Ombudsman sonuncu hesabatını
verdi
Müvəkkilin 7 illik fəaliyyəti
dövründə ona 42226 müraciət daxil olub
Milli Məclisin dünənki iclasında ombudsman Elmira Süleymanova sonuncu hesabatını verdi. O qeyd etdi ki, 2008-ci il ölkəmiz üçün uğurlu olub. Müvəkkilin 7 illik fəaliyyəti dövründə onun aparatına 42226 müraciət daxil olub. 2008-ci ildə daxil olan müraciətlərin sayı isə 8600-dür. Bu müraciətlərin ümumilikdə 93 faizi, 2008-ci ildə isə 86,6 faizi şikayət xarakterli olub. Ombudsman müxtəlif səbəblərdən şikayətlərin 52,6 faizinə, o cümlədən 2008-ci ildə 51,2 faizinə baxmaqdan imtina edib. 2003-2008-ci illərdə baxılmaq üçün icraata qəbul edilmiş şikayətlərin 35,7 faizi, o cümlədən 2008-ci ildə 43,3 faizi təmin olunub. E.Süleymanova dedi ki, ombudsman aparatına daxil olan şikayətlərin bir çoxu vətəndaşların müxtəlif sahələrdə üzləşdikləri bürokratik əngəllər, süründürməçilik və məmur özbaşınalığı ilə bağlı olub. Bəzi dövlət və bələdiyyə orqanları tərəfindən vətəndaşların qəbul edilməməsi, müraciətlərin vaxtında və mahiyyəti üzrə cavablandırılmaması, verilmiş səlahiyyətlər çərçivəsində tədbirlər görülməməsi insan hüquqlarının pozulması ilə nəticələnir. Ombudsman qeyd etdi ki, əvvəlki illərlə müqayisədə ötən il yerli icra hakimiyyəti orqanları ilə bağlı daxil olan şikayətlərin sayı azalıb. Prokurorluq orqanları ilə bağlı şikayətlərin nəzərəçarpacaq hissəsi isə polis orqanlarında tədqiqata və istintaqa nəzarətlə bağlı olub. Vətəndaşlar daha çox vəzifəli şəxslər tərəfindən qəbul edilməmələrindən, ərizələrinin müəyyən edilmiş qaydada qeydiyyata alınmamasından, müraciətlərinə vaxtında cavab verilməməsindən, ərizələrə formal və əsaslandırılmamış cavabların verilməsindən şikayətləniblər. Eyni zamanda, şikayətçilərin təqib edilməsi hallarına da rast gəlinib. E.Süleymanova qeyd etdi ki, ünvanına daxil olan şikayətlərin bir qismi də işləyən pensiyaçıların pensiyalarının yenidən hesablanmaması ilə bağlı olub. Onun sözlərinə görə, il ərzində əhalinin qayğıya ehtiyacı olan təbəqələrinə verilən müvainətlərin artırılması ilə əlaqədar müvafiq dövlət qurumlarına müraciətlər edib. E.Süleymanova onu da bildirdi ki, ünvanlı sosial yardımların verilməsinin sadələşdirilməsi ilə bağlı "Ünvanlı sosial yardım haqqında" qanuna təklif etdiyi əlavə və dəyişikliklər ötən il Milli Məclis tərəfindən qəbul edilib. Lakin bu sahədə hələ də təkmilləşdirmə işlərinə ehtiyac var.
Ombudsman qeyd etdi ki, aztəminatlı vətəndaşların mənzillə təmin edilməsi hələ də problem olaraq qalmaqdadır. Hazırda ölkədə minlərlə vətəndaşın mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Onun fikrincə, vətəndaşların mənzil probleminin həll edilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənzil fonduna ayrılmış mənzillərdən istifadə edilməlidir. İnsan haqları üzrə müvəkkil dedi ki, qiyməti nisbətən normal olan, uzunmüddətli kreditə verilən mənzillərin tikintisinə başlanılması da bu problemin həllinə təkan verə bilər. Onun sözlərinə görə, əhalinin müəyyən hissəsinin hələ də istismar müddəti keçmiş köhnə və qəzalı evlərdə yaşaması da narahatlıq doğurur. Buna görə də ombudsman köhnə və qəzalı mənzillərdə yaşayanların köçürülməsi üzrə dövlət proqramının hazırlanmasını təklif etdi.
E.Süleymanova qeyd etdi ki, mənzil sahəsində olan problemlərdən biri də qanunsuz tikililərlə bağlıdır. Onun sözlərinə görə, bu cür tikililər ayrı-ayrı şəxslər tərəfindən Bakıda və onun ətrafında inşa edilib. Mənzilləri tikən sakinlər qeyri-rəsmi olaraq MİS rəislərindən, ərazi daxili işlər orqanlarından, Bakı şəhərinin və rayonların yerli icra hakimiyyətlərindən icazələr alıblar. Ona görə də bu məsələ sakinlərin xeyrinə həll edilməlidir. Ombudsman bu problemin həlli ilə bağlı Nazirlər Kabinetinə və digər qurumlara müraciət etsə də, məsələ hələ də həll olunmayıb.
Hesabatda göstərilir ki, son vaxtlar respublikanın müxtəlif rayon və şəhərlərində, xüsusilə də paytaxtda tikilən, habelə, tikintisi planlaşdırılan çoxmərtəbəli binaların inşası zamanı mövcud qanunvericiliyin tələblərinin, o cümlədən tikinti aparan şirkətlər tərəfindən əməyin təhlükəsizlik qaydalarının kobud surətdə pozulması ağır hadisələrlə nəticələnib. Yeni tikililərdə layihələrdə nəzərdə tutulmamış əlavə blokların, hissələrin tikintisinə yol verilməsi təhlükəni daha da artırıb. Ombudsman qeyd etdi ki, hələ də bütün tikinti şirkətləri tərəfindən işçilərə sağlam və təhlükəsiz əmək şəraiti təmin edilmir. Tikinti şirkətləri öz işçiləri ilə əmək müqavilələri bağlamaqda maraqlı deyillər. Bəzi şirkətlər öz işçilərini texniki təhlükəsizlik qaydalarına dair məlumatlandırmır, işçilər xüsusi qoruyucu vasitələrlə təmin edilmir. E.Süleymanova bu cür halların qarşısının alınması üçün bu sahəyə ciddi nəzarət sisteminin işlənib hazırlanmasını təklif etdi. O bildirdi ki, indiyədək bu məsələ ilə bağlı Nazirlər Kabinetinə ünvanladıqları təkliflər nəzərə alınmayıb.
E.Süleymanova məhkəmələr və hüqüq-mühafizə orqanları ilə bağlı problemlərə də də toxundu. O qeyd etdi ki, ötən dövrdə sürücüləri əsassız saxlayan Dövlət Yol Polisi (DYP) əməkdaşlarına qarşı ciddi tədbirlərin görülməsi, habelə bu sahədə işin təkmilləşdirilməsi ilə bağlı mətbuatda silsilə məlumatlar yer alıb. DYP əməkdaşlarının sürücülərlə kobud rəftarı, müəyyən olunmuş cərimədən artıq əsassız pul tələb etməsi və digər qanunazidd hərəkətləri vətəndaşların haqlı narazılığına və yuxarı dövlət orqanlarına çoxsaylı şikayətlər etməsinə gətirib çıxarıb. "Hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarının qanunazidd hərəkətlər törətməsinin qarşısının alınması məqsədilə bu orqanlarda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi zəruridir" - deyə ombudsman bildirdi. Onun sözlərinə görə, 2008-ci ildə daxili işlər orqanlarının fəaliyyətində təsdiq olunmuş 113 fakta görə 154 əməkdaş barəsində ciddi intizam tənbehi və prosessual qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb. O cümlədən 4 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 17 nəfər daxili işlər orqanlarından xaric olunub, 19 əməkdaş tutduğu vəzifədən azad edilib, 114 əməkdaşa başqa növ intizam tənbehi elan olunub. Bununla yanaşı, prokurorluq polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə əlaqədar 5 cinayət işi üzrə ibtidai istintaq aparıb. Qeyd olunan işlərdən 3 nəfər polis əməkdaşı barəsində iş üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilib, bir işin icraatına xitam verilib, bir iş üzrə isə istintaq davam etdirilir.
Bundan sonra millət vəkilləri hesabat ətrafında müzakirələrə başladılar.
Millət vəkili Mübariz Qurbanlı Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğunu bildirdi. Onun sözlərinə görə, 7 illik fəaliyyəti dövründə E.Süleymanova çox səmərəli işləyib. Bunu illər ötdükcə, ombudsmanın ünvanına daxil olan şikayətlərin xarakterinin dəyişməsi də sübut edir. Millət vəkilinin fikrincə, ildən-ilə ombudsmanın ünvanına daxil olan şikayətlərin sayının azalmasının bir sıra səbəbləri var. Birinci səbəb hökumətin apardığı sosial-iqtisadi islahatların uğurlu nəticə verməsidir. Bundan əlavə, əhalinin maarifləndirilməsi istiqamətində görülən işlər də şikayətlərin sayının azalmasına səbəb olub. Digər səbəb dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlardır. İldən-ilə vətəndaşların dövlət orqanları ilə münasibətləri daha da yaxşılaşdırılır.
Millət vəkili Musa Quliyev 7 il ərzində ombudsman təsisatının böyük inkişaf yolu keçdiyini bildirdi: "7 il bundan əvvəl ombudsman təsisatının yaradılması ilə bağlı qanun layihəsi müzakirə olunanda çoxları heç ombudsman sözünü tələffüz edə bilmirdi. Amma indi Azərbaycanın demək olar ki, hər bir vətəndaşı ombudsmanın işi ilə maraqlanır". Millət vəkili ombudsmanın fəaliyyəti dövründə Rusiyada yaşayan azərbaycanlıların problemlərinin həllinə xüsusi diqqət yetirməsini alqışladı. O qeyd etdi ki, yeni ombudsman öz fəaliyyətində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına daha çox diqqət ayırmalıdır.
Millət vəkili Yevda Abramov insan haqlarının vəziyyəti ilə bağlı Azərbaycanı tənqid edən ABŞ-da qadınların toya gedərkən qızıllarını taxmaqdan çəkindiklərini söylədi: "Qoruxurlar ki, gecə gələndə boyunbağılarını qopardarlar. Mən "Amerikanın səsi" radiosunda Dövlət Departamentinin son hesabatı ilə bağlı müzakirələrdə iştirak etdim. Gördüm ki, Azərbaycanın çörəyini yeyənlər ölkənin əleyhinə necə çıxış edirlər və belə hesabatlardan sevinirlər. Azərbaycanın çörəyi onlara haram olsun. Həmin hesabat tam qərəzli və qeyri-obyektivdir".
Milli Məclis sədrinin müavini Bahar Muradova ombudsman təsisatının uğurlu fəaliyyətini E.Süleymanovanın şəxsiyyəti ilə bağladı. "Bu insanın o qədər eneryisi var ki, onunla yarışa girən hər kəs uduza bilər" - deyə vitse-spiker vurğuladı. O qeyd etdi ki, ombudsmanın hazırladığı hesabatdan millət vəkillərinin razılıq etməsi də onun öz işinə məsuliyyətlə yanaşmasının göstəricisi kimi qəbul oluna bilər. Vitse-spiker gələcək fəaliyyətində E.Süleymanovaya uğurlar arzuladı.
Müzakirələrdən sonra millət vəkilləri hesabatı qəbul etdilər.
İlham QULİYEV
Kaspi.- 2009.- 7-10 mart.- S. 1-2.