Bakı
İslam Mədəniyyətinin Paytaxtına çevrilir
Tədbirlər ilboyu davam etdiriləcək
Xəbər verdiyimiz kimi, İSESKO-ya üzv dövlətlərin mədəniyyət nazirlərinin 21-23 noyabr 2007-ci il tarixində Liviyanın Tripoli şəhərində keçirilən beşinci konfransının nəticələrinə görə, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilib. Bu gün açılışı keçirilən "Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009" Mədəniyyət İli bütün dünyanın diqqətini Azərbaycana yönəldib.
Dünən keçirdiyi mətbuat konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı şəhərinin keçən ilin ortalarından etibarən sözügedən tədbirə ciddi hazırlıq gördüyünü bildirdi: "Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar şəhərin müxtəlif yerlərində düzəldilmiş lövhələrin, bayraqların üzərində yer alan rəmzin - loqonun və bayrağın müəllifi azərbaycanlı rəssamdır. Bu, İSESKO tərəfindən təsdiq olunub. Rəmzin mənası Qız qalasının əksi və açılan palazdır. Palazın xətləri müxtəlif rəngləri, bütövlükdə Azərbaycan mədəniyyətinin rəngarəng, müxtəlif çeşidli olmasını bildirir. Keçən ildən etibarən bütün mədəniyyət müəssisələrində bu lövhə və bayraqların quraşdırılmasına başlamışıq".
Nazirin sözlərinə görə, keçiriləcək bütün tədbirlərdə məqsəd Azərbaycan mədəniyyətinin, xüsusilə də Bakı şəhərinin mədəni ocaqlarının təbliğatına xalqın diqqətini yönəltməkdir. Ə.Qarayev tədbirdə İSESKO-nun baş direktoru Ə.O.Əl-Tuveycri, İslam Konfransı Təşkilatının baş katibinin müavini, dörd ölkənin nazir və müavinləri, Avropanın mədəniyyət paytaxtları olan Linsk və Vilnüs şəhərlərinin nümayəndə heyətləri, Bakıyla qardaşlaşmış şəhər sayılan Hyuston şəhərinin xüsusi nümayəndə heyəti və digər qonaqların iştirak edəcəyini bildirdi. "Bu tədbir təkcə qonaqların deyil, həm də Bakı sakinlərinin üzünə açıq olmalıdır ki, onlar yaşadıqları şəhərin həqiqətən İslam mədəniyyətinin paytaxtı olduğunu hiss eləsinlər".
Nazir tədbirlər planı barədə məlumat verərək, açılış mərasimindən öncə rəsmi nümayəndə heyətlərinin ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklərini bildirdi. Heydər Əliyev Sarayında təntənəli açılışı nəzərdə tutulan mərasimdə prezident İlham Əliyev də iştirak edəcək. Rəsmi hissədən sonra təqdim olunacaq konsert proqramı Bakı şəhərinin Asiya və Avropanın qovuşduğu bir yerdə yerləşməsini və mədəniyyətlərin bir axında istiqamətləndirilməsinin işarələrini əks etdirəcək. Konsertdə Linsk şəhərinin xüsusi kvarteti və Vilnüsün musiqi kollektivi də iştirak edəcək. Proqram başa çatdıqdan dərhal sonra Muzey Mərkəzində "Bakı şəhəri" foto və rəsm sərgilərinin açılışı nəzərdə tutulub. Sərgidə Bakı şəhərinin mənzərələri təkcə Azərbaycan rəssamlarının deyil, həmçinin Avropa rəssamlarının əsərlərində nümayiş olunacaq. Daha sonra Muzey Mərkəzində "Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009" internet saytının və Azərbaycana həsr olunmuş sənədli filmlərin təqdimatı keçiriləcək. İki gün müddətində həyata keçiriləcək tədbirlər mədəniyyət paytaxtının xüsusi internet saytı vasitəsilə bütün dünyaya yayılacaq. Axşamüstü N.Gəncəvi adına Ədəbiyyat Muzeyinin qarşısında və A.Şaiq adına Dövlət Kukla Teatrının yaxınlığında incəsənət ustalarının iştirakı ilə konsert proqramı və atəşfəşanlıq keçiriləcək. Ertəsi gün davam etdiriləcək tədbirlər Mədəniyyət və Turizm Nazirliyində İSESKO-nun baş direktoru Ə.O.Əl-Tuveycrinin mətbuat konfransı ilə başlayacaq. Daha sonra tədbirlər Milli Kitabxanada ingilis dilində "Qədim Bakı" kitabının təqdimatı, Heydər Əliyev Fondunda görüşlər, Qız qalası, Azərbaycan Dövlət Tarix Muzeyinə ekskursiyalarla davam etdiriləcək, axşam isə Azərbaycan Dövlət Filarmoniyasında Dövlət Rəqs Ansamblının konserti ilə başa çatdırılacaq.
Ə.Qarayev tədbir günlərində Bakının bütün muzey və mədəniyyət ocaqlarının qapılarının təmənnasız olaraq Bakı sakinlərinin üzünə açıq olacağını vurğuladı: "Biz mədəniyyət paytaxtı elan olunmağımız haqqında reklamımızı artıq CNN və Əl-Cəzirə kanallarında təqdim etmişik. Açılış mərasiminə islam ölkələrinin və Avropa dövlətlərinin tanınmış yurnalistləri dəvət olunub. İslam dünyası tarixində cəmi 30 ölkənin mədəniyyət paytaxtı adını daşıması və Azərbaycanın da bu ölkələr sırasında hallanması çox sevindirici haldır. Eyni zamanda, Azərbaycana xaricdən axının çoxalması deməkdir. Bir il müddətində insanları müxtəlif maraqlı tədbirlər gözləyir". Nazir tədbirlər sırasında Birinci Respublika Muğam Festivalının keçiriləcəyini xüsusi qeyd edərək məlumat verdi ki, bunun üçün beynəlxalq ustadların iştirakı ilə proqram hazırlanır. Ə.Qarayev ilboyu keçiriləcək tədbirlər sırasında Bakıda 9 ölkənin mədəniyyət günlərinin keçiriləcəyini, "Viktoriya və Albert" muzeyində Azərbaycan əşyalarının sərgisinin təşkil olunacağını da qeyd elədi. Nazirin sözlərinə görə, mədəniyyət ili təkcə Azərbaycanda keçirilən tədbirlərlə məhdudlaşmayacaq: "Azərbaycan hər il təxminən 20-25 civarında olan beynəlxalq turizm sərgilərində iştirak edir. Mədəniyyət və turizmin qovuşması beynəlxalq səviyyədə gözəl rezonans verib. Bu təqdimatlar ölkəyə daha çox turistin axınına kömək olur. Bu, mübadilə prosesidir".
Nazir xarici ölkələrdə Azərbaycan mədəniyyət günlərinin davam etdiriləcəyini də bildirdi. Onun sözlərinə görə, 5 ölkədə mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulub. İlk dəfə olaraq bu ilin yayında İsveçrədə Azərbaycan Mədəniyyət günləri start götürəcək.
Ə.Qarayev ölkə daxilində mədəniyyətin inkişafına təkan verəcək, maddi-texniki bazanın möhkəmləndirilməsinə yönəldilən və keçən il həyata keçirilən bir neçə hadisəni də xatırlatdı: "Bilirsiniz ki, bir neçə teatr, saray, regionlarda kitabxanalar, muzeylər bərpa olunub. Bu il də prosesi davam etdirəcəyik. Novruz bayramı ərəfəsində Gənc Tamaşaçılar Teatrının binasının açılışı, İncəsənət Muzeyinin birinci binasının bərpasının tamamlanması və ekspozisiyaların ora köçürülməsi planlaşdırılıb. Sonra köhnə binanın bərpasına başlanacaq". Nazir Xalça muzeyinin tikintisinin davam etdiyini və muzeyin 2010-cu ildə istifadəyə veriləcəyini açıqladı. Ə.Qarayev maliyyə böhranının bugünkü mövcud vəziyyətdə Azərbaycan mədəniyyətinə təsir göstərməyəcəyini və büdcədən müəyyən investisiyaların ayrıldığını da vurğuladı.
Turizm sahəsindəki inkişafa nəzər salan nazir bu il ölkəmizə turizm axınının 17 faiz artacağına inamını bildirdi: "Dünya turist bazarında turizm sahəsində mənfi göstəriciləri nəzərə alsaq, cəmi 2-3 faiz artımdan danışmaq olar. İqtisadi böhran öz təsirini göstərir. 2006-cı ildə Azərbaycana 1 milyon 193742 nəfər turist gəlmişdi. Biz onların içərisindən əcnəbi tələbələri və beynəlxalq şirkətlərdə işləyən əcnəbi vətəndaşları çıxıb, bu nəticəyə gəldik ki, ölkəmizə 903983 nəfər, 2007-ci ildə 1 milyon 10792 nəfər, ötən il isə 1 milyon 408988 nəfər turist axını olub. Ümumilikdə, Azərbaycana gələn vətəndaşların sayında 42,5, turistlərin sayında isə 39,4 faiz artım var. Azərbaycan artım faizinə görə qabaqcıl ölkələr siyahısına daxil ola bilər. Heç bir ölkənin turizm artımında 40 faiz göstərici yoxdur. Bu rəqəmlər ondan xəbər verir ki, Azərbaycanın iqtisadi-siyasi vəziyyəti, ölkədə keçirilən müxtəlif beynəlxalq tədbirlər, Azərbaycanın dünyada öz mövqeyini möhkəmləndirməsi ölkəmizə marağın artmasına səbəb olub. Məqsədimiz Azərbaycana gələn turistlərin sayını 2-3 milyona çatdırmaqdır. Bugünkü infrastruktur buna imkan verir. Amma təbii ki, dünyada gedən iqtisadi böhranı da yaddan çıxarmaq lazım deyil. Çünki bu, hələ də turist axınına mənfi təsir göstərə bilər".
Ə.Qarayev növbəti ildə bu çətinliklərə baxmayaraq, turist artımının 15-18 faiz olacağına əminliyini bildirərək bu templə də Azərbaycanda turizm infrastrukturunun genişləndiriləcəyini bildirdi. Nazirin sözlərinə görə, keçən il 52 yeni turizm müəssisəsi turistlərin istifadəsinə verilib. "Yəqin ki, iki ildən sonra biz ölkəmizdə yeni turizm infrastrukturunun tam yaranmasından danışa bilərik".
Nazir ilk dəfə olaraq dünyanın bütün ölkələrindən Azərbaycana turistlərin gəldiyini qeyd etdi. Əsas artım Ukrayna, Qazaxıstan, Qırğızıstan, Belorus dövlətlərinin hesabına mümkün olub. Körfəz dövlətləri arasında artım əsasən Bəhreyn, İordaniya, İran, Oman, BƏƏ-dən, Avropa ölkələrindən isə Almaniya (26 faiz), Avstriya (82 faiz), Bolqarıstan (2 dəfə çox), Bosniya-Hersoqovina (12 dəfə çox), İtaliya (2,2 faiz), Finlandiya (2,4 faiz) ölkələrindən olub. Həmçinin Lüksemburq, Belçika, Serbiya, Makedoniya, Slovakiya və CAR, Mərakeş kimi Afrika ölkələri də Azərbaycana maraq göstərirlər. Asiya ölkələri arasından isə ölkəmizə əsas marağı Filippin, Hindistan, Avstraliya göstərib. Amerikadan gələn turistlərin sayı 47 faiz artıb. Kanadadan gələnlərin sayı isə üç minə yaxınlaşıb. Beləliklə, Azərbaycana maraq göstərən ölkələrin coğrafiyası genişlənib.
Ə.Qarayev yurnalistlərin Nargin adasında turizm mərkəzinin yaradılması ilə bağlı suallarını da cavablandıraraq, belə bir ideyanın mövcudluğunu və tezliklə gerçəkləşəcəyinə inandığını söylədi. Nazirin sözlərinə görə, Nargin adasının coğrafi vəziyyəti orada maraqlı bir simbioz təşkil etməyə imkan verir: "Bu barədə çoxdan fikirlər var. Nazirliyin sifarişi ilə bir neçə layihə hazırlanmışdı. İtaliya, Rusiya, Avstriya, İsveçrə, ABŞ və Almaniya mütəxəssisləri müxtəlif təkliflər paketi təqdim etmişdilər. Onların hamısını nəzərdən keçirmişik. Ancaq Danimarka şirkəti tərəfindən hazırlanan layihə haqqında mən də sizin kimi mətbuatdan oxumuşam. Yazılana görə, Danimarka şirkətinin layihəsinin beynəlxalq sərgidə təqdimatı olacaq. Dəyərli layihə olarsa, mən də buna sevinərəm. Bəlkə də Azərbaycanın hansısa iş adamları bu layihəyə təkan veriblər. Mən onlara məhdudiyyət qoya bilmərəm. Turizm biznes üçün tamamilə açıq bir sahədir. Ona görə də hər bir insanın təkliflərlə çıxış etmək hüququ var. Növbəti mərhələdə isə mütəxəssislər də bu işə cəlb olunacaq. Ancaq bu məsələ gündəmdə olsa da, nə vaxt olacağını, kimin tərəfindən həyata keçiriləcəyini deyə bilmərəm".
Ə.Qarayev həmçinin "Azərbaycan" və "Abşeron" mehmanxanalarının sökülməsi məsələsinə də münasibətini bildirdi: "Heç kəs düşünməsin ki, sökülən hər hansı bir otelin yerində hansısa başqa bir obyekt tikiləcək. Həmin yerlərdə daha müasir, yüksək səviyyədə xidmətlər təqdim edən otellər tikiləcək. Azərbaycan mehmanxanasının söküldüyü yerə dünya şəbəkəsinə daxil olan "Hilton" oteli gəlir. "Abşeron" mehmanxanası ilə bağlı danışıqlar artıq tamamlanmaqdadır. "Mariotti", "Meridian" şəbəkələri Azərbaycana gəlmək niyyətindədirlər. Ancaq biz prosesin təkcə paytaxtda deyil, Azərbaycanın gözəl, mənzərəli yerlərində də baş verməsinin marağındayıq. Təəssüf ki, böyük brendlər elə yerlərə getmirlər. Oralara yalnız kiçik sərmayəçilər maraq göstərir".
Qış turizminin inkişafı ilə bağlı görülən işlərə də toxunan nazir Qusarda yay ayında liftlərin quraşdırılmasına, ilkin otel və stansiyanın inşasına başlanacağını bildirdi. "Gələn ilin qış ayları üçün birinci 4 xətt hazır olacaq və insanlar xizək sürmək imkanı qazanacaqlar. Orada qalmaq üçün isə hələlik müəyyən çətinliklər var. Çünki otellərin inşası üçün qış aylarında iş aparmaq çətindir. Bu il də dövlət büdcəsindən vəsait ayrılıb. Mən bu layihənin gerçəkləşəcəyinə tam əminəm. Ümumiyyətlə, həm qışda, həm də yayda Azərbaycan turistləri üçün yeni istirahət formalarının tətbiqinə xüsusi önəm verilməlidir".
Təranə MƏHƏRRƏMOVA
Ayna.-2009.-18
fevral.-S.11.