İnternet akademik sektora qaytarılır 

 

2009-cu ildə təhsil şəbəkəsinə qoşulan məktəblərin sayı 500-ə çatacaq

 

Bu vaxta qədər ölkənin təhsil prosesində rəqəmsal texnologiyaların istifadəsinə maneçilik törədən əsas amillərdən biri kimi rəqəmsal şəbəkə infrastrukturunun zəif inkişafı göstərilirdi. Təhsil ocaqlarının ölkədaxili intranet şəbəkəsi ilə yetərli səviyyədə əhatə olunmaması, yüksək sürətli internet əlaqəsi ilə təmin olunmaması da bu amillərdəndir. Amma bu problemlərin aradan qaldırılması üçün görülən işlər artıq intevsivləşdirilməkdədir. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na əsasən isə bu işləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yardımı ilə BMT İP-nin AzNET layihəsinin bazasında formalaşan AZEDUNET təşkilatı həyata keçirir.

AZEDUNET-in üzərinə düşən vəzifələrdən danışan təşkilatın direktoru Səməd Abbasov bildirib ki, Azərbaycan təhsil şəbəkəsinin əsas məqsədi ölkənin bütün təhsil ocaqlarını vahid yüksək sürətli intranet şəbəkəsi çərçivəsində birləşdirməkdən ibarətdir. Qurum rəhbərinin sözlərinə görə, vahid təhsil şəbəkəsinin formalaşması ölkənin təhsil ocaqları arasında yüksək sürətli məlumat mübadiləsini təmin etməyə imkan yaradacaq. Bununla da milli elektron təhsil şəbəkələrinin inkişafına təkan veriləcək, məzmuna giriş sadələşdiriləcək: "Ümumilikdə vəzifələrimiz ölkədaxili şəbəkənin qurulması, internetə çıxış, filtrasiya, viruslardan təhlükəsizlik, lokal şəbəkələrin yaradılması, məktəblərdə profilaktik işlər aparılaraq kompyuterlərin normal səviyyəyə gətirilməsi, laborantlar üçün treninqlərin təşkili, məktəblərə texniki xidmətlərin göstərilməsidir. Əsas istiqamətimiz isə şəbəkənin yaradılmasıdır. Amma şəbəkənin yaranması ilə yanaşı, insanların informasiya, onlayn mədəniyyəti də formalaşmalıdır ki, onlar bu şəbəkədən faydalana bilsinlər".

 

Əyləncədən akademik sektora

 

S.Abbasov qeyd edib ki, Azərbaycan təhsil şəbəkəsi dünya standartlarına uyğun bir sıra xidmət və servisləri təqdim edəcək: "Ümumiyyətlə, tarixə nəzər salsaq, 60-cı illərdə hərbi şəbəkə kimi yaradılan internet daha sonra akademik sektora köçüb. Artıq 60-80-ci illərdə internet şəbəkəsi Amerika və Avropada akademik bir şəbəkə kimi inkişaf etmişdi. O vaxt Avropa unversitetlərində faydalı məlumat bazaları, tədris resursları mövcud olduğundan şəbəkənin də məqsədi həmin resursları universitetlər arasında paylaşdırmaq idi". 90-cı illərdən etibarən isə internetin kommersiyalaşma dövrü başlayıb və orada çoxlu əyləncə, kommersiya xidmətləri yaranıb: "Azərbaycana da internet öncə kommersiya xidməti, əyləncə kimi daxil olub. Amma hazırda biz interneti yenidən akademik sektora qaytarırıq". Təşkilat rəhbərinin sözlərinə görə, bu baxımdan, ölkə daxilində sürətli şəbəkə ilk növbədə Azərbaycanda milli elektron təhsil resurslarının inkişafına çox böyük təkan verir: "Hal-hazırda Dövlət Proqramı çərçivəsində təhsil sisteminin məlumat və resurs mərkəzi yaradılır. Bütün elektron tədris resurslar bu mərkəzdə hesablanacaq, təhsil sisteminin bütün statistik məlumatı, inzibati və statistik məlumat bu mərkəzdə yerləşdiriləcək. Digər tərəfdən, bu şəbəkə mərkəzləşmiş şəkildə olacaq". Belə ki, əsas məqsəd də şəbəkənin formalaşdırılması və şəbəkədə məzmun paylayan bir mərkəz yaratmaqdır: "Şəbəkəyə paylanan internet də bu mərkəz vasitəsi ilə ötürülür, filtrasiya olunur, təhlükəsizlik və müdaxilələrdən qorunur və s.".

Lokal şəbəkələrdən də danışan direktor əlavə edib ki, əvvəlki proqram çərçivəsində siniflərdə şəbəkələr yaradılmışdı. Amma yeni proqram çərçivəsində qurum bütün sinifləri, müəllimlər otağını və direktor otağını məktəb çərçivəsində vahid bir şəbəkəyə birləşdirir: "Sonra isə modem qoymaqla böyük şəbəkəyə birləşdiririk. Bununla da məktəbdə olan bütün kompyuterlərdən ümumi şəbəkəyə çıxış mümkündür". Təhsil şəbəkəsinə qoşulmazdan əvvəl isə təşkilat məktəblərdə profilaktik işləri həyata keçirir. Belə ki, ilk proqram çərçivəsində kompyuterlər adminstrativ istifadəçi səviyyələri təmin edilmədən parolsuz və antivirussuz quraşdırılıb. Ona görə də hazırkı mərhələdə əvvəl məktəblərdə texniki monitorinqlərin aparılması, daha sonra isə lokal şəbəkənin yaradılması işi həyata keçirilir: "Bütün kompyuterlərdə əməliyyat sistemi yenidən işlənilir, antivirus proqramı qoyulur və adminstrativ istifadəçi üçün fərqli giriş, müvafiq əlyetərlik səviyyələri müəyyənləşdirilir. Yalnız bundan sonra məktəbdə yaradılmış lokal şəbəkə vahid ölkədaxili Azərbaycan təhsil şəbəkəsinə birləşdirilir".

 

Real həyatdakından qorxulu təhlükələr

 

S.Abbasov təşkilatın digər fəaliyyət istiqaməti olan filtrasiya prosesindən də söz açıb. "İnternetə çıxış bir resurs kimi faydalıdır. Orada xarici ölkələrin yerləşdirdiyi faydalı mənbələrlə yanaşı, çoxlu zərərverici, pornoqrafik, rassizm kimi resurslar da var. Ən qorxulusu da yanlış resurslar, səhv məlumatlardır. Real həyatda uşaqları mümkün təhlükələrdən qorumağa çalışırıq. İnternetdə isə insanlar virtual həyat sürürlər. Orada real həyatdakından daha qorxulu təhlükələr var. Ona görə də uşaqları internetə sərbəst buraxmaq düzgün deyil". Direktorun sözlərinə görə, müasir təhsil sistemi elə qurulmalıdır ki, şagirdlər biliklərlə yanaşı, başqa gərəkli, lazımi informasiyaları özləri əldə etməyi öyrənsinlər: "Yəni informasiya axını çoxaldığı üçün nəyin yaxşı və ya pis, yanlış və ya həqiqət olduğunu özləri analiz etməyi bacarmalıdırlar. Sovet dövründə şagirdlər yalnız faktları yaddaşında saxlamaqla kifayətlənirdi. Amma əcnəbi şagird faktları bilməsə də, müstəqil, fəal idi. Müzakirələrdə sərbəst şəkildə öz fikrini bildirirdi". Ona görə də müasir təhsil sistemində interaktiv və aktiv tədris metodikaları tətbiq olunur. Bu da o deməkdir ki, şagirdlərin fərdi bacarıqları inkişaf etdirilməlidir.

Mümkün təhlükələrə gəldikdə isə artıq Azərbaycan təhsil şəbəkəsinin Kompyuter şəbəkələrinin təhlükəsizlik mərkəzi yaradılıb. Mərkəzin fəaliyyət istiqamətində əsas məqsəd təhsil şəbəkəsinə yönələn, eyni zamanda, şəbəkədən çıxan məlumatların təhlükəsizliyini qorumaq, təhlükələrin qarşısını almaqdan ibarətdir. Burada yalnız hücum, icazəsiz giriş cəhdləri deyil, avadanlıq və proqram təminatının istifadə qaydalarına riayət edilməməsi, zərərverici virusların yayılması və s. nəzərdə tutulur. Direktorun sözlərinə görə, hazırda ən aktual məsələ viruslarla bağlı olduğundan təşkilat tərəfindən məktəblərdə antivirus təminatı qoyulur: "DATA mərkəzində isə təhsil şəbəkəsinə gələn internetin viruslardan təmizlənməsi üçün filtrasiya qoymuşuq. Amma bu, bütün problemlərin həlli demək deyil. Virus şəbəkə daxilində də, yəni həm bizim, həm də digər şəbəkələrə paylanıla bilər. Belə problemləri isə əvvəlcədən monitorinq etməklə aradan qaldırmaq lazımdır. Hansı məktəbdə viruslar paylanmağa başlayarsa, onu şəbəkədən təcrid edirik. Bundan başqa, Avropa ölkələrində mövcud olan təhlükəsizlik mərkəzlərinin virtual cəmiyyəti var. Biz də hazırda bu cəmiyyətin üzvüyük". Virtual cəmiyyətin roluna gəldikdə isə əgər şəbəkələr, ölkələr arasında təhlükəsizliklə bağlı insidentlər baş verirsə, təhlükəsizlik mərkəzləri məhz onun vasitəsilə bir-birilə operativ şəkildə əlaqə saxlaya bilirlər: "Bundan başqa, şəbəkənin fəaliyyətində anomaliyalar baş verirsə, normal istismar rejimdən kənar hadisələr yaranırsa, bizim avadanlıqlar, proqram təminatımız bunu dərhal tutur və xəbər verir. Mütəxəssislərimiz araşdırma aparır, bundan sonra isə müvafiq tədbirlər görülür".

 

Şəhər təhsil müəssisələrinin əksəriyyəti tezliklə şəbəkəyə qoşulacaq

 

İş prosesində təşkilatın üzləşdiyi çətinliklər də az olmayıb. Əsas problemlərdən biri isə təhsil sahəsində işləyən müəllimlərin, laborantların bilik səviyyəsinin yetərli olmamasıdır: "Texniki avadanlığa cavabdeh olan laborantların bilik səviyyəsi eyni olmadığı üçün qərara gəldik ki, bu səviyyəni standartlaşdıraq. Bu, həm də bizim vəzifələrimizdən biridir". Fevral ayı ərzində təşkilat Bakı, Sumqayıt və Abşeron məktəblərindən cəmi 200 nəfər üçün kompyuter avadanlığının profilaktikası və şəbəkələrin əsasları ilə bağlı treninq təşkil edib: "Altı günlük treninqlərdə kompyuterlərin funksiya və istifadəsi, əməliyyat sistemi, kompyuter şəbəkələrinin yaradılması, mümkün ola biləcək problemlər və s. ilə bağlı məsələləri izah etdik. İki aydan sonra isə artıq ilk treninqin nəticələri özünü göstərdi. Bu il də proqram çərçivəsində onlar üçün yeni treninqlər keçirməyi nəzərdə tuturuq".

Dövlət Proqramının yekunlaşmasına gəlincə, onun 2012-ci ilə qədər icra olunması nəzərdə tutulub. Bu müddətdə AZEDUNET təşkilatı da müəyyən işləri tamamlamağı öhdəsinə götürüb. "2008-ci ildə biz Bakı, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Hacıqabul, Şəmkir, Yevlaxda 200 təhsil müəsissəsini şəbəkəyə birləşdirdik. Onlardan təxminən 160-da lokal şəbəkə quraşdırmışıq, 200 təhsil müəssisəsində isə profilaktik işlər təşkil etmişik. Hazırda Bakıda 145 təhsil müəssisəsi bizim şəbəkəyə qoşulub. 2009-cu ildə isə Bakı, Sumqayıt, Abşeronda həcmi 95 faizə çatdırmağı, yəni əlavə 180 məktəbi şəbəkəyə qoşmağı planlaşdırırq"- deyən S.Abbasov deyib ki, bu il Sumqayıtda bütün işlərin tamamlanması da nəzərdə tutulur. Digər şəhərlərdə isə əlavə 120 məktəbin şəbəkəyə qoşulması planlaşdırılır. Bununla da şəbəkəyə qoşulan məktəblərin sayı ümumilikdə 500-ə çatacaq: "Beləliklə, biz çalışacağıq ki, Azərbaycanın böyük şəhərlərində yerləşən təhsil müəssisələrinin əksəriyyətini bu şəbəkəyə birləşdirək". Daha sonra şəhər mərkəzlərindən kənar yerləşən təhsil müəssisələrinin şəbəkəyə qoşulması nəzərdə tutulub: "İşlərin tamamilə nə zaman bitəcəyini indidən demək isə bir qədər çətindir. Çünki Azərbaycanda təxminən 4500 məktəblə yanaşı, xeyli sayda ali təhsil müəssisəsi, təşkilat və agentliklər də var. Onlardan isə təxminən 30 faizi telekommunikasiya infrastrukturunun mövcud olduğu şəhərlərdə, 70 faizi regionlardadır".

 

 

HƏQİQƏT 

 

Kaspi.- 2009.- 16 iyul.- S. 9.