"Müharibə variantı çox az ehtimal olunur"

 

Fazil Qəzənfəroğlu: "Qarabağ münaqişəsi ilə bağlı indiki vəziyyətdə irəliləyiş əldə etmək çox çətindir"

 

Azərbaycan Ermənistan ziyalılarının, ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin bugünlərdə həm Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə, həm hər iki ölkəyə reallaşdırılan qarşılıqlı səfərləri Azərbaycan ictimaiyyətində heç birmənalı qarşılanmayıb. Bir qisim insan bu səfərə müsbət yanaşır. Onların fikrincə, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Buna görə Azərbaycan Qarabağda yaşayan erməniləri müəyyən məsələlərə inandırmalıdır. Bunun yolu isə birbaşa təmaslardan keçir. Cəmiyyətin bir qismi isə bu cür səfərlərə öz mənfi münasibətini ortaya qoyur. Onların fikrincə, Ermənistan Dağlıq Qarabağla bağlı öz absurd iddialarından vaz keçməyincə, bu cür addımların heç bir əhəmiyyəti yoxdur. Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu ikinci cəbhədə olanlardandır. Onun fikrincə, hələlik bu cür addımların atılması tezdir.

- Fazil bəy, bir millət vəkili olaraq, Azərbaycan ziyalılarının, millət vəkili olan həmkarlarınızın Dağlıq Qarabağa Ermənistana səfərlərinə necə yanaşırsınız?

- Mən indiki mərhələdə bu kimi səfərlərə bir o qədər müsbət yanaşmıram. Eyni zamanda, bu cür səfərləri bir faciə hesab etmirəm. Amma hər halda xalqın bu proseslərə qoşulması məsələsinə xüsusi əhəmiyyət verirəm. Bu isə xalqın müxtəlif təbəqələrinin dövlət qurumları ilə bir yerdə Dağlıq Qarabağ məsələsinin, onun həlli yollarının müzakirəsindən keçir. Lakin bir daha qeyd edirəm ki, konyuktura üslubunda müəyyənləşdirilən qrupların bu formada səfər etməsi həqiqətən işin bir o qədər xeyrinə deyil. Əgər bu səfərlər tək Ermənistana olsaydı, onu normal qəbul edərdim. Çünki Ermənistanla ayrıca dövlət kimi, həm Dağlıq Qarabağ məsələsinə bilavasitə tərəf kimi yanaşan bir ölkə ilə təmasların qurulmasını normal hesab edirəm. Amma birbaşa, belə deyək, separatçılarla, onların işğal etdiyi ərazilərdə bu cür təmasların qurulmasına münasibətim müsbət deyil.

- Siz özünüz yaxşı bilirsiniz, bütün müharibələrin, münaqişələrin axırı sülhlə sonuclanır. Belə olan təqdirdə Azərbaycan erməni xalqlarının, cəmiyyətlərinin sülh prosesinə hazırlanması üçün bu cür qarşılıqlı görüşlərin, təmasların reallaşdırılması daha məqbul variant sayıla bilməzmi?

- Əlbəttə, məqbuldur. Lakin bu cür təmaslar, görüşlər Ermənistan təmsilçiləri ilə məqbuldur. Dağlıq Qarabağ təmsilçiləri ilə görüş keçirmək isə o deməkdir ki, terrorçularla sivil bir hakimiyyət müəyyən bərabər əsaslarla münasibətlər qurmağa cəhd göstərir. Bu, sadəcə, ona bənzəyir. Ona görə biz - Ermənistanı qədər işğalçı, təcavüzkar dövlət adlandırsaq da, Ermənistanla münasibətlərimiz ən gərgin vəziyyətdə olsa da, dövlət, cəmiyyət olaraq yalnız Ermənistanla, onun təmsilçiləri ilə bərabərhüquqlu hər hansı bir təmas qura bilərik. Amma "Dağlıq Qarabağ" hakimiyyəti ilə, - Dağlıq Qarabağ da bu gün bizim ərazilərimizin müəyyən dərəcədə tabe olmayan bir hissəsidir - indiki mərhələdə bu cür təmasların qurulması bütövlükdə işimizin xeyrinə deyil.

- Ancaq bu da yaşadığımız həyatda, ümumiyyətlə, tarixdə bir reallıqdır ki, sivil hakimiyyətlər bəzən terrorçularla, separatçılarla Dəyirmi masa arxasında əyləşməyə, müzakirələr aparmağa razılaşırlar...

- Bəli, tamamilə düz deyirsiniz. Bu cür hallar indiyə qədər olub. Həyatımızda, tarixdə belə hallar, reallıqlar olub. Amma bununla belə, indiki mərhələdə bütövlükdə - ola bilsin ki, 3 il, 4 il, 5 il sonra bu cür müəyyən təmasların qurulması qaçılmaz olacaq, mən bunu da inkar etmirəm - bu cür təmasların qurulması daha çox Ermənistan üzərindən, Ermənistanla olmalıdır. Bizim bu mərhələni aşmadan, hər hansı bir şəkildə Ermənistanın öz iddialarından geri çəkilməsinə nail olmadan, Ermənistan cəmiyyətini Dağlıq Qarabağla bağlı absurd, maksimalist yanaşmadan çəkindirmədən oyuncaq Dağlıq Qarabağ rejimiylə hər hansı bir aparmağımız mümkün məqbul sayıla bilməz. Bu baxımdan hesab edirəm ki, indiki mərhələdə bu cür təmaslar Azərbaycanın mövqeyinin daha zəif olmasının göstəricisinə çevrilə bilər.

- Yeri gəlmişkən, son vaxtlar yenidən Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində bir intensivləşmə, fəallaşma hiss olunmaqdadır. Eyni zamanda, dövlət başçısı bu yaxınlarda belə bir açıqlama ilə çıxış etdi ki, Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesində müəyyən irəliləyişlər var. Belə olan halda, necə hesab edirsiniz, yaxın zamanlarda nəhayət, bu münaqişənin həlli gözləniləndirmi? Ən azı ilkin razılaşmanın əldə edilməsi mümkündürmü?

- Xeyr, yaxın zamanlarda münaqişənin həlli mümkün real deyil. O baxımdan ki, Gürcüstan məsələsi əsas barometrdir. Gürcüstan məsələsində Rusiyanın sözdən başqa hər hansı bir addım atmaması onu göstərir ki, Qarabağ probleminin həllinə müəyyən dərəcədə nail olunması üçün məsafə qət edilməsi gözlənilən deyil. Heç bu günlərdə Barak Obama da Rusiyada keçirdiyi görüşlərdən sonra Qarabağla bağlı qəti mövqe ifadə etmədi. Eyni zamanda, bu məsələ ilə bağlı indiki mərhələdə həll variantlarının, demək olar ki, heç biri Azərbaycanın maraqlarına uyğun deyil. Gürcüstan məsələsində başqa məsələlərdə heç olmasa, sözdə olsa, ərazi bütövlüyü dilə gətirilir, müdafiə olunur. Ancaq Qarabağ məsələsində istər ABŞ-ın, istərsə digər Qərb ölkələrinin mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşür. Ona görə bu problemlə bağlı indiki vəziyyətdə irəliləyiş əldə etmək çox çətindir. Amma bir daha qeyd edirəm ki, hələ Azərbaycanın xeyrinə, beynəlxalq hüquq normalarına uyğun gələ biləcək hansısa həll variantından söhbət gedə bilməz.

- Bu münaqişə ilə bağlı proseslərin sonucunu necə görürsünüz? Proseslər birmənalı şəkildə sülh danışıqları ilə yekunlaşacaq, yoxsa Azərbaycan yenidən hərb variantına əl atmaq məcburiyyətində qalacaq?

- Müharibə variantı bütün hallarda çox az ehtimal olunur. Amma Dağlıq Qarabağ məsələsinin həllindən öncə Azərbaycan cəmiyyəti ilə dövlət arasında münasibətlərin həlli vacibdir. Cəmiyyət dövlət həyatında artıq kənar müşahidəçi kimi yox, iştirakçı kimi olmalıdır. İstər siyasi partiyalar, istər qeyri-hökumət təşkilatları dövlət həyatında yaxından iştirak etməlidirlər.

- Necə fikirləşirsiniz, bu prosesə Azərbaycan parlamentinin töhfəsi nədən ibarət ola bilər?

- Yuxarıda cəmiyyət proseslərə qoşulmalıdır deyəndə elə parlamenti nəzərdə tuturdum. Hesab edirəm ki, artıq parlamentin bu işdə aktiv rol alması zamanıdır. Məsələn, bizim deputat kimi əksəriyyətimizin danışıqlar prosesinin hansı mərhələdə olduğu, hansı şəkildə getdiyi, hansı təkliflər, tələblər olduğu barədə məlumatımız yoxdur. Bizim məlumatımız yoxdursa, o zaman cəmiyyətin digər hissələri, təbəqələri bu prosesə daha az şəkildə, miqyasda cəlb olunublar.

 

 

Quliyev İ.

 

Kaspi.- 2009.- 15 iyul.- S. 6.