Böyük aktyorların davamçısı

 

Firuz Xudaverdiyev, Əməkdar artist: "Gələcək nəsil teatrdan çox şey öyrənəcək"

 

Onun adı bu gün Akademik Milli Dram Teatrının köhnə və tanınmış aktyorları sırasında çəkilir. Bu köhnəlik və məşhurluq onun xatirələrində və yaddaşında həm tərəf-müqabil olduğu görkəmli sənətkarlarla, həm də oynadığı irili-xırdalı rollarla əbədiləşib. Bəzən haqsızlığa tuş gəlib oynamaq istədiyi bir roldan məhrum olanda, bəzən istəmədiyi bir rolu oynamağa məcbur ediləndə - rol bölgüsündən razı qalmayanda, bəzən fəxri ad, Prezident təqaüdü siyahısına adı salınmayanda heç vaxt həvəsdən düşməyib. Sənətə olan sevgisi onu yaşadıb. Sevdiyi bir obrazı oynamaq üçün dəvət olunanda isə sevincinin həddi-hüdudu olmayıb. Beləcə, illər ötüb... Bu illər ona teatrın sirlərini öyrətməklə yanaşı, ağı-qaradan seçməyi də, yaxşını-pisdən ayırmağı da öyrədib. Sənət aləminə gələnə qədər çoxlu enişli-yoxuşlu yollardan keçib. Əvvəlcə səhnəyə gəlişinə atası mane olub. O, oğlunun özü kimi neftçi olmasını istəyirdi. Ancaq gənc Firuz arzularının dalınca gedərək İncəsənət Universitetinə daxil oldu. Xoşbəxtliyi onda olub ki, qüdrətli sənətkarların sinfini qurtarıb. Təhsil aldığı illər Adil İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasib və Tofiq Kazımov kimi sənətkarların institutda dərs dediyi vaxtlara təsadüf edib. Bu görkəmli sənətkarlar qəbul imtahanlarında istedadlıları bilavasitə özləri seçir, "5" və "4" qiymət alan abituriyentlərə güzəşt edilməsini tapşırırdılar. Ona görə də qabiliyyəti və istedadı olanlar kənarda qalmırdı. Bəxtindən oxuduğu qrupun uşaqları da say-seçmə istedadlılar idi - Rasim Balayev, Könül Axundova, Əliabbas Qədirov, Məhərrəm Bədirzadə, Vaqif Əsədov, Mikayıl Mirzə ilə bir kursda oxuyurdu. Bir xoşbəxtlikləri də o oldu ki, İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesi əsasında hazırladıqları diplom tamaşasını Leninqradda 15 respublikanın iştirak etdiyi festivalda oynadılar. Həmin festival Leninin 100 illiyinə və respublikalarda aktyor sənətinin inkişafına həsr olunmuşdu. Tamaşa çox bəyənildi. Yekun nəticəyə görə, Firuz Xudaverdiyev, Rasim Balayev və Könül xanım festivalın laureatı oldu.

Firuz müəllimin tələbə yoldaşı, bütün qrupun "qız qardaşımız" adlandırdıqları Könül Axundova ötən illəri yada salaraq: "Biz bir ailə kimi olmuşduq. Firuz həmişə hər sözə inanan, hər təbəssümə cavab verən, sadə bir adam idi. Demək olar ki, o, heç bu zamanın adamı deyildi. Firuz indi də bir çox xəbis xüsusiyyətlərə təəccüblənə bilir. Bu sadəliyinə, uşaqlığına görə hamımızın ona böyük hörməti vardı. Firuzda həmişə işinə dərin məhəbbət və məsuliyyət hissi olub. Firuz bu gün də belədir"-deyə öz sənət dostunu dəyərləndirir.

Xatirələr vərəqləndikcə 70 yaşlı sənətkar yaman kövrəlir. Gözləri qarşısından kino lenti kimi teatra gəldiyi ilk illər keçir. Bu, həmin illər idi ki, institutu qurtaran vaxt boş yer olmadığı üçün məzunlardan heç birinin təyinatını Milli Dram Teatrına vermək mümkün olmayıb. Həmin ərəfədə yeni açılan Mingəçevir, Sumqayıt və Ağdam dövlət teatrlarına tələbat olduğundan Mehdi müəllim və Mədəniyyət Nazirliyi gənc aktyorun Mingəçevirə getməsini məsləhət görüb. O da könlündə çağlayan arzularla gedib. Bu səhnədə ilk dəfə Altay Məmmədovun "Həmyerlilər" tamaşasında yaratdığı Gümüş obrazı tamaşaçıların yaddaşına həkk olunub. Bir-birinin ardınca çalışdığı beş il müddətində rəngarəng rollar yaradıb. Mingəçevir teatrı nə qədər xoşuna gəlsə də, bu illər ərzində orada yalnız "Azdrama"ya qayıtmaq arzusu ilə işləyib. Geri qayıtdıqda isə onu Gənc Tamaşaçılar Teatrına göndəriblər. O da teatrın qabağında dayanaraq "mən axı "Azdrama" demişəm" - deyə səhəri gün yenidən nazirliyə qayıdıb. "Onsuz da orda sənə ehtiyac var. Səni birdən-birə gətirə bilmirik. Get iki il də işlə" - deyə aktyoru yenidən Mingəçevirə göndəriblər.

Nəhayət, 7 illik təyinatdan sonra bütün aktyorların arzuladığı səhnəyə - Akademik Milli Dram Teatrının səhnəsinə çıxmaq ona da qismət olur. 1976-cı ildən üzü bəri bu teatrda müxtəlif səpkili rollar oynayır. Onun üçün heç vaxt rolun böyük və kiçikliyinin əhəmiyyəti olmayıb. Hər obraza bir insan taleyi kimi yanaşıb. Həmişə fikirləşib ki, aktyorun sənətdə öz yaradıcılığı, öz yolu olmalıdır. "Səhnədə faciəvi rol da, komik obraz da oynamışam. Nə qədər uğurlu alınıb-alınmamasını tamaşaçı deyə bilər. Aktyor bütün janrlarda özünü sınamalıdır. Amma mən daha çox ciddi komediyanı sevirəm. Komediya çox çətin janrdır. Ümumiyyətlə, hər obraza gərək ciddi yanaşasan".

Teatrın baş rejisoru Tofiq Kazımov onu teatra işə götürdüyünə peşman olmayıb. Firuz Xudaverdiyev teatra gələndə "Vaqif" tamaşası oynanılırmış. T.Kazımov assistenti çağıraraq: "Bu, hazır gəlib, aktyordur" - deyə ilk dəfə ona rol verib. "Vaqif"də Vidadi rolunu oynayan İsmayıl Osmanlı ilə tərəf-müqabil olub. Bu rola olan məhəbbətini isə illərlə qəlbində gəzdirib. Daha sonralar Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov, Muxtar Avşarov, Mirvari Novruzova, Ətayə Əliyeva, İsmayıl Dağıstanlı kimi sənətkarlarla bir səhnədə oynayıb. Belə görkəmli sənətkarların yanında isə təbii ki, püxtələşməmək mümkün deyildi.

Firuz müəllim teatrda çəkdiyi zəhməti müqabilində haqsızlıqlar da çox görüb. Vaxtilə "Vaqif"də Vidadi rolunu oynamaq istəyib. Ancaq bu obrazı ona verməyiblər.

İllər keçəndən sonra ürəyində gəzdirdiyi bu obraz yaradıcılıq bioqrafiyasında yer alıb. Yaxşı ki, "Sönməyən ulduzlar" teatrının tanınmış rejissoru, rəhmətlik Məmmədkamal Kazımov "Vaqif"i hazırlayıb. Vidadi rolunu da ona həvalə edib. Aktyor obrazı böyük həvəslə oynayıb. İllərlə qəlbində gəzdirdiyi sevgisini bu obraza verib. Eləcə "Azdrama"nın səhnəsində oynanan tamaşa da böyük məhəbbətlə qarşılanıb. Hazırda həmin tamaşa televiziyanın Qızıl Fondunda saxlanır.

"Sönməyən ulduzlar"da hazırlanan tamaşalarda F.Xudaverdiyevin oyunundan razı qalan Məmmədkamal müəllim öz sevimli aktyorunu "xarakterlər ustası" adlandırırdı: "Biz Firuzla həm də "Azdrama"da işləmişik. O çox vaxt epizodik rollar oynayıb. Epizodik rolları oynamaq isə daha çətindir".

Qocaman aktyor hazırda da "Sönməyən ulduzar" teatrında çalışır. Yaradıcılıq Fondunun təsis etdiyi bu teatrın səhnəsində müxtəlif rollar oynayır.

Firuz müəllim uzun illərdir ki, həm də Xırdalan Mədəniyyət evində dram dərnəyinin bədii hissə müdiri vəzifəsində çalışır. Bu səhnədə də müxtəlif tamaşalarda oynamaqla yanaşı, həvəskar aktyorlara sənətin sirlərini həvəslə öyrədir.

Firuz müəllimin teatrla bağlı çox arzusu üzündən oxunur. Hələ onun öz əvəzinə, Qarabağ torpaqları uğrunda şəhid olan aktyor oğlunun əvəzinə də oynamaq istəyi, teatrın işıqla sabahı haqqında böyük arzuları var:

- Mən xalqın içərisində çox olmuşam. Camaatın teatra getməyə o qədər də imkanı olmur. Ancaq adamlar gəlmək istəyir. Təbii ki, bunlar axarına düşəcək. Arzumuz budur ki, milli teatra istedadlılar gələndə onları qorusunlar, istedadsızları isə götürməsinlər. Hər kəsin öz yerini bilsinlər - istedadlının da, istedadsızın da. Bu da bədii rəhbərdən və rejissordan asılıdır. Onda gələcək nəsil teatrdan çox şey öyrənəcək.

Böyük sənətkarların davamçısı olan qocaman aktyorun ürəyində indiyə qədər oynaya bilmədiyi obrazlar sırasında biri daha önəmlidir. Şəhid atası rolunu oynamaq istəyir. "Mən müharibə iştirakçısı olmuşam. O qanlı-qadalı illəri gözlərimlə görmüşəm. Digər tərəfdən, şəhid atasıyam. Ona görə də belə bir obraz yaratmaq istəyirəm". F.Xudaverdiyev bu obrazı yaratmaqla həm illərdən bəri içərisində yığılıb-qalan niskili boşaltmaq, həm də bir vətəndaş kimi öz borcunu yerinə yetirmək istəyir.

Qocaman aktyor optimist xarakteri ilə bir çox sənət dostuna nümunə ola bilər. Əsas odur ki, bu gün qeyd edəcəyi 70 yaşını özü üçün arzularını həyata keçirmək yolunda əngəl hesab etmir. "İnsan gərək keçmişlə yaşamasın. Həm də keçmişi unutmamaq lazımdır. Əsas odur ki, biləsən ki, qarşıda işıqlı bir yol var və sən həm yaradıcılığında, həm də şəxsi həyatında bu işıqlı yola doğru addımlayırsan".

Firuz Xudaverdiyev də 70 yaşının tamamında bu işıqlı yolun yolçusudur. Hələ qarşıda görüləsi işlər çoxdur...

Uğurlar olsun!

 

 

Məhərrəmova, Təranə.

 

Kaspi.- 2009.- 9 iyul.- S. 11.