"Heç bir təklif olmadan tənqid etmək ədalətsizlikdir"
Rəvan Səmədov,
yazıçı-hüquqşünas: "Başqa ölkələrin
teatrlarına baxmaq mənə çox maraqlı gəlir"
Rəvan Tohidoğlu (Səmədov)
İnsan Hüquqları Müvəkkilinin Aparatının
böyük məsləhətçisi olmaqla bərabər, gənc
dramaturq kimi də tanınır. Əsərləri Gənc
Tamaşaçılar Teatrının, Sumqayıt
Teatrının və Dərbənd Dram Teatrının səhnələrində
tamaşaya qoyulub. Peşəsi hüquqşünas olsa da,
yazıçılıq daxili tələbatına
çevrilib. Beynində, qəlbində zaman-zaman toplanan fikirlərini,
ideyalarını kağıza köçürmək
üçün vaxt arayır və bunu qazanınca sevinir.
- Dövlət qulluğunda çalışmağınız bədii yaradıcılıqla məşğul olmaqdan ötrü sizdə vaxt darlığı yaratmır ki?
- Ombudsman
Aparatının böyük məsləhətçisi vəzifəsində
çalışmaq mənim üzərimə ciddi səlahiyyət
və məsuliyyət qoyur. Dövlət qulluğu olduğuna görə, təbii ki,
ciddi vəzifədir. Öz üzərində böyük məsuliyyət
hiss edirsən. Əsas məqsəd insanların
hüquqlarının qorunmasıdır. Həm öz vəzifəni
yerinə yetirməlisən, həm də buna görə
böyük məsuliyyət daşıyırsan. Əlbəttə,
digər tərəfdən bu məndə bədii
yaradıcılıqla məşğul olmaqdan ötrü vaxt
darlığı yaradır. Peşəkar
hüquqşünas kimi öndə bu vəzifəm durur.
Düzdür, bu iki işi qarışdırmamağa
çalışıram. Peşəkar hüquqşünas
kimi çalışanda nəsə yazmaq barədə
düşünmürəm. İnsanlarla ünsiyyətdə,
hadisələrin içində olmaq, problemləri görmək
- bütün bunlar zaman-zaman toplanır. Müəyyən qədər
düşüncə tərzinə təsir göstərir və
təkmilləşməyə kömək edir. Bu vəzifələri
qarışdırmasam da, onlar bu və ya digər mənada
bir-birinə kömək edirlər. Ancaq əlimə qələm
alıb yazanda, çalışıram hüquqşünas
olduğumu yadımdan çıxarım.
- Bəs insan haqlarını nə dərəcədə qoruya bilirsiniz?
- Təbii
ki, şikayətlər çox olur və bu barədə
ictimaiyyətə məlumatlar da verilir. Heç bir müraciət diqqətdən
kənarda qalmır. Səlahiyyətlərimiz çərçivəsində
hamının problemini həll etməyə
çalışırıq. Ancaq bu o demək deyil ki,
bütün şikayətlər qəbul olunur, çünki
qanunun öz tələbləri var. Hər birimiz
çalışırıq ki, üzərimizə düşən
vəzifəni yerinə yetirək və insan
hüquqlarının qorunması daha yüksək səviyyədə
həyata keçsin.
- Dramaturji fəaliyyət sizin
üçün hobbi, vərdiş, yoxsa daxili tələbatdır?
- Mən buna hobbi deməzdim.
Çünki hobbi deyəndə bir qədər kiçilir.
Bu mənim üçün doğrudan da bir tələbatdır.
Bu o demək deyil ki, mən mütləq bədii əsər
yazmalı, bədii yaradıcılıqla məşğul
olmalıyam. Düzdür, son vaxtlar yarımçıq
işlərim çoxdur. Elə işlərim var ki,
yığılmağa vermişəm, amma korrektə etməyə
vaxt tapmıram. Mən yazmayanda, səhnəyə qoyulan
tamaşaya baxmayanda, elə bil nəsə itirmişəm. Bədii
yaradıcılığa uşaq vaxtlarımdan həvəsim
olub. 1-ci sinifdə oxuyanda kiçik şeirlər
yazırdım. 2-ci sinifdə oxuyanda isə yazdığım
şeirlər bayramlarda şagirdlər arasında
bölüşdürüldü. Artıq 9-cu sinif şagirdi
olanda kiçik səhnəcik yazmışdım. Sonra bir
neçə belə yazım oldu. Özümdə irihəcmli
dram əsəri yazmaq üçün güc hiss elədim. Təbii
ki, o, dramaturji mənada yüksək səviyyəli bir əsər
deyildi. Bu gün geriyə baxanda mən özüm "Vətən
naminə" adlı o əsəri müəyyən mənada
qəbul edə bilmirəm. Həmin əsər qəhrəmanlıq
mövzusunda idi. Çox vaxt məndən soruşurlar ki, əksər
yazıçılar öz yaradıcılıqlarına həmişə
məhəbbət mövzusu ilə başlayırlar. Ancaq
görünür, məndə maraq bu səmtə olub. Əsərdə
Qarabağ müharibəsinin insanlara gətirdiyi faciələr,
insanların müharibədə iştirakı, müharibədən
qayıdanların cəmiyyətə uyğunlaşması və
s. problemlər qoyulmuşdu. Sözün düzü, onun
yüksək səviyyəli əsər olduğu haqda fikirləşmirdim.
Mən onu teatrşünaslara və bəzi tanınmış
aktyorlara göstərdim. Akademik Teatrın keçmiş rəhbərliyi
məni qəbul etdi. Onlar mənə çox böyük həvəs
verdilər və dedilər ki, püxtələşə bilərsən.
Sonra həmin əsəri kiçik kitab şəklində
çap etdirmək qərarına gəldim. Ondan sonra isə
bir-birinin ardınca yeni əsərlər yazmağa
başladım. "İncəbel qarı" əsərini
yazanda mən 10-cu sinifdə oxuyurdum. Əsər səhnələşdiriləndən
sonra tamaşaya baxanlar "görürsənmi, qələmin
xeyli püxtələşib"-dedilər.
- Bəs niyə ədəbi yaradıcılığa bu qədər həvəsiniz ola-ola özünüzü sırf hüquqşünaslığa həsr etmək qərarına gəldiniz?
-
Hüquqşünas olmaq məni çox cəlb elədi. Ədəbiyyata böyük həvəsim
var idi, tez-tez teatrlara gedir, çoxlu bədii ədəbiyyat
oxuyurdum. Hüquqşünas olmaqla isə zəif, öz
hüququnu qoruya bilməyən insanlara yardım göstərmək
istədim. Bəzən "filankəs peşəkar yox, həvəskar
yazıçıdır" deyirlər. Mən
yazıçılıqda peşəkar sözünü qəbul
eləmirəm. Ola bilər ki, mənim yazdığım
peşəkarlıq baxımından zəif və ya
güclü olsun - bu, tamam başqa şeydir. Ancaq peşəkar
bəstəkar, hüquqşünas, mühəndis, həkim
ola bilər. Çalışıram ki, hüquqşünas və
yazıçı kimi bu peşələrin heç biri
bir-birini üstələməsin. Amma görürəm ki,
hüquqşunas kimi fəaliyyətim
yazıçılığımı müəyyən qədər
üstələyib. Mənim 25 yaşım var, amma indiyə qədər
üç əsərim səhnəyə qoyulub. Bu
baxımdan özümü müəyyən qədər bəxti
gətirmiş hesab edirəm. Bəlkə də
hüquqşünas olmasaydım, daha çox yaza bilərdim.
- Bəs ədəbi yaradıcılığınızda insan haqlarını nə qədər qorumağı bacarırsınız?
- Siz sual
verdikcə mən əsərlərimi göz önünə
gətirirəm. Məncə,
müəyyən qədər bunu bacarmışam. Bu əsərlərin
hər birində insanların öz ideyaları uğrunda, ədalətsizliyə
qarşı mübarizələri var. Bu mübarizələr
sonda qələbə ilə nəticələnir. "Güc
birlikdədir" və "Nakam arzular" adlı əsərlərimdə
də bu mövzu var. "Nakam arzular"da gənclərin
öz idealları uğrunda çox zaman uğursuzluqla nəticələnən
mübarizəsini önə çəkmişəm. Bir qədər
əvvəl cəmiyyətdə gedən qütbləşmə,
sosial bərabərsizlik, güclü insanların zəif
olanların hüquqlarını bu və ya digər formada əllərindən
alması nəticəsində onların mübarizəsi
uğursuzluqla nəticələnir. Mən əsərlərimdə
insan haqlarının qorunmasına belə yer vermişəm.
- Maraqlıdır, bu gün teatrların dramaturji problem yaşadığı bir vaxtda sizin kimi gənc bir yazarın əsəri səhnəyə necə yol tapdı?
- Mənə
elə gəlir ki, bu gün dramaturji problem müəyyən qədər
həll olunub. Mənim əsərim
isə səhnəyə gec yol tapdı. Mən bu əsəri
2000-ci ildə yazmışam, amma 2008-ci ildə səhnəyə
qoyuldu. Eləcə də o biri əsərlərim bir neçə
ildən sonra səhnəyə qoyulub. Elə teatr var ki, əsəri
götürmək istəyir, ancaq müəyyən problemləri
var. Bəziləri qısqanclıqla yanaşır. Müxtlif
səbəblərdən bəzən əsərin səhnəyə
yol tapması yubana bilir.
- Əsərlərinizin səhnə həllindən razı qalmısınızmı?
- Təbii ki, razı qalmışam.
Çalışmışam ki, əsərin bütün məşqlərində
iştirak edim. Amma Dərbənd Teatrında səhnələşdirilən
tamaşalara baxa bilməmişəm. Onlar xahiş edib əsərimi
götürdülər və rus variantını
hazırladılar. Mən "Orxan və qarı" əsərimi
onlara göndərdim. Bundan sonra Azərbaycan versiyasını
da istədilər. Hətta bu tamaşalarla qastrol səfərlərində
də oldular. Sonra onlar "Taleyin oyunu" əsərimi də
səhnələşdirdilər. Bilirsinizmi, əsər nə
qədər yaxşı olsa da, onun səhnə həlli
rejissordan asılıdır. Çünki mən onu
kağız üzərində yazıram. Səhnə həllini
isə rejissor verir. Ona görə bu əsərin üzərində
müəyyən qədər işlənilir.
Nəticəsi haqda isə ən
yaxşı sözü tamaşaçılar deyə bilər.
Onu da qeyd edim ki, tamaşaçılar
tərəfindən də yaxşı qarşılandı.
Düzdür, ictimai baxışda müəyyən qədər
iradlar, qüsur axtarmaq istəyənlər oldu. Məsələn,
kimsə deyir ki, "mən hesab edirəm ki, bu tamaşa
bağlanmalıdır". Hər bir tənqid obyektiv
olmalıdır. Heç bir təklif olmadan tənqid etmək ədalətsizlikdir.
- O cür təkliflə çıxış edənlər oldumu?
- Əlbəttə, oldu. Bəziləri
dedi ki, müəllif cavandır. Ancaq premyera kifayət qədər
uğurla başa çatdı. Mən hətta fikirləşirdim
ki, ola bilsin, premyera olduğundan tamaşaçılar
çoxdur və alqışlayırlar. Sonra tamaşa bir
neçə qastrol səfərinə getdi və eyni
uğurları qazandı. Bundan sonra ikinci əsərim həmin
teatrda tamaşaya qoyuldu.
- Bəs ikinci əsər tamaşaya qoyulanda daha hücumlar olmadı?
- Yox, daha olmadı. Ola bilsin ki, ikinci əsər
daha yaxşı alınmışdı. Səhnə həlli
də uğurlu idi. Bu əsərlər hazırda yenə də
repertuardadır. Hər dəfə belə uğuru görəndən
sonra başa düşürəm ki, daha samballı əsər
yazmaq lazımdır.
- Hazırda hansı əsər üzərində işləyirsiniz?
- Bir
neçə yarımçıq işlərim var, onları
tamamlamağa çalışıram. Amma hansı teatra təqdim edəcəyim
haqqında hələ fikirləşməmişəm. Bir
komediyamı Mədəniyyət və Turizm Nazirliyinin gənc
dramaturqlar üçün keçirdiyi müsabiqəyə təqdim
elədim. Amma nədənsə həmin müsabiqə
bağlandı. Yəqin işlərimi qaydaya salandan sonra bu əsərimi
hansısa teatra təqdim edəcəyəm.
- Bəzən yazıçılarda elə anlar olur ki, hər şeydən uzaqlaşmaq və yalnız yazmaqla məşğul olmaq istəyirlər.
- Məndə də belə hallar olur. Bu, insana çox əzab verən bir haldır. İstəyirsən ki, ancaq oturub yazasan... Amma başqa işlərin də var axı. Bu, damla-damla beyində toplanır. Sadəcə, onu vərəqlərə köçürmək qalır və sən o vaxtı gözləyirsən. Həmin an gəlib çatanda isə yüngülləşirsən.
- Bəs özünüz hansı yazıçıların əsərlərini oxuyursunuz?
- Demək olar ki, son vaxtlar heç nə oxumuram. Buna sadəcə, vaxtım yoxdur. Amma vaxtım olanda məşhur dramaturqların əsərlərini oxumağa çalışıram. Çağdaş dramaturgiyanı da oxuyuram. Rus dramaturgiyası çox inkişaf edib, hər dəfə yeni bir şey tapmaq olur. Başqa ölkələrin teatrlarına baxmaq mənə çox maraqlı gəlir. Hansı ölkədə oluramsa, imkan tapan kimi bir tamaşaya baxmağa gedirəm.
- Bu yaxınlarda Londonda idiniz. Hansısa tamaşaya baxa bildinizmi?
- Oksfordda olanda onların "Play Houze" teatrına getdim. Müəyyən qədər fərq var. Bizdə daha çox hərəkətə, onlarda isə sözə üstünlük verilir. Onların tamaşalarında texniki üstünlüklər çoxdur. Mən isə daha çox hərəkətə üstünlük verirəm. Onlar üçün əsas odur ki, yenilikdən qorxmur və bunun arxasınca gedirlər. Tamaşanı elə təqdim edirlər ki, müasir cəmiyyətin insanı müxtəlif informasiyalar fonunda tamaşanı qəbul edə bilsin. Bir də onlarda səhnə cəlbedicidir. Bu baxımdan həmişə axtarışdadırlar. Bir məsələ də var ki, bütün bu axtarışların arxasında maliyyə dayanır. İnanıram ki, bizim teatrların da maliyyəsi güclü olsa, daha dolğun formada əsərlər təqdim edə bilərlər.
- Kino üçün ssenari yazmaq fikriniz yoxdurmu?
- Hələ belə bir cəhd etməmişəm, amma təbii ki, ürəyimdən keçir. Düzdür, hələ konkret ideyam yoxdur. Qismət olsa, gələcəkdə bu barədə fikirləşəcəyəm.
- Sizcə bu gün incəsənətimizin hansı sahəsi haqqında ağız dolusu danışmaq mümkündür?
- Mənə elə gəlir ki, hər bir sahədən danışa bilərik. Bizim muğamımız, musiqimiz, inkişaf etmiş teatrımız heç bir sahədə başqa xalqların mədəniyyətindən geri qalmır. Bəlkə də bir çox sahədə onlardan irəlidəyik. Məsələn, Beynəlxalq Muğam Festivalının keçirilməsi bu sahədə atılmış böyük bir addım idi. Təqdimatdan çox şey asılıdır. Son illər filmlərimiz də yüksək səviyyədə çəkilir. Sadəcə, bunların təqdim olunması lazımdır.
- Bu gün də şeirlər yazırsınız, yoxsa o, adicə uşaq marağı idi?
- Daha şeir yazmıram. Sadəcə, əsərlərimin içərisində bəzən kiminsə dilindən bir bənd kimi verirəm. Şeir yazmağım uşaqlıq həvəsi idi. Bu həvəs elə o illərdə qaldı.
- İşinizin reallığı gənclikdən irəli gələn romantik baxışlarınızı dağıdırmı?
- Təbii ki, təsir göstərir. Hərdən narazı insanları, haqsızlıqları, problemləri, çətin vəziyyətdə olan insanları görəndə müəyyən qədər ümidsizliyə qapılır, öz ideallarının saf olduğunu düşünürsən. Düzdür, onlar təhtəlşüurda qalır. İdeallar uğrunda mübarizədə ideyalar olmalıdır.
Məhərrəmova T.
Kaspi.- 2009.- 14 iyul.- S. 11.