadakı Berkli Universitetində də təşkil olunacaq. Silsilə tədbirlər fevralın 28-dək davam edəcək.
Almaniyada da soyqırımının 17-ci ildönümünün qeyd edilməsi ilə bağlı geniş tədbirlər nəzərdə tutulub. Fevralın 26-da Diaspor ilə İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Alman-Azərbaycan Forumunun prezidenti Otto Hauzerlə birlikdə Frankfurtdakı "FOX" televiziyasının canlı efirində yarım saat Xocalı soyqırımı barədə çıxış edəcəklər. Daha sonra V.Hacıyevin Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür və Frankfurt Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İsgəndərova ilə birlikdə "Kanal Avropa"nın və TQRT-nin Almaniya nümayəndəliyinin canlı efirində də soyqırımla bağlı çıxışları nəzərdə tutulub. Berlin şəhəində isə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Alman Bundestaqının üzvlərinin də dəvət olunacaq anım tədbirində soyqırımla bağlı sənədli film nümayiş etdiriləcək və uşaq rəsmlərindən ibarət sərgi təşkil olunacaq. Bundan başqa Berlinin mərkəzi meydanlarından birində "Azərbaycan Evi" və "Alman Azərbaycan Həmrəylik Cəmiyyəti" birlikdə Xocalı faciəsi həqiqətlərinə alman ictimaiyyətinin diqqətini çəkmək məqsədilə mitinq keçirəcək. Daha bir etiraz aksiyası isə Hollandiyanın Haaqa şəhərində baş tutacaq. "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Cəmiyyətinin fevralın 22-də Xocalı soyqırımı ilə bağlı hazırlanmış şüarlarla Sülh Sarayının qarşısında piket keçirəcək, sonra isə məşəllərlə etiraz yürüşü olacaq, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinə Haaqada ucaldılmış abidə ziyarət olunacaq. "Hollandiya Azərbaycan Türk-Kültür Dərnəyi" isə martın 1-də Haaqadakı Xocalı abidəsinin önündə soyqırım qurbanlarını anım tədbiri keçirəcək. Tədbirdə Azərbaycan və Türkiyənin Niderlanad Krallığındakı səfirləri, Azərbaycan və türk diaspor təşkilatlarının fəalları iştirak edəcəklər. Brüsseldə isə fevralın 26-da Belçika-Azərbaycan Evinin təşəbbüsü ilə şəhərin Place du Schuman mərkəzi meydanında soyqırımın 17-ci ildönümü ilə əlaqədar çadır quracaq. Çadırda faciəni əks etdirən foto və rəsm sərgisi nümayiş etdiriləcək, yerli televiziyalardan birində Xocalı qırğını barədə filmin göstərilməsi təşkil olunacaq. Həmin gün Almaniyanın Köln şəhərindəki "Vahid Azərbaycan Cəmiyyəti"nin üzvləri də Brüsselə gələrək buradakı Azərbaycan və türk diaspor təşkilatlarının iştirakı ilə Avropa Parlamentinin binası qarşısında tədbir keçirəcəklər. Soyqırım qurbanlarının anım günündə "Azəri Türk Qadınlar Birliyi" də Brüsseldəki Square de Meeuse meydanında mitinq keçirəcək və buradan isə Avropa Parlamenti binasının yerləşdiyi Place Schuman meydanına yürüş olacaq.
Fevralın 22-də İsveçin Stokholm şəhərindəki Sergelstorg meydanında bu ölkədəki Azərbaycan diaspor təşkilatları Xocalı qətliamına etiraz əlaməti olaraq mitinq keçirəcəklər. Bir gün əvvəl isə İsveçin Linköpinq şəhərində fəaliyyət göstərən "Babək" dərnəyi şəhərin Tradgardstorget meydanında manifest təşkil edəcək. Fevralın 25-də İsveçrədə fəaliyyət göstərən Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi Berndə bu ölkənin parlament üzvlərinin, tanınmış siyasətçilərin və KİV nümayəndələrin iştirakı ilə konfrans keçirərək Xocalı soyqırımına, tarixi gerçəkliklərə bir daha diqqət yönəldəcək. Danimarkadakı "Vətən" cəmiyyəti Xocalı faciəsinin ildönümünü soyqırım haqqında sənədli filmin nümayişi, broşürlar və kitabların təqdimatı ilə qeyd edəcək.
Faciənin 17-cı ildönümü həmçinin, Moldova, Baltikyanı ölkələrdə, Praqada, Macarıstanda, Rumıniyada, Kanadada, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, Tayland Krallığında, Yeni Zellandiyada, Gürcüstanda, Özbəkistanda, Qazaxstanda, Qırğızıstanda, Rusiyada, Ukraynada, Belarusda qeyd olunacaq.
K.HACIYEV
Kaspi.- 2009.- 20 fevral.- S. 6.