"Yeni tamaşaçı nəsli
yetişdirmək təkcə teatrın vəzifəsi deyil"
Əliqismət
Lalayev: "Teatrımızın ikinci gəncliyini və
sonrakı müdriklik taleyini məhz gəlclərimizin əli
ilə yazacağıq"
Teatrımızın
ikinci yüzilliyini gənclərimiz yazacaq. Gələn ilin
mayında bir əsrlik yubileyini qeyd etməyə
hazırlaşan mənəvi sərvətimiz Azərbaycan
Dövlət Musiqili Komediya teatrının direktoru, Əməkdar
incəsənət xadimi, sənətşünaslıq namizədi
Əliqismət Lalayevlə söhbətimiz belə təntənəli
və nikbin notlarla başladı. Bir vaxtlar Azərbaycanın sənət
korifeylərinin və təkrarsız istedadı ilə
yaddaşlarda əbədi yaşayan insanların
çalışdıqları bu məbədin yeni tarixi məhz
bugünki gənclərin əli ilə yazılır.
- Həyat bir yerdə dayanıb dursaydı, insanlar bu
dünyada əbədi yaşasaydılar, bəlkə də bəşər
tarixi çox sönük və mənasız görünərdi.
İnsan ona görə bu dünyadan doymur, ondan ikiəlli
yapışır ki, bu gəlimli-gedimli dünyada başlayan hər
yeni gün
özü ilə yeni ümidlər gətirir. Hər yeni
gün də öz müdhiş gözəlliyi ilə
duyanları heyran qoyan bir-birindən maraqlı yeniliklərlə
doludur. Bizim teatr da çox keşməkeşli, çətin,
lakin çox maraqlı bir yaradıcılıq yolu keçib.
Bu teatrın tarixini vərəqlədikcə
onun şanlı ömür salnaməsində Üzeyir
Hacıbəyli, Bülbül, Ə.Haqverdiyev, Məmməd Səid
Ordubadi, Zülfüqar Hacıbəyli, Soltan Hacıbəyov,
Niyazi, Süleyman Rüstəm, Sabit Rəhman, Qara Qarayev, Fikrət
Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Rauf Hacıyev, Ramiz Mustafayev, Mirzəağa
Əliyev, Şəmsi Bədəlbəyli, Lütfəli
Abdullayev, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu,
Hacıbaba Bağırov, Səyavuş Aslan və onlarla digər
böyük şəxsiyyətlərin adına rast gəlirik.
Bu dahilər milli adət-ənənələrimizi qorumaq, onu
daha da inkişaf etdirmək naminə hər cür cəfaya
dözüblər. Onların yeganə məqsədi
şan-şöhrət, ad-san qazanmaq yox, Şərqdə
birincilərdən biri olan musiqili komediya teatrı
yanrını yaratmaq və onun fəaliyyətini tənzimləmək
olub. Bu nəhəng simaların yorulmaz səyi olmasaydı,
Musiqili Komediya Teatrı da o dövrün qovğalarından
salamat qurtara bilməzdi.
- Əliqismət müəllim, deyirlər ki, hər aşiqin bir dövranı var...
- Nə
demək istədiyiniz bəlli! Əlbəttə, bu insanlar,
belə deyək də, bu teatr fədailəri, sənət
aşiqləri öz missiyalarını başa vurdular.
Teatrı yaratdılar, onun hərəkət mexanizmini səhmana
saldılar və teatrın böyük tarixinin ilk səhifələrini
yazıb getdilər. İndi də növbə bugünki nəslin,
daha çox da gəncliyindir.
- Sizə elə gəlmirmi ki, bu gəncliyin bəxti bir az gətirməyib?
- Nə
mənada?
- Onlar da sələfləri kimi əziyyət çəkməli, daha çox işləməlidilər! Axı ötən əsrin əvvəllərində öz övladlarını teatra getməkdən çəkindirən, istedadlı cavanları, xüsusilə də qızları teatra qoymayan qaraguruhçuları mədəniyyət yoluna
çıxarmaq, onları elm və ürfan işığı ilə nurlandırmaq üçün illər lazım oldu, "səhnə qurban tələb edir" deyimi də elə o vaxt yarandı.
- Mövzunu bir az da genişləndirmək istəyirəm. O vaxt artistlik
edən kişilərə pis baxırdılar, onlar hər yerdə
gülüş hədəfinə çevrilirdi, hətta bəzisinin
həyatına sui-qəsd də edilirdi, qadın obrazları
yaradan kişi aktyorlar təqiblərə məruz qalırdılar.
Bu, əlbəttə, ötən əsrin əvvəllərində
baş verən gerçəkliklər idi və bizim sələflərimiz
bu işin öhdəsindən gəlməyi bacardılar. Bir
daha təkrar edirəm ki, onlar teatr tariximizin ilk
qaranquşları kimi öz missiyalarını yerinə yetirməyə
nail oldular. Aradan keçən 70 illik sovet
dönəmində isə bütün Azərbaycan
teatrları kimi bizim kollektiv də özünün təkamül
yoluna qədəm qoydu, şanlı-şöhrətli günlərini
yaşadı. Çox qəribədir ki, cəmiyyətin
inkişafı, texniki tərəqqinin sürətlə həyatımıza
daxil olması teatrların, kino və qismən də
olsa, konsert müəssisələrinin fəaliyyətini ləngitdi,
onların əvvəlki şöhrətinə mənfi təsir
göstərməyə başladı. İndi heç kimi,
xüsusilə də bizim üçün vacib olan gənc
tamaşaçı kontingentini öz xoşuna mədəni-maarif
müəssələrinə cəlb etmək
mümkün deyil. Əksinə, onlar ildırım cəldliyi
ilə bu ədəb-ürfan ocaqlarından üz çevirməyə
başladılar. Ev kino-teatrı anlayışı dəbə
düşdü, insanlar səhnədə və ekranda, daha dəqiqi,
tamaşa salonlarında hökm sürən canlı ünsiyyəti,
sıcaq əhval-ruhiyyəni təklənmək
rahatlığı ilə əvəzlədilər. Yəni istənilən yeni filmin, konsertin kasetini,
diskini, video və audio yazısına əldə edib evində,
rahat divanda əyləşib, pürrəngi çay içə-içə
baxmağın keyfini yaşayanların sayı artmağa
başladı. Beləliklə də tamaşaçı
qıtlığı deyilən ağrılı bir problem
yarandı. Ötən əsrin son 20 ilinin ictimai-siyasi mənzərəsi,
üzləşdiyimiz qlobal problemlər, xüsusilə də
zorla cəlb edildiyimiz müharibə bir çox dəyərimizə
zərbə vurdu və bu zərbənin məncə, ən
qüvvətlisi elə teatra dəydi.
Doğma Azərbaycanımız müstəqillik qazanandan
sonra yenidən ötənlərin bərpası
üçün çox gərgin bir mücadilə
başladı. Son vaxtlar dövlət səviyyəsində ədəbiyyatımıza,
incəsənətimizə, musiqi mədəniyyətimizə
göstərilən qayğı dediklərimin bariz nümunəsidir. Bu il Bakının
İslam Mədəniyyəti Mərkəzi elan edilməsi,
paytaxda Beynəlxalq Muğam festivalının keçirilməsi,
teatr və kino xadimlərimizə fəxri adların, yüksək
dövlət mükafatlarının verilməsi də qəlbimizi
fərəh hissi ilə doldurur və hər birimizin
üzərinə məsuliyyətli vəzifələr qoyur.
Bu gün biz ötən əsrin əvvəllərində
olduğu kimi hər şeyi sanki təzədən
başlayırıq, yəqin ona görə deyirlər ki,
tarix təkrar olunur. Bircə fərq var ki, biz indi daha sivil,
daha mütəhərrik, daha mütəşəkkil şəkildə
öz işimizi görməliyik. Hazırda bizim əsas vəzifəmiz
savadlı, elmli və ziyalı insanları evindən,
televizorun qarşısından ayırıb teatra cəlb etmək
kimi böyük bir problemin həllinə yönəlib.
- Nədənsə bütün teatrlarımız tamaşaçı
qıtlığından və maraqlı,
yaddaqalan ədəbi material azlığından gileylidir. Sizin teatr isə spesifik xüsusiyyətlərinə
görə digər kollektivlərdən daha çox fərqlənir.
Musiqili Komediya teatrı üçün
xüsusi liberetto və musiqi yazan, ələlxüsus da
müasir teatrın tələblərinə cavab vermək
qüdrətində olan, tamaşaçıların son bir
neçə ildə "korşaldılan" və
"bayağılaşdırılan" zövqünü, əgər
belə demək mümkünsə, əvvəlki məcrasına
qaytarmağı bacaran əsərlər təqdim edən
müəlliflərin də o qədər çox
olmadığını nəzərə alsaq, sizin işiniz
bir qədər də çətinləşir...
- Tamamilə
haqlısınız! Bayaq xatırlatdığım o zaman kəsiyində
biz təkcə tamaşaçıları yox, həm də
aktyor, rejissor, dramaturq, rəssam, dirijor potensialımızı itirmişik,
daha dəqiqi, bu xaosda onları yetişdirməyə fürsət
olmayıb. Cavan, istedadlı gənclərin
teatra yolu bağlanıb, belə olan təqdirdə müasir
tamaşaçı da bayağı, heç bir ədəbi
yükü olmayan əsərlərə baxmaq fikrindən vaz
keçib, özünə başqa məşğuliyyət,
daha səmərəli əyləncə növü seçməyə
məcbur olub. Açığını deyim ki, bu
gün sadalamaq istəmədiyim bir çox problemi də o illərdən
qalma qüsur, qəbahət kimi unutmaq istəyirik.
- Unutmaq vəziyyətdən çıxış yolu sayıla bilərmi?
- Mən o cür unutmaqdan danışmıram. İnsan təkcə dünəni
ilə yaşasa, ötən illərdə buraxdığı
səhvlərə görə özünü danlamaqla
gününü başa vursa, təbii ki, heç bir irəliləyişə
nail olmayacaq. Biz keçmiş səhvlərin nəticəsini
qısa müddətdə bərpa etməyə
çalışdıq və bu gün inamla deyə bilərəm
ki, artıq Musiqili Komediya Teatrında işgüzar bir ab-hava
yaratmağa nail ola bilmişik. Biz gənc yaradıcı
qüvvələri teatra cəlb etməyə müvəffəq
olmuşuq və bu proses mütəmadi olaraq davam etdirilir.
- Bu gün tamaşaya hazırlanan bir çox əsərin yaradıcı heyəti əsasən gənclərdən ibarətdir.
- Bəli, özü də təkcə aktyorlar, vokalçılar deyil, həm də rejissor və dirijorlar, rəssam və musiqiçilər indi bizimlə əməkdaşlığa böyük həvəs göstərirlər. İstedadlı və yaradıcı gənclərin demək olar ki, sözün əsl mənasında teatra axını başlayıb.
- Yəni artıq seçmək
şansı sizdədir. Bu böyük axın arasından yaxşıların ən
yaxşısını zərgər dəqiqliyi ilə siz müəyyənləşdirməlisiniz.
- Məqsədimiz bu qocaman teatrı, 100 illik ənənələri olan mədəniyyət ocağımızı təcrübə mərkəzinə, eksperiment laboratoriyasına çevirmək deyil. Biz ilk növbədə sənət aləmində
tanınan, öz sözünü deməyə müvəffəq
olan, gələcəyinə ümid bəslədiyimiz
cavanların teatrla ünsiyyətini yaratmaq fikrindəyik.
Artıq ilk cəhdlərimizin uğurundan danışa bilərik.
Bu yaxınlarda biz Anar Şuşalını
"Arşın mal alan" musiqili komediyasında Sərvər
roluna dəvət etdik. Əvvəllər Anar heç vaxt
böyük səhnədə oynamamışdı, sadəcə,
onun çox güclü, yapışıqlı səsi var,
respublikanın Əməkdar artistidir, çox gözəl
ifaçılıq mədəniyyəti, musiqi duyumu,
özünəməxsus ifa tərzi ilə
yaşıdlarından fərqlənir. Onu teatrımız
üçün "kəşf" edənsə gənc rejissorumuz Elvin Mirzəyev oldu. Məncə,
onların bu ilk əməkdaşlığı hər ikisinin
və ümumilikdə isə teatrımızın xeyrinədir.
Biz bu il Gənc Tamaşaçılar
Teatrından Nicat Kazımovu S.Prokofyevin "Nağıl"
simfonik pyesinə quruluş vermək üçün dəvət
etmişik. İnanırıq ki, gənclər ilində bu
tamaşa bizim yeniyətmələrimiz üçün
gözəl hədiyyə olacaq. Bu il gənc reyissor
Mikayıl Mikayılovu Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə Novosibirsk
Musiqili Komediya Teatrına üç aylıq təcrübə
keçməyə göndərdik. O, bizim teatrda "Milyonçunun
dilənçi oğlu" komediyasına (Şıxəli
Qurbanov, Süleyman Ələskərov) quruluş verib. Onun
növbəti işi isə Arif Məlikovun "Ləpələr"
musiqili komediyası (libretto müəllifi Əliağa
Kürçaylı) olacaq. Özü də Mikayıl bu əsəri
gənc rəssam Mustafa Mustafayevlə birlikdə işləyəcək.
Siz
bilirsiniz ki, istedadlı gənc rejissorlara tələbatımız olduğu kimi, səhnə
qrafikası ilə məşğul olan rəssamlara da
böyük ehtiyacımız var.
Bu
yaxınlarda premyerası böyük uğurla keçən
"Şəhərdə manyak var" tamaşasının (Əziz
Nesin və Sərdar Fərəcov) səhnə tərtibatını
gənc rəssam Nüşabə Hüseynovaya həvalə
etmişdik. Sevindirici haldır ki, o, işinin öhdəsindən
uğurla gəldi. Başqa bir gənc rəssam Əli Cəfər
isə İmre Kalmanın "İddialı
Qaraçı" əsərində yaradıcı heyətə
daxil edilib. Bu onun teatrda debütüdür.
- Teatr ilk növbədə istedadlı rejissor həlli və yüksək tamaşaçı zövqü ilə ayaqlaşan bədii materialı, yəni sizin teatr üçün yazılmış
operetta və musiqili komediya liberettoları
ilə şöhrət qazanır. Yəni həm bəstəkar, həm dramaturq, həm rejissor, həm dirijor, həm də aktyor və rəqqaslar, bir sözlə, bitkin bir tamaşa yaratmaq üçün çalışan müxtəlif peşə sahiblərinin zəhməti nəzərə alınmalıdır.
- Nahaq yerə demirlər ki, teatr sintetik sənətdir. Burada təkcə aktyor və rejissorla, dirijor və rəssamla və ya əksinə, bəstəkar, yazıçı-şair, dramaturq əməkdaşlığı ilə iş bitmir. Hər
hansı bir tamaşa insanların hamısının birgə əməyi,
böyük zəhməti nəticəsində səhnəyə
çıxır, tamaşaçı qəlbinə yol
tapır. Ona görə də çalışırıq ki,
bu əməkdaşlıq həm uzunömürlü, həm
də səmərəli və keyfiyyətli olsun.
- Bu gün gənc seyrçiləri diskotekalardan, internet otaqlarından, fərdi kompyuterlərin və mobil telefonların sehrindən qurtarıb tamaşa və konsert salonlarına cəlb etmək, sizin də dediyiniz kimi, böyük problemdir. Sizcə
bunun üçün təkcə "yaxşı
tamaşalarımız var!" demək kifayətdirmi?
- Əlbəttə, bu, böyük işin bir hissəsidir. Mən düşünürəm ki,
yeni tamaşaçı nəsli yetişdirmək təkcə
teatrın vəzifəsi deyil. O, həm evdə, həm məktəbdə,
həm cəmiyyətdə, hətta bir az da irəliyə
gedib deyim ki, həm də uşaq bağçasında tərbiyələndirilməlidir.
Nə üçün bu məsələyə belə qlobal
yanaşıram? Ona görə ki, bu günün gəncləri
bəzən tamaşa və konsert salonunu diskoteka və rəqs
meydançası ilə dəyişik salırlar. Bir də görürsən ki, konsertin, tamaşanın
ən şirin yerində kimsə mobil telefonu qoyub
qulağına kef havasına ucadan danışır (baxmayaraq
ki, telefonların tamaşa salonunda söndürülməsi
barədə öncədən xəbərdarlıq edilir) və
ya bulvarda, küçədə gəzirmiş kimi zalın bu
başından o başına gedir, foyeyə
çıxıb yenidən geri qayıdır. Belə
tamaşaçı bütün etik normaları aşır,
sizin, mənim, istirahətə, mənəvi
zövqünü zəngiləşdirməyə gələn
onlarla, yüzlərlə insanın istirahət hüququnu
öz hərəkətləri ilə pozur, adamların əsəblərinə
toxunduqlarını veclərinə belə almırlar. Mən
nə özümüzə, nə də həmkarlarıma belə
"tamaşaçı sevgisi" arzulamazdım.
- Əliqismət müəllim, gənclərlə işləmək həmişə gələcək barədə düşünmək, yeni yaradıcılıq planlarına hazırlıq deməkdir.
- Mən çox inanıram ki, biz teatrımızın ikinci gəncliyini və sonrakı müdriklik taleyini məhz gənclərimizin əli ilə yazacağıq. İstedadlı, qabiliyyətli və
yüksək intellektli cavanlarımız bu yüzillikdə də
bizim mədəniyyətimizin fəal
daşıyıcısı olacaq, teatrımızın
şöhrətini
təkcə Azərbaycanda deyil, getdikcə mədəni sərhədləri
genişlənən dünyada tanıtmağa qadir olacaq. Təki
sağlıq olsun!
Telli Pənahqızı
Kaspi.-2009.-10 iyun.-S.11.