Xocalıdakı
vandalizm erməni aqressivliyinin əsl mahiyyətini
nümayiş etdirdi"
Sevindik
Hətəmov: "Xocalı faciəsi insanlıq əleyhinə
törədilmiş ən ağır cinayətlər
sırasındadır"
"Əgər ötən
illərdə Xocalı soyqırımı yalnız KİV-lər
vasitəsilə işıqlandırılırdısa,
hazırda dünya ölkələrində
soyqırımıyla əlaqədar aksiyalar keçirilir. Bu
da Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında mühüm rol oynayır.
Xocalı soyqırımı ilə bağlı hazırda bir
çox dünya ölkələrində tədbirlər
keçirilir. ABŞ kimi dünyanın nəhəng dövlətində
artıq "Xocalı həftəsi" başlayıb və
Milli Məclisin üzvləri tədbirlərdə iştirak
edirlər.
Bu
prosesdə hökumət nümayəndələri ilə
yanaşı, diaspor təşkilatlarımız xüsusi fəallıq
göstərir. Dövlətimizin onlara dəstəyi və
birgə fəaliyyət öz səmərəsini verməkdədir".
Bunu Yeni Azərbaycan Partiyasının internet saytına
müsahibəsində Milli Məclisin deputatı, YAP
Laçın rayon təşkilatının sədri Sevindik Hətəmov
deyib. O bildirib ki, mütəşəkkil şəkildə təşkil
olunan tədbirlər artıq dünya xalqlarına ermənilərin
nə kimi qətliam törətdiklərini göstərir. Təbii
ki, bütün bunlar dünya ictimaiyyətinin rəyinə
müəyyən təsir göstərməkdədir. Ancaq
qarşıda hələ böyük vəzifələr
durur. Xocalı soyqırımını törədənlər
məhkəmə qarşısında cavab verməlidirlər.
Bunun üçün Respublika Prokurorluğu tərəfindən
istintaq aparılıb, cinayətkarlar da məlumdur.
Qeyd
edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Xocalıda 613 azərbaycanlı Ermənistan silahlı qüvvələri
tərəfindən qətlə yetirilib. Öldürülənlərdən
106 nəfəri qadın, 83-ü uşaqdır. 21 uşaq hər
iki valideynini itirib. 10 ailə tamamilə məhv edilib. 1275
şəhər sakini girov götürülüb.150 nəfərin
taleyi bu günə qədər məlum deyil. 1000 nəfərdən
artıq şəhər sakini əlil olub. Xocalı ermənilər
tərəfindən Yer üzündən silinib. Xocalılar
respublikanın 53 rayonunda məskunlaşıb. Bu il faciənin
17-ci ildönümü qeyd olunacaq. S.Hətəmov deyib ki,
Xocalı hadisələrindən danışarkən bu hadisələri
konkret 26 fevralla məhdudlaşdırmaq olmaz. Bu proses hələ
ötən əsrin əvvəllərindən
başlamış böyük bir erməni "hərəkatının"
sadəcə bir həlqəsi idi. Ötən əsrin
sonlarında Azərbaycan torpaqları hesabına Ermənistan
adlı dövlət yaradan ermənilər əsrin
sonlarında əvvəlcə Qorbaçov yenidənqurmasının,
sonra isə sovet imperiyasının dağılması
prosesinin onlara verdiyi tarixi şəraitdən məharətlə
istifadə edərək, bütün Qafqaz regionu, xüsusən
də Azərbaycan üçün ciddi təhlükə mənbəyi
olan dənizdən-dənizə "Böyük Ermənistan"
ideyasının reallaşması yönündə fəaliyyətə
başlayıblar. Deportasiya və terror hesabına Ermənistanda
yaşayan 200 minədək azərbaycanlını öz
doğma yurdlarından qovan erməni millətçiləri həyata
keçirdikləri türksüz Ermənistan siyasəti nəticəsində
ümumilikdə milyon yarım azərbaycanlını didərgin
salıblar. Bu gün monoetnik dövlətə çevrilən
Ermənistan bütün silahlı qüvvələrini
Dağlıq Qarabağda cəmləşdirərək,
terrorçuluq fəaliyyətləri üçün Azərbaycan
ərazisini əsas hədəfə çevirib. O əlavə
edib ki, məhz belə təxribatçı və terror əməllərinin
məntiqi nəticəsi olaraq, 1990-cı il yanvar ayının
19-dan 20-nə keçən gecə sovet ordusu Bakıya
yeridilib və Azərbaycan tarixinə erməni
daşnaklarının planlaşdırdıqları faciələr
zəncirinin ilk halqası olan qanlı Yanvar kimi
düşmüş dəhşətli qətliam baş verib:
"Xarici havadarlarının köməyi ilə silahlanmaqda
davam edən erməni quldur dəstələrinin Dağlıq
Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə
hücumları daha intensiv xarakter alıb. Xalqımız
1992-ci ilin fevralın ayının 26-da XX əsrin ən dəhşətli
faciəsi olan Xocalı soyqırımını
yaşayıb. Şübhəsiz ki, Xocalı
soyqırımı XX əsrin sonlarının ən dəhşətli
faciələrindən biridir. Fevral ayının 25-dən 26-na
keçən gecə erməni silahlı birləşmələri
Xankəndində yerləşdirilən keçmiş Sovet
İttifaqına məxsus 366-cı alayın köməyi ilə
Xocalı şəhərinə hücum edərək dinc əhaliyə
amansız divan tutmuşdur. Yerlə yeksan edilən Xocalı
şəhərinin 613 nəfəri qətlə
yetirilmişdir. Qətlə yetirilənlərin 106 nəfəri
qadın, 83 nəfəri isə azyaşlı uşaqdır.
56 nəfər xüsusi amansızlıq və qəddarlıqla
qətlə yetirilmişdir. Qanlı faciə zamanı 1000 nəfərdən
çox şəhər sakini yaralanmış, şikəst
edilmiş, 1275 nəfər isə girov
götürülmüşdür. Onların 700 nəfəri
hələ də erməni əsirliyindədir. Xocalıda dinc
əhaliyə qarşı həyata keçirilən vandalizm və
qətllər erməni aqressivliyinin və millətçiliyinin
əsl mahiyyətini və iç üzünü bir daha
bütün dünyaya nümayiş etdirdi. Bu faciə
insanlıq əleyhinə törədilmiş ən
ağır cinayətlər sırasındadır".
HACIYEV K.
Kaspi.-2009.-24 fevral.-S.4.