Üzeyir Hacıbəyovun Azərbaycan mətbuatında rolu

 

O, ətalət və gerilik zülmətində boğulan Azərbaycanda maarif və mədəniyyət məşəli yandırdı

 

(II yazı)

 

1906-cı il avqustun 15-də Bakıda Zaqafqaziya müsəlman-müəllimlərinin birinci qurultayı açılır və bu qurultayda Ü.Hacıbəyov da iştirak edir. Qurultayın açılışı günü N.Nərimanov "Həyat", Ü.Hacıbəyov isə "İrşad" qəzetində bir-biri ilə səsləşən məqalə yazmışdılar. Üzeyir bəy yazdığı bu məqalədə dövrünə görə pedaqoyi fikrin ən vacib və ciddi problemlərinə toxunur, müəllimlərin mənəvi borclarını ustalıqla şərh edirdi.

Üzeyir bəy "İrşad" qəzetində işləyərkən "Volna", "Prizıv" və b. bolşevik qəzetlərindən, tərəqqipərvər mətbuat orqanlarından lazımi materiallar seçib tərcümə etməklə yanaşı, "Fəhləyə dair" başlığı ilə buraxılan xəbərləri hazırlayıb "İrşad"ın səhifələrinə çıxarırdı. "İrşad"da çalışdığı zamanlar Üzeyir bəy ölkədə şəxsiyyət azadlığının olmadığını, fəhlələrin çox ağır həyat sürdüklərini və bunun nəticəsində rus inqilabını əmələ gətirən digər səbəblər haqqında da məqalələr dərc etdirirdi. Ümumiyyətlə, Üzeyir bəyin "İrşad" qəzetində "Ordan-burdan" sərlövhəsi altında 200-dən çox felyeton və 100-ə qədər məqaləsi dərc olunub. 1908-ci ilin iyun-iyul aylarında Üzeyir bəyin sevimli qəzeti olan "İrşad"ın nəşri həmişəlik dayandırılır /qəzetin nəşri birinci dəfə 1907-ci ildə - Üzeyir bəyin "Stolıpinin xəyalı" felyetonu dərc edildikdən üç gün sonra Rusiyada baş vermiş xaosla bağlı dayandırılmış (felyetonda Rusiyanın baş naziri P.A.Stolıpinin üzüyola deputatlar seçmək xəyalı məsxərə yolu ilə tənqid edilir) və Üzeyir bəy redaksiyadan bir müddət uzaqlaşdırılır. İkinci dəfə isə Üzeyir bəyin "günahı" üzündən, yəni oxuculara "zərərli məlumat" verdiyinə görə - Çar hökuməti tərəfindən dayandırılır/ və o, həmin ilin sonlarından "Tərəqqi" qəzetində çalışmağa başlayır. Qəzet Bakıda milyonçu M.Muxtarovun vəsaitinə nəşr olunurdu.

Sevimli qəzetindən ("İrşad" - S.H.) uzaq düşdüyü zamanlarda Üzeyir bəy boş oturmamış, Şərqin ilk operası olan "Leyli və Məcnun"u bəstələmiş, "Türki-rus, rusi-türk lüğəti"ni yazıb çap etdirmişdi.

1909-cu ildə Ə.Ağayev Türkiyəyə köçərkən "Tərəqqi" qəzetində bildirmişdi: "... Səfərimin nə qədər çəkəcəyini indidən təyin edə bilmərəm. (...) Qarelərdən və ümum o kəslərdən ki, idarə ilə əlaqədar bulunurlar..., təvvəqqe edirəm ki, bəndələri övdət edincəyə qədər əvəzimə müvəqqəti olaraq müdir təyin olunan Üzeyir Hacıbəyov cənablarına müraciət etsinlər" ("Tərəqqi", 1909).

Artıq 1909-cu ildən Üzeyir bəy "Tərəqqi" qəzetini idarə etməyə başlayır. Lakin bu, çox sürmür, çünki qəzetin nəşri elə həmin ildə də dayandırılır. Qəzet bağlanandan sonra Üzeyir bəy onu öz məsuliyyəti və redaktorluğu ilə yenidən nəşr etdirmək istəmiş, lakin bu təşəbbüs baş tutmamışdı. Nədən? Bu, indiyədək naməlum qalmış hadisədir.

"İqbal" qəzeti "Müsavat" partiyası ideyalarının ilk təbliğatçısı idi. (Qeyd edək ki, Üzeyir Hacıbəyov müsavatçı olub - S.H.). Üzeyir bəyin bu qəzetdə ilk yazısı "Ramazan ayında ibadət" (1912) adlanır. Bundan başqa, müəllifin Moskvadan yazıb göndərdiyi "Ordan-burdan" başlıqlı 12 felyetonu çap olunub.

1909-cu ilin dekabrından Üzeyir Hacıbəyovun redaktorluğu ilə "Həqiqət" qəzetinin ilk nömrəsi redaktorun baş məqaləsi ("Bəyani-məslək") ilə çapdan çıxmışdı. Bu qəzetdə Üzeyir bəy felyetonlarını "...Kəs" imzası ilə dərc etdirirdi. Redaktoru olduğu "Həqiqət" (1909-1910) və "Yeni iqbal" (1915-1916) qəzetlərində Üzeyir bəy S.S.Axundov, A.Şaiq, A.Səhhət, Ə.Qəmküsar kimi yazıçıları fəal iştiraka cəlb edirdi. Bu da onun redaktorluq fəaliyyətinin təqdirolunmalı cəhətidir.

Üzeyir bəy gənclik illərində elmin bir çox sahəsi ilə maraqlanırdı, xüsusilə tarix elmini sevirdi. Çalışdığı qəzetlərdə tarixlə bağlı məqalələr dərc etdirir, macar alimi, türkoloq A.Vamberin həyatı ilə bağlı materiallara və "elmin zirvələrinə qalxdıqca çəkdiyi əzab və məşəqqət"lərin təbliğinə redaktor olduğu qəzetdə ("Həqiqət", 1910) xüsusi yer verir, məşhur fransız səyyahı E.Reklyudan tərcümələr edirdi.

Üzeyir Hacıbəyov 1915-ci il sentyabrın 18-dən "Yeni iqbal" qəzetinin redaktoru, daha sonra isə onun müdiri və baş redaktoru kimi fəaliyyət göstərir. Onun "Həqiqət" və "Yeni iqbal" qəzetləri arasında həm oxşar, həm də fərqli cəhətləri çoxdur. Oxşar cəhət felyeton və məqalələrin məzmunu, əsasən ana dilinin saflığı uğrunda mübarizə, xalqlar dostluğunun təbliği idi.

Ü.Hacıbəyovun mühərrirlik fəaliyyətini bir-birindən müəyyən qədər fərqli iki mərhələyə ayırmaq mümkündür. 1906-1910-cu illərdə Üzeyir bəyin ictimai-siyasi həyatda fəallığı artır. Fəaliyyətinə bəstəkar kimi başlasa da, yazar, redaktor kimi daha da şöhrətlənir. İkinci mərhələni əhatə edən 1915-1917-ci illərdə isə o, mədəni həyatda daha fəaldır. Arada isə dörd illik boşluq var. Təbii ki, 1911-1915-ci illəri əhatə edən bu boşluğu Üzeyir bəy musiqi fəaliyyətilə məşğul olmaqla doldurmuşdur.

1918-ci ildən Üzeyir bəyin yaradılıcılığının daha çılğın dövrü başlayır. Göstərilən ildən başlayaraq, o, Azərbaycan Demokratik Cümhuriyyətinin orqanı olan "Azərbaycan" (1918-1920) qəzetində gözəl publisist kimi çıxış edir, sonra isə qəzetin redaktoru (1919-1920) kimi fəaliyyət göstərir. "Azərbaycan" qəzetində publisist kimi çalışarkən daha çox "Filankəs" imzasından istifadə edən Üzeyir bəy 1919-cu ildə "Azərbaycan" qəzetinə redaktor vəzifəsinə təyin olunandan sonra bir daha bu imzanı işlətməyərək, "...çı" imzasından istifadə edir.

1918-ci ilin qanlı mart hadisələrindən sonra Üzeyir bəy Nəriman Nərimanovun təhrikilə bir neçə müddətə "Hacıbəyov qardaşlarının teatr truppası" ilə İrana yola düşür. 1918-ci il oktyabr ayının 23-də o, yenidən Bakıya qayıdır, elə həmin il oktyabr ayının 29-da onun "Azərbaycan" qəzetində ilk məqaləsi dərc olunur. Bu vaxtlar "Azərbaycan" qəzetinin redaktoru Ü.Hacıbəyovun kiçik qardaşı Ceyhun Hacıbəyli idi. 1919-cu ilin yanvar ayında Azərbaycan Cumhuriyyətinin nümayəndə heyəti ilə Parisə sülh konfransına gedən Ceyhun bəy bir daha geri qayıtmır. Bundan sonra "Azərbaycan" qəzetinə rəhbərlik Üzeyir Hacıbəyova tapşırılır. 1919-cu ilin 16 yanvarından 1920-ci ilin 27 aprelinə qədər kiçik fasilələrlə Üzeyir bəy "Azərbaycan" qəzetinə redaktorluq edir. Qəzetə rəhbərlik etdiyi bu müddət ərzində onun neçə-neçə baş məqaləsi, Azərbaycan parlamanı haqqında reportayları, teatr və musiqiyə həsr edilmiş tənqidi yazıları dərc edilir. "İçimizdəki Denikinlər", "İstiqlal və istiqbal ümidi", "İstefa münasibətilə", "Çörək bahalaşması", "Dağıstana kömək", "Azərbaycan istiqlalı", "Mühüm məsələlər", "Azərbaycan parlamanı" və s. məqalələr bu baxımdan çox maraqlıdır.

Üzeyir Hacıbəyov 1918-ci ildə - Versal sülh konfransına hazırlıq dövründə - "Azərbaycan" qəzetində dərc etdirdiyi "Mühüm məsələlər" məqaləsində sülh konfransında respublikanı təmsil edəcək siyasət adamlarını fəal olmağa, işgüzarlığa dəvət edirdi.

1919-cu ildə "Hacıbəyli Üzeyir" imzası ilə "Azərbaycan" qəzetində dərc etdirdiyi "İçimizdəki Denikinlər" adlı məqaləsi isə Üzeyir bəyin ADR-i xaricdən hədələyən general Denikinin 150 minlik ordusundan daha qorxulu saydığı içimizdə gizlənmiş "daxili Denikinlər" haqqındadır (Məqalə haqqında daha ətraflı məlumat S.Qarabağlının "Üzeyir Hacıbəyovun publisistikasında musiqi məsələləri" (səh. 19, 2004-cü il) kitabındadır).

Üzeyir bəyin 1919-cu il mayın 28-də "Hacıbəyli Üzeyir" imzası ilə dərc etdirmiş "Bir yaş" adlı məqaləsi də məzmunca çox maraqlıdır. ADR-in Milli İstiqlaliyyət gününün birinci ildönümü münasibətilə yazılmış məqalədə o, Azərbaycan dövlətinin böyük çətinliklə, hədsiz qurbanlar bahasına doğulduğunu göstərir və məqaləni dahiyanə sözlərlə bitirir: "Ölmək var, dönmək yoxdur".

"Azərbaycan" qəzetinin 25 aprel 1920-ci il tarixli sayında, Azərbaycan Demokratik Cümhuriyyətinin devrilməsinə iki gün qalmış Ü.Hacıbəyovun sonuncu, çox cəsarətli, yerində, zamanında yazılmış "Zurna" ("...çı" imzası ilə) sərlövhəli felyetonu dərc edilir. Burada bolşeviklərin Azərbaycan dövləti haqqında mənfi fikirlərindən bəhs edilir. Felyetonda "... bu cür bolşeviklərin "sədaqətinə" inanlara xam mal demək olar, amma xalı və gəbəyə xam mal demək olmaz" - deyən Üzeyir bəyin necə qorxmaz, ürəkli, obyektiv, uzaqgörən bir publisist olduğunun şahidiyik.

Üzeyir bəy başqa mətbuat orqanlarında da - "Azərbaycan", "Maarif və mədəniyyət", "Sənayeyi-nəfisə", "Sovetskaə muzıka" yurnallarında, "Bakinskiy denğ", "Kaspi", "Baku", "İttihad", "İskusstvo", "Bakinskiy raboçiy", "Kommunist", "Vışka" qəzetlərində məqalələrlə çıxış edir.

Üzeyir bəyin 1938-ci ildə "Bakinskiy raboçiy" qəzetində (həm də "İskusstvo azerbaydyanskoqo naroda" məcmuəsində) "Leyli və Məcnun"dan "Koroğlu"ya qədər" məqaləsi dərc olunur ki, məqalədə Azərbaycan operasının, eləcə də bəstəkarın özünün keçdiyi otuz illik yaradıcılıq yolu, Azərbaycan musiqisinin bu dövrdəki uğurları araşdırılır.

"Maarif və mədəniyyət" yurnalında o, ən çox musiqiyə yer ayırır. Yurnalda "Şərq musiqisi və Qərb musiqi aləti", "Şərq musiqisi haqqında Qərb alimlərinin təfsiri" və s. məqalələrlə çıxış edir. İkinci məqalədə ərəb, fars və Avropa musiqi sistemləri, musiqi alətlərinin mənşəyi, inkişafı və yayılması, muğam və onun hissələri haqqında məlumat verilir. Ümumiyyətlə, o, 16 qəzetdə 64 imza ilə məqalə və felyetonlar dərc etdirir.

"Hökumət məmurlarının zülmkarlıqlarını görərək fədakarlıqlara əl çalmayan, zalımlara qarşı etiraz etməyənlərin içərisindən vətəndaş yazıçı çıxmaz" - deyə "İrşad" (1907) qəzetində çıxış edən Üzeyir bəy şərəfli bir ömür yaşadı. O, Çar Rusiyasının bir zamanda işğal edib, əyalətə çevirdiyi ətalət və gerilik zülmətində boğulan Azərbaycanda maarif və mədəniyyət məşəli yandırdı. Hansı ki, bu məşəl indi də yanmaqdadır!

 

 

HAFİZOVA Sabina

 

Kaspi.-2009.-25 fevral.-S.11.