"Bizim referenduma ehtiyacımız var" 

 

Çingiz Abdullayev: "Xalq dünyada baş verən reallıqları dərk edərək Referendum Aktına səs verəcək"

 

"Bir şəxsin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı məhdudiyyətin ləğv olunmasını dəstəkləyirəm. Hesab edirəm ki, bu məhdudiyyətin aradan qaldırılması xalqın istək və arzusudur". Bunu Yeni Azərbaycan Partiyasının internet saytına müsahibəsində Xalq yazıçısı Çingiz Abdullayev deyib. O bildirib ki, Konstitusiyanın 1-ci maddəsində Azərbaycanda hakimiyyətin mənbəyinin xalq olduğu vurğulanıb. Ona görə də xalqın seçmək hüququnu məhdudlaşdırmaq olmaz. Xalq kimə etimad göstərirsə, onu da prezident seçəcək:

Bu gün ölkəmiz sürətlə inkişaf edir. Azərbaycanın tərəqqisində ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Hələ sovetlər hakimiyyəti zamanı Heydər Əliyevin hakimiyyətə gəlməsilə respublikamızın intibahı başladı. Azərbaycan aqrar respublikadan sənayə respublikasına çevrildi, hərtərəfli inkişaf başladı, bütün sahələr üzrə milli kadrlar yetişdirildi və s. Bir sözlə, sovetlər birliyində geridə qalan Azərbaycan qısa müddət ərzində birincilər sırasına yüksəldi. Təbii ki, bu uğurların qazanılmasında Heydər Əliyevin vətəninə, xalqına bağlılığı və onun millətimiz üçün çəkdiyi misilsiz zəhmətlər başlıca rol oynayıb. Ulu öndərimiz müstəqillik zamanı da böyük məsuliyyəti üzərinə götürərək Azərbaycanımızın azadlığını təmin etdi. Mən dəfələrlə müxalifətə də, iqtidara da demişəm ki, biz hələ 1992-93-cü ili araşdırmamışıq. Mən hesab edirəm ki, hər kəs həqiqəti bilməlidir. 1993-cü ildə Azərbaycan uçuruma gedirdi. Mən bilirəm nə deyirəm. İnandırıram ki, hələ çox fakt var ki, onlar araşdırılmayıb. O vaxt dövləti, xalqı, milləti xilas edən şəxs Heydər Əliyev olub. Bunu qəbul edənlər də bilir, qəbul etməyənlər də. 1993-cü ilin təlatümlü vaxtlarında xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev sözün əsl mənasında xalqın sərkərdəsi kimi həyatı üçün təhlükələrə baxmayaraq, Azərbaycanı məhv olmaqdan xilas etdi. Ulu öndərimiz ökədə sabitlik yaratdıqdan sonra iqtisadi inkişafın həyata keçirilməsi istiqamətində ciddi addımlar atdı. Eyni zamanda, digər sahələrin də tərəqqisi, milli dəyərlərimizin qorunması ümummili liderimizin adı ilə bağlıdır. Təsadüfi deyil ki, bu gün Azərbaycan Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında inkişaf edir. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bu gün Azərbaycanımızın hər yerində böyük quruculuq işləri gedir, kəndlərimiz abadlaşır, insanların rifahı yüksəlir. Bunun nəticəsi olaraq ötən il oktyabrın 15-də prezident seçkiləri zamanı xalq cənab İlham Əliyevə böyük etimad göstərərək ikinci dəfə prezident seçdi. Əslində, xalqın etimadı son 5 ildə İlham Əliyevin çox uğurlu siyasətinə, ölkəmizin inkişafına verilən qiymət idi. Doğrudur, bəzi müxalifət partiyaları seçkilərin nəticələrinə şübhə ilə yanaşırlar. Amma mən məsuliyyətlə deyirəm ki, bu fikirlər tamamilə yanlışdır. Prezident seçkilərində seçicilərin mütəşəkkilliyi məhz xalqın İlham Əliyevə inamı ilə bağlı idi. Seçkilərin nəticəsi göstərdi ki, xalq bu siyasətin davamlı olmasını istəyir. Prezident seçkiləri zamanı mən cənab İlham Əliyevin vəkili idim və insanlarla çoxsaylı görüşlərimin nəticəsində bu qənaətə gəlmişəm.

- Sizcə prezident seçkilərindən qısa müddət sonra ölkədə referendumun keçirilməsi haqqında qərarın qəbul olunmasını hansı amillər zəruri etdi? Konstitusiyaya dəyişikliklərin edilməsinə təşəbbüs göstərmiş millət vəkilləri qeyd edirlər ki, prezident seçkiləri kampaniyası zamanı ölkə vətəndaşları bir sıra təkliflərlə çıxış ediblər və Milli Məclis bu təklifləri ümumiləşdirərək referendum keçirilməsi haqqında qərar qəbul edib.

- Hesab edirəm ki, prezident seçkiləri referendumun keçirilməsinə müəyyən təsir göstərib. Sualınızda qeyd etdiyiniz məqam doğrudur. Nə üçün insanlar bu təklifi verirlər? Çünki vətəndaşlarımız istəyir ki, ölkəmizdə sabitlik olsun, müstəqil dövlətimiz daha da güclənsin. Hamımız Ermənistanda, Gürcüstanda hansı hadisələrin baş verdiyinin şahidiyik. İstəmirik ki, Azərbaycanda belə hadisələr olsun. Bizdə 1990-1993-cü illərdə baş verən hadisələri hər kəs xatırlayır. Ona görə də həmin hadisələrin təkrarlanmasını heç kim istəmir, xalqımız Heydər Əliyev siyasətinin davamlı olmasını dəstəkləyir. Bu siyasət isə müstəqil dövlətimizin güclü olmasına, xalqımızın firəvan yaşamasına xidmət edir. Bu baxımdan mən hesab edirəm ki, seçkilərin nəticəsi referendumun keçirilməsinə çox təsir etdi.

- Çingiz müəllim, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər arasında ən çox müzakirə olunan məsələlərdən biri 101-ci maddənin 5-ci bəndinə nəzərdə tutulan düzəlişdir. Bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edən müddəa insanların seçmək və seçilmək hüququnu məhdudlaşdırır. Amma bu məhdudiyyətin qüvvədə qalmasını istəyənlər də var. Siz necə hesab edirsiniz, bu məhdudiyyətin aradan qaldırılması demokratik cəmiyyətimizdə hansı keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq?

- Mən bu məhdudiyyətin ləğv olunmasını dəstəkləyirəm. Hesab edirəm ki, bu məhdudiyyətin aradan qaldırılması xalqın istək və arzusudur. Konstitusiyanın 1-ci maddəsində vurğulanır ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Ona görə də xalqın seçmək hüququnu məhdudlaşdırmaq olmaz. Xalq kimə etimad göstərirsə, onu da prezident seçəcək. Əgər hansısa namizədə etimad olmasa, o seçilməyəcək. Dünya ölkələrinin də belə təcrübəsi var. Amerikada Franklin Ruzvelti dörd dəfə prezident seçiblər. Bundan başqa, Türkiyənin qurucusu Mustafa Kamal Atatürk də 4 dəfə seçilib. Parlament tipli ölkələrdə isə baş nazirlərin seçilməsinə məhdudiyyət yoxdur. Məsələn, Böyük Britaniyada Çörçill beş dəfə, Marqaret Tetçer dörd dəfə, Toni Bleyer üç dəfə baş nazir seçilib. Bəs onlarda demokratiya yoxdur?

Bir məsələyə də toxunmaq istərdim. Hazırda böyük iqtisadi böhran dönəmində yaşayırıq. Başqa ölkələrə baxanda iqtisadi cəhətdən yaxşı yaşayırıq, amma o biri tərəfdən də Gürcüstanla Rusiyanın müharibəsi olub, çətin geosiyasi məkanda yerləşirik. Azərbaycanda bu sabitliyi saxlamaq lazımdır. Bəzən deyirlər ki, siz demokratiyanın əleyhinəsiniz. Xeyr, mən deyirəm ki, demokratiya seçimdir. Azərbaycan spesifik ölkədir. Bir tərəfdən biz Avropanın bir hissəsi sayılırıq. Bir tərəfdən də istəsək də-istəməsək də Rusiya ilə bağlılığımız var. Bizim prezidentimiz Rusiyada baş verənləri yaxşı başa düşür. O biri tərəfdən də türk dünyası ilə, islam dünyası ilə baş verənləri də yaxşı anlayır. Hesab edirəm ki, xalq dünyada baş verən reallıqları dərk edərək Referendum Aktına səs verəcək. Bu baxımdan düşünürəm ki, xalqın səsi ən əsasdır. Prezident İlham Əliyevlə mənim şəxsən münasibətim var, amma tək buna görə demirəm ki, referendum keçirilməlidir. Bizim referenduma ehtiyacımız var. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin layiqli davamçısıdır. Mən bilirəm ki, dövlətimizin başçısı bu çətin 5 ili necə uğurla keçib. Tarixdən məlumdur ki, həmişə güclü liderdən sonra dövlətdə çox böyük uçurumlar olur. Fransa, İngiltərə, Rusiyada da belə olub. Açıq deyim ki, biz ziyalılar narahat idik ki, Heydər Əliyevdən sonra ölkədə nə olacaq. Amma prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin layiqli davamçısı olduğunu sübut etdi.

- Konstitusiyaya əlavə və dəyişiliklərdə "sosial yönümlü iqtisadiyyat", "insanların layiqli həyat səviyyəsinin təmin olunması dövlətin ali məqsədidir" müddəaları əks olunub. Siz Azərbaycanın ən nüfuzlu ziyalılarından birisiniz, eyni zamanda, bir çox ölkədə olmusunuz, insanların həyat səviyyəsi ilə bağlı bilgiləriniz var. Bu dəyişikliklər Azərbaycanı insanların layiqli həyat səviyyəsini təmin etmiş sosial dövlətlərin sırasına tez bir zamanda çıxara biləcəkmi?

- Bilirsiniz, Azərbaycan hazırda özünün inkişaf mərhələsindədir və hər bir proses düşünülmüş şəkildə həyata keçirilir. Sosial dövlət anlayışının, insanların layiqli həyat səviyyəsinin təmin olunması məsələsinin 1995-ci ildə Konstitusiyaya daxil edilməməsinin obyektiv səbəbləri var. Məlumdur ki, o zaman ölkəmizin maliyyə imkanları yox idi. Hazırda isə dövlətimiz sürətlə inkişaf edir, həyata keçirilən layihələr nəticəsində maliyyə imkanlarımız artır, vətəndaşların sosial təminatları güclənir. Aparılan siyasət Azərbaycanın sosial dövlət olmasına tam imkan verir. Amma onu da deyim ki, hər dövlət sosial ola bilmir. Dünya təcrübəsindən deyə bilərəm ki, Almaniya və İsveçrə kimi dövlətlərin konstitusiyalarında bu müddəalar əks olunub və bu ölkələrdə insanların həyat səviyyəsi sizə məlumdur. Amma özümüzdən də çox şey asılıdır, yalnız Konstitusiyadan asılı deyil. Amerikanın da yaxşı Konstitusiyası var, amma orda böyük iqtisadi böhrandır, milyonlarla adam işsizdir. Mən nəyə görə deyirəm ki, Referendum Aktına səs verək. Biz bilirik ki, prezident İlham Əliyev məsuliyyətini hiss edir ki, o, adi yerə gəlməyib, atasının yerinə gəlib. O, həm atasının ruhu, həm də xalqın qarşısında cavabdehdir. Mən inanıram ki, prezidentimizin siyasəti nəticəsində arzuladığmız həyat səviyyəsinə çatacağıq. Amma dünyada vəziyyət bu gün çox çətindir. Mən öz qonorarımdan görürəm ki, xaricdə vəziyyət necədir. Qonorarım yavaş-yavaş azalır.

- Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun vəkili kimi insanlarla görüşlərdə olursunuz. Ümumiyyətlə, bu görüşlərdən gəldiyiniz qənaət necədir?

- Əvvəlcə onu deyim ki, hələ son prezident seçkiləri zamanı cənab İlham Əliyevin vəkili olaraq çoxsaylı görüş keçirdim. İnanmıram ki, mənim qədər görüş keçirən vəkil oldu. Bir dəfə deputatların da iştirak etdiyi görüşdə məndən soruşdular ki, siz tanınmış yazıçısınız, dünyada kitablarınız çıxıb, siyasətə qoşulmaq nəyinizə lazımdır. Mən onda əllərimi açıb 600 nəfərlik zala göstərdim ki, bu əllər fəhlə əlidir. Mənim nə mağazam var, nə də restoranım. Mən fəhlə əlimlə pul qazanıram. Referendumla əlaqədar da çox görüşdə oluram. Qənaətim isə belədir ki, xalq mütəşəkkil şəkildə refendumda iştirak edəcək və Referendum Aktına səs verəcək.

- Müxalifətin iddialarından biri odur ki, guya hüquqi baxımdan Konstitusiya dəyişikliyi etmək üçün referendumun keçirilməsi düzgün deyil. Bu iddiaya münasibətiniz necədir?

- Mən hüquqi baxımdan sizə deyim ki, referendumun keçirilməsi tam qanunauyğundur. Bu məsələni xalq həll edir. Hər kim deyirsə ki, Konstitusiyanı dəyişmək olmaz, səhv edir. Konstitusiya dəyişikləri etmək üçün referendum keçirilir. Ona görə də mən bu fikirləri qəbul etmirəm ki, Konstitusiyaya dəyişiklik edilməməlidir. Mən müxalifətin fikri ilə razı deyiləm. Bizdə demokratiyadır, hər şey seçimlə həll olunur. Müxalifət başa düşür ki, cənab İlham Əliyevin reytinqi çox yüksəkdir. Ona görə də referendumu prezident İlham Əliyevlə bağlamaq istəyirlər. Azərbaycanın prezidenti İlham Əliyevdir, ona başqa nativ yoxdur. Nə olar ki, İlham Əliyev 3-cü dəfə namizədliyini versə. Gəncdir, iş qabiliyyəti yüksədir, niyə işləməsin ki? Mən görürəm ki, mənim prezidentim neçə dildə danışa bilir. Mən bununla fəxr edirəm. Qoy o biri ölkələrin prezidentləri ona baxıb öyrənsinlər. Bundan da qorxurlar ki, referendumda da xalqın 80-90 faizi dəyişikliklərin lehinə səs versə, onda bir daha müxalifətin çox zəif olduğu üzə çıxacaq.

 

 

K.HACIYEV 

 

Kaspi.- 2009.- 5 mart.- S. 6.