Yol-nəqliyyat hadisələrinin
sayı azalıb
Ərəstun
Məcidov: "İnzibati Xətalar Məcəlləsinə
edilmiş dəyişikliklər hərəkət
iştirakçılarının intizamına öz müsbət
təsirini göstərir"
Müsahibimiz
DİN BDYPİ-nin İctimaiyyətlə əlaqələr
şöbəsinin rəisi, polis polkovniki Ərəstun Məcidovdur.
-
Ötən ilin yekunlarına əsasən hərəkətin
təhlükəsizliyinin təmin edilməsi sahəsində
hansı işlər görülmüşdür?
-
2008-ci il ərzində "Siqnal"
İLİ tərəfindən 27 yolayrıcının
svetoforla tənzimlənməsi üçün
quraşdırma işləri aparılmış, 3197 yol
nişanı qoyulmuş və ya yenisi ilə əvəz
edilmişdir. Bundan əlavə,
sürücü kollektivi olan avtotəsərrüfatların rəhbərliyi
və sürücüləri ilə görüşlər
keçirilmiş, sürücülər tərəfindən
Yol Hərəkəti Qaydalarına əməl olunması vəziyyəti,
törədilən yol nəqliyyat hadisələri, sürücülər arasında intizamın
möhkəmləndirilməsi ilə bağlı söhbətlər
aparılmış, hərəkətin təhlükəsizliyi
tələblərinə ciddi əməl olunması, avtomobillərin
normadan artıq yüklənməsi və texniki cəhətdən
saz vəziyyətdə istismar olunması barədə
onlara tövsiyələr verilmişdir. Bundan
başqa, "Atmosfer havasının mühafizəsi
haqqında" Azərbaycan Respublikası Qanunu və Azərbaycan
Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli 1697
nömrəli Sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında ekoloyi vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planı"nda nəzərdə
tutulmuş aidiyyəti tədbirlərin icrası üzrə
işlər ümumiləşdirilərək, konkret təkliflər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və
Nazirlər Kabinetinə təqdim edilmişdir. DİN
BDYPİ-nin Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Xidməti
və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə
birgə fəaliyyət planına əsasən müvafiq tədbirlər
həyata keçirilmişdir. Avqust
ayının 1-dən 31-dək keçirilmiş "Təmiz
hava" aylığı ərzində xidməti istifadədə
olan 105 ədəd qazanalizedici və tüstüölçən
cihazlardan istifadə olunmaqla, 87 iri avtomobil təsərrüfatında
və yollarda aparılan yoxlamalar zamanı 6112 avtomobilin işlənmiş
qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyən
edilmişdir. Ümumiyyətlə, 2008-ci ildə 9211 avtomobilin
mühərriklərinin işlənmiş qazlarında zərərli
maddələrin miqdarının normadan artıq olduğu
aşkar olunaraq, müvafiq inzibati tədbirlər
görülmüşdür. Sərnişindaşımada
təhlükəsizliyin təmin edilməsi ilə
bağlı tədbirlər davam etdirilmiş, bu işlərə
cəlb olunan nəqliyyat vasitələrinin sürücüləri
tərəfindən yol verilən qayda pozuntularına
qarşı mütəmadi reydlərin keçirilməsi təşkil
olunmuşdur. Bütövlükdə 2008-ci il ərzində
sərnişindaşıma qaydalarını pozmuş 12 mindən
artıq şəxs inzibati məsuliyyətə cəlb
olunmuşdur. Qeyd edim ki, Baş İdarənin əməkdaşları
tərəfindən 2008-ci ildə hüquqi və fiziki şəxslərə
məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı və
sürücülük vəsiqələrinin verilməsi
üzrə vətəndaşların, idarə, müəssisə
və təşkilatların nümayəndələrinin
qəbulu aparılmış, 87792 avtomobil ilkin qeydiyyata
alınmışdır. Vətəndaşlara 133 733
sürücülük vəsiqəsi verilmişdir.
- Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məktəblilərin Yol Hərəkəti Qaydalarını öyrənməsi istiqamətində ötən il həyata keçirilən tədbirlər haqqında, zəhmət olmasa, ətraflı danışardınız.
-
Ötən il uşaq yol-nəqliyyat travmatizminin
qarşısının alınması, habelə məktəblilərin
Yol Hərəkəti Qaydalarını dərindən öyrənmələri
istiqamətində tədbirlər davam etdirilmişdir. Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə
əlaqədar keçirilən tədbirlərlə bağlı
12 may 2008-ci il tarixdə Baş Dövlət Yol
Polisi İdarəsinin iştirakı ilə Bakı şəhəri
Məktəbdənkənar tərbiyə mərkəzinin nəzdində
yerləşən uşaq avtomobil şəhərciyinin təntənəli
açılışı olmuş, tədbirdə 100 məktəbli
arasında "Yol hərəkəti qaydaları və mən"
mövzusunda rəsm müsabiqəsi keçirilərək
qaliblər mükafatlandırılmışlar. Keçmiş Sovetlər İttifaqında Gənc Hərəkət
İnspektorları dəstəsinin yaranmasının 35 illiyi
münasibətilə Rusiya Federasiyasının Rostov şəhərində
3-11 iyun tarixlərində keçirilən dövlətlərarası
toplantıda BDYPİ-nin əməkdaşları paytaxtın
245 saylı orta məktəbinin şagirdləri ilə
birgə iştirak etmiş, keçirilən yarışlarda
uğurla çıxış edərək birinci yerə
layiq bilinmişlər.
-
Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi
istiqamətində hesabat dövrü ərzində görülən
tədbirlər haqqında nə deyə bilərsiniz?
- Azərbaycan
Respublikası Prezidentinin "Cinayətkarlığa
qarşı mübarizənin gücləndirilməsi,
qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi
tədbirləri haqqında" 1994-cü il tarixli fərmanından
irəli gələn vəzifələri rəhbər tutaraq,
hesabat dövründə DYP əməkdaşları tərəfindən
15 ədəd Kalaşnikov avtomatı, 13 ədəd müxtəlif
tip tapança, 13 ədəd yivli və 160 ədəd ov
tüfəngi, 12 ədəd əl qumbarası, 1 ədəd
minaaxtaran cihaz, 7041 ədəd müxtəlif kalibrli patron və
s. aşkar edilərək istintaq orqanlarına təhvil
verilmişdir. Hesabat dövründə axtarışda
olan 32 nəfər şəxs yaxalanmışdır. Hesabat dövründə polisin digər xidmət sahələri
ilə birlikdə keçirilmiş tədbirlər nəticəsində
30 fakt üzrə 142 kq - 518,31 qram narkotik maddə və 44
çətənə kolu aşkar olunmuşdur. 2008-ci ildə
BDYPİ-yə nəqliyyat vasitəsinin oğurlanması və
qaçırılması barədə 116 məlumat daxil
olmuşdur ki, onlardan 105-i tapılmış, açılma
faizi 90,5% təşkil etmişdir. BDYPİ-nin
qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin
qeydiyyat hərəkətləri zamanı məlumat bazası
ilə axtarışda olan 191 avtomobil, habelə aqreqat nömrələrinin
qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə
396 fakt aşkar olunaraq, toplanmış materiallar
araşdırılması üçün təhqiqat
orqanlarına göndərilmişdir.
-
Polisin əsas vəzifələrindən biri də insan hüquq
və azadlıqlarının müdafiəsini təşkil etməkdir.
Konkret olaraq bunun üçün hansı
işlər görülür?
-
Bildiyiniz kimi, ölkə polisi insan və vətəndaş
hüquqlarına və azadlıqlarına hörmət,
qanunçuluq, humanistlik və təkbaşçılıq
prinsipləri əsasında ilk növbədə ictimai
qaydanın qorunması və ictimai təhlükəsizliyin, o
cümlədən yol hərəkəti təhlükəsizliyinin
təmin edilməsinə çalışır. İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin
təmin edilməsi sahəsində polis əməkdaşının
əsas vəzifələrindən biri də hər bir şəxsin təhlükəsizliyini
təmin etməkdir. Polis öz
vəzifələrini yerinə yetirərkən irqindən,
milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən,
əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən,
siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər
ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq,
bütün şəxslərin Azərbaycan
Respublikasının Konstitusiyasında və tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələrdə nəzərdə tutulmuş
hüquqlarını və qanuni mənafelərini
hüquqazidd əməllərdən qorumağa
çalışır. Bu zaman polisin insanın ləyaqətini
alçaldan şəkildə rəftar etməsi yolverilməzdir.
Biz də öz fəaliyyətimizdə qanunla nəzərdə
tutulan bütün bu qaydaları rəhbər tutaraq, insan və
vətəndaşların hüquq və azadlıqlarına xələl
gətirmədən öz başlıca vəzifəmizi -
ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin
edilməsinə yönələn səylərimizi davam
etdiririk. Son illər hüquq-mühafizə
orqanlarında müasir dövrün tələblərinə
uyğun islahatlar aparılmaqla yanaşı, insan və vətəndaş
hüquq və azadlıqlarının təmin edilməsi sahəsində
fəaliyyətin təkmilləşdirilməsi istiqamətində
də müəyyən işlər görülür.
Hesab edirəm ki, bütün bunlar bu sahədə
qarşılaşdığımız müəyyən
çətinliklərin tədricən aradan
qaldırılmasında yardımçı olacaqdır.
-
Yol hərəkəti qaydalarının pozulmasına görə
məsuliyyətin gücləndirilməsi öz müsbət nəticələrini
verirmi?
-
Yol hərəkəti qaydalarının pozulmasına görə
məsuliyyətin gücləndirilməsi məqsədilə
Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 481-IIIQD
nömrəli Qanunu ilə İnzibati Xətalar Məcəlləsinə
edilmiş dəyişikliklər artıq hərəkət
iştirakçılarının intizamına öz müsbət
təsirini göstərir. Belə ki,
2008-ci ildə yol hərəkətinə nəzarət
prosesində DYP əməkdaşları 875 923, o cümlədən
balla qiymətləndirilən 192818 Yol Hərəkəti
Qaydaları pozuntusu, nəqliyyat vasitələrinin sərxoş
sürücülər tərəfindən idarə edilməsi
üzrə 20345 fakt aşkar etmişlər. Ötən
ilin müvafiq dövrü ilə müqayisədə aşkar
olunmuş xətaların sayı 36 minədək (3,9%)
azalmışdır. Yol hərəkəti qayda
pozuntularına görə 97167 sürücü yerində cərimə
olunmuş, 10 və daha artıq cərimə balı topladıqlarına
görə 3597 sürücünün hüququ müxtəlif
müddətlərə məhdudlaşdırılmışdır.
762 nəfər avtoxuliqanlıq etmiş, habelə
avtomobil şüşələrinə qanunla müəyyən
olunmayan plyonka və örtüklər çəkilmiş
2762 şəxs aşkar edilərək məsuliyyətə cəlb
olunmuşdur.
- Hesabat dövrü ərzində respublika üzrə qeydə alınmış yol nəqliyyat hadisələrinin sayında azalma müşahidə olunubmu?
- Qeyd
edim ki, respublikada yol hərəkətinin təhlükəsizliyinin
təmini sahəsində aparılmış profilaktik tədbirlər
qəzalılığın vəziyyətinə də öz
təsirini göstərmiş, il ərzində ölkə
üzrə 100 minədək avtomobil ilkin qeydiyyata alındığı
halda, yol-nəqliyyat hadisələrinin hər 3 göstərişinin
azalması müşahidə olunmuşdur. Belə ki, hesabat dövrü ərzində 2970 yol-nəqliyyat
hadisəsi qeydə alınmış, nəticədə 1052 nəfər
həlak olmuş, 3232 nəfər yaralanmışdır.
Ötən illə müqayiəsədə yol-nəqliyyat
hadisələrinin, həlak olanların və yaralananların
sayı müvafiq olaraq 135 (4,8%), 61 (5,5%) və 200 (5,8%)
azalmışdır. DİN BDYPİ YPXA-nın
xidmət ərazisində hesabat dövründə 610 yol-nəqliyyat
hadisəsi qeydə alınmış, nəticədə 341 nəfər
həlak olmuş, 716 nəfər yaralanmışdır.
Ötən illə müqayisədə yol-nəqliyyat hadisələrinin,
həlak olanların və yaralıların sayı müvafiq
olaraq 3 (0,5%), 37 (9,8%) və 48 (6,3%) azalmışdır. Bakı şəhəri ərazisində 1392 yol-nəqliyyat
hadisəsi qeydə alınmış və bunların nəticəsində
352 nəfər həlak olmuş, 1534 nəfər
yaralanmışdır. 2007-ci illə müqayisədə yol-nəqliyyat
hadisələrinin, həlak olanların və yaralananların
sayı müvafiq olaraq 141 (9,1%), 53 (13,1%) və 202 (11,6%)
azalmışdır. Respublika üzrə qeydə
alınmış yol-nəqliyyat hadisələrinin 91,8%-i
(2728) sürücülərin Yol Hərəkəti
Qaydalarını pozmaları, o cümlədən 41,9%-i (1244)
nəqliyyat vasitələrinin yüksək sürətlə
idarə olunması, 24,4%-i (725) ötmə və qarşıdan
gələn nəqliyyatın yoluna çıxma, 8,2%-i
(244) yolayrıcılarını keçmə
qaydalarının pozulması, 2,5%-i (74) nəqliyyat vasitələrinin
sərxoş vəziyyətdə idarə olunması səbəbindən
baş vermişdir. Yol nəqliyyat hadisələrinin 41,8%-ni
(1242) piyadaların vurulması təşkil etmiş, nəticədə
360 piyada həlak olmuş, 975-i yaralanmışdır. 151 yol nəqliyyat
hadisəsi bilavasitə piyadaların Yol Hərəkəti
Qaydalarını pozmaları nəticəsində baş
vermişdir. Respublika üzrə qeydə alınmış yol
nəqliyyat hadisələləri nəticəsində 104 nəfər
uşaq və yeniyetmə həlak olmuş, 337 nəfər
yaralanmışdır. Həlak olanların 59-u,
yaralananların isə 194 nəfəri piyadalardır.
QULİYEV İsgəndər
Kaspi.-2009.-24
fevral.-S.8.