"Biz danışıqlarda
təmkinli olmalıyıq"
Tahir Rzayev: "Torpaqlarımızı işğaldan
azad etmək üçün hər bir vasitədən istifadə etməliyik"
"Azərbaycan və Ermənistan ziyalılarının, ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin qarşılıqlı səfərlərinə müsbət yanaşıram". Bu fikri jurnalistlərə açıqlamasında əslən Qarabağdan olan millət vəkili, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev dilə gətirib. Onun sözlərinə görə, ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər bir azərbaycanlı maraqlı olmalı və məsuliyyətini dərk etməlidir: "Bu sahədə Azərbaycan prezidenti İlham Əliyevin fəaliyyəti hamımıza yaxşı məlumdur və təqdirəlayiqdir. Ölkə rəhbəri problemin həllində sülh yolunu tutsa da, danışıqlar prosesi nəticə verməsə, hərbi əməliyyatların başlana biləcəyi də istisna etmir. Sülh danışıqlarının həlli isə ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən keçir və bu mövqe ən mötəbər yığıncaqlarda, görüşlərdə dəfələrlə səsləndirilib". Millət vəkilinin bildirdiyinə görə, azərbaycanlılar üçün müharibə hələ qurtarmayıb. Azərbaycan döyüşlərin geridə qalan bölümündə müvəqqəti məğlub olan tərəfdir. Azərbaycan ordusu, insanlar hər an vətənini müdafiə etməyə, döyüşə atılmağa hazırdır: "Bu, axırıncı yoldur və buna qədər biz torpaqlarımızı işğaldan azad etmək üçün hər bir vasitədən istifadə etməliyik. Bu gün vaxt bizim xeyrimizə işləyir. Ölkəmiz inkişaf edir, qüdrətlənir, ordumuz möhkəmlənir, Azərbaycan həqiqətləri daha yüksək səviyyələrdə qəbul edilir, müdafiə olunur. Beynəlxalq hüquq normaları da bizim tərəfimizdədir".
T.Rzayev daha sonra qeyd edib ki, bir çox beynəlxalq təşkilat artıq Azərbaycanla həmrəydir. Eyni zamanda, Azərbaycan sülhsevər və demokratik bir dövlət kimi tanınmaqda, qəbul edilməkdədir. Bir çox məsələnin həllində Azərbaycana verilən dəstək güclənməkdədir: "Bununla yanaşı, biz daha çox dəstək qazanmaq üçün bütün səyləri birləşdirməliyik, dünyaya sübut etməliyik ki, Azərbaycan prezidenti, Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etmək üçün hər bir imkandan, vasitədən, əlaqədən istifadə edir və ölkənin suveren hüquqlarının qorunması, ərazi bütövlüyünün təmin edilməsi üçün hər bir danışığa getməyə hazırdır. Əlbəttə, bu bizə düşmənin sözünü kəsmək üçün gələcəkdə imkanlar verə bilər, haqq qazandırar. Bu baxımdan bir daha Azərbaycan və erməni ziyalılarının, ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin qarşılıqlı səfərlərini, görüşlərini, qarşılıqlı inam yaratmaq niyyətlərini müsbət qiymətləndirirəm. Azərbaycan prezidentinin bu səfərlərlə əlaqədar nümayəndə heyətlərinin üzvlərini qəbul etməsi başadüşüləndir və Dağlıq Qarabağ münaqişəsinin həllinin yollarını arayıb-axtaran insanlar tərəfindən rəğbətlə qarşılanır. Diplomatik gedişlər mürəkkəb və çətin olduğu kimi, həm də dözümlülük, səbr tələb edir. Bir çox siyasətçi, ekspert, insan bu dözümlülüyü, diplomatik gedişləri zəiflik kimi qiymətləndirir. Mənim fikrimcə, onlar bu qiymətləndirmədə haqlı deyillər. Biz danışıqlarda səbrli, təmkinli olmalıyıq". Bununla belə, millət vəkili hesab edir ki, əlimizi sinəmizə qoyub oturmamalıyıq, öz müqəddəratımızı kiməsə etibar etməməliyik, hər bir azərbaycanlı ərazi bütövlüyümüzün təmin edilməsi üçün öz xidmətlərini əsirgəməməlidir: "Ziyalıların Dağlıq Qarabağa səfərləri də məhz belə xidmətlər göstərməyə yönəlib və mən elə bilirəm ki, bu, düzgün bir yoldur".
Quliyev. İ.
Palitra.- 2009.- 10 iyul.-
S. 3.