"Avropa təhsil məkanına inteqrasiya üzrə məqsədyönlü iş aparılır"

 

 Dövlət Neft Akademiyasının rektoru akademik Siyavuş Qarayev: "Məzunlarımız akademiyamızda yüksək səviyyəli mütəxəssislərin hazırlandığını sübut edirlər"

 

Hal-hazırda ölkədə aparılan islahatlar respublikanın bütün fəaliyyət sferalarını, xüsusilə də təhsil sahəsini əhatə edir. Heç kimə sirr deyil ki, orta və ali təhsil müəssisələri müasir texnologiya ilə təchiz edilir, şagird və tələbələrin dərs şəraiti yaxşılaşdırılır, müasir dövrün tələblərinə cavab verən yeni tədris proqramları isə bütün təhsil prosesinə müsbət təsir göstərir. Neft və qaz ilə zəngin bir ölkə olan Azərbaycan üçün Azərbaycan Dövlət Neft Akademiyası kimi olduqca mühüm ali təhsil müəssisəsindəki tədris prosesi haqqında adıçəkilən ali təhsil ocağının rektoru akademik Siyavuş Qarayev məlumat verir.

- ADNA Azərbaycanda elmi-texniki ziyalı təbəqəsinin formalaşmasında və texniki fikrin inkişafında həlledici rollardan birini oynayır. Zəhmət olmasa, rəhbərlik etdiyiniz təhsil müəssisəsi haqqında ətraflı danışardınız.

- Haqlısınız, bizim təhsil müəssisəmiz ölkə üçün yüksək ixtisaslı texniki və elmi kadrların hazırlanmasına böyük töhfələr vermişdir. Bu gün biz 1920-ci ildə Avropa və Asiyanın neftlə bağlı birinci ali təhsil ocağının - Azərbaycan Dövlət Neft Akademiyasının yaradılması zamanı əsası qoyulmuş ənənələri XXI əsrin tələblərinə cavab verən yeni səviyyədə davam və inkişaf etdiririk. Vaxtilə Azərbaycanda fəaliyyət göstərən texniki təhsil mərkəzlərinin əksəriyyəti məhz onun fakültələri əsasında yaradılmışdır.

Ümummilli liderimiz Heydər Əliyev hər zaman XX əsr Azərbaycanının tarixində ADNA-nın xüsusi yeri və rolu olduğunu vurğulayır, bizim təhsil müəssisəsinə mehribanlıq və qayğı ilə yanaşırdı. Çünki o, XX əsrin 30-cu illərinin sonunda öz ali təhsilini məhz bizim ali təhsil ocağında almağa başlamışdı. "İki il ərzində burada əldə etdiyim təhsil, tərbiyə, intizam və biliklər gələcək həyat və fəaliyyətimdə böyük rol oynadı" - deyə Heydər Əliyev öz xatirələrində qeyd edirdi.

ADNA öz görkəmli məzunları ilə fəxr edir. Onların arasında 1930-cu illərin məzunu, SSRİ neft sənayesi üzrə xalq komissarı, RSFSR və SSRİ Dövlət Plan Komitəsinin sədri, Sosialist əməyi qəhrəmanı, akademik N.K. Baybakov; 1950-ci illərin məzunu, ARDNŞ-ın birinci vitse-prezidenti X.B. Yusifzadə; 1960-cı illərin məzunları, Azərbaycan hökumətinin baş naziri A.T. Rəsizadə və Anqolanın prezidenti Eduardo Duş Santuş; 1970-ci illərin məzunları, "LUKOYL" ASC-nin prezidenti V.Y. Ələkbərov və Azərbaycanın sənaye və energetika naziri N.A. Əliyevin adlarını qeyd etmək olar. 1993-cü ildən ADNA-da mütəxəssislərin hazırlanmasında çoxpilləli sistem tətbiq olunmuşdur. Hal-hazırda bakalavr və magistratura pilləsində 29 istiqamət üzrə təxminən 7.000 tələbə təhsil alır. Mütəxəssislərin hazırlığı 7 əsas fakültədə, 53 kafedrada, 19 elmi-tədqiqat laboratoriyasında, 2 elmi-tədqiqat və sənaye müəssisələri işçilərinin ixtisasının artırılma və yenidənhazırlama institutlarında həyata keçirilir. Tədris prosesində 800 müəllim iştirak edir ki, onlardan təxminən 100-ü professor və 400-dən çoxu dosentdir.

- Gələn il ADNA-nın 90 yaşı tamam olacaq. Həmin hadisə ilə bağlı hansı tədbirlərin keçirilməsi planlaşdırılır?

- 2010-cu ilin sonunda ali məktəbimiz öz yubileyini qeyd edəcək. 90-illiyimiz ərəfəsində biz sərgi təşkil etməyi, elmi yubiley konfransı keçirməyi, ali təhsil ocağının şanlı tarixini və nailiyyətlərini əks etdirən kitab buraxmağı, "Ali texniki təhsil müəssisələrinin xəbərləri" yurnalının xüsusi nömrəsini və ADNA-nın elmi əsərlərdən ibarət məcmuəsini çapa hazırlamağı planlaşdırırıq. Eyni zamanda, səyyar elmi-praktiki konfransların, müxtəlif yarış və müsabiqələrin, gənc alim və aspirantların elmi konfransının, məzunlarla görüşlərin keçirilməsi nəzərdə tutulur.

- ADNA-nın beynəlxalq əlaqələri hansı istiqamətlərdə inkişaf edir?

- Son illər ərzində ABŞ, Almaniya, Hollandiya, Fransa, İtaliya və Norveçin aparıcı təhsil mərkəzləri ilə tərəfdaşlıqda biz tərəfdən bir sıra beynəlxalq layihələr həyata keçirilmişdir. Onlar arasında 1999-cu ildən Corciya Dövlət Universiteti (ABŞ) ilə birgə reallaşdırılmış tələbə (BBA) və magistrantların (MBA) hazırlanmasına dair layihə, eləcə də 2004-cü ildən Zigen Universiteti (Almaniya) ilə birgə reallaşdırılmış, bakalavrların yeni texnologiyalar üzrə hazırlanması layihəsi xüsusi populyarlığa malikdir. Bu maarifləndirici layihələr çərçivəsində təhsil kredit sistemi ilə ingilis dilində aparılır. Həmçinin məmnuniyyətlə qeyd edə bilərəm ki, ADNA Azərbaycanın məzunlarımıza Zigen Universiteti ilə birgə diplomların verilməsinə dair razılıq əldə etmiş birinci ali təhsil ocağı olmuşdur.

1999-cu ildən Nitsa Sofiya-Antipolis Universiteti (Fransa) və Genua Universiteti (İtaliya) ilə birgə "Ətraf mühit və neft sənayesi" ixtisası üzrə magistrantların hazırlığı həyata keçirilir. 2004-cü ildən Köln Universiteti (Almaniya) və Heyerlen Ali Tətbiqi Məktəbi (Hollandiya) ilə birgə tələbələrin, bu tədris ilindən etibarən isə "Avtomatlaşdırma və informasiya texnikası" və "Elektroenergetika" ixtisasları üzrə magistrantların da hazırlığı həyata keçirilir. Yeni, 2009/-2010-cu tədris ilindən başlayaraq, Köln Universiteti və Varşava Texnoloyi Universiteti (Polşa) ilə birgə "Neft sənayesində enerqomenecment" ixtisası üzrə magistrantların Qərb standartlarına uyğunlaşdırılmış tədris planları əsasında hazırlığına başlanılacaq.

Sadaladığım proqramlar çərçivəsində tələbələrimizin ABŞ, Almaniya və Fransanın müvafiq universitetlərində yuxarı kurslarda təhsilini davam etdirməsi və istehsal praktikası keçməsi haqqında razılığa gəlmişik. Artıq bu il biz, həmçinin ADNA-nın ən yaxşı tələbələrini Norveç Elm və Texnologiya Universitetinin (Trondheym şəhəri) magistratura və aspirantura şöbəsinə göndərməyə başlayacağıq.

Ümumiyyətlə, ADNA 20 xarici ölkə ali təhsil ocağı və neft şirkətləri ilə ikitərəfli əməkdaşlıq edir. Qeyd edim ki, ADNA-nın beynəlxalq əlaqələrinin genişlənməsi məzunlarımızın dünya təhsil standartlarına uyğun şəkildə hazırlanmasına şərait yaratmaqla yanaşı, nəticə etibarilə, bizim ali təhsil müəssisəsini həm Azərbaycan, həm də əcnəbi ölkələrin vətəndaşları üçün daha da cəlbedici edir. Qeyd etmək lazımdır ki, hal-hazırda ADNA-da təqribən 700 əcnəbi tələbə təhsil alır, ötən illər ərzində isə dünyanın 68 ölkəsindən 4000-dən çox insan bizim diplomumuzu almışdır.

- Təhsil müəssisənizdə mütəxəssislərin hazırlıq səviyyəsi sizi qane edirmi?

- Sirr deyil ki, respublikanın texniki ali təhsil ocaqları arasında ADNA öz reytinqinə görə irəlidədir. Bizim ali təhsil müəssisəsinə yüksək müsabiqə əsasında yaxşı hazırlıqlı abituriyentlər daxil olurlar. Qeyd etmək kifayətdir ki, cari ilin birinci kurs tələbələri arasında 13 tələbə prezident təqaüdçüsüdür, 45 tələbə isə keçirilmiş müsabiqənin nəticələrinə görə, BP neft şirkətinin sponsor dəstəyini əldə etmişdir. Digər tərəfdən, yüksək peşəkarlığa malik professor-müəllim heyəti və dövlətin ali məktəbə böyük qayğısı vardır ki, bu da xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə 2004-2006-cı illərdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu tərəfindən ali təhsil ocağımızın əsaslı təmiri, yenidən qurulması və təchizatı üzrə işlərin həyata keçirilməsində özünü göstərir.

ADNA-da Avropa təhsil məkanına inteqrasiya, tədris planlarının qərb standartlarına uyğunlaşdırılması, müasir texnologiyaların təhsil prosesinə tətbiqi üzrə məqsədyönlü iş aparılır. Tələbələrimizin potensialının hərtərəfli şəkildə üzə çıxarılması üçün bir sıra yeni ixtisaslar açmış, tədris şöbələrini müasir informasiya texnikası ilə təchiz etmiş, laboratoriya bazasını yeniləmişik. Bu işin nəticəsi kimi, 2007-ci ildə ADNA-nın dünya standartlarına cavab verən təhsil xidmətlərinin yüksək səviyyəyə çatmasına görə "Avropa keyfiyyəti" medalına layiq görülməsini yüksək qiymətləndirirəm.

Cəsarətlə deyə bilərəm ki, yaradılmış şəraitdən istifadə etmiş, peşəkar biliklərə, müasir informasiya texnologiyalarına, xarici dillərə layiqincə yiyələnmiş məzunlarımız işsiz qalmır və dünya şöhrətli neft şirkətlərində çalışaraq, praktiki işlərlə müasir neft və qaz sənayesi üçün ADNA-da yüksək səviyyəli mütəxəssislərin hazırlandığını təsdiq edirlər.

- Sizin fikrinizcə, ali təhsil sistemində hansı nöqsanlar mövcuddur və onları necə aradan qaldırmaq lazımdır?

- Bildiyiniz kimi, hər bir gənc mütəxəssisə işlə təmin edilməyə zəmanət verildiyi zamanlardakı kimi, məzunların mərkəzləşdirilmiş bölgü sistemi keçmişdə qaldı. Onun qismən də olsa bərpası layiqli tələbələr üçün ali məktəblərin bir çox problemlərini həll edərdi. Digər bir tendensiya isə professor-müəllim heyətinin "yaşlanması"dır. Gənc istedadlı magistrantlar neft şirkətlərindəki yüksək maaşlı işləri pedaqoyi fəaliyyətdən və elmi tədqiqatlardan üstün tuturlar. Gənclərin ali məktəblərdə saxlanılmasına dair proqram qəbul olunmasa, yaxın gələcəkdə biz elmi dərəcə və adlara malik kadrların defisiti ilə qarşılaşacağıq.

Tələbə yataqxanaları probleminin üzərində də dayanmaq istərdim. Məlum hadisələrdən sonra onlar qaçqınlar və məcburi köçkünlər tərəfindən tutulmuşdur. Nəticədə tələbələrimizin yalnız az bir hissəsi, - bu, demək olar ki, pulsuz yaşayış evlərindən istifadə etmək imkanına malikdir, onlar əsasən şəxsi mənzillərdə yaşamaq məcburiyyətində qalırlar. Bu, dərsdən əlavə vaxtda onlarla kütləvi-tərbiyəvi işin aparılmasını çətinləşdirir, maddi problemləri həll etmək üçün müvəqqəti işlə təmin olunmaya, dərslərin buraxılmasına səbəb olur.

- Sizcə Boloniya təhsil sistemi Azərbaycana nə verəcək?

- Boloniya prosesi vasitəsilə Avropa təhsil məkanına inteqrasiya edərək, biz, sözsüz, dünya standartlarına uyğun hərəkət edirik. Artıq qeyd etdiyim kimi, 1993-cü ildən bakalavr və magistrantlara uğurla təhsil veririk. Bu yeni, Qərb standartlarına uyğunlaşdırılmış təhsil sisteminin məziyyətləri ondan ibarətdir ki, indi ADNA elm və istehsalın konkret yerli sahələrindəki işlərə yönəldilən mütəxəssislər hazırlayır. Buna görə, SSRİ ali məktəblərinin meyarları ilə müqayisədə, bakalavrların qısaldılmış təhsil müddətinə baxmayaraq, həmin mütəxəssislər, bununla belə, bu və ya digər istehsal sahəsində uğurlu iş üçün kifayət qədər bilik əldə edirlər. Nəticədə, ölkə iqtisadiyyatı tam ixtisaslı mühəndislər qazanır, dövlət təhsil sistemi isə əvvəlki illərdə tələbənin tam təhsil kursuna sərf edilən vəsaitlərə qənaət edir.

Birinci kursa qəbul edilmiş və öz biliklərinin yüksək səviyyəsi ilə təhsilin ikinci pilləsinə keçmək hüququnu təsdiqləmiş tələbələrin 20 faizi magitsraturada təhsilini davam etdirir. Magistrantların əldə etdikləri biliklərin həcmi və dərinliyi onlara ADNA-nı bitirdikdən sonra müəllimlik fəaliyyətinə başlamaq, elmi tədqiqatlarla məşğul olmaq, yaxud da bu və ya digər strukturlarda yüksək inzibati vəzifələrə iddia etmək imkanı verir. Kreditli təhsil sisteminə keçid bizim təqdim etdiyimiz sənədlərin xaricdə tanınmasına, tədris planları və proqramlarının unifikasiyasına şərait yaradacaq. Boloniya sistemində mükəmməl iştirakın nəticələrindən biri də həm tələbələrin, həm də müəllimlərin mobilliyinin gücləndirilməsi olacaq.

 

Quliyev İsgəndər

 

Kaspi.-2009.-27 fevral.-S.9.