"Türkiyənin
rəsmi dairələri birmənalı mövqeyini ortaya
qoymalıdır"
Aydın Mirzəzadə: "Azərbaycanla
dostluğun qurban verilməsi qardaş dövlətin
özünün maraqlarına ziddir"
"Azadlıq"
radiosunun Ermənistan xidmətinin Türkiyənin rəsmi
Yerevanla münasibətləri normalaşdırmaq
üçün Dağlıq Qarabağla bağlı şərtindən
vaz keçdiyi barədə yaydığı məlumat Azərbaycanda
haqlı narahatlıq doğurur. Rəsmi Ankaranın yayılan
xəbərlərə hələ də konkret və birmənalı
münasibət bildirməməsi bu narahatlığı daha
da artırır. Türkiyənin baş naziri Rəcəb
Tayyib Ərdoğan da bir neçə gün öncəki
açıqlamasında Türkiyə-Ermənistan münasibətlərinin
qurulmasında Qarabağ şərtinin aradan
götürülüb-götürülməməsi barədə
konkret mövqe bildirməyib. Belə demək
mümkünsə, bu məsələ ilə bağlı iki
qardaş ölkə arasında arzuolunmaz bir durum
yaşanmaqdadır. Bu barədə suallarımızı Azərbaycanın
Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin
üzvü, millət vəkili Aydın Mirzəzadəyə
ünvanladıq.
-
Aydın müəllim, sizcə bu qeyri-müəyyənliyin
arxasında nə dayanır? Türkiyənin rəsmi
dairələri, Ərdoğan hökuməti Türkiyə-Azərbaycan
maraqlarını bir kənara qoyaraq Qarabağ məsələsində
xəyanət yolunu tuta bilərmi?
- Mən Azərbaycanla Türkiyə arasında hər
hansı problem yaşanması gümanında deyiləm. Azərbaycan və
Türkiyə ölkəmiz ikinci dəfə müstəqillik
qazanandan sonra da həmişə bir olub, ölkələrimizin
ümumi maraqları, ümumi mənafeləri var. Eyni zamanda,
bu ölkələr hər zaman beynəlxalq aləmdə birgə
fəaliyyət göstərməyə
çalışıblar. Düzdür, bu ölkələr
arasında münasibətləri korlamaq, onlar arasında
inamsızlıq toxumu səpmək cəhdləri kifayət qədər
olub. Burada, təbii ki, erməni dairələrinin rolu heç
də az deyil. O cümlədən son günlər rəsmi
Ankaranın Ermənistanla münasibətlərini
normallaşdırmaq üçün atdığı
addımlara da müxtəlif qiymətlər vermək
mümkündür. Amma bir məsələ var ki, Ermənistan-Türkiyə
münasibətlərinin normallaşdırılması ilə
bağlı söhbətlər danışıqlardan o tərəfə
getmir. Ancaq bununla belə, ayrı-ayrı qəzetlərdə,
bəzi tanınmış insanların fikirlərində bu
danışıqların nə ilə nəticələnə
biləcəyi haqda müxtəlif proqnozlar səsləndirilir.
Çox təəssüf ki, bu proqnozların Azərbaycanla
bağlı olan hissəsində Türkiyənin bizim milli
maraqları unudacağı, Ermənistanla münasibətlərə
önəm verəcəyi barədə fikirlər yer alır.
Mən hesab edirəm ki, bunların heç bir əsası
yoxdur...
- Nəyə görə? Axı son
vaxtlar Türkiyə hökuəmtinin nümayiş etdirdiyi
mövqe bunun əksini deyir?
- Çünki Azərbaycanla dostluğun Ermənistanla münasibətlərə qurban verilməsi ilk növbədə qardaş dövlətin özünün dövlətçilik maraqlarına ziddir. Türkiyə bununla özünün nüfuzlu dövlət statusunu, Azərbaycan kimi bir dostunu, müttəfiqini itirər. Eyni zamanda, Türkiyə cəmiyyətində Azərbaycana olan marağa, bizimlə dostluğa yüksək qiymət verilir. Bu baxımdan Ermənistanla münasibət qurmaq üçün Azərbaycanın qurban verilməsi Türkiyə hökuməti üçün ciddi ictimai qınağa səbəb ola bilər. Kimlərsə belə bir cəhddə bulunsa, bunun nəticələri ilk növbədə Türkiyənin daxilində hiss olunacaq. Eyni zamanda, Türkiyə tərəfindən də vaxtaşırı Azərbaycanla münasibətlərin heç zaman sərinləşməyəcəyi, Dağlıq Qarabağ məsələsinin unudulmayacağı barədə bəyanatlar verilir. Bir neçə gün öncə Rəcəb Tayyib Ərdoğanın bununla bağlı bəyanatı olub, bu ölkənin xarici işlər naziri Əli Babacanın mütəmadi açıqlamaları səslənir, Türkiyənin Azərbaycandakı səfirliyi bəyanat yayıb. Amma hesab edirəm ki, Türkiyənin rəsmi dairələri Azərbaycanın narahatçılığını, cəmiyyətin nigarançılığını başa düşməli, öz konkret, birmənalı mövqeyini ortaya qoymalıdır. Bununla da yaranmış narahatçılıq elementləri dağıdılmalıdır. Çünki Azərbaycan Türkiyəni özünə yaxın dost bilir, ölkəmiz bir çox planını məhz Türkiyə ilə birgə qurur.
-
Belə fikirlər də səslənməkdədir ki,
Türkiyə hökuməti bu cür arzuolunmaz addımlara
Avropa Birliyi tərəfindən təhrik olunur...
- Türkiyənin Avropa Birliyinə yolu çox keşməkeşlərdən
keçir. Bildiyiniz
kimi, Avropa Birliyi yaranan dövrdən Türkiyə bu quruma
daxil olmaq üçün dəfələrlə müraciət
edib, dəfələrlə özünün daxili həyatını
və siyasi sistemini sözügedən qurumun istəkləri
istiqamətində qurub. Ancaq Avropa Birliyində Türkiyənin
üzvlüyü ilə bağlı yekdillik yoxdur.
İkincisi, vaxtaşırı hansısa məsələni bəhanə
kimi Türkiyənin qarşısında qoyurlar. Ermənistanla
münasibətlərin düzəlməsi tələbi də
belə bəhanələrdən biridir. Amma nədənsə,
heç kəs Avropa Birliyindən soruşmur ki, Ermənistan
niyə Türkiyəyə qarşı ərazi
iddiasındadır? Niyə ermənilər Türkiyə
hökumətindən təzminat istəyir və Türkiyəni
olmayan hadisələrdə qınamağa
çalışır? Təəssüf ki, Avropa Birliyindəki
müəyyən dairələr bu sualı verməyi unudurlar.
O ki qaldı Avropa Birliyinə qəbul olunması
üçün Türkiyənin Ermənistanla münasibətləri
düzəltməsi tələbinə, iş ondadır ki, bu
tələb yerinə yetiriləcək, o zaman növbəti tələb
ortaya atılacaq və sair. Biz vaxtaşırı olaraq bu
cür tələblərin ortaya qoyulmasının da
şahidiyik. Əslində, Avropa Birliyi hələlik Türkiyəni
üzv kimi görmək istəmir.
-
Yeri gəlmişkən, bu yaxınlarda ATƏT Parlament
Assambleyası prezidentinin Cənubi Qafqaz üzrə səlahiyyətli
nümayəndəsi Qoran Lenmarkerin regiona, o cümlədən
Azərbaycana səfəri oldu. Qoran Lenmarker ölkə
parlamentariləri ilə görüşündə belə bir
fikir səsləndirdi ki, Dağlıq Qarabağ münaqişəsinin
tərəfləri heç biri sonda yüz faizlik uduş əldə
edə bilməyəcək. Bu baxımdan da hər iki tərəf
münaqişənin həll olunması üçün bir
sıra qarşılıqlı güzəştlərə
getməlidir. Amma nədənsə güzəştlərdən
söhbət gedərkən əsas vurğu Azərbaycanın
üzərinə yönəldilir...
- Bu
gün Dağlıq Qarabağ münaqişəsinə dair
müxtəlif bəyanatlar səsləndirilir, müxtəlif
mövqelər bildirilir və yaxud kimlərsə öz vasitəçilik
missiyasını təklif edir və sair. Amma
Dağlıq Qarabağ məsələsi bu gün Azərbaycan
və Ermənistan prezidentlərinin apardıqları
danışıqlar əsasında həll edilməyə
çalışılır. Hətta vasitəçilik
missiyasını rəsmən üzərinə götürən
ATƏT-in Minsk qrupu da sadəcə təkliflər verməklə
məşğuldur. Lakin onlar da əsas yükü prezidentlərin
üzərinə qoyurlar. Hesab edirəm ki, kənardan deyilən
fikirlərə münasibət onların ilk növbədə
Azərbaycanın haqlı tələblərinə uyğun gəlib-gəlməməsi
ilə ölçülməlidir. Azərbaycanın tələbi
beynəlxalq hüququn normalarına tam uyğun gəlir. Azərbaycan
torpaqlarının işğaldan azad olunması, öz
qaçqın-köçkünlərinin geriyə dönməsi
tələbini ortaya qoyur. Bu yöndə ortaya qoyulan
bütün mövqelərə də ancaq və ancaq bu,
mövqedən baxılmalıdır. Azərbaycandan istənilən
güzəştlər tələbisə, mənə elə
gəlir ki, tam qanunsuzdur və haqsızdır. Çünki
Azərbaycan özünün güzəşt
yükünü, güzəşt limitini kifayət qədər
yerinə yetirib. Bu, torpaqların işğaldan azad
olunmasında danışıqlar yoluna üstünlük
verilməsidir. Azərbaycan indiyə qədər Ermənistanın
torpaqları işğalı altında saxlamasına
dözümlülük nümayiş etdirir. Növbəti
güzəşt və yaxud güzəştlər artıq
Ermənistanın olmalıdır. Ermənistan Azərbaycan
torpaqlarının işğalının onun maraqlarına
uyğun olmadığı qənaətinə gəlməlidir.
Torpaqları işğal etmək Ermənistanın
özünü izolyasiya səviyyəsinə
çatdırıb. Onlar regional layihələrdən kənarda
qalıb, ölkənin iqtisadi inkişafından söhbət
gedə bilməz, sosial vəziyyət günü-gündən
pisləşir və sair. Bu baxımdan Ermənistandan güzəşt
tələbinin vaxtı gəlib çatıb.
-
Ötən ilin sonlarından etibarən vasitəçilər,
maraqlı dövlətlər tərəfindən belə
mövqelər də ortaya qoyulmaqdadır ki, 2009-cu il Ermənistan-Azərbaycan münaqişəsinin
tənzimlənməsində həlledici dönüş ili
ola bilər...
- Azərbaycan xalqı, doğrudan da, 2009-cu ilin Dağlıq Qarabağ münaqişəsinin həlli ili olmasına dair verilən bəyanatların həqiqətə çevrilməsi arzusundadır. Əlbəttə, 2009-cu ilə ümidlər çox böyükdür. Ötən ildən başlayaraq Minsk qrupu həmsədrlərinin bu məsələyə böyük maraq göstərməsi, problemin həlli üçün müxtəlif təkliflər ortaya qoyması, eyni zamanda, vaxtaşırı prezidentlərin görüşündə ümidverici bəyanatların səslənməsi onu göstərir ki, bu ilə ümidlər çoxdur. Biz də çox istərdik ki, bu məsələ tezliklə həyata keçsin, növbəti illərə, ən əsası, gələcək nəsillərə qalmasın. Eyni zamanda, bəzən Azərbaycanın məcburən özünün maraqlarına cavab verməyən hansısa sülh sazişinə qol çəkəcəyi barədə də fikirlər səsləndirilir. Lakin bir məqamı nəzərə almaq lazımdır ki, dövlət başçımızın Dağlıq Qarabağ məsələsinə münasibəti çox ciddi və məsuliyyətlidir. O, Azərbaycanın bir nömrəli vətənpərvəridir və onun Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlardakı prinsipial mövqeyi torpaqlarımızın gec-tez qaytarılmasına gətirib çıxaracaq. Dövlət başçımız daim bəyan edir ki, heç bir zaman Azərbaycanın maraqlarına cavab verməyən addımlar atmayacaq və bu tip sazişlərə imza atmayacaq...
-
Bəzən ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə
bağlı referendumun keçirilməsi də Dağlıq
Qarabağ məsələsi ilə əlaqələndirirlər...
- Əgər referendum olmasaydı belə, yenə də hansısa bəyanatlar verilərək Azərbaycan iqtidarını nədəsə günahlandırmağa çalışacaqdılar. Bu baxımdan hesab edirəm ki, referendumun Dağlıq Qarabağ məsələsi ilə bağlılığı bir o qədər də çox deyil. Bu gün referendum məsələsində ilk növbədə dövlətimizin demokratik dəyərlərinin möhkəmlənməsi, Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının genişlənməsi məqsədi güdülür. Əksinə, referendumda qoyulan məsələlərin müsbət həllini tapması Azərbaycanın Dağlıq Qarabağ məsələsinin həllində mövqeyini daha da möhkəmlənidirəcək.
QULİYEV I.
Kaspi.-2009.-27 fevral.-S.5.