Yerli icra strukturları özləri
seçkiyə müdaxilənin qarşısını
almalıdır
Onlar təşviqat qruplarına münasibətdə də
tərəfsizlik nümayiş etdirməlidirlər
Dünən Bakıda ATƏT-in Bakı ofisi, Prezidentin İcra Aparatı və Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə seçki prosesinə müdaxilənin qarşısının alınmasına dair ikigünlük məlumat sessiyası işə başladı. Sessiyada ATƏT, PA təmsilçiləri, rayon icra hakimiyyətlərinin başçıları və Dairə Seçki komissiyalarının sədrləri iştirak edirdilər.
Tədbiri açıq elan edən ATƏT-in Bakı ofisinin rəhbəri Aleksis Şahtaxtinski bildirdi ki, seminarı keçirməkdə əsas məqsəd azad və şəffaf seçkilərin əsas prinsiplərini vurğulamaqdır. Onun sözlərinə görə, bu cür tədbirlər Bakı ilə yanaşı, Gəncə və Şirvan şəhərlərində də keçiriləcək. ATƏT təmsilçisi dedi ki, icra strukturlarının təmsilçiləri ilə ötən il prezident seçkiləri ərəfəsində keçirilən analoji sessiya uğurlu olub. Belə ki, ATƏT-in seçkilərlə bağlı yekun hesabatında icra hakimiyyəti orqanlarının seçki prosesinə müdaxiləsinin əvvəlki seçkilərə nisbətən azaldığı əksini tapıb.
N.Şahtaxtinski Azərbaycanın ATƏT qarşısında seçkilərin azad və demokratik keçirilməsi ilə bağlı öhdəlik götürdüyünü xatırladaraq dedi ki, təmsil etdiyi təşkilat bu öhdəliklərin yerinə yetirilməsi üçün yardım göstərməyə hazırdır. Eyni zamanda, Azərbaycan da daha yaxşı seçkilərin keçirilməsinə çalışmalıdır. Bakı ofisinin rəhbəri onu da bildirdi ki, ATƏT Azərbaycanda indiyədək keçirilən parlament və prezident seçkilərini müşahidə edib. Müşahidələr zamanı yerli icra hakimiyyəti orqanlarının seçkilərə müdaxilə etdiyi müəyyənləşdirilib. "Amma son seçkilərdə bu məsələdə tərəqqi əldə olunub. Yəni tərəqqi var, amma zəifdir" - deyə ofisin rəhbəri qeyd etdi. Onun sözlərinə görə, ötən müddət ərzində seçki prosesinə qanunsuz müdaxilələrin qarşısının alınması üçün Azərbaycanın seçki qanunvericiliyinə bir sıra dəyişikliklər edilib. Seçki Məcəlləsinə bu məsələləri əhatə edən son dəyişiklik ötən ilin dekabrında reallaşdırılıb. Parlamentin qəbul etdiyi qanun artıq ölkə prezidenti tərəfindən də imzalanıb. "Biz Azərbaycanın bu addımlarını alqışlayırıq. Amma praktikada icra strukturlarının seçkilərə müdaxiləsi halları qalmaqdadır" - deyə A.Şahtaxtinski vurğuladı. Onun sözlərinə görə, bu sahədə görüləcək işlər çoxdur. ATƏT müvafiq qurumlarla işləyib seçkilərin daha demokratik keçirilməsinə çalışır.
A.Şahtaxtinski onu da qeyd etdi ki, ATƏT 18 mart referendumunu müşahidə etməyəcək. Çünki təşkilat adətən prezident və parlament seçkilərində müşahidəçilik edir. Bununla belə, Azərbaycan referendumun beynəlxalq standartlara uyğun keçirilməsinə çalışmalıdır. Çünki bu, hamıdan çox Azərbaycanın özünə lazımdır.
MSK sədri Məzahir Pənahov seçki prosesinə qanunsuz müdaxilələrin qarşısının alınması baxımından ötən il ATƏT-in təşəbbüsü ilə təşkil olunan seminarların böyük əhəmiyyətinin olduğunu bildirdi. Onun sözlərinə görə, ATƏT-in son seçkilərlə bağlı hesabatında müdaxilə hallarının xeyli azaldığı əksini tapıb. MSK sədri dedi ki, Azərbaycan artıq öz strateji yolunu müəyyənləşdirib. Ölkənin ümummilli lideri Heydər Əliyev Azərbaycanın demokratik cəmiyyət quruculuğunu prioritet istiqamət elan edib. Hazırda prezident İlham Əliyev də bu siyasəti davam etdirir.
M.Pənahov onu da bildirdi ki, Qərb dövlətlərinin Azərbaycanda keçirilən seçkilərlə bağlı rəyləri bəzən şişirdilmiş olur. Amma Azərbaycan ölkədə keçirilən seçkilərdə müəyyən qüsurların olduğunu inkar etmir. MSK sədrinin fikrincə, bu qüsurlar daha çox ölkənin sovet keçmişi ilə bağlıdır. Həmin illərdən formalaşan seçki ənənələri Azərbaycanda demokratik seçkilərin keçirilməsinə problemlər yaradır. Amma müstəqillik illərində bu istiqamətdə xeyli irəliləyiş əldə olunub. İndi ATƏT və digər beynəlxalq təşkilatlar Azərbaycandakı seçkiləri Avropa ölkələrindəki seçkilərlə müqayisə edirlər. M.Pənahovun fikrincə, Azərbaycan demokratik seçkilər keçirməklə sovet ənənələrindən qurtulduğunu Avropa strukturlarına nümayiş etdirməlidir. Amma illərdir formalaşan adət-ənənələri dəyişdirmək də çətindir. Bunun üçün bir az vaxt lazımdır: "Bizim seçki prosesindəki problemləri sovet ənənələrinin üzərinə yıxmağımız üçün limitimiz azalır" - deyə MSK sədri vurğuladı. Onun sözlərinə görə, Qərbin, Avropaya bağlı beynəlxalq təşkilatların seçkilərlə bağlı tələbkar mövqeyi bir tərəfdən Azərbaycanın xeyrinədir. Çünki Qərbin bu mövqeyi Azərbaycanda seçki prosesinə məsul olan strukturların məsuliyyətini artırır.
M.Pənahov onu da bildirdi ki, icra strukturlarının seçki prosesinə müdaxiləsi çox incə məsələdir. Çünki seçkilər icra strukturlarının iştirakı olmadan keçirilə bilməz. Belə ki, seçkilərin təşkili, namizədlərin seçicilərlə görüşlərinə şəraitin yaradılması birbaşa icra strukturlarından asılıdır. Seçki komissiyalarının yerlə, texniki avadanlıqla, rabitə ilə təmin olunması da icra strukturlarının vəzifəsidir. Azərbaycanın icra strukturlarının bu sahədə gördüyü işlər hətta Avropa ölkələrinə də nümunə ola bilər.
Üzünü seminarda iştirak edən icra başçılarına tutan MSK sədri dedi ki, belə bir şəraitdə icra strukturlarının seçki prosesinə qanunsuz müdaxiləsi lazımsız problemlər yarada bilər. Onun sözlərinə görə, bu cür müdaxilə bizim milli xüsusiyyətlərimizə, mənəviyyatımıza da uyğun gəlmir. "Nəzərə almalısınız ki, sizin bu cür müdaxilələrinizə ehtiyac da yoxdur. Onsuz da bu gün Azərbaycanda vətəndaş həmrəyliyi hökm sürür" - deyə MSK sədri vurğuladı.
O əlavə etdi ki, icra hakimiyyətləri referendum dövründə də çox diqqətli olmalı və meydana çıxan problemlərin həlli üçün beynəlxalq qurumlarla birgə çalışmalıdırlar. Seçkilərin demokratik keçirilməsi üçün yerli icra strukturları özləri qanunsuz müdaxilələrin qarşısını almalıdırlar. "Mən ümid edirəm ki, seçki prosesinə qanunsuz müdaxilə halları referendumda tam aradan qaldırılacaq və növbəti seçkilər ərəfəsində bu cür görüşlər keçirməyə heç bir ehtiyac olmayacaq" - deyə M.Pənahov çıxışını tamamladı.
Tədbirdə iştirak edən Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov dedi ki, təşkil olunan seminar ciddi əhəmiyyətə malikdir və qarşıdan gələn referendum ərəfəsində zəruridir. Onun sözlərinə görə, hər bir toplantı sonrakı proseslərə təsir imkanına malikdir: "Bu gün biz burada sizə nəyin necə olması barədə danışsaq, artıq məsələ olar. Sizin hər birinizin neçə-neçə seçki təcrübəniz var. Amma bir məsələ var ki, insana vəzifələrini hər dəfə xatırladanda məsuliyyət hissi artır. Bununla da seçki prosesinə münasibətdə bir doğmalıq yaranır". Ə.Həsənov qeyd etdi ki, bütün demokratik dövlətlərdə olduğu kimi Azərbaycanda da mərkəzi yerli icra hakimiyyəti orqanlarının seçkiyə müdaxiləsi bilavasitə qadağandır. Bu strukturlar seçkidə dolayısı ilə iştirak edirlər. ATƏT-in standartına görə, yerli icra hakimiyyəti orqanlarının vəzifəsi seçki institutlarına, seçkidə iştirak edən tərəflərə və ən əsası, seçicilərə tam sərbəst şərait yaratmaqdan ibarətdir: "Seçki institutlarına yaradılan şərait onları lazımi yerlə, avadanlıqla, rabitə ilə təmin etməkdən ibarətdir. Siz bunu etməlisiniz. Seçki komissiyalarının seçkiyə hazırlıqla bağlı bütün texniki problemləri də həll edilməlidir". PA rəsmisi əlavə etdi ki, yerli icra hakimiyyəti orqanları seçkidə iştirak edən bütün tərəflərə münasibətdə tam bitərəf olmalıdır. İnzibati resurslardan yalnız seçkidə iştirak edən tərəflərin əhali arasında təbliğat aparmasına, əhali ilə görüşlərin keçirilməsinə şərait yaratmaq üçün istifadə olunmalıdır. İcra hakimiyyətləri çalışmalıdırlar ki, seçkidə iştirak edən tərəflər seçicilərlə açıq və ya qapalı görüş keçirərkən hər hansı bir qanun pozuntusu müşahidə olunmasın: "Elə etməlisiniz ki, insanların görüşə gəlməsi, görüşün keçirilməsi üçün şərait olsun. Tərəflər seçicilər arasında lazımi təbliğat-təşviqat və izahat işi apara bilsinlər".
Ə.Həsənov xatırlatdı ki, Azərbaycan seçkilərin demokratik keçirilməsi ilə bağlı ATƏT və digər beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürüb. Bu öhdəliklərə görə, yerli icra strukturları seçki prosesinə qanunsuz müdaxilə etməməlidirlər: "Təəssüflər olsun ki, bizim bəzi icra başçıları bu sahədə qeydə alınan nöqsanları bəzən faciə səviyyəsinə qaldırırlar. Bəzi icra başçıları seçicilərin seçkiyə az gəlməsini faciə hesab edirlər və başlayırlar avtobuslar təşkil edib seçiciləri məntəqələrə daşımağa. Əslində, seçiciləri məntəqəyə daşımaq pis şey deyil. Qanun pozuntusu məntəqəyə gətirilən seçicinin məqsədyönlü şəkildə bir namizədə səs verməsinin təşkilidir". PA rəsmisi qeyd etdi ki, ATƏT standartlarına görə, demokratik seçkilərin 3 əsas tələbi var. Bunlardan birincisi, icra hakimiyyəti orqanlarının seçkidə iştirak edən tərəflərin seçkidə iştirakı üçün azad şərait yaratmasını nəzərdə tutur. İkincisi, əhalinin seçkidə iştirakına şərait yaradılmalıdır. Üçüncüsü isə seçki institutlarının fəaliyyətinə qanunsuz müdaxilələrin sıfıra endirilməsidir. Ə.Həsənov dedi ki, yerli icra hakimiyyətləri referendumla əlaqədar əhali arasında izahat işləri aparan təşviqat qruplarına münasibətdə tərəfsizlik nümayiş etdirməlidirlər: "Sizin vəzifəniz əhalinin referenduma çıxarılan məsələlərə münasibət bildirməsi üçün lazımi şəraiti yaratmaqdan ibarətdir. Əhalinin referenduma çıxarılan məsələlərə necə münasibət göstərməsinə gəlincə, bunu siz həll etmirsiniz. Buna təşviqat qruplarını dinləyən əhali özü qərar verəcək". PA rəsmisi dedi ki, referendum prosesində seçki prosesinə qanunsuz müdaxilə faktları həm dövlətin, həm Mərkəzi Seçki Komissiyasının, həm də ATƏT-in diqqət mərkəzində olacaq.
İlham QULİYEV
Kaspi.- 2009.- 4 mart.- S. 5.