"Kaspi" 10 yaşında 

 

Təkcə nağılların dili yüyrək olmur

 

Günlər, aylar, illər yalnız nağıllarda, dastanlarda yüyrək olur. Zaman bir göz qırpımında axıb gedir və hər şeyin üstündən amansızlıqla xətt çəkir. Uşaqlıq illərimizdə aldandığımız nağıllar vaxt keçdikcə bizi də öz qoynuna alaraq zamanın sürətli axarına qovuşdurur. Yaşadıqca illərin təkcə nağıllarda deyil, gerçək həyatda da sürətlə ötüb keçdiyinin canlı iştirakçısı oluruq. Bəzən buna təəssüflənirik, bəzən də yox. Təsəlli tapırıq ki, əgər illər insanın həyatından mənasız ötüb keçməyibsə, dəyərli bir iz qoyubsa, niyə də heyifslənəsən?!

Budur, bu gün biz "Kaspi" qəzetinin 10 yaşını qeyd edirik. Elə bil dünən idi... qəzetimizin 5 illik yubileyini qeyd etdiyimiz gün. İllər o qədər sürətlə ötüb keçdi ki, bir də gördük, 5 ilin üstünə 5 il də gəldi. 10 il... bizə görə qocaman rəqəmdir. Bəlkə də insan ölçüsü ilə o qədər böyük sayılmaz, amma bu 10 ilin arxasında bir-birini qovan illərin gecəli-gündüzlü əziyyəti, gərgin zəhməti, fədakarlığı durur. Bu zəhməti, fədakarlığı, əzab-əziyyəti, şərəf və məsuliyyəti və nəhayət, xoş istirahəti yalnız mətbu orqanlarda çalışanlar yaxşı bilər. Oxucuya isə hazır məhsul lazımdır. Qəzetin hər bir sayından sonra redaksiyaya daxil olan çoxsaylı zənglər: təbrik dolu, sevgi dolu, istək dolu, bəzən də narazılıq dolu... deməyə əsas verir ki, 10 il izsiz ötüşməyib. Bu zaman ərzində təkcə illərin deyil, hər bir ayın, hər bir günün, hər bir saatın, bəlkə də hər bir dəqiqənin öz əziz, yaddançıxmayan xatirəsi var. Sevinməyə dəyər: "Kaspi" təkcə kollektivin deyil, oxucuların da yaddaşında dərin iz qoyub. Zəhmətimizin bəhrəsi odur ki, sağlam olmayan, iddiaların baş alıb getdiyi rəqabət meydanında qəzetimizi oxuyur və sevirlər. Bu illər ərzində "Kaspi" oxucularının qəlbində isti bir yuva qurmağa nail olub.

 

Tarixə kiçik ekskurs

 

"Kaspi" 10 ilin yox, üç əsrin qəzetidir. Elə bilirik, yubiley günündə dəfələrlə qeyd olunan bu faktla bağlı yenə də kiçik bir xatırlatma yerinə düşər: "Kaspi"nin nəşr olunduğu dövr - 1881-1919-cu illər Azərbaycan mühitinin birmənalı olmayan siyasi rənglərlə boyandığı dövr idi. Həmin vaxtda Azərbaycanda artıq milli burjuaziya formalaşır, neft sənayesi güclənirdi. Milli ruhun oyanışının ilk cücərtiləri də məhz bu dövrdə meydana çıxırdı. "Kaspi"nin nəşrə başladığı dövr milli mətbuatın inkişafı baxımından da fərqli idi. İlk sayı 1881-ci ildə işıq üzü görən "Kaspi" qəzeti nəşrinə rus dilində başlamışdı. Bakıda rus dilində çıxan burjua qəzetləri içərisində "Kaspi" qəzeti daha uzun ömür sürərək müxtəlif dövrlərdə cəmiyyətin həyatını öz nöqteyi-nəzərindən əks etdirib. 1881-ci ildən 1919-cu ilədək olan müddətdə qəzetin 10 min 65 sayı işıq üzü görüb. "Kaspi"nin ilk 28 sayı həftədə iki dəfə, sonra bir müddət həftədə 3 dəfə, 1884-cü ilin yanvarından isə gündəlik çıxmağa başlayıb. Əvvəllər qəzet 400-420 nüsxə tirajla çıxırdısa, 1887-ci ildə bu rəqəm 1000-ə qalxıb. Elə bu ildən etibarən qəzet müntəzəm çıxmağa başlayıb. 1897-ci ildə qəzetin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürür və redaktorluq vəzifəsi Əlimərdan bəy Topçubaşova tapşırılır. 1907-ci ilin oktyabrından qəzetin redaktorluğuna Əlibəy Hüseynzadə təyin olunur.

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi "Kaspi"nin nəşrinin ilk ilindən onun fəal əməkdaşı olub. Onun "Kaspi"də redaktorluğu dövründə jurnalistlər heyəti demokratik görüşlü ziyalılar hesabına zənginləşmişdi. Bu dövrdə Hüseyn Minasazov, Eynəlibəy Sultanov, Rəhimbəy Məlikov, Şahtaxtinski, Mahmudbəyov, Firudin bəy Köçərli qəzetlə əməkdaşlıq edirdilər. "Kaspi" cəmiyyətin güzgüsü idi.

 

118 ildən sonra

 

İndi o vaxtdan çox illər keçir. Zaman da, insanlar da, mövzular da, qəzet səhifələrinin qəhrəmanları da dəyişib. Amma dəyişməyən bircə şey var: "Kaspi"də çalışanların əqidəsi, peşə etikası, obyektivliyi. Bu qızıl qaydalara söykənən "Kaspi" yeni nəslin, müstəqil Azərbaycan övladlarının timsalında yaşayır. Bu günün "Kaspi"si çağdaş Azərbaycan insanına xidmət edir.

1999-cu il martın 7-də ilk sayı işıq üzü görən yeni "Kaspi" nə az-nə çox, düz 118 ildən sonra yenidən oxucularının görüşünə gəldi. Çox keçmədi ki, qəzet paytaxt çərçivəsindən çıxıb respublikamızın bütün bölgələrinə yayıldı və maraqla qarşılandı. Qısa müddət ərzində "Kaspi" dövriliyini artırdı. Əvvəllər həftəlik çıxan qəzet, sonra həftədə 3 dəfə, daha sonra gündəlik mətbu orqan kimi fəaliyyət göstərməyə başladı.

10 il bundan öncə ilk sayı işıq üzü görən "Kaspi"nin yeganə iddiası eyniadlı sələfinin ənənələrinə sadiq qalmaq, heç zaman və heç yerdə etik çərçivədən kənara çıxmamaqdır. Düşünürük ki, bu, elə də böyük iddia deyil və yalnız hər bir mətbu orqanın özündə daşımalı olduğu prinsiplərə riayət etmək arzusunu əks etdirir. "Kaspi"nin səhifələrində oxucular onları maraqlandıran yazılarla, operativ informasiyalarla, yeni rubrikalarla mütəmadi tanış ola bildilər.

Yəqin ki, bu sətirləri oxuyan və qəzetimizi daimi izləyən oxucu 10 ildə nələr əldə etdiyimizi bilmək üçün çox da fikirləşməli olmayacaq - "Kaspi"nin istənilən sayını vərəqləmək yetər ki, burada yurnalist etikasının, obyektivliyinin və qərəzsizliyinin hər şeydən uca tutulduğunu dərk edəsən. Buna nail ola bilmişiksə, deməli, 10 ili havaya sovurmamışıq. Buna görə həm də bizi izləyən oxucularımıza minnətdarıq!

Onu da qeyd edək ki, bu illər ərzində qazancımız təkcə oxucu sevgisi olmayıb. "Kaspi" çoxsaylı uğurlar da əldə edib. Qəzetimizin yazarları müxtəlif müsabiqələrin qalibləri olub, mükafatlara, diplomlara, fəxri fərmanlara və s. sahib çıxıblar.

 

Yubiley

 

İnsanlar bəzən yubiley sözündən qorxurlar. Yəni əslində qocalmaqdan qorxurlar. Amma hər hansı mətbu orqanın yubileyini hər cür qorxusuz-hürküsüz, həm də böyük şərəflə qeyd etməyə dəyər. Qəzet yubileyi - jurnalistlərin, texniki heyətin, redaksiya ilə əməkdaşlıq edənlərin, vaxtilə burada çalışan, zəhmət çəkənlərin bayramıdır. Onların isə sırası çoxdur. Qəzetin hazırkı kollektivini sadiqlər adlandırmaq olar. Onların çoxu ömürlərinin 10 ilini bu nəşrə həsr ediblər. Sevincləri də bir olub, kədərləri də.

Baş redaktor Nurəddin Heydərov, baş redaktorun müavinləri İlham Quliyev, Rüstəm Qaraxanlı, müxbirlərdən Azər Nuriyev, Dayandur Sevgin və təbii ki, bu sətirlərin müəllifi... Hərdən zarafatla özümüzə "Kaspi"də qocalanlar" da deyirik. Onlar isnişdikləri, sevdikləri, alışdıqları bu doğma ocaqdan ayrılıb gedə bilmirlər.

Sonrakı illərdə "Kaspi"nin sıralarına qatılan baş redaktorun müavini Salman Vilayətoğlu, jurnalistlərdən Həqiqət İsabalayeva, Zeynəb Əliqızı, Sənan Nəcəfovun... qəzetin oxunaqlı, məzmunlu çıxmasında böyük zəhmətləri var. Redaksiya ilə əməkdaşlıq edən müxbirlərin əməyini də qeyd etmək yerinə düşər. Onların hər birinin oxunaqlı yazıları qəzetin ətrafında müəyyən bir auditoriyanın yaranmasına səbəb olub.

Qəzetin texniki heyətinin zəhməti də ölçüyəgəlməzdir. Operatorlardan Dilbər Əlimədətova, Mərcan Rüstəmova, dizaynerlər Vəfadar Əliyev, İlham İsmayılovun qəzetin hər bir sayının ərsəyə gəlməsində gərgin əməyi var. Bu illər ərzində bizimlə bir sırada olan mühasibimiz, həmişə gülərüz, şən, zarafatcıl Kifayət xanım və redaksiyanın səliqə-səhmanı ilə məşğul olan Gülxanım Abbasovaya da təşəkkürümüzü bildiririk!

Yubiley günündə müxtəlif səbəblərdən kollektivimizin sıralarını tərk edən Araz Ağayev, Ülfət Əhmədova, Ayaz Pirimov, Şəlalə, Elman Babayev, Yalə İsmayıl, Eldəniz Sücəddinoğlu, Rəşad Məmmədov, Əsli İsgəndərovanın da əməyini unuda bilmərik.

Bir həqiqəti də etiraf edək ki, "Kaspi"dən gedənlərin də ürəyi burada qalıb. Bu istiliyi, səmimiyyəti hələm-hələm yerdə görmədiklərini deyirlər. Ona görə də "Kaspi" ilə ünsiyyəti qırmırlar.

"Kaspi"nin rəhbəri Sona Vəliyevanın əməyini isə xüsusi qeyd etmək lazımdır. Gözəl jurnalist, şairə, publisist Sona xanım bizim ən yaxın dostumuz və məsləhətçimizdir. Hər hansı problemdən çıxış yolu axtaranda birinci onun qapısını döyürük. İnsafən, heç vaxt da köməyini əsirgəmir.

Bu bayram günündə dəyərli oxucularımıza da minnətdarlığımızı bildiririk! Oxucusu olmayan qəzet qəzet deyil. "Kaspi" məhz öz oxucularının qəzetidir. Onların isə sayı az deyil - minlərlədir.

Onu da qeyd edim ki, "Kaspi"nin yubileyi Beynəlxalq Qadınlar bayramı ərəfəsinə təsadüf edir. Heç şübhəsiz, redaksiyanın zərif cinsləri üçün bu yubiley ikiqat bayramdır. Hər halda kişi kollektivimiz də bizim xətrimizə bu bayramı belə qəbul edər!

Yubileyiniz mübarək, "Kaspi"çilər!

 

 

Təranə MƏHƏRRƏMOVA 

 

Kaspi.- 2009.- 7-10 mart.- S. 5.