İpoteka
yenidən işə düşəcək
Elman
Rüstəmov faiz dərəcələrinin dəyişməyəcəyini
deyir
Azərbaycan iqtisadiyyatı 2003-2008-ci illərdə yüksək dinamika ilə inkişaf edib. Son beş ildə dövlət büdcəsi 9, bank aktivləri 10, əmanətlər 8, kreditlər isə 12 dəfə artıb. Ölkənin beynəlxalq valyuta ehtiyatları isə bu müddət ərzində 11 dəfədən çox yüksəlib. 2008-ci ildə də ümumi iqtisadi artım ikirəqəmli olub. O cümlədən qeyri-neft sektorunda artım 16 faizə yaxınlaşıb. Belə müsbət nəticələri isə hətta 2008-ci ilin ortalarından başlayan beynəlxalq maliyyə böhranı da pozmaq iqtidarında deyil. Bu sözləri Milli Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov YAP qərargahında dünən keçirilən mətbuat konfransında deyib.
Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatının açıq iqtisadiyyat olduğunu deyən MB rəsmisi böhranın Azərbaycana da təsir göstərdiyini inkar etməyib: "İqtisadiyyatımız neftin dünya bazarlarında formalaşan neftin qiymətindən olduqca asılıdır. Neftin qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsi iqtisadi vəziyyətimizə, iqtisadi artımımıza təsir göstərir. Biz bunu hiss edirik. Bu, ölkənin ödəmə balansının formalaşmasına olduqca ciddi təsir göstərir".
Banklar
maliyyə vəsaitləri cəlb edə bilmir
E.Rüstəmovun
sözlərinə görə, yanvar-fevral aylarında MB-nin
valyuta satışı 300 milyon ABŞ dolları olub:
"Dünyanın bir sıra aparıcı ölkələrində
valyuta məzənnəsində olduqca kəskin dəyişmələr
var. Bizim əsas ticarət parnyorlarımız olan ölkələrdə
də milli valyutaların devalvasiya prosesi baş verib. Bu isə Azərbaycana ciddi psixoloyi təsir göstərib".
Buna baxmayaraq, milli valyutanın məzənnəsi
aparıcı valyutalara nisbətən sabit qalıb. Belə
ki, manat ABŞ dollarına nisbətdə dəyərini 0,5 faiz, avroya nisbətdə isə 9 faizdən
çox möhkəmləndirib. MB manatın qorunması sahəsində
hazırda da ciddi işlər aparır: "Bu gün Azərbaycan
milli valyutasının devalvasiyası gündəlikdə
deyil. Apardığımız tədqiqatlar
göstərir ki, bu gün manatın sabitliyi istiqamətində
olan amillər daha böyük çəkiyə malikdir.
Bizim kifayət qədər strateyi ehtiyatımız var. Ehtiyatlarımız
dövriyyədə olan manat kütləsini 2,2
dəfə örtür". E.Rüstəmov heç bir
ölkənin belə ehtiyat yaratmadığını da
bildirib: "Bu baxımdan, biz milli valyutamızı qorumaq
iqtidarındayıq və bunu edəcəyik. Valyuta
ehtiyatlarımız kifayət qədər yüksəkdir.
Strateyi valyuta ehtiyatları ölkənin idxala
olan tələbatını 3 aylıq ödəmə səviyyəsində
olmalıdır. Amma bizdə bu göstərici
30 aya yaxındır".
MB rəsmisi ölkənin maliyyə, xüsusən də
bank sektorunun dünya bazarlarına əhəmiyyətli
inteqrasiya etdiyini də deyib. Bu bazarlardan kifayət
qədər maliyyə vəsaiti ölkəyə cəlb edən
banklar beynəlxalq öhdəliklərinə də tam şəkildə
əməl edir. Buna baxmayaraq, hazırda onlar xarici maliyyə
vəsaitlərinin cəlbində problemlərlə
qarşılaşırlar: "Maliyyə bazarlarının
yoxa çıxması Azərbaycanın bank sektoruna da əhəmiyyətli
təsir göstərib. Yeni vəsaitlərin cəlbi
olduqca çətinləşib.
E.Rüstəmov heç bir Azərbaycan bankının ciddi problemlərlə üzləşmədiyini də nəzərə çatdırıb: "Amma bu likvidlik kredit prosesini əvvəlki illərdəki kimi bərpa etmək üçün yetərli deyil". Kreditlərin verilməsində azalma müşahidə olunsa da, bu, cüzidir: "Kredit ölkə iqtisadiyyatının fəallaşmasında mühüm rol oynayır. Ona görə də Azərbaycan banklarının kreditləşməsi üçün daxili maliyyə mənbələri axtarmalıyıq. Əvvəlki illərdə daxili və xarici mənbələr hər biri 50 faiz olmaqla bölünmüşdü. Verilən kreditlərin 10 dəfəlik artımının təxminən yarısı xarici mənbələrdən götürülmüş kreditlər hesabına baş verirdi. Yarısı isə daxili mənbələr və əhalinin əmanətlərinin artımı hesabına baş verirdi". Bu gün isə əmanətlərin artımı baş vermir. Burada da çox cüzi azalmanın olduğunu deyən MB sədri banklara əlavə likvidliyin verilməsini vacib sayıb.
Onun fikrincə, problemlərdən biri də
banklar tərəfindən bazara ehtiyatlı yanaşmadır:
"Risklər əhəmiyyətli dərəcədə
artıb. Bu riskləri qiymətləndirmək
üçün banklara əlavə vaxt lazımdır".
Çünki onlar verdikləri vəsaitin geri
qayıdacağına əmin olmalıdırlar. Banklar həmçinin
likvidlik problemi yarananda vacib qurumların, o cümlədən də
MB-nin onlara yardım göstərəcəyinə də
arxayın olmalıdırlar. Sədrin sözlərinə
görə, hazırda bu mexanizmərin yaradılması üzərində
də iş aparılır. E.Rüstəmov bildirib ki, qlobal
iqtisadi böhranın dərinləşməsini, beynəlxalq
maliyyə bazarlarında likvidliyin daha da
sıxılmasını nəzərə alaraq iqtisadi
aktivliyin qorunmasına və maliyyə sektorunun sabitliyinə dəstək
tədbirləri də görülür. Belə ki, MB 2009-cu
il üçün bəyan etdiyi pul siyasətinin əsas
istiqamətlərinə uyğun olaraq pul siyasətinin
yumşaldılmasını davam etdirir: "Bankın İdarə
Heyətinin qərarı ilə mart ayının 2-dən
etibarən uçot dərəcəsi 5 faizdən 3 faizə,
faiz dəhlizinin yuxarı həddi isə 10 faizdən 8 faizə
endirilib. Eyni zamanda, həm manat, həm də xarici valyutada məcburi
ehtiyat normaları 3 faizdən 0,5 faizə salınıb".
İpoteka şərtləri sərtləşdiriləcək
Banklar tərəfindən kreditlərin verilməsinə də aydınlıq gətirən MB sədri tezliklə ipoteka mexanizminin yenidən işə düşəcəyini deyib. Hazırda hökumətdə bununla bağlı müzakirlər gedir: "İpoteka bazarını canlandırmaq istəyirik. Belə ki, ipoteka tikinti və tikinti ilə əlaqədər olan sahələrin, ölkədə iqtisadi fəallıq, məşğulluğun artması üçün müstəsna əhəmiyyətə malik olan bir sektordur. Hər vəchlə bu bazarda fəallığı qorumalıyıq və bu istiqamətdə ipoteka çox mühüm rol oynaya bilər. Bilirik ki, bu gün bazarda kifayət qədər yüksək təklif var". İpotekanın çox ciddi multiplikatora malik olduğunu deyən qurum rəhbərinin fikrincə, bu mexanizmin canlanması aparılan tikinti işlərinin davam etdirilməsinə də təkan verəcək.
Bazarın fəallaşması ilə
bağlı aparılan müzakirələrin bir istiqaməti
isə Azərbaycan İpoteka Fondunun (AİF) qiymətli
kağızlarının buraxılması olub:
"Keçirilmiş qanunvericilik ekspertizası da göstərir
ki, bunu etmək mümkündür. MB tərəfindən
bu kağızlara zəmanət verilməsi, onların banklara
satılması, dövlət zəmanətli qiymətli
kağızlar səviyyəsinə
çatdırılması, bazarda bu kağızların
likvidliyi, yəni alqı-satqısında daimi iştirakı
ipoteka bazarını canlandırmağa imkan verəcək.
Bizim son təklifimiz bundan ibarətdir". E.Rüstəmov təklifin
bu günlərdə hökumətə təqdim ediləcəyini
və orada müzakirə olunacağını da
vurğulayıb: "Bu il AİF təxminən 65 milyon manata
yaxın vəsait yerləşdirib. Biz də bu həə qiymətli
kağızlar buraxa bilərik. Bu vəsaiti yerləşdirəndən
sonra isə əlavə olaraq yerləşdirilmiş kreditlər
həcmində və onların arxasında dayanan əmlak girov
götürülməklə təminatlı kağızlar
buraxıla bilər. Hesab edirəm ki, bu, həm qiymətli
kağızlar bazarını genişləndirməyə, həm
də ipoteka maliyyələşməsinə gətirib
çıxaracaq". Faiz dərəcələrinin dəyişdirilməyəcəyini
də deyən E.Rüstəmov bu addımı əhalinin
yarana bilən mümkün problemləri ilə əlaqələndirib.
Amma MB dünyada baş verən maliyyə çətinlikləri
ilə bağlı ipoteka alanlara qarşı kredit şərtlərinin
bir qədər sərtləşdirilməsini məqsədəuyğun
sayır: "Bu, sabit və daimi gəlirə malik olan insanlara
verilməlidir ki, bütün dünyanın etdiyi səhvləri
təkrarlamayaq. Belə bir mürəkkəb vəziyyətdə
bankları riskli aktivlərlə, yəni ipoteka kreditləri ilə
əlavə yükləmək olmaz. Bu, çox ciddi nəticələrə
gətirə bilər".
Əmlak bazarında gərgin vəziyyət
Əmlak bazarındakı vəziyyətə də toxunan qurum rəhbərinin sözlərinə görə, burada kifayət qədər gərgin vəziyyət yaşanır. Belə ki, adıçəkilən bazarda əhəmiyyətli dərəcədə təklif olsa da, lazımi tələblə qarşılanmır. E.Rüstəmov əmlakın satılması üçün lazım olan ekspozisiya müddətinin hazırda 437 günə çatdığını da söyləyib: "Bu, olduqca böyük müddətdir". Çünki əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasına böyük tələbi olsa da, tələb ödəniş qabiliyyətli deyil: "Düşünürük ki, maliyyə vasitəçiliyi ilə elə mexanizmlər yaratmalıyıq ki, bugünkü tələblə təklifi qarşılaşdıraq. Hesab edirəm ki, müəyyən dərəcədə qiymətlərin aşağı düşməsi zəruridir və yaxşıdır. Amma bu işlə məşğul olan biznes maraqları baxımından, bütövlükdə iqtisadiyyat üçün qiymətlərin sərt düşməsi zərərli olar". Ona görə də E.Rüstəmov hesab edir ki, bu işlə məşğul olan biznesmenlər yenidən düşünməlidirlər: "Belə bir anlayış var - ədalətli qiymətlər. Biznesmenlər də öz mənfəətlərinin bir hissəsini Azərbaycan əhalisinə verməlidirlər. Bunun əsasında isə bu işə qoyduqları kapitalları geri götürəcəklər. Ayrı-ayrı biznesmenlərlə görüşlərimiz də göstərir ki, onlar buna hazırdırlar".
Əmanətlərin sığortalanan
hissəsi bir neçə dəfə
qaldırılmalıdır
Əmanətlərin sığortalanmasından da söz açan MB sədri həmin qanuna dəyişiklik edilməsi zərurətinə də toxunub: "Qanuna ciddi dəyişiklik edilməsi gözlənilir. Müvafiq qanun layihəsini artıq hökumətə təqdim etmişik. Çox güman ki, o, qəbul olunacaq. Belə ki, məbləğin səviyyəsinin müəyyənləşdirilməsinin müvafiq icra qurumuna-Milli Banka, uçot dərəcəsinə bağlılığının isə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şarasına verilməsi nəzərdə tutulur". MB sədrinin sözlərinə görə, əmanətlərin sığortalanan hissəsi əhəmiyyətli dərəcədə bir neçə dəfə qaldırılmalıdır: "Əmanətlərin artırılmasını hesablamamışıq. Amma təklif onların böyük həə, yəni 80 faizə qədərinin sığortalanmasına gətirib çıxaracaq".
Qurum rəhbəri inflyasiya səviyyəsindən də söz açıb. Onun sözlərinə görə, qlobal iqtisadi böhran şəraitində ölkədə bu proses nisbətən səngiməyə doğru gedib. İdarə Heyətinin sədri hətta son aylarda devalvasiyanın hiss olunduğunu da qeyd edib. MB rəsmisi hesab edir ki, bu il hətta inflyasiyanın birrəqəmli səviyyəsinə nail olmaq mümkündür: "İnflyasiyanı birrəqəmli gözləyirik. Amma bəzi amillər də nəzərə alınmalıdır. İnflasiyanın səviyyəsi bundan sonra iqtisadi fəallıqla müəyyənləşəcək və bundan asılı olaraq tələbin artması antiinflyasiya tədbirlərində olduqca vacibdir. Bu, inflyasiyanın əhəmiyyətli aşağı düşməsinin qarşısına alacaq". Hazırda isə inflyasiya həddi 12 faizdən aşağıdır: "Hesab edirəm ki, onun azalması davam edəcək. 5-6 faizli inflyasiya Azərbaycanda bugünkü vəziyyətdə həm əhali, həm də biznes üçün optimal olardı".
HƏQİQƏT
Kaspi.-2009.-28 fevral.-S.1, 5.