"Müharibə gedən zaman da sülhdən danışmaq lazımdır"

 

Asim Mollazadə: "Rusiyanın mövqeyində müəyyən müsbət dəyişikliklər var"

 

Azərbaycan və Ermənistan ziyalılarının, ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə və Bakıya və Yerevana reallaşdırılan qarşılıqlı səfərləri Azərbaycan ictimaiyyətində, ictimai-siyasi dairələrində heç də birmənalı qarşılanmayıb. Bir qisim insanlar bu səfərə müsbət yanaşsa da, digər bir qisim buna öz mənfi münasibətini ortaya qoyub. Həmin səfərdə iştirak etmiş Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu cür səfərlərin reallaşdırılması qaçılmazdır. Onun fikrincə, hər iki ölkənin cəmiyyəti sülh razılaşmasına hazırlanmalıdır. Elə edilməlidir ki, hazırda prezidentlərin iştirakı ilə intensivləşən danışıqlar prosesi müsbət sonluqla bitsin.

- Asim müəllim, bir partiya sədri millət vəkili olaraq, səfərinizlə bağlı haçalanan mövqelərə necə yanaşırsınız? Ümumiyyətlə, "xalq diplomatiyası" adı altında reallaşdırılan bu cür səfərlərin uzun müddətdən bəri davam edən hələ də həllini tapmayan Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsinə hansısa bir töhfə verəcəyinə inanırsınızmı?

- Əvvəla, bizim heç belə bir iddiamız yoxdur ki, "xalq diplomatiyası" ilə bu münaqişəni həll edək yaxud həll etmək olar. İkincisi bu cür səfərlər heç bir halda dövlət səviyyəsində gedən danışıqları, o cümlədən Minsk qrupu çərçivəsində, yəni beynəlxalq təşkilatların iştirakı ilə keçirilən danışıqları əvəz etmir. Burada məqsəd məhz bu proseslərdə irəliləyiş olan zaman cəmiyyətin, medianın, qanunvericilik hakimiyyəti orqanının buna dəstək təkan verməsini təmin etməkdir. Eyni zamanda, bizim belə bir gözləntimiz yoxdur ki, bu tipli səfərlərlə münaqişə həll oluna bilər. Bir daha qeyd edirəm, münaqişə dövlət rəhbərliyi səviyyəsində həll olunur. Bildiyiniz kimi, hazırda prezidentlərin görüşləri nəticəsində ortada müəyyən irəliləyiş işartıları, yumşalmalar görünməkdədir. Məhz sonuncu səfərimiz ümumi prosesə bir növ dəstək vermək məqsədi daşıyır.

- Məlum səfərdən sonra bəzi mətbuat orqanlarında bir sıra siyasilərin və politoloqların dilindən belə fikirlər də səslənməkdədir ki, artıq Azərbaycan hakimiyyəti cəmiyyəti hansısa sülh sazişinə, kompromisə hazırlayır...

- Əslində, belə düşünürük ki, hər zaman sülhdən danışmaq lazımdır. Heç vaxt müharibədən danışmaq lazım deyil. Hətta müharibə gedən zaman da sülhdən danışmaq lazımdır. Çünki istənilən münaqişənin sonu sülhdür. Eyni zamanda, tarix boyu illərlə müharibə aparmış xalqların, nəhayət, sülhə gəlib çatması təcrübəsini öyrənərək belə hesab edirik ki, bizim yolumuz da axırda məhz bundan keçəcək. Hazırkı vəziyyətə gəlincə, münaqişənin tənzimlənməsi ilə bağlı intensiv danışıqlar gedir. Bu danışıqların da müsbət nəticələnməsi üçün son vaxtlar ümumi geosiyasi vəziyyətin dəyişdiyi sezilir. Bu baxımdan düşünürük ki, bu da münaqişənin həlli üçün müəyyən şanslar yaradır. Onu da qeyd edim ki, proseslər davam edir. Bu proseslərə bölgədə maraqlı olan qüvvələrin qatılması, ona müsbət yön verməsi nəticəsində ümidvarıq ki, danışıqların müsbət sonucu mümkündür. Bir sözlə, bizim istəyimiz ondan ibarətdir ki, belə bir müsbət dəyişiklik olarsa, cəmiyyət bu prosesə, o cümlədən dövlətə bu işdə öz dəstəyini versin.

- Necə hesab edirsiniz, yaxın zamanlarda Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həlli gözlənilirmi?

- Bilirsiniz, Yerevandakı görüşdən sonra belə hesab edirəm düşünürəm ki, münaqişənin tənzimlənməsi üçün hələ müəyyən şanslar var. Yəni bu prosesdə inkişafa nail olmaq üçün imkanlar mövcuddur. Bununla belə, gəlin gözləyək. Onu da nəzərinizə çatdırım ki, bugünlərdə ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Dmitri Medvedyev arasında görüş keçirilib, müzakirələr aparılıb. Eyni zamanda, bu ayın 17- Azərbaycan Ermənistan prezidentlərinin növbəti görüşü olmalıdır. Bundan başqa, bu günlərdə Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfəri başlayıb. Yəni mənim zənnimcə, getdikcə intensiv xarakter alan danışıqlar prosesi, nəhayət, münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesinin sürətlənməsinə xidmət edəcək.

- Asim bəy, əgər yaxın zamanlarda sülh razılaşması əldə ediləcəksə, bu bizim, yoxsa ermənilərin istədiyi razılaşma olacaq?

- Mən belə düşünürəm ki, sülh mütləq olacaq. Eyni zamanda, heç bir şübhəm yoxdur ki, bu gün Azərbaycan dövləti Ermənistanla apardığı danışıqlarda Azərbaycanın maraqlarını kifayət qədər qoruyub bundan sonra da qoruyacaq.

- Necə fikirləşirsiniz, bu münaqişənin yaranmasında, eləcə onun uzun illər həllini tapmamasında rolu, marağı olan dövlətlər, məsələn, konkret olaraq qonşu Rusiya Ermənistanla Azərbaycan arasında sülh razılaşmasının əldə edilməsinə imkan verəcəkmi?

- Qeyd edim ki, məlum səfərdə bizimlə birgə Rusiya prezidentinin xüsusi nümayəndəsi iştirak edirdi onun danışıqlarından, fikirlərindən belə anlaşılırdı ki, bu məsələ ilə bağlı artıq Rusiyanın mövqeyində müəyyən müsbət dəyişikliklər var. Hər halda bu mənim gəldiyim şəxsi qənaətdir.

- Yeri gəlmişkən, qarşıdan gələn aylarda Azərbaycan Ermənistan ziyalılarının, ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin növbəti qarşılıqlı səfərləri gözlənilirmi?

- Bilirsiniz, yaxın zamanlarda müəyyən təkliflər planının hazırlanması nəzərdə tutulur eyni zamanda onu da qeyd edim ki, bu təkliflər danışıqlar prosesinin gedişatından asılı olacaq. Daha doğrusu, hansı sahədə həyata keçirilə bilər, bunlar ümumi gedişatdan asılı olacaq.

- Bildiyiniz kimi, Azərbaycanda qarşıdan növbəti bələdiyyə təxminən bir ildən sonra da parlament seçkiləri gəlir. Sizcə bu seçkilər danışıqlar prosesinin gedişatına, o cümlədən hansısa ilkin razılaşmanın əldə edilməsinə maneçilik törədə bilərmi?

- Şəxsən mən düşünmürəm ki, yerli seçkilər - bələdiyyə seçkiləri danışıqlar prosesinə hansısa mənfi təsir göstərsin. Eyni zamanda, parlament seçkilərinin danışıqlar prosesinə hansısa xələl gətirəcəyini düşünmürəm proqnozlaşdırmıram.

 

 

Quliyev  İlham

 

Kaspi.- 2009.-  9 iyul.- S. 6.