"Biz təhsil sahəsində irəliləməyə
can atırıq"
İlqar Hacıyev: "Əsas məqsədlərdən
biri Rusiyadakı Azərbaycan diasporunun intellektual səviyyəsini
yüksəltməkdir"
"Rusiyada yaşayan Azərbaycan
vətəndaşlarının bu ölkənin ali təhsil
müəssisələrinə qəbulu ilə bağlı
keçirilən imtahan artıq geridə qalıb. İmtahanlar
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) xətti ilə
keçirilib. Bu il soydaşlarımız üçün
Rusiyanın müxtəlif universitetlərində 128 yer
ayrılıb. ÜAK-da keçirilmiş test nəticəsində
100-dək azərbaycanlı gənc Rusiyanın
tanınmış ali məktəblərində təhsil almaq
üçün RF Təhsil Nazirliyi yanındakı komissiyaya
müraciət edib. Qeyd edək ki, həmin ali məktəblərin
40 faizi ölkənin ayrı-ayrl regionlarında yerləşir.
İmtahanın təşkili, nəticələri, eləcə
də qurumun təhsil sahəsində gələcək layihələri
ilə bağlı Ümumrusiya Azərbaycan Konqresi
icraçı direktorunun I müavini İlqar Hacıyevin fikirlərini
oxuculara təqdim edirik:
- Təhsilə diqqət
Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyət istiqamətləri
arasında ən prioritet yerlerdən birini tutur. Məhz bu məsələ
miqrantların üz tutduları ölkənin yeni şərtlərinə
uğurlu adaptasiyasında, onların düşdükləri məkanın
sosial və mədəni mühitinə tezliklə
uyğunlaşmasında açar rolunu oynayır. 2003-cü
ildə Ümumrusiya Azərbaycan Konqresi belə bir təşəbbüslə
çıxış etdi ki, hər il bu ölkədə
yaşayan Azərbaycan vətəndaşlarının Rusiya
ali məktəblərinə müsabiqədənkənar qəbulu
məqsədilə RF Təhsil Nazirliyi ÜAK-a konkret kvota
ayırsın. Bu təşəbbüsü Azərbaycan
dövlətinin rəhbərliyi də dəstəklədi.
Qeyd etmək istəyirəm ki, burada söhbət Rusiya
üçün mövcud ümumi kvotadan bir hissə
ayrılmasından gedirdi, Azərbaycan Respublikası
üçün nəzərdə tutulan yerlərdən yox. Tezliklə
təşəbbüsümüz gerçəyə
çevrildi və cəmi 1 il sonra, 2004-cü ildə biz
Moskvada Azərbaycan Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası ilə
razılaşdırılmış qaydada qəbul imtahanı
təşkil etdik. Artıq bu gün əminliklə demək
olar ki, təşəbbüsümüz özünü tam
doğruldub. Əgər ilk mərhələdə Rusiya ali məktəblərinə
10-20 nəfər azərbaycanlı qəbul olunmuşdusa, 2007-ci
ildə abituriyentlərin sayı 46 nəfərə
çatdı. Bu il isə bildiyiniz kimi, 100-dək gənc
imtahan verib. RF universitetlərinə daxil olan
soydaşlarımız əsasən sosiologiya, tarix, riyaziyyat,
jurnalistika, hüquq sahəsi üzrə təhsil alacaqlar. Biz
hesab edirik ki, təhsilli adam üçün yeni çevrə
içində, fərqli mühitdə "özü"
olmaq, özünü tapmaq və təsdiqləmək
asandır. Düzdür, statistikaya görə, ümumi təhsil
potensialına görə Rusiyadakı digər xalqların
nümayəndələri, xüsusilə də Cənubi
Qafqaz xalqlarının təmsilçiləri ilə
müqayisədə azərbaycanlılar geri qalırlar. Lakin
başqa bir statistikaya görə, gənclərin ali təhsil
alması və sonradan ali təhsili davam etdirməsinə olan
marağa görə həmyerlilərimiz adını çəkdiyim
xalqların nümayəndələrindən xeyli irəlidədir.
ÜAK-ın əsas məqsədlərindən
biri düzgün təhsil proqramı hesabına Rusiyadakı
Azərbaycan diasporunun intellektual səviyyəsini yüksəltməkdir.
Qarşımızda duran mühüm vəzifə buradakı
azərbaycanlı gənclərin Rusiyanın ictimai-siyasi,
sosial, mədəni həyatına inteqrasiya etmələri və
bu prosesdə onların azərbaycanlıya məxsus milli-mənəvi
dəyərlərini itirməməsinə
çalışmaqdır. Bu məqsəslə Moskvada 157
saylı və 1331 saylı etnomədəni Azərbaycan məktəbləri
fəaliyyət göstərir. Lakin həm Moskvada, həm də
Rusiyanın digər regionlarında belə məktəblərin
sayını artırmağa real tələbat var.
- ÜAK-ın
haqında bəhs etdiyiniz layihələri həyata
keçirilərkən hansı tendensiyalar müşahidə
olunur? Məsələn, abituriyentlərin sosial mənşəyi
ilə bağlı statistika varmı?
- Mütləq qeyd etmək
lazımdır ki, haqqında danışdığımız
abituriyentlərin, gənclərin demək olar ki, hamısı
aztəminatlı ailələrdəndir. Ümumrusiya Azərbaycan
Konqresinə ayrılmış kvota üzrə Rusiya ali məktələrinə
qəbul olunmaq onlar üçün bu ölkədə pulsuz
təhsil almağın yeganə yoludur. Nəticədə Azərbaycan
dövləti bir neçə ildən sonra müxtəlif sahələrdə
yüksək ixtisaslı mütəxəssislərə sahib
olacaq. Əgər hətta onlardan kimlərsə fəaliyyətini
Rusiyada davam etdirmək istəyərsə, bizim fikrimizcə,
bunun özü də Azərbaycana xeyirdir. Çünki
onların dövlətimizin adını yüksəldən,
başını ucaldan mütəxəssislər olacaqlar.
- Abituriyentlər yekun
test imtahanına düşmək üçün hansı mərhələləri
keçməlidirlər?
- Tam orta təhsili və
imtahan verəcəyi ixtisasa aid fənlərdən
yaxşı qiymətləri olan Rusiyadakı hər bir Azərbaycan
vətəndaşı bu testlərdə iştirak etmək
üçün ÜAK-a müraciət edə bilər. Lakin
bu işlərlə məşgul olmaq üçün tədris
ilinin sonunu gözləmək olmaz, il ərzində imtahanlar
barədə düşünmək lazımdır. Çünki
ali məktəblərə imtahan vermək arzusunda olanların
siyahısı il ərzində tutulur. İmtahanları Azərbaycanın
müvafiq dövlət orqanı Heydər Əliyev Fondunun RF-dəki
nümayəndəliyinin iştirakı ilə keçirir. Testlərin
nəticələrini isə Azərbaycan Respublikasının
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası dəyərləndirir. Əgər abituriyent
sınaqdan uğurla keçirsə, biz onun pulsuz təhsil
alması ilə yanaşı, yataqxanada məskunlaşmaq və
təqaüd almasına da kömək edirik. Yaxşı
oxuyan tələbələr isə əlavə olaraq
Ümumrusiya Azərbaycan Konqresindən də təqaüd
alırlar. Onlara tibbi xidmət göstərilməsinə və
ümumiyyətlə, gələcəkdə karyera
qurmaları, uğurla irəliləmələrinə
xüsusi diqqət ayırırıq.
- Ümumrusiya Azərbaycan
Konqresinin bu sahədə gələcək planları nədən
ibarətdir?
- Biz təhsil sahəsində
irəliləməyə, daha böyük müvəffəqiyyətlər
qazanmağa can atırıq. Bu il Heydər Əliyev Fondunun dəstəyi
ilə Ümumrusiya Azərbaycan Konqresi Moskvada Azərbaycan
etnomədəni komponentlərindən ibarət 940 saylı
ümumtəhsil linqvistik məktəb açacaq. Azərbaycan
dili, ədəbiyyatı, tarixi və mədiniyyətinin də
tədris olunacağı bu məktəbdə baza təhsilindən
əlavə, şagirdlərə ingilis, fransız, alman, ərəb,
çin, yapon və türk dilləri də öyrədiləcək.
Məqsəd tolerantlığı təbliğ etmək,
uşaqlarda başqa xalqların dilinə, adətlərinə
və mədəniyyətinə hörmət aşılamaq,
onlara Azərbaycan və Rusiyanın zəngin dil mədəniyyətini
təlqin etməkdir. Bu məktəbin bazasında mədəni-maarif
mərkəzinin açılması da
planlaşdırılır. Burada həmçinin günü
uzadılmış qruplar, müxtəlif sahələrə
aid dərnəklər fəaliyyət göstərəcək.
1000 şagirdin təhsil alacağı bu məktəbi gələcəyin
parlaq mütəxəssislərinin ehtiyat mənbəyi də
adlandırmaq olar.
- Bütün bu işlərdə
sizə digər qurumlar da kömək göstərirmi?
- Əlbəttə!
Ümumrusiya Azərbaycan Konqresi adından Azərbaycan
Prezidenti yanında Təhsil Komissiyasına, Rusiya Təhsil
Nazirliyinə, Azərbaycan Təhsil Nazirliyinə və Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasına, ayrıca
olaraq Azərbaycan Respublikası Diasporla İş üzrə
Dövlət Komitəsinə bizə göstərdikləri əvəzsiz
dəstəyə və köməyə görə dərin
minnətdarlığımızı bildirirəm. Bu dəstəyi
Rusiyadakı Azərbaycan diasporu çox yüksək dəyərləndirir
və bunu Azərbaycan dövlətinin, prezident İlham Əliyevin
xarici ölkələrdə yaşayan azərbaycanlılara
fövqəladə diqqət və qayğısı kimi qəbul
edirlər.
Nigar
Kaspi.- 2009.- 9 iyul.- S. 5.