"Qazaxıstan Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə həllinin tərəfdarıdır"

 

Səfir Serik Primbetov: "Münasibətlərimiz dostluq əsasında qurulub"

 

Azərbaycan hər zaman başqa dövlətlərlə münasibətlərin inkişafına böyük diqqət yetirib. Respublikamız və bir sıra dövlətlər arasında artıq həm siyasi, iqtisadi, həm də digər mühüm sferalarda əməkdaşlıq yaradılıb. Bir çox cəhətdən Azərbaycan üçün böyük maraq kəsb edən ölkələrdən biri Qazaxıstandır. Ölkələrimiz arasında qarşılıqlı əlaqələrin necə inkişaf etməsi haqqında qəzetimizə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov danışır.

- Cənab səfir, 2008-ci ilin nəticələrinə əsaslanaraq Azərbaycan və Qazaxıstan arasındakı münasibətləri necə səciyyələndirirsiniz?

- Ölkələrimiz həmişə dost dövlətlər olublar və müstəqillik əldə etdikdən sonra siyasi dialoq qurublar. Azərbaycan və Qazaxıstan prezidentləri hər zaman vurğulayıblar ki, ikitərəfli münasibətlərin ümumi cəhətləri olduqca çoxdur və biz öz münasibətlərimizi dostluq əsasında qururuq. 2008-ci ildə Qazaxıstan və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin vəziyyətindən danışarkən, hal-hazırda ikitərəfli münasibətlərimizin sabit şəkildə inkişaf etdiyini və müsbət səciyyə daşıdığını qeyd etməmək olmaz.

- Azərbaycan və Qazaxıstan arasında siyasi, iqtisadi və digər sferalarda əməkdaşlığın hazırkı səviyyəsi və perspektivlərini necə qiymətləndirirsiniz? Onlar hazırkı potensiala nə dərəcədə uyğundur?

- Xüsusilə, ikitərəfli əlaqələrimizin iqtisadi sferada inkişafı üçün böyük potensialın olduğunu qeyd etmək istərdim. Əgər 2003-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 126,5 milyon ABŞ dolları təşkil etmişdisə, 2008-ci ildə bu göstərici artıq 465,6 milyona bərabər olmuşdur. 2008-ci ilin iyulunda cənab İlham Əliyevin Astanaya səfəri zamanı ölkə başçıları əmtəə dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmağı qarşılarına məqsəd qoydular. Ümumiyyətlə, inşaat və ticarət sferalarında işləyən azərbaycanlı investorların Qazaxıstandakı fəaliyyətlərini qeyd etmək lazımdır. Lakin Qazaxıstan şirkətləri Azərbaycanda çox az təmsil olunublar. Buna görə də səfirliyin qarşısında duran vəzifələrdən biri Qazaxıstan investorlarını Azərbaycana cəlb etməkdir.

- Bu gün ölkələrimiz arasında hüquq-müqavilə bazası hansı səviyyədədir?

- Dövlətlərimiz arasında ikitərəfli əməkdaşlığın əsasını 1997-1998-ci illərdə Azərbaycanın Prezidenti Heydər Əliyevin Qazaxıstana, 2004-cü ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanaya rəsmi səfərləri və 2005-ci ilin mayında Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Azərbaycana, 2008-ci ildə İlham Əliyevin Astanaya dövlət səfərləri çərçivəsində imzalanmış dövlətlərarası və hökumətlərarası müqavilələr qoymuşdur. Həmin müqavilələr siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərimizin inkişafı üçün əlverişli şərait yaradır.

- Məlum olduğu kimi, Qazaxıstan Bakı-Tbilisi-Ceyhan layihəsinə qoşulmağa hazırlaşır və artıq müvafiq orqanlar arasında saziş imzalanmışdır. Bu istiqamətdə işlər necə inkişaf edir?

- Xatırlatmaq istərdim ki, "Qazaxıstan və Azərbaycan respublikaları arasında neftin Qazaxıstan Respublikasından Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə Xəzər dənizindən və Azərbaycan Respublikasının ərazisindən keçməklə beynəlxalq bazarlara nəqlinə dəstək və yardıma dair müqavilə"ni Qazaxıstan və Azərbaycan prezidentləri 19 iyun 2006-cı il tarixində imzalamışlar. Qazaxıstan Respublikasının Senatı (Parlamentinin yuxarı palatası) bu Müqaviləni 24 aprel 2008-ci il tarixində təsdiq etmişdir. Güman edilir ki, BTC üzrə Qazaxıstan Respublikasının iki ən böyük yataqları olan Tengiz və Kaşaqandan 25 milyon ton neft nəql olunacaq. Qazaxıstan neftinin BTC üzrə müvəffəqiyyətlə daşınması üçün Kurık limanını genişləndirmək lazımdır, çünki Qazaxıstan yataqlarından çıxarılan neft buradan Xəzər vasitəsilə Bakı-Tbilisi-Ceyhan sisteminə çatdırılacaq. Bundan əlavə, sözügedən layihənin həyata keçirilməsi bir sıra amillərdən, ilk növbədə, Kaşaqan yatağının istifadəyə verilməsindən, hasil edilən neftin keyfiyyətindən və s. asılıdır. Qazaxıstan hökuməti yatağın ən tez bir zamanda istifadəyə verilməsində israrlıdır. Burada neftin sənaye üsulu ilə hasilatı 2014-cü ilə planlaşdırılıb.

2008-ci ilin oktyabr ayının sonunda Tengiz nefti ilə yüklənmiş ilk tankerlər Xəzər vasitəsilə Aktau limanından Bakı istiqamətində hərəkətə başlayıblar. Artıq ötən ilin noyabr ayının ilk günlərində Aralıq dənizinə, daha sonra isə dünya bazarlarına çıxarılması məqsədilə Tengiz neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəqlinə başlanılıb.

- Ötən il Heydər Əliyev adına "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyətinin 15 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi və Siz də orada iştirak etdiniz. Bu barədə, zəhmət olmasa, ətraflı danışardınız.

- Heydər Əliyev adına "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyəti Qazaxıstan-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafında mühüm rol oynayır və Astana ilə Bakı arasında dostluq əlaqələrinin möhkəmlənməsi işində fəal iştirak edir. Qazaxıstanın səfirliyi 2009-cu ilin oktyabr ayının 28-də Heydər Əliyev adına "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyətinin 15 illik yubileyi münasibətilə tədbir keçirdi. Həmin tədbirdə Azərbaycan parlamentinin üzvləri, dostluq cəmiyyətinin nümayəndələri, Azərbaycanın görkəmli alimləri və incəsənət xadimləri, iş adamları, eləcə də KİV nümayəndələri iştirak edirdilər. Cəmiyyətin ən fəal üzvləri fəxri fərmanlarla mükafatlandırıldılar. Tədbirdə "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyətinin prezidenti E.Günaydın, Azərbaycan Uşaq Filarmoniyasının direktoru F. Şəkinskaya, Azərbaycanın xalq artisti, tanınmış kinoreyissor O. Mirqasımov, Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, akademik F. Əliyev çıxış etdilər. Dostluq cəmiyyətinin üzvləri - Avropa Ticarət-Sənaye Palatasının prezidenti N.Periyev, Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsinin vəzifələrini icra edən E.Səttarova, iş adamı A.Əliyev və başqaları öz arzu və istəklərini bildirdilər. İştirakçıların diqqətini Azərbaycan Uşaq Filarmoniyasının kollektivinin bir neçə mahnı və rəqsdən ibarət olan çıxışı daha çox cəlb etdi.

- Sizin fikrinizcə, Qazaxıstan Dağlıq-Qarabağ münaqişəsinin həllində nə rol oynaya bilər?

- Qazaxıstan regional və beynəlxalq münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə həllinin tərəfdarıdır, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ATƏT-in Minsk qrupu çərçivəsində həllinə dair tədbirləri dəstəkləyir. Biz ümidvarıq ki, Astananın 2010-cu ildə ATƏT-dəki gələcək sədrliyi, ilk növbədə, ümumavropa təhlükəsizliyi sahəsində "imkanlar pəncərəsi" yaradacaq. Öz tərəfdaşları tərəfindən dəstəyə arxalanaraq, Qazaxıstan bütün 2010-cu il ərzində dostları və müttəfiqləri sırasında münaqişənin bütün tərəflərini görməyə şad olacaqdır. Qazaxıstan Dağlıq-Qarabağ münaqişəsinin siyasi həllinə dair dialoqun davam etdirilməsinin vacibliyi mövqeyini əsas tutur və həmin problemin sülh yolu ilə həll olunmasına kömək etmək üçün əlindən gələni edəcəkdir.

- Ölkələr arasında mədəniyyət və təhsil sahəsindəki münasibətlər necə inkişaf edir? İki ölkənin ali təhsil ocaqları arasında tələbə mübadiləsi hansı səviyyədə həyata keçirilir?

- Mədəniyyət və təhsil sahəsində Qazaxıstan və Azərbaycanın nümayəndələri həm Azərbaycan və Qazaxıstanda, həm də başqa ölkələrdə keçirilən müxtəlif beynəlxalq tədbirlər çərçivəsində fəal əməkdaşlıq edirlər. Yalnız 2008-ci ildə mədəniyyət və informasiya nazirimizin müavini A.Buribayev, görkəmli ictimai xadim, şair O.Süleymenov, TÜRKSOY-un baş direktoru D.Kaseinov, Qazaxıstan artistlərinin yaradıcı qrupunun tərkibində, K.Bayseitova adına Milli opera və balet teatrının solistləri K.Asambayeva, B.Yusupova, M.Toykenova, pianoçu R.Beskembirova, dombrist A.Muzdaxanova, eləcə də "Güldər" Dövlət Ansamblının rəqs qrupu Azərbaycanda səfərdə olmuşdur. Qazaxıstan Müdafiə Nazirliyi və Azərbaycan Müdafiə Nazirliyi arasında əldə olunmuş razılığa əsasən, Azərbaycan Ali Hərbi-Dəniz Məktəbində 2007-ci ildən etibarən 13 qazaxıstanlı kursant təhsil alır. Bundan əlavə, Qazaxıstanın bəzi ali təhsil ocaqları neft-qaz sektoru üçün kadrların hazırlanması məqsədi ilə Azərbaycanın ali təhsil müəssisələri ilə əlaqələrin yaradılmasında maraqlıdırlar.

- Qazaxıstandakı Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Qazaxıstandakı Azərbaycan diasporu ölkədə ən əhəmiyyətlilərindən biridir, təxminən 110-150 min nəfərdən ibarətdir. Qazaxıstandakı Azərbaycan diasporu ötən əsrin 30-cu illərində formalaşmağa başlayıb. Birinci dalğa 30-cu illərin sonuna təsadüf edir, sonra 1944-cü ildə Gürcüstan SSR-in ərazisində yaşayan azərbaycanlıların kütləvi şəkildə köçürülməsinin ikinci mərhələsi oldu. Nəhayət, üçüncü "köçürmə" dövrü 50-ci illərin ortalarına - xam torpaqlara köçürülmə vaxtına təsadüf etdi. Hal-hazırda azərbaycanlılar Cənubi Qazaxıstan, Yambıl, Almatı, Qızılordu vilayətlərinə daha sıx yaşayırlar. 1992-ci ildən etibarən Almatıda 2000-ci ildə "Turan" Konqresinə çevrilmiş "Turan" Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) fəaliyyət göstərir. Qısa müddət ərzində Azərbaycanın mədəniyyət mərkəzləri Qazaxıstanın digər vilayətlərində də yaranmağa başladı. Yambıl vilayətində "Azəri", Pavlodarda "Vətən", Kostanayda "Heydər", Mangistauda "Dostluq" mədəniyyət mərkəzləri. AMM Atırau, Karaqandin, Şərqi Qazaxıstan, Şimali Qazaxıstan, Qərbi Qazaxıstan, Qızılardin vilayətlərində də açılmışdır. 2007-ci ilin iyun ayından Azərbaycan diasporunun "Vətən" qəzeti çıxır. Azərbaycan dilində daha bir qəzet - "Turan-ekspress" də dərc olunur. Ümumiyyətlə demək lazımdır ki, Azərbaycan diasporu Qazaxıstanda müvəffəqiyyətlə uyğunlaşıb və inteqrasiya edib.

 

 

Quliyev İsgəndər

 

Kaspi.-2009.-26 fevral.-S.6.