Azərbaycanda surroqat ana praktikasından istifadəyə ehtiyac yoxdur"
Musa Quliyevin sözlərinə görə, bu məsələ
ilə bağlı bütün müddəalar qanun layihəsindən
çıxarılıb
Əmək Məcəlləsinə
nəzərdə tutulan əlavə və dəyişikliklərlə
bağlı müzakirələr davam edir. İctimai
müzakirələr zamanı nəzərdə tutulan əlavə
və dəyişikliklərin bir çoxu Milli Məclisin
komissiyalarındakı fikir mübadiləsi zamanı layihədən
çıxarıldı. Xüsusilə də maliyyə
tutumlu təkliflərin məcəllədə əksini
tapmasının çətin olduğu üzə
çıxdı. Amma hələ də bəzi məsələlərə
yenidən baxılacağı ümidi qalmaqdadır. Biz məcəlləyə
təklif olunan yeniliklərlə bağlı
suallarımızı layihəni hazırlayan Milli Məclisin
Sosial siyasət daimi komissiyasının sədr müavini Musa
Quliyevə ünvanladıq.
- Musa müəllim, Əmək
Məcəlləsinə əlavə və dəyişiklərlə
bağlı təklif olunan ilkin layihədə qadınlara
haqqı ödənilməklə verilən analıq məzuniyyətinin
müddətinin 250 gün müəyyənləşdirilməsi
nəzərdə tutulurdu. Sonradan bu müddət 145-ə
endirildi. Son variantda isə haqqı ödənilən
analıq məzuniyyətinin 140 gün olması nəzərdə
tutulur. Bu dəyişikliklər nə ilə əlaqədar
idi?
- Bütün bunlar
müzakirələrin nəticəsində meydana gəldi. Son
variantda biz razılaşdıq ki, haqqı ödənilən
analıq məzuniyyəti 140 gün olacaq, amma bunun tətbiqinə
gələn ildən başlanacaq. Çünki 2009-cu ilin
dövlət büdcəsi artıq təsdiq olunub.
- Sizcə layihədəki
250 günün 140-a endirilməsi çox böyük dəyişiklik
deyilmi?
- Haqqı ödənilən
analıq məzuniyyətinin müddətinin 250 gün müəyyənləşdirilməsi
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin təklifi idi. Amma gəlin
razılaşaq ki, bu təklif reallığa söykənmirdi.
Hər hansı bir təklif veriləndə ilk növbədə
onun maliyyə tutumu nəzərə alınmalıdır. Biz
maliyyə durumumuzu nəzərə almadan qanunlarımıza
istədiyimiz rəqəmi yazsaq, sonradan həmin qanun işləməz
və yaxud onun tətbiqində ciddi problemlər yaranar. Ona
görə də hər şeyi müvafiq qurumlarla
razılaşdırmalıyıq. Mən hesab edirəm ki,
haqqı ödənilən analıq məzuniyyətinin 140
günə çatdırılmasının özü
dünyadakı maliyyə böhranı fonunda çox cəsarətli
bir addımdır. Hesab edirəm ki, növbəti illərdə
böhran başa çatdıqdan, dövlətimizin iqtisadi
imkanları daha da genişləndirildikdən sonra məsələyə
bir daha qayıtmaq olar.
- Sizcə məcəlləyə
nəzərdə tutulan əlavə və dəyişikliklər
yaxın vaxtlarda Milli Məclisin müzakirəsinə
çıxarılacaqmı?
- Düşünürəm
ki, biz məsələni Milli Məclisin müzakirəsinə
çıxaracağıq və deputatlar təklifləri dəstəkləyəcəklər.
- Əmək Məcəlləsinə
təklif olunan dəyişikliklər müzakirə olunarkən
Azərbaycanda demoqrafik problemlərin yaşana biləcəyi
vurğulandı. Xüsusilə də son vaxtlar dünyaya gələn
uşaqların əksəriyyətinin oğlan
olmasının problem yarada biləcəyi bildirildi.
- Mən
bu fikirlə razıyam. Bu, çox ciddi problemdir. UZİ diaqnostikası meydana gələndən valideynlər
dünyaya gələcək
övladlarının cinsini
əvvəlcədən müəyyənləşdirirlər.
Adətən qız istəməyən valideynlər
uşağı ana bətnindəcə məhv
edirlər. Mən bu məsələ ilə bağlı təcrübəli kadrlarla,
embrioloqlarla məsləhətləşmələr
aparmışam. Onlar deyirlər ki, dünyaya gələcək
uşağın cinsinin
ana bətnində müəyyənləşdirilməsi heç də dəqiq olmur. Yəni bəzən valideynlər oğlan uşağını qız
bilərək tələf
edirlər. Ümumiyyətlə,
məncə, bu, düzgün yanaşma deyil. Amma buna
hər hansı şəkildə məhdudiyyət
qoymaq da çətindir. Məncə,
bu məsələ ilə bağlı ciddi düşünməyə,
səhiyyə maarifləndirilməsi
işini aparmağa ehtiyac var. İnsanlara başa salınmalıdır
ki, onlar birincisi, Allahın iradəsinə qarşı
gedirlər. Eləcə
də səhv ehtimalı böyükdür.
Bu, işin humanitar tərəfidir. Amma demoqrafik cəhətdən
mən deməzdim ki, Azərbaycan ailələri qız uşağı istəmirlər.
Normal ailə planlaşdırılması
aparılarkən ailələrdə
ən azı 1 qız uşağı olur. Ailədə 1 qız uşağı varsa, valideynin ikinci uşağın oğlan olması barədə düşünmək
haqqı var. Ümumiyyətlə,
mən bu məsələnin yaxın
illərdə demoqrafik
problem yaradacağını düşünmürəm. Amma
gələcəkdə problemlər
ola bilər. Ona görə də bu barədə
ciddi düşünmək
lazımdır.
- Musa müəllim,
ötən iclaslarda mübahisə doğuraraq
gündəlikdən çıxarılan
"Məişət zorakılığının
qarşısının alınması
haqqında" və
"Reproduktiv sağlamlıq
və ailə planlaşdırması haqqında"
qanun layihələri yenidən yaz sessiyasının iş planına daxil edilib. Bu qanun layihələri ilə bağlı hansı yeniliklər nəzərdə
tutulur?
- Reproduktiv
sağlamlığın qorunması
ilə bağlı qanun layihəsi üzərində hazırda
iş gedir. Müvafiq dövlət qurumlarının və millət vəkillərinin
təklifləri müvafiq
işçi qrupunda bir daha müzakirə
olunub. Demək olar ki, əksər
təklifləri nəzərə
almışıq. O cümlədən
qərara almışıq
ki, Azərbaycanda surroqat ana praktikasından
istifadə etməyə
ehtiyac yoxdur. Həmin məsələ ilə bağlı bütün müddəalar
qanun layihəsindən
çıxarılıb. Eyni
zamanda, toxuma donorluğu ilə bağlı narahatlıq doğuran məsələlər
də tam konkretləşdirilib.
Layihədə göstərilir
ki, 1 şəxs yalnız 1 ailə üçün donorluq edə bilər. Nəzərdə tutulur ki, toxuma donorluğu
edən şəxslərlə
bağlı bütün
məlumatlar yaradılmış
vahid bazada toplansın. Belə olarsa, 1 şəxsin 1 dəfədən artıq
donorluq etməsinin qarşısı alınacaq.
Bundan əlavə, layihədə toxuma donorluğunun pullu xidmət olması nəzərdə tutulurdu.
Son variantda bu müddəa da aradan qaldırılıb.
Toxuma donorlarına heç bir pul ödənilməyəcək.
Artıq bu qanun layihəsi demək olar ki, yaz sessiyasının
müzakirələrinə çıxarılmaq üçün
hazırdır. "Məişət
zorakılığının qarşısının alınması
haqqında" qanun layihəsi üzərində
isə digər işçi qrup işləyir. Mən o qrupda təmsil olunmuram. Bu məsələ
ilə məşğul
olmaq parlamentin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasına tapşırılıb.
- Sizcə
bu qanunu qəbul etmək mümkün olacaqmı?
- Mən
düşünürəm ki, Azərbaycanda belə bir qanunun
qəbul olunmasına ehtiyac yoxdur. Onun qəbul olunmasının Azərbaycan
cəmiyyətinə ziyandan
başqa heç bir xeyri olmayacaq.
- Musa müəllim,
parlament Ailə Məcəlləsinə də
əlavə və dəyişikliklər etməyə
hazırlaşır. Hətta
nəzərdə tutulan
dəyişikliklərlə bağlı ilkin müzakirələr də
aparılmışdı. Burada
yeni ailə quranlar arasında mülkiyyət münasibətlərinin
tənzimlənməsi məqsədi
ilə müqavilələrin
bağlanmasının məcburiliyi
təklif olunurdu.
- Ailə
Məcəlləsinə əlavə
və dəyişikliklərlə
bağlı qanun layihəsinin üzərində
xeyli müddət idi iş gedirdi.
Bununla bağlı xeyli təklif var idi. Biz nəzərdə
tutulan dəyişikliklərin
ictimai müzakirələrini
də keçirdik. Layihə Milli Məclisə çıxarılmaq
üçün hazır
vəziyyətə gətirilmişdi.
Amma nədənsə
sonradan müzakirələr
dayandırıldı. Bunun
səbəbləri mənə
məlum deyil. Ancaq bizim hazırladığımız
layihədə çox
ciddi dəyişikliklər
nəzərdə tutulurdu.
Məsələn, biz minimum nikah yaşının 17-dən
18-ə qaldırılmasını təklif edirdik. Bu təklif cəmiyyət tərəfindən də
müsbət qarşılanmışdı.
Ekspertlər də bizim təklifi dəstəkləmişdilər. Digər tərəfdən,
biz ailə quran cütlüklərin nikaha
girərkən sağlımlıqları
haqqında məcburi arayışlar təqdim etmələrini təklif edirdik. Məncə, bu, çox vacib məsələdir. Çünki Azərbaycanda
elə endemik zonalar var ki,
orada bir sıra xəstəliklər,
o cümlədən talassemiya,
hemofiliya və digər qan xəstəlikləri, genetik
xəstəliklər yaxın
qohumların nikahlarından
aktivləşə bilər.
Ona görə də ailə quran gənclər sağlamlıqları barədə
arayış təqdim
etməlidirlər. Düzdür,
bəzi insan hüquqlarının qorunması
ilə məşğul
olan təşkilatlar,
millət vəkilləri
bu təklifin əleyhinə çıxdılar.
Onlar iddia edirlər ki, bu təklif insan hüquqlarına ziddir.
İlham QULİYEV
Kaspi.- 2009.- 20 fevral.- S. 8.