Lenmarkerin mövqeyi daha konkret və bizə yaxın oldu”

 

Eldar İbrahimov: "Bizim ərazi bütövlüyümüz qeyd-şərtsiz təmin olunmalıdır"

 

ATƏT Parlament Assambleyasının Vyanada keçirilən qış sessiyası gözlənildiyindən də gərgin keçdi. Sessiya günlərində ATƏT PA sədrinin Cənubi Qafqazdakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker Azərbaycan, Gürcüstan və Ermənistan parlamentarilərinin görüşünü təşkil etdi. Kifayət qədər gərgin keçən müzakirələrdə tərəflər arasında fikir ayrılığının hələ də ciddi olduğu üzə çıxdı. Assambleyanın iclasında iştirak edən azərbaycanlı millət vəkilləri ermənilərin əsassız iddialarını da cavablandırmalı oldular. Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimovla söhbətimizdə assambleyanın qış sessiyası ilə bağlı suallarımıza cavab axtardıq. Millət vəkili dedi ki, Azərbaycan, Gürcüstan və Ermənistan parlamentarilərinin görüşü Qoran Lenmarkerin təşəbbüsü ilə baş tutub:

- Görüşdə Qoran Lenmarker bir qədər əvvəl regiona səfəri zamanı keçirdiyi görüşlər barədə qısa məlumat verdi. Dedi ki, regiondakı digər münaqişələrdən fərqli olaraq 2009-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün "qızıl imkan" mövcuddur. Xüsusi nümayəndə bu imkanın dəyərləndirilməsinin münaqişə tərəflərindən asılı olduğunu bildirdi. Qoran Lenmarker dedi ki, hazırda Azərbaycan və Ermənistanın prezidentləri, Xarici İşlər nazirlikləri münaqişənin həlli ilə bağlı tez-tez görüşürlər. O təklif etdi ki, iki ölkənin parlamentariləri də mütəmadi görüşlər təşkil etsinlər. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə Qoran Lenmarkerin mövqeyi daha konkret və bizə yaxın oldu. O bildirdi ki, işğal olunmuş ərazilər qaytarılmalıdır. Eyni zamanda, qaçqın və məcburi köçkünlər də öz torpaqlarına dönməlidir. O dedi ki, bu məsələ nə qədər gecikirsə, Dağlıq Qarabağ münaqişəsinin həlli o qədər ağırlaşır. Qoran Lenmarkerin fikrincə, münaqişənin həlli ilə bağlı digər addımlar məhz işğal olunmuş torpaqlar azad olunandan və qaçqınlar yurd-yuvalarına qayıdandan sonra atılmalıdır. Əslində, bizim də mövqeyimiz belədir. İlk dəfə idi ki, Qoran Lenmarker bu qədər konkret danışırdı. Mən onun bu addımını irəliyə doğru bir addım hesab edirəm. Müzakirələrdə bizim nümayəndə heyətindən Milli Məclis sədrinin müavini Bahar Muradova və millət vəkili Azay Quliyev çıxış edərək mövqeyimizi çatdırdılar. Ermənistan nümayəndə heyətindən çıxış edən deputatlar isə dedilər ki, Azərbaycandan qovulmuş ermənilər də geri qayıtmalıdırlar.

- Belə məlumatlar yayılıb ki, Qoran Lenmarker Cənubi Qafqaz ölkələrinin parlament platformasının yaradılması təşəbbüsü ilə çıxış edib. Bu ideyaya münasibət necə oldu?

- Bəli, xüsusi nümayəndə belə bir təşəbbüslə çıxış etdi. Tədbirdə iştirak edən parlamentarilər hamısı, o cümlədən biz də bu ideyanı müsbət qiymətləndirdik. Amma bu ideya ilə bağlı dərin müzakirələr olmadı. Xüsusi nümayəndə özü də təklifin mahiyyətini açmadı. Ermənilər də bu təşəbbüsü müsbət qiymətləndirdilər. İtaliyanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri də öz ölkələrində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan parlamentarilərinin görüşünün təşkil edilməsi təşəbbüsü ilə çıxış etdilər. İtaliyalılar bu təklifi bizim nümayəndə heyətinin rəhbəri Bahar Muradovaya çatdırıblar. Mən hesab edirəm ki, əlbəttə, hər bir görüş yeni bir addımdır. Deputatlar arasında fikir mübadiləsinin aparılması münaqişənin həllinə yardım edə bilər. Ola bilsin ki, gələcəkdə Qoran Lenmarker özü təşəbbüslə çıxış edib Azərbaycan və Ermənistan parlamentarilərinin görüşünü təşkil edə bilər.

- Qoran Lenmarker Bakıda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşdə belə bir fikir səsləndirdi ki, nə Ermənistan, nə də Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün istəklərinə nail ola bilməyəcək. Ona görə də tərəflər güzəştlərə getməlidirlər. Amma həmişə güzəşt deyəndə əsas diqqəti Azərbaycana yönəldirlər. Bəziləri hesab edirlər ki, beynəlxalq təşkilatların təmsilçiləri bu cür açıqlamalarla Azərbaycan iqtidarına təzyiq etmək istəyirlər.

- Yox, mən elə deməzdim. Qoran Lenmarker çox təcrübəli diplomatdır. O, çox vaxt dinləyir, amma danışmır. Qeyri-rəsmi söhbətlərimizdə də həmişə zarafatla bunu ona deyirəm. Neçə illərdir regiona gəlib-gedir, amma münaqişə ilə bağlı konkret fikir bildirmir. O, yalnız Vyanadakı toplantıda müəyyən fikirlərini bildirdi. Güzəştlərə gəldikdə, Azərbaycan heç bir güzəştə getməyəcək. Bizim ərazi bütövlüyümüz qeyd-şərtsiz təmin olunmalıdır. Qaçqınlar yurd-yuvalarına qayıtmalıdırlar. Yalnız bundan sonra Dağlıq Qarabağın statusu məsələsinə baxıla bilər.

- Assambleyanın iclasında Qoran Lenmarkerin regiona səfərinin nəticələri müzakirə olundumu?

- Bəli, olundu. Daha doğrusu, xüsusi nümayəndə bu barədə məlumat verdi, amma müzakirə aparılmadı. Mənim təmsil olunduğum ATƏT PA-nın İqtisadiyyat, Elm, Texnologiya və Ətraf Mühit Komitəsinin iclasında "Avropa təhlükəsizliyinin yeni arxitekturası" mövzusu üzrə "İqtisadiyyat və ətraf mühit" adlı müzakirələr keçirildi.

- Assambleya çərçivəsində Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah ötürməsi məsələsinə toxunuldumu?

- Cənubi Qafqaz ölkələrinin parlamentarilərinin görüşü zamanı elan olunan fasilədə millət vəkili Azay Quliyev bu məsələni qaldırdı. Amma plenar iclasda bu məsələni qaldırmaq mümkün olmadı.

- Vyanada olan vaxt mətbuatda sizin adınızdan belə bir məlumat yayıldı ki, ATƏT PA-da Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah ötürməsi faktı ilə bağlı məsələ qaldırmağa əsas yoxdur. Bu açıqlamanız müəyyən narazılığa da səbəb oldu. Doğrudanmı siz belə bir açıqlama vermisiniz?

- Mən bu məsələ ilə bağlı təəssüf hissi keçirirəm. Əlbəttə, mən Vyanada olarkən müzakirələrin gedişi barədə mətbuata məlumat vermişdim. Amma Rusiyanın Ermənistana silah ötürməsi ilə bağlı söylədiyim fikirlər düzgün anlaşılmayıb. Ola bilsin ya fikrimi düzgün ifadə edə bilməmişəm, ya da yurnalist məni düzgün başa düşməyib. Mən demirəm ki, bununla bağlı fakt yoxdur. Amma faktın ATƏT PA-nın iclasında qaldırıb sübut etmək çətindir. Bu barədə məlumat mətbuatda gedib. ATƏT-in ənənələrinə görə, hər hansı bir məsələ ilə bağlı çıxış edirsənsə, əlində sənədlər olmalıdır. ATƏT də bununla bağlı monitorinq keçirməlidir. Bilirsiniz ki, Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah ötürməsi məsələ Milli Məclisdə də qaldırılmışdı və biz qərara aldıq ki, Rusiyaya nümayəndə heyəti göndərək, bu məsələni araşdıraq. Bu baxımdan məsələ hələ açıqdır və bunu ATƏT PA-da qaldırmaq çətindir. Yeri gəlmişkən, Vyanada mən Rusiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri ilə görüşdüm. O dedi ki, mənim bu məsələdən xəbərim yoxdur. Rusiyalı parlamentari vəd etdi ki, Moskvaya qayıdandan sonra bu məsələ ilə məşğul olacaq. Dedi ki, qoy sizin parlament nümayəndə heyəti də gəlsin və məsələni araşdıraq. O mənə dedi ki, əgər sən bu məsələni ATƏT PA-da qaldırsan, mənim bunu təkzib etməkdən başqa yolum yoxdur. Bu baxımdan mən də hesab etdim ki, bu məsələnin ATƏT PA-da qaldırılması bizə heç nə verməyəcək. Biz qaldıracağıq, Rusiya və Ermənistan təkzib edəcək. Ona görə də hesab etdim ki, bu məsələni qaldırmaq tələskənlik olar. Mənim özümə gəldikdə, Rusiyanın Ermənistana silah verməsinə inanıram. Bu, həmişə olub. Digər tərəfdən, məsələ araşdırılarsa, əsaslarımız artarsa, biz bu məsələni ATƏT PA-nın Dublində keçiriləcək yaz toplantısında, Vilnüsdə keçiriləcək yay sessiyasında da qaldıra bilərik. Mən hesab edirəm ki, ATƏT PA bu məsələni araşdırmaq üçün regiona faktaraşdırıcı missiya göndərməlidir. Missiya Azərbaycana, Ermənistana və Rusiyaya səfər edib faktı yerindəcə araşdırmalıdır. Vaxtilə ATƏT PA Dnestryanıya belə bir missiya göndərib. İndi də bu təcrübədən istifadə edilə bilər.

- Eldar müəllim, siz öz çıxışınızda hansı məsələlərə toxundunuz?

- Mən çıxışımda dedim ki, ermənilər işğal etdikləri ərazilərin ekologiyasına dəhşətli zərbələr vurublar. Onlar Azərbaycanın 65 min hektar torpaqlarını, 15 min hektar meşəsini yandırıblar. Bundan əlavə, zəhərli radioaktiv tullantılar işğal olunmuş ərazilərdə basdırılır. Ermənilər Kür və Araz çaylarını da çirkləndirirlər. Təklif etdim ki, ATƏT PA-nın bu ilin mayında Dublində keçiriləcək toplantısında bu məsələlərə toxunulsun. Mən təklif etdim ki, ATƏT PA bütün bunları dəqiqləşdirmək üçün həmin iclasa qədər münaqişə bölgəsinə nümayəndə heyəti göndərsin və monitorinq aparsın. Biz istəyirik ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi cinayətlər ATƏT PA üçün hazırlanan məruzədə obyektiv şəkildə öz əksini tapsın. Məruzəçi Qoran Svilanoviç də bizim bu təkliflərimizi normal qarşıladı. O dedi ki, bu məsələlərin məruzədə əksini tapması üçün monitorinq keçirilməsinə ehtiyac var.

- Məruzəçi may ayına qədər faktları dəqiqləşdirmək üçün regiona səfər edəcəkmi?

- Bu barədə dəqiq bir şey deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, məruzəçi fikrimizi dəstəklədi.

- ATƏT PA-nın yay sessiyası nə vaxt keçiriləcək?

- Sessiya iyun ayında Vilnüsdə keçiriləcək. Vyanadakı iclasda həmin sessiyanın gündəliyinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparıldı. Parlamentarilər sessiyada hansı məsələlərin müzakirə olunması ilə bağlı fikirlərini bildirdilər. Amma hələlik gündəlik təsdiqlənməyib.

 

 

QULİYEV İlham

 

Kaspi.-2009.-26 fevral.-S.4.