"Səhnə məni tamamilə
xoşbəxt edib"
Kəmalə Hüseynova, Əməkdar
artist: "Özümü qətiyyən yaxşı aktrisa
saymıram"
Gənc Tamaşaçılar Teatrı
bu günlərdə Kazan şəhərində keçirilən
türk xalqlarının "Nauruz" adlı IX Beynəlxalq
Teatr Festivalından qayıdıb. Kollektivin təqdim etdiyi Ə.Haqverdiyevin
"Pəri Cadu" tamaşası festival
iştirakçılarının və tanınmış
teatrşünasların böyük marağına səbəb
olub. GTT festivalda artıq ikinci dəfədir iştirak edir.
Kollektiv festival ərəfəsində Türkiyə və
Kazan şəhərlərinə qastrol səfərlərinə
də dəvət alıb. Teatrın aktrisası Kəmalə
Hüseynova da festivalda iştirak edən yaradıcı heyətin
tərkibində olub:
-
Teatrınız festivaldan qayıdıb. Hər səfər
sizin üçün nə deməkdir? Yəqin ki, təkcə
təcrübə deyil.
- Mənim üçün festivalda, qastrolda və ya öz tamaşaçım qarşısında oynamağımın heç bir fərqi yoxdur. Eləcə
də uşaq və böyük üçün, fəhlə
və ya ziyalı üçün oynamağımın da fərqi
yoxdur. Əsas odur ki, səhnəyə çıxıram və
oynayıram. Düşünmürəm ki, qastrola gedirəmsə,
orada yaxşı oynamalıyam. Mən ümumiyyətlə, hər
dəfə səhnəyə çıxanda yaxşı
oynamalıyam. Mən hər gün təcrübə
qazanıram. Kitab oxuyanda, kiminləsə söhbət edəndə,
nəyisə müşahidə edəndə təcrübə
toplayıram. Təcrübələrim zaman-zaman belə
yaranıb. Bəlkə mən heç sabah qastrola gedə bilməyəcəyəm?
Onda belə çıxır ki, təcrübəsiz bir insana
çevrilməliyəm?
- Siz elə əzəldən taleyinizi Gənc Tamaşaçılar Teatrına bağlamısınız?
- Hələ institutu qurtarmamışdan - dördüncü kursun axırında Azərpaşa Nemətov bir tamaşada oynadığım rolu görmüşdü. O məni dəvət elədi.
Artıq 20 ildir ki, bu teatrda çalışıram.
- Bəzən adam
üçün hər günün öz hesabatı olur. Siz özünüzə hesabat verəndə bu illərin
nəticəsindən razı qalırsınızmı?
- Mən hesabat sözündən bir az qorxuram. Ədalətli insan hesabat verdikcə, tərəzidə öz çəkisinin az olduğunu hiss edir. Mən hesabat verirəm, ancaq bu nəticəni heç kəslə bölüşmək istəməzdim. Şəxsi problemlərimi ortaya çıxarmağı sevmirəm. Ancaq fikirləşirəm ki, bu 20 ildə daha çox istədiklərimi edə bilərdim. Ailə qurmasaydım, dünyaya övlad gətirməsəydim, dörd dəfə analıq məzuniyyətlərinə getməsəydim... Axı mən bir qadın kimi bu missiyanı da yerinə yetirməli idim. Bununla belə, yekəxanalıq kimi çıxmasın, elə aktrisalar var ki, 40 ildir səhnədədir, mənim oynadığım bir rolun heç dörddə birini də oynamayıb. Öz qarşımda hesabat verərkən, kimlərləsə müqayisə olunanda deyirəm ki, çox az, kimlərləsə müqayisə olunanda deyirəm ki, çoxdur. Ancaq hər zaman yaxşı şeyə baxıb müqayisə etmək lazımdır.
- Şepkindən
soruşublar ki, böyük, yoxsa kiçik rollarda oynamaq istərdin?
Görkəmli aktyor: "Əgər pyes yaxşıdırsa,
böyük, pisdirsə, kiçik" - deyə cavab verib. Bu baxımdan, sizin üçün rolların
böyük və kiçikliyinin hansı əhəmiyyəti
olub?
- Rolun böyük və kiçikliyinin fərqi həm var, həm də yox. Çox vaxt eşidirəm ki, pis pyes yoxdur. Necə yəni yoxdur? Pis pyes var. Hər şeyin pisi də var, yaxşısı da. İnsandan tutmuş ağaca kimi. Eləcə də aktyorun pisi də var, yaxşısı da. Yaxşı aktyora pis rol düşə bilər və ya əksinə. Ancaq sən bunun öhdəsindən nə dərəcədə gəlirsən, bunu iş prosesi göstərir.
- İnsanın içində
bir ədalət hissi olmalıdır. Bu baxımdan yanaşanda, özünüzü təvazökarlıqdan
uzaq da olsa, yaxşı aktrisa adlandırırsınız?
- Mən təvazökarlığın nə demək olduğunu bilmirəm. İnsan ədalətli olarkən, onun hər bir yaxşı keyfiyyəti üzə çıxır. Mən hərdən çox çaşıram ki, həddən artıq ədalətli insanam və bu cəhətimi özümdə çox sevirəm. Mən özümü qətiyyən yaxşı aktrisa saymıram. Bəlkə də özümü bu yolda bir toz sayıram.
- Özünü yaxşı aktrisa
saymayıb, nəsə ummaq olar?
- Mən heç nə ummuram. Amma elələri var bilir ki, ortabab bir şeydir, lakin elə şeylər istəyir ki... O ədalətsizlərdən mənim kimi insanlara nə? Mən hər zaman öz ədalətimi içimdə qoruyuram.
- Əgər günlərin
birində desələr ki, sizə Xalq artisti fəxri adı
verilib, deyərsiniz ki, mən yaxşı aktrisa deyiləm?
- Bəyəm fəxri adı yaxşı aktrisalara verirlər?
- Necə bilirsiniz, sizi daha çox
kinoda qəbul edirlər, yoxsa səhnədə?
- Təəssüf ki, səhnədə. Taleyim elə gətirdi ki, özümü mütəmadi sənətə həsr edə bilmədim. 4 uşaq dünyaya gətirmişəm və bunların hər biri üçün müəyyən müddət analıq məzuniyyətində olmuşam. Şəxsi problemlər məni teatrdan uzaqlaşmağa məcbur edirdi. Amma indiki həyatım isə teatrda normal çalışmağıma kömək edir. Mən daha çox kinonu sevirəm. İlk addımlarımı kinoda atmışam. Dördüncü kursu qurtararkən altı filmə çəkilmişdim. Ümumiyyətlə, mən teatrda da kino üçün işləyirəm. Kökdən düşməmək üçün formamı saxlayıram. Gecə-gündüz bir qadın kimi özümə ona görə baxmıram ki, kimsə mənə desin ki, gözəldir. Özümü yalnız kino üçün qoruyuram. Lazım olarsa, kino üçün müəyyən əməliyyatlara da gedərəm. Mən kinonu bu qədər sevirəm. İndiyə qədər 15 filmə çəkilmişəm. Amma bu filmlər arasında Mehriban Ələkbərzadənin "Məhkumlar" filmi mənim ilk və son filmimdir. Burada qadın taleləri var. Mən ümumiyyətlə, səhnədə də daha çox belə qadınların obrazını yaradıram.
- Kinonu sevmək öz yerində. Bəs
kinoda daha çox uğur qazanmaq mümkündür, yoxsa
teatrda?
- Hal-hazırda kinoda.
- Ona görə ki, teatra o qədər
gələn yoxdur?
- Bütün dünya hazırda ekran qarşısındadır. Əgər bundan qaynaqlanırsa, bəli, teatrı sevən yoxdur. Adda-budda tamaşalar olanda da o qədər haysız-küysüz təqdim olunur ki, insanların bundan xəbəri olmur. Əgər ekranda bir tamaşanın reklamı gedərsə, bəlkə tamaşaçı teatra gələr. Biz Hindistana getməyə-getməyə onların mahnılarını, adət-ənənələrini bilirdik. Bütün bunları filmlərdən öyrənmişdik. Kino bir millətin vizit kartıdır. Bir film çəkib dünyada nümayiş etdirməklə özünün siyasi əqidəsini, iqtisadi vəziyyətini - hər şeyi deyə bilərsən. Bütün dünya gözəl filmə baxır. "Pianoçu" filmi çıxıb təqdim olunanda, bütün dünya tamaşaçıları baxdı. Eləcə də "Apokalipsis" filminə bütün dünya baxıb şaşırdı. Amma biz bilmirik ki, Amerikada hansı tamaşalar qoyulur. Gözəl film tarixdir.
- Bəs komediya sizə nə qədər
yaxındır?
- Qətiyyən yaxın deyil. Təbiətimdə çox şənlik olsa da, komediya mənə yaxın deyil. Bilmək olmaz, bəlkə sabah elə bir komedik rol oynayaram və fikirləşərəm ki, "Aman Allah, mən komediyanı nə gözəl oynayıram!"
- İndicə
bütün dünya tamaşaçılarının ekran
qarşısında olduğunu dediniz. Sizcə bizim tamaşaçılar ekran
qarşısında öz filmlərimizə baxırlarmı?
- Təbii ki, yox. Əvvəla, bizim filmlər çox az nümayiş etdirilir. Nə qədər zövqsüz tamaşaçı olsa da, yaxşını pisdən seçməyi bacarır. İnsanlar ekran qarşısında nə üçündür? Ona görə yox ki, onların iş-gücləri yoxdur. Xeyr! Ona görə ki, ekranda çox gözəl şeylər göstərilir. Mən şəxsən bir gözəl film görərkən dayanıb baxıram. Nə qədər də desək ki, bizim filmlərimiz gözəldir, ancaq elə Hollivud, italyan, fransız və alman filmləri var ki, onlara bütün dünya tamaşaçıları baxır. Ancaq mən dönə-dönə "Babək", "Nəsimi" filmlərinə baxıram.
- Siz özünüzü kinoya həsr
etmək arzusundasınız. Ancaq bizdə yetərincə filmlər
çəkilmir axı...
- Buna çox təəssüflənirəm. Çəkiləndə də mənə iki ildən bir rol düşür. Ona görə də potensialımı teatra xərcləyirəm.
- Başqa teatrların oynadıqları
tamaşalara gedirsiniz?
- Çox nadir hallarda. Gedəndə çox vaxt məyus oluram. Amma bir dəfə oldu ki, bir aktrisa mono-tamaşa oynayırdı. Hamı əl çalıb çıxıb getdi, amma mən oturmuşdum. O tamaşadan sonra evə gəlib bir müddət təkliyə qapandım. İçimdə bir paxıllıq da yaranmışdı ki, kaş mən o tamaşanı oynayaydım! Sənətdə çox paxılam. Tamaşaya gedərkən yaxşı tamaşa və aktyor oyunu görmək istəyirəm. Ancaq çəkinmədən deyirəm ki, bu gün Azərbaycan teatrında 2-3 aktrisa var. Bunu sübut da edə bilərəm. Səhnəyə çıxıb söz deyib, gözəllik göstərmək aktrisalıq deyil. Kimsə çıxıb desə ki, mən filan obrazı belə oynamışam, ona sübut edərəm ki, yaxşı oynamamısan. Ona görə bütün haşiyə pozulub. Bu onun yerində, o biri başqasının yerindədir. Bunları tənzimləyən bir qüvvə olmalıdır.
- Nə üçün böyük
bir aktyor ordusu olduğu halda cəmi 2-3 aktrisadan danışmaq
olur? Səbəb nədir? Bəlkə
məktəb zəifdir?
- Bu suala teatrşünaslar və tənqidçilər daha yaxşı cavab verə bilər. Mən nə teatrşünas, nə də tənqidçiyəm. Qoy bu işlə zəhmət çəkib həmişə hamını tərifləyənlər məşğul olsun. Mən heç kəsin yaradıcılığını aşağılamaq fikrində deyiləm. Çünki hər kəsin yaradıcılığına hörmətlə yanaşıram. Pis və ya yaxşı yaradıbsa, özü bilər. Mənim işim səhnəyə aktrisa kimi çıxmaqdır.
- Rol həsrəti ilə
yaşayırsınız?
- Əksinə, hərdən deyirəm ki, nə olar, mənə rol verməyin. Çox ağır rollar oynayıram. Bəzən elə rollar oynayıram ki, uzun müddət onun təsirindən çıxa bilmirəm. Bəzən həyatda da talesiz bir qadın mənə öz həyatını danışanda uzun müddət onun haqqında fikirləşirəm.
- Bir qadın kimi öz taleyinizdən
necə, razısınız? Ümumiyyətlə,
səhnə qadın xoşbəxtliyini nə qədər əvəz
edə bilir?
- Səhnə məni tamamilə xoşbəxt edib. Sənətimdən aldığım həzzi həyatda heç bir şeydən almıram. Aktrisaların adi qadınlardan fərqi odur ki, biz bir qədər yaralarımızı sağalda bilirik.
- Bu işdə sizə sənətiniz
kömək olur?
- Sənətin də, qadınlığın da köməyi olur. Sənət də kömək edirsə, özüm onu məcbur edirəm. Hər səhər bu Kəmalə o biri Kəmaləni yuxudan oyadır.
- Səhnədə
arzuladığınız qədər iş varmı?
- İş çoxdur. Bəzən hətta mən onlardan imtina edirəm. Hərdən də tənbəlik edirəm. Başqa işlərə baş qoşmaq istəyirəm. Hərdən pul qazanmaq iddiasına düşürəm. İstəyirəm ki, heç olmasa 6 ay müddətində teatrdan uzaqlaşım. Yəqin ki, normal maaşım olsaydı, teatrdan heç gecələr də çıxmazdım. Mən aktrisayam, yaxşı geyinməliyəm. Mən demirəm ki, villada yaşayım və ya son dəbli maşınım olsun. Mənim üçün günəşin çıxması, ağacın yaşıllaşması, gözəl maşında gəzməkdən daha çox zövq verir. Mənim üçün villada yaşamaqdansa sevgi daha gözəldir. Ancaq müəyyən problemlər var ki, pulsuz həll etmək mümkün deyil. Çox pulum olsaydı, evə xidmətçi tutardım. İşdən gəlib ev işlərinə vaxt ayırmazdım. Mən daha çox cəmiyyətə çıxmağı sevirəm. Mən evdar qadın deyiləm.
Təranə MƏHƏRRƏMOVA
Kaspi.-2009.-12 iyun.-S.11.