Üzeyir bəy Qori seminariyasında

 

(Seminariyada Azərbaycan bölməsinin açılmasının 130 illiyi ilə bağlı)

 

İbtidai pedaqoji təhsilli mütəxəssislər hazırlamaq üçün yaradılan Qori Müəllimlər Seminariyası 1876-cı il sentyabrın 12-də (Azərbaycan şöbəsi 1879-cu ildə açılmış və təxminən 40 il mövcud olmuşdur) K.D.Uşinskinin layihəsi əsasında Qori (Gürcüstan) şəhərində açılmışdır.

Seminariya Zaqafqaziya xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni inkişafında mühüm rol oynamışdır. Azərbaycanın bir sıra görkəmli maarif, mədəniyyət, elm, ədəbiyyat və incəsənət xadimləri, həmçinin Ü.Hacıbəyov da bu seminariyanın məzunu olmuşlar.

Seminariyanın məzunlarından biri - buranı bitirdikdən sonra məktəblərdə dərs demiş, sonralar isə mətbuatda böyük uğurlar qazanmış Hüseyn Minasazov 1909-cu ildə rus dilində nəşr olunan "Zaqafqaziya" qəzetində maraqlı bir fikirlə çıxış etmişdir. O, məqaləsində seminariyanın vəziyyətindən bəhs edərək, onun nəzdindəki müsəlman şöbəsini sərbəst olaraq Azərbaycanın münasib şəhərlərindən birinə köçürülməsini təklif etmişdi. Onun bu xoş arzusu həyata keçirilmiş, 1918-ci ildə Qoridə seminariya bağlandıqdan sonra Azərbaycan şöbəsi F.Köçərlinin rəhbərliyilə həmin il Qazax şəhərində fəaliyyətə başlamışdır. Qori seminariyası o dövrün ən yaxşı maarif ocaqlarından biri sayılırdı. Və bu, gənc Üzeyirin yalnız bədii təfəkkürünün inkişafında, maarif və elm yolunda ciddi addım atmasında deyil, həm də dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.

Gənc Üzeyir ilk təhsilini Şuşada, H.Vəzirovun müdir olduğu (1897-1899) ikiillik rus-tatar məktəbində almışdır. Sonra o, Şuşadakı mədrəsədə ərəb-fars dillərini öyrənmişdir. 1899-cu ildə isə o, rus-tatar məktəbini əla qiymətlərlə bitirmiş və elə həmin ildə də təhsilini davam etdirmək üçün Qori Müəllimlər Seminariyasının aşağı hazırlıq sinfinə daxil olmuşdur.

Burada dini mənsubiyyətinə görə müsəlman uşaqlarının oxuduğu "Tatar şöbəsi"ndə müstəsna hal olaraq iki hazırlıq sinfi (aşağı və yuxarı) yaradılmışdır. Üzeyir Hacıbəyov aşağı hazırlıq sinfinə qəbul edilir. Bu sinfi müvəffəqiyyətlə bitirmiş Ü.Hacıbəyov və başqa tələbə yoldaşları Ə.Terequlov, M.Maqomayev, Z.Hacıbəyov (Z.Hacıbəyov F.Köçərlinin bacısı oğludur, Üzeyir bəyin qardaşı ilə səhv salmamaq - S.H.). və b. 1900-cu ilin sentyabrından yuxarı hazırlıq sinfində oxumağa başlamışlar. Bu haqda görkəmli filoloq, jurnalist, üzeyirşünas Mirabbas Aslanovun 1977-ci ildə Bakıda, "Gənclik" nəşriyyatında nəşr edilmiş "Üzeyir Hacıbəyov (Gənclik illəri)" kitabında daha ətraflı məlumat verilir (səh. 14, 17).

Seminariyadakı təhsil illərində o, səylə oxumuş, dünya ədəbiyyatı klassiklərinin əsərləri ilə tanış olmuşdur. Burada başqa dərslərlə yanaşı solo və xor mahnıları, musiqi nəzəriyyəsi tədris edilir, tələbələrdən ibarət simli orkestr də fəaliyyət göstərirdi. Seminariyada oxuduğu illər ərzində buranın ictimai işlərində və musiqi həyatında yaxından iştirak edən Üzeyir bəy tələbə yoldaşları (M.Maqomayev, Ə.Terequlov, İ.Suxarev, P.Maliçevski və b.) ilə birgə bu orkestrdə çalışmış, xorda oxumuşdur. Ümumiyyətlə, o, dərsdən sonra bütün musiqi məşğələlərinə gəlir və rus klassik musiqisinin ən gözəl nümunələri ilə tanış olurdu. Müəllimlərin, tələbə yoldaşlarının məhəbbətini qazanan Üzeyir seminariyada hamının sevimlisinə çevrilmiş, ən yaxşı tələbələrdən biri kimi hörmət qazanmışdı.

Musiqi fənnlərinə - xora, solfecioya, musiqi ədəbiyyatına böyük həvəs göstərən Üzeyir, təhsil illərində tətil vaxtı tez-tez Tiflisə gedir, orada simfonik orkestrin konsertlərini dinləyir, opera tamaşalarına baxırdı. Boş vaxtlarında rus və Qərbi Avropa klassik musiqi əsərlərini mənimsəməklə, üç musiqi alətində - skripkada, violençeldə və baritonda çalmağı öyrənmişdir.

Qeyd etmək lazımdır ki, seminariyaya qəbul olunanlar dövlət hesabına oxumaqla yanaşı, beş il təhsil almalı və bir o qədər müddət də xalq məktəblərində müəllimlik etməli idilər. Buranı bitirən hər kəsə, o cümlədən, Üzeyir bəyə seminariyanın beşillik təhsilini müvəffəqiyyətlə başa vurmasını təsdiqləyən şəhadətnamə (əsli Leninqrad Dövlət Tarix Arxivindədir) təqdim edilmiş və ibtidai kənd məktəbi müəllimi adı verilmişdi. Bundan sonra da o, Hadrut kənd məktəbinə müəllim təyin olunmuşdur. Bir il burada uşaqlara rus dilini, hesabı, musiqini və digər fənnləri tədris edən Üzeyir Hacıbəyov, 1905-ci ildə erməni-müsəlman münaqişəsi başladığı üçün Bakıya gəlir. Əvvəlcə o, Bayılın Bibi-heybət qəsəbəsində fəhlə uşaqlarına, sonra isə "Səadət" xeyriyyə cəmiyyətinin "Səadət" məktəbində rus dili, hesab və təbiət fənlərindən dərs deməyə başlayır.

Arxiv sənədlərindən məlum olmuşdur ki, 1899-1904-cü illərdə seminariyada təhsil almış Ü.Hacıbəyova aid 1422 saylı şəxsi qovluqda bir çox xasiyyətnamə mühafizə edilir. Bu xasiyyətnamələrdə onun kitab oxumağa, şəkil çəkməyə böyük maraq göstərdiyi, şer yazdığı, Azərbaycan dilində yazılmış məqalələri rus dilinə və əksinə bacarıqla tərcümə etdiyi haqqında qeydlər edilmiş, çox çalışqan, daha səmimi və qabiliyyətli olduğu yazılmışdır. Üzeyir bəy seminariyanın 25 illiyinə həsr edilmiş şer də yazmışdır. Hətta sinifdə "Tatar şairi" (Azərbaycan - H.S.) adı ilə tanınırdı.

5 iyun 1904-cü ildə - Üzeyir bəyin seminariyadakı son təhsil ilində - verilmiş xasiyyətnamədə onun gələcəkdə dahi bir şəxsiyyət olacağı haqqında yazılmışdır: "...Ü.Hacıbəyovdan mükəmməl müəllim, gözəl musiqiçi çıxacaq". Bu xasiyyətnamədə yazılmış sözlər özünü doğrultdu.

Xalq mahnılarının nümunələrini nota köçürən Üzeyir bəy, özünün də həmin səpgidə ilk orijinal əsərlərini bəstələməyə başlamışdı. Hətta R.Xəlilov (Ü.Hacıbəyovun ev muzeyinin mərhum direktoru) xatirələrində deyirdi ki, seminariyanın rəhbərliyi Üzeyir bəyin bu nadir istedadını nəzərə alaraq, onun 1903-cü ildə Qoridə bəstələdiyi musiqi parçalarının not dəftərini Parisin (Fransa) beynəlxalq sərgisinə təqdim etmiş və bu musiqi parçaları orada layiqincə dəyənləndirilmişdir.

O, 1903-cü ildə Tiflisdə nəşr edilən "Şərqi-rus" qəzetində dərc etdirdiyi "Dəllək" adlı ilk felyetonunu məhz seminariyada oxuyarkən yazmışdır.

Bundan başqa rus ədəbiyyatını əsaslı surətdə öyrənmiş Üzeyir bəy Krılov, Puşkin, Turgenev, Qoqol, Çexov kimi dünya şöhrəti qazanmış klassik yazıçıların, Russo, Uşinski, Flober kimi məşhur pedaqoqların əsərləri ilə tanış olmuşdu. Xüsusilə, Qoqolun dahiyanə yazılmış əsərlərini sevə-sevə oxumuş, onun satirasını və yumorunu yüksək qiymətləndirmişdir. Hətta seminariyanı bitirib publisistik fəaliyyətinə başladığı dövrlərdə də yenidən Qoqolun yaradıcılığına müraciət edərək, onun "Şinel" povestini tərcümə etmiş və 1909-cu ildə "Tərəqqi" qəzetində dərc etdirmişdir.

Ü.Hacıbəyovun şəxsiyyətinə böyük hörmət bəsləyən, onun elmi-ədəbi fəaliyyətinə yüksək qiymət verən C.Məmmədquluzadə tərcüməni çox bəyənmiş, N.V.Qoqolu Azərbaycan oxucularına tanıtdırmaqda Üzeyir bəyin zəhmətinin böyük faydası olacağını bildirmişdi ("Molla Nəsrəddin", 1909).

Üzeyir bəy hələ Qori seminariyasında oxuyarkən "Şərqi-rus" qəzetində, seminariyanı bitirdikdən sonra isə başqa mətbuat orqanlarında məqalələr yazırdı. Bu haqda Üzeyir bəy belə deyirdi: "... 1904-cü ildə seminariyanı bitirdikdən sonra bir il kənddə (Qarabağın Hadrut kəndində - H.S.) müəllimlik etdim. Ondan sonra Bakıya gəldim. 1905-08-ci illərədək pedaqoji sahədə çalışıb, Bibiheybət rayonunda və şəhərdə müəllimlik edib, eyni zamanda redaksiyalarda çalışırdım...".

O, Qori seminariyasında oxuduğu illəri xatırlayaraq yazır: "Mən seminariyanın ikinci klasında idim ki, il yarımdan sonra müəllim olacaqdım. Yazı imtahanı olmaq üzrə "Mən gələcəkdə nə iş görəcəyəm" sərlövhəsi təhtində bir məqalə yazmağı bizə əmr etdilər. Mən yazdım ki, məktəblərimiz üçün ana dilində tədris olunmaqdan ötrü dərs kitabları tərtib edəcəyəm. Bunun üçün osmanlı və rus kitablarından istifadə edib, hesab, coğrafiya və sair elmləri öz dilimizə tərcümə edəcəyəm. Mənim bu fikrim direktorun xoşuna gəlməmişdi. Məni çağırıb dedi: "Müəllimlər sənin yazdığına üç nömrəsi qoyubdular, amma mən 2 qoyuram. Çünki qanmıram ki, sən nə deyirsən".

Gələcəkdə ana dilində dərslik dərc etdirmək istəyən Üzeyirin bu arzusu müəllimlərə xoş təsir bağışlaya bilməzdi. Buna görə də onun yazısına "üç" qiymət vermişdilər. Hətta "Ana dilində danışdığı üçün..." ona töhmət də elan etmişdilər.

Üzeyir bəy ana dilini bilməklə yanaşı, rus, ərəb, fars, türk, tatar, gürcü, ləzgi dillərinə də yiyələnmişdir. Bunu onun şəxsi kitabxanasından da aydın görmək olar. Burada müxtəlif dillərdə nəşr edilmiş kitablara rast gəlmək mümkündür. Bu da Üzeyir bəyin bir neçə dil bilməsinin bariz sübutudur.

"...Məktəblərimiz üçün ana dilində tədris olunmaqdan ötrü dərs kitabları tərtib edəcəyəm. Bunun üçün osmanlı və rus kitablarından istifadə edib, hesab, coğrafiya və sair elmləri öz dilimizə tərcümə edəcəyəm...". Üzeyir bəy verdiyi sözə əməl etdi. O, xalqın maariflənməsi üçün 1907-ci ildə "Rus-tatar və tatar-rus siyasi, hüquqi, hərbi və digər sistemlərdən olan terminlər lüğəti"ni, milli məktəblərdə dərsliklərin çatmadığına görə 1908-ci ildə Komarovun tərtib etdiyi "Hesab" dərsliyi əsasında azərbaycan dilində "Hesab məsələləri" adlı dərsliyini tərtib edir.

Hər bir xalqın tarixində elə görkəmli sənətkarlar olur ki, onların yaradıcılığı həmin xalqın mədəniyyətinin inkişafında yeni bir səhifə açır, mühüm bir mərhələ təşkil edir. Üzeyir Hacıbəyov xalqımızın musiqi mədəniyyətinin inkişafında məhz yeni mərhələ açmış dahi sənətkardır. O, Azərbaycan milli operasının banisi olmaqla, dünya mədəniyyəti xəzinəsini parlaq incilərlə zənginləşdirmişdir.

Azərbaycanda maarrif və mədəniyyət məşəli yandıran Üzeyir bəy, çox sevdiyi doğma vətənində musiqi təhsili, maarifi və təbliğatı işində öndər oldu, böyük milli kadrlar ordusu yaratdı, musiqi incəsənətimizin dünya səviyyəsinə çıxmasına nail oldu.

 

 

Hafizova  S.

 

Kaspi.- 2009.- 15 iyul.- S. 11.