Arif Rəhimzadə: "Şuşanın da respublika əhəmiyyətli şəhərlər sırasına daxil edilməsi mümkündür"

 

Məlum olduğu kimi, Azərbaycanda şəhərlərin kateqoriyalara bölünməsi planlaşdırılır. Parlamentin Regional məsələlər komitəsi bununla əlaqədar "Ərazi quruluşu inzibati ərazi bölgüsü haqqında" qanuna əlavə dəyişikliklər layihəsini plenar iclasın müzakirəsinə göndərib. Qanun layihəsində respublikanın 11 şəhərinin digər şəhərlərdən fərqləndirilməsi nəzərdə tutulur. Artıq qanun layihəsi ərtrafında ictimai müzakirələr başlayıb. Nəzərdə tutulan dəyişikliklərlə bağlı yaranan suallarımızı komitənin sədri, millət vəkili Arif Rəhimzadəyə ünvanladıq.

 

- Arif müəllim, rəhbərlik etdiyiniz komitənin sonuncu iclasında - "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi barədə" qanun layihəsinin müzakirəsi zamanı məlum oldu ki, ölkədə hazırda 11 respublika əhəmiyyətli böyük şəhər var. Son illər ölkədə gedən inkişafın qanunauyğun nəticəsi olaraq, bu 11 respublika əhəmiyyətli böyük şəhərin sırasına növbəti mərhələlərdə yeniləri əlavə oluna bilərmi?

- Bəli, heç şübhəsiz, yaxın gələcəkdə ölkədə respublika, ölkə əhəmiyyətli şəhərlərin sayı daha da artacaq. Buna heç bir şübhə yoxdur və ola da bilməz. Bunu elə Azərbaycanın bugünkü inkişafı da təsdiq edir. Elə komitəmizin sonuncu iclasının müzakirəsinə çıxarılan müvafiq qanun layihəsinin də əsas məqsədi ondan ibarətdir ki, şəhərlərə daha yüksək status verməkdən ötəri müəyyən meyarlar olsun, müəyyənləşdirilsin. Əfsuslar olsun ki, hazırda belə meyarlar yoxdur. Odur ki, mövcud qanuna edilməsi təklif olunan və gözlənilən dəyişikliklər, əlavələr də məhz həmin meyarların yaradılmasını, müəyyənləşdirilməsini nəzərdə tutur.

- Siz özünüz uzun müddət partiya-sovet orqanlarında, digər rəhbər vəzifələrdə çalışmısınız. Bir sıra bölgələrə başçılıq etmisiniz. Təcrübəli bir şəxs olaraq, yaxın gələcəkdə hansı bölgələrin, rayonların tərkibindəki şəhərlərin "11-lər"in sırasına daxil olmasını proqnozlaşdırırsınız?

- Düzünü desəm, indiki məqamda belə bir məsələ gözlənilmir, gündəlikdə yoxdur. Ancaq inkişaf nöqteyi-nəzərindən yanaşsaq, bu gün Azərbaycanda xeyli sayda böyük rayon şəhərləri var. Məsələn, bu sıraya Masallını, Abşeronu, Xaçmazı və digərlərini aid etmək olar. Bu gün bunlar çox böyük inkişaf mərhələsi yaşayan rayonlar, rayon tərkibində şəhərlərdir...

- Bu sıraya Zaqatalanı, Qubanı, Qəbələni, Şəmkiri də əlavə etmək olarmı?

- Əlbəttə, olar. Məsələn, belə bir fikir ola bilər ki, nəyə görə Şəkiyə böyük şəhər statusu verildi, ancaq Zaqatalaya verilmədi? Elə hesab edirəm ki, Şəkiyə, Lənkərana, Yevlaxa belə bir status verilibsə, o zaman Zaqatalaya da, digər inkişafda olan rayon şəhərlərinə də belə statuslar vermək olar və bunlar mümkündür. Bir sözlə, hazırda Azərbaycanda bir sıra rayonlar, rayon tərkibində şəhərlər var ki, onlar gələcəkdə ölkə, respublika əhəmiyyətli şəhərlər sırasına daxil edilə bilərlər. Lakin bir daha qeyd edirəm ki, bu gün konkret belə bir məsələ ortalıqda yoxdur. Bu, ancaq bir müddətdən sonra reallaşmasını tapa bilər.

- O da çox maraqlıdır ki, nəyə görə tarixən hamı tərəfindən şəhər kimi qəbul edilən Şuşa şəhərinin adı "11-lər"in sırasında deyil? Yəni bu baxımdan, bu şəhərin də gələcəkdə ölkə, respublika əhəmiyyətli şəhərlər sırasına daxil edilməsi mümkündürmü?

- Dediklərinizdə müəyyən qədər həqiqət var. Gələcəkdə Şuşanın da adı ölkə, respublika əhəmiyyətli şəhərlər sırasına daxil edilə bilər. Ancaq bir məsələ var ki, vaxtilə Şuşada da kəndlər, kənd təsərrüfatı ilə əlaqəlilik mövcud idi. Çox güman ki, Şuşa işğaldan azad edildikdən sonra da orada kəndlər, kənd təsərrüfatı ilə əlaqəlilik mövcud olacaq. Lakin bununla belə, nə vaxtsa Şuşanın da ölkə, respublika əhəmiyyətli şəhərlər sırasına daxil edilməsi mümkündür və gözləniləndir.

- Son olaraq bir məsələyə də münasibətinizi bilmək istərdik. Bir sıra bölgələrdə, konkret olaraq, Abşeronda, Qubada və bəzi yerlərdə digər bölgələrlə müqayisədə yüksək sürətli inkişafın getməsini, əhalinin sayının getdikcə artmasını nəzərə alaraq onların gələcəkdə bir neçə bölgəyə, rayona ayrılması mümkün ola bilərmi? Məsələn, vaxtilə Quba rayonunun ərazisinə birləşdirilən Qonaqkəndin yenidən oradan ayrılması yolu ilə həmin ərazidə yeni bir rayonun təşkil edilməsi və yaxud üzü Xızı-Altıağacdan, Siyəzəndən bu yana Şamaxıya, Qobustana, Salyana qədər uzanan Abşeronun bölünmək yolu ilə bir neçə rayona ayrılması mümkündürmü?

- Açığını qeyd edim ki, hazırda bu məsələ ilə də bağlı ortalıqda konkret düşüncə, ideya yoxdur. Bunu sadəcə, həyat və həyatın inkişaf qanunuyğunluğu göstərəcək. Məsələn, sizin adını çəkdiyiniz Qonaqkənd zonası o qədər inkişaf etsə, gələcəkdə müstəqil bir rayon ola bilər. O cümlədən digər rayonlar da bölünə bilər. Eyni zamanda, özünüz də yaxşı bilirsiniz ki, bu gün Bakının kəndləri öz statuslarını hələ tam tapmayıblar, əldə etməyiblər. Bu məsələ də gündəlikdə durur. Ancaq bir daha qeyd edirəm ki, bəzi rayonların bölünməsi yolu ilə yeni rayonların təşkil edilməsi məsələsi ətrafında hansısa konkret bir təklif, düşüncə ortalıqda yoxdur.

 

 

İ.QULİYEV

 

Kaspi.-2009.-6-8 iyun.-S.5.