Pensiyaların maliyyələşdirilməsində
heç bir problem olmayacaq
Bankomatların quraşdırılması
üçün rəqabətə ehtiyac var
Ötən il ÜDM-in real
artımı 10,8 faiz, o cümlədən neft sektoru üzrə
7 faiz, qeyri-neft sektoru üzrə isə 15,7 faiz təşkil
edib. İl ərzində əhalinin adambaşına
düşən gəlirləri isə əvvəlki illə
müqayisədə 36,2 faiz artıb və bu gəlirlər
inflyasiyanın səviyyəsini 15,4 faiz üstələyib.
2008-ci ildə Azərbaycanda yoxsulluğun səviyyəsinin
düşməsi də qeydə alınıb. Ümumiyyətlə,
2008-ci ildən başlayaraq dünyanı qlobal maliyyə
böhranı bürüdüyü bir şəraitdə
iqtisadiyyatın bütün sahələrində irimiqyaslı
islahatlar sistemli davam etdirilib. Bunun da sayəsində
böhranın yaratdığı ciddi çətinliklər
ölkədə müşahidə olunmayıb. Bütün
bunlar Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin
artımına öz müsbət təsirini göstərib.
Bu barədə dünən
Pensiya xərcləri 41 faiz artıb
Belə ki, ötən il
fondun gəlirləri 1395,9 milyon manat təşkil edib. Bu isə
2007-ci ilə nisbətən 428 milyon manat və ya 44,2 faiz
çoxdur: "2008-ci ildə məcburi dövlət sosial
sığorta haqları üzrə daxilolmalar 2007-ci ilə
nisbətən 39,4 faiz və ya 271 milyon manat artaraq 958,6 milyon
manat təşkil edib". Ötən müddətdə
qeyri-büdcə təşkilatlarının ödədikləri
məcburi dövlət sosial sığorta haqları da
artıb. Bu məbləğ əvvəlki ilə nisbətən
37,9 faiz və ya 154,7 milyon manat, proqnoza nisbətən isə
20,9 milyon manat çox olub: "Daxilolmaların qeyd olunan səviyyəsi
fondun xərclərinin vaxtında maliyyələşdirilməsinə
imkan verib. 2008-ci ildə Dövlət Sosial Müdafiə
Fondunun xərcləri 1392 milyon manat olub. Hesabat dövründə
pensiya və müavinətlərin maliyyələşdirilməsi
üçün fond tərəfindən 1339 milyon manat vəsait
yönəldilib. Bu da əvvəlki ilə nisbətən 385
milyon manat və ya 40,4 faiz çoxdur". Ölkə
başçısının müvafiq sərəncamları
ilə yaşa görə əmək pensiyasının baza
hissəsi yanvarın birindən 60 manata, sentyabrın birindən
isə 75 manata çatdırılıb. Beləliklə,
pensiyaların baza hissəsi il ərzində 50 faiz
artırılıb: "Eləcə də prezidentin əmək
pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi
ilə bağlı sərəncamına əsasən, əmək
pensiyalarının sığorta hissəsinə 16,7 faizlik
artım tətbiq edilib. Qanunvericiliyə edilmiş dəyişikliyə
uyğun olaraq, əvvəllər əməkhaqqına məhdudiyyət
tətbiq edilməklə hesablanmış əmək
pensiyaları məhdudiyyət götürülməklə
yenidən hesablanıb və orta hesabla 24 manat
artırılıb". Hərbi qulluqçular və
xüsusi rütbəli şəxslərin vəzifə
maaşlarında baş vermiş artımlarla bağlı həmin
şəxslərin pensiyaları orta hesabla 75 manat artıb.
Dövlət qulluqçularının məvaciblərinin
artırılmasına uyğun olaraq göstərilən
kateqoriyadan olan şəxslərin pensiyaları orta hesabla 50
faiz artırılıb. Bütün bunların nəticəsində
2008-ci ildə pensiya xərcləri əvvəlki ilə nisbətən
41 faiz artıb. 379 milyon manat artan xərclər ötən
müddətdə 1306 milyon manat təşkil edib. 2008-ci ilin
sonunda əmək pensiyalarının orta aylıq məbləği
isə 96 manata çatmaqla, ilin əvvəlinə nisbətən
33 manat artıb.
Pensiyaların artımı gözənilmir
2009-cu il üzrə vəziyyətdən
də söz açan S.Müslümov bildirib ki, cari ilin yanvar
və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində
heç bir problem müşahidə olunmayıb: "Həmin
ayların 23-ü tarixinə ay üzrə maliyyələşmələr
tam başa çatdırılıb. Mart ayı üzrə
pensiyaların maliyyələşdirilməsinin də Novruz
bayramınadək başa çatdırılması nəzərdə
tutulur". Sədrin sözlərinə görə,
pensiyaların baza hissəsinin artımı hələlik nəzərdə
tutulmasa da, bu məqsədlə fonda əlavə vəsait yerləşdirilib.
Belə ki, cari ildə qiymətlərin 1,4 faiz
aşağı düşməsi bütün əhali, o
cümlədən pensiyaçıların aldığı vəsaitlərin
real effektivlik əmsalını artırıb. Yalnız
güclü inflyasiya olarsa, nəzərdə tutulan vəsait
istifadə oluna bilər: "Ümumiyyətlə isə
pensiyaların maliyyələşdirilməsində heç
bir problem olmayacaq". S.Müslümov əlavə edib ki,
ölkə başçısının sərəncamı
ilə cari ilin 1 yanvar tarixinə bütün növ əmək
pensiyaları üzrə aylıq pensiya məbləğlərinin
sığorta hissəsi 20,8 faiz artırılıb. Bununla
bağlı 547 min nəfərin əmək pensiyasının
sığorta hissəsinin indeksləşdirilməsi tətbiq
olunub. Bu şəxslərin hər birinin pensiyalarının
artımı orta hesabla 6 manat təşkil edib. Bu artımdan
sonra isə Azərbaycanda orta aylıq pensiyanın məbləği
99 manata çatıb: "Bu məqsədlər
üçün hər ay təqribən 3,2 milyon manat, il ərzində
isə 38,5 milyon manat əlavə vəsait tələb olunur.
Bu vəsaitlər də artıq DSMF-nin büdcəsində
öz əksini tapıb. Bütün bunlar qlobal maliyyə
böhranı şəraitində belə, Azərbaycan
hökumətinin qanunla müəyyən olunmuş sosial
öhdəliklərini uğurla yerinə yetirdiyini bir daha təsdiqləyir".
Əmək pensiyaçıları artıb
S.Müslümov deyib ki, Azərbaycanda
1 yanvar 2009-cu il tarixə olan statistikaya görə, əmək
pensiyası alan şəxslərin sayı 2008-ci ilin əvvəli
ilə müqayisədə çoxalıb. 26 455 nəfər
artan əmək pensiyaçıları 1.275 138 nəfərə
çatıb: "Onlardan 496 788 nəfəri kişi, 778 350 nəfəri
qadındır. Qadınlardan 374 490 nəfəri
çoxuşaqlı anadır. Bundan başqa, əmək
pensiyası alanların arasında dövlət qulluqçusu
kimi pensiya alanların sayı 9241 nəfər təşkil
edir. Ümumilikdə əmək
pensiyaçılarının 125 548-i işləyən
pensiyaçılardır". Hazırda yaşa görə
pensiya alanların sayı isə 835 844 nəfərdir. Əlilliyə
görə əmək pensiyası alanlara gəlincə, bu
şəxslərin sayı 301 661 nəfər təşkil
edir. Onlardan 22 354 nəfəri I qrup, o cümlədən 7644 nəfəri
I qrup gözdən əlillərdir. Əmək zədəsi və
peşə xəstəliyi ilə əmək pensiyası alan
şəxslərin sayı isə 4705 nəfərdən ibarətdir.
Ailə başçısını itirməyə görə
əmək pensiyası alan şəxslərin sayına gəldikdə,
bu göstərici 137 633 nəfərə çatıb.
Onlardan 22-si Azərbaycan Milli Qəhrəmanlarının ailə
üzvləridir.
Fondun fərdi uçot
sistemində fərdi şəxsi hesabı olan
sığortaolunanların sayı da 2008-ci ilin əvvəli ilə
müqayisədə 185 min nəfər artıb. Belə ki,
hazırda fərdi şəxsi hesabı olan
sığortaolunanların sayı 1.516.100 nəfərə
çatıb. Fərdi şəxsi hesabı olanlar arasında
40-50 yaş aralığında sığortaolunanlar
üstünlük təşkil edir. Göstərilən
yaş kateqoriyalarına aid olan sığortaolunanların
sayı 432.763 nəfərdir. Bundan başqa, 30 yaşa kimi
sığortaolunan vətəndaşların sayı 376.257 nəfər,
30-40 yaş aralığında sığortaolunanlar 343.525 nəfər,
50-60 yaş aralığındakılar 261.984 nəfər, 60
yaşdan yuxarı olan sığortaolunanlar isə 101.571 nəfərdən
ibarətdir.
Bankomat problemi
Fond rəhbəri əmək
pensiyalarının plastik kartlarla ödənilməsi prosesindən
də söz açıb: "2008-ci ilin oktyabr ayının
statistikasına əsasən Azərbaycanda ümumilikdə
ödəniş aparılan pensiyaçıların 87
faizinin, yəni 960 min nəfərinin pensiyası plastik
kartlarla ödənilirdisə, hazırda bu göstərici 93
faiz, yəni 1 milyon 30 min nəfər təşkil edir".
Şəhərlərdə yaşayan
pensiyaçıların 100 faizinin, kəndlərdə isə
84 faizinin pensiyaları plastik kartlarla ödənilir: "Bu
göstərici üzrə Azərbaycan bütün dünyada
ən şəffaf praktikaya malik ölkələrdən biri
hesab olunur". Amma bu sahədə problemlər də az deyil.
Belə ki, pensiya ödənişlərinin
avtomatlaşdırılması üçün əlavə
bankomatların quraşdırılmasına ehtiyac var. Bu problem
isə özünü daha çox cənub bölgəsində
büruzə verir. Hazırda Bakı ıə Sumqayıt
istisna olmaqla, ölkənin rayonlarında pensiyaların plastik
kartlarla ödənilməsi üçün 272 bankomat fəaliyyət
göstərir ki, onların da 73-ü kənd və qəsəbələrin
payına düşür. Həmin bankomatların isə 19-u qəsəbələrdə,
54-ü isə böyük kəndlərdədir. Amma
hazırda fond kənd və qəsəbələrdə 70-dən
artıq bankomatın quraşdırılmasına ehtiyac hiss
edir. Bu məqsədlə "Kapitalbank" və Beynəlxalq
Bankla danışıqlar aparan DSMF şəbəkəni
genişləndirmək niyyətindədir. Milli Bankın
artıq Milli Kart Prosessinq Mərkəzinin
yaratdığını da deyən S.Müslümov əksər
bankların həmin mərkəzə qoşulduğunu deyib:
"Yəqin ki, biz növbəti dəfə daha çox
bankı bu prosesə cəlb etməklə bağlı
addımlar atacağıq. Bu da 2010-cu ildə ola bilər. Biz
bu prosesdə rəqabətin olmasını istəyirik". Belə
ki, Beynəlxalq Bankın özünün Prossesinq şirkətinin
olması ona əlavə haqq ödəmədən tender şərtlərində
ən ucuz qiymətləri təklif etmək imkanı verir.
DSMF isə rəqabət olmadığı üçün
tenderin qalibi kimi onu seçmək məcburiyyətində
qalır. Rəqabət üçün isə digər
banklara xidmət edə biləcək əlavə Prosesinq mərkəzlərinin
fəaliyyətinə ehtiyac var: "Yəni artıq ortada qiyməti
diqtə eləyən bir bank olmasın. Bu gün isə biz o
qiymətləri qəbul etməyə məcburuq".
Ümumiyyətlə, fondun
hesablamaları göstərir ki, 5 gün ərzində
pensiyaların ödənişini təmin etmək
üçün 1400 pensiyaçıya 1 bankomat düşməsi
məqsədəuyğundur. Amma əməkhaqlarını
bankomatlardan alanların sayının artması ilə
kontingent xeyli böyüyüb ki, bu da əlavə bankomatlara
olan zərurəti qaçılmaz edir.
DSMF kiçik ödəmələr üzrə sistemə
qoşulur
Fond sədri deyib ki, DSMF
nağd pulun ödənişi zamanı ödəyiciləri
ilə qurumun müfəttişləri arasındakı əlaqəni
də aradan qaldırmaq fikrindədir. Belə ki, fond bundan sonra
yerlərdən topladığı sosial sığorta
haqlarını kiçik ödəmələr üzrə
sistem vasitəsilə əldə edəcək: "Hazırda
bu prosesin üzərində işləyirik. Bu gün torpaq pay
sahiblərindən, fiziki şəxslərdən sosial
sığorta haqları DSMF tərəfindən mədaxil qəbzlərlə
toplanır. Bu sistem çoxlu neqativ hallara şərait
yaradır. Bunu aradan qaldırmaq üçün nəzərdə
tutmuşuq ki, MB-nın yaratdığı kiçik ödmələr
üzrə sistemdən istifadə edək. Bu ilin sonuna qədər
qoşulma prosesini yekunlaşdırmaq fikrindəyik".
S.Müslümov Azərbaycanda
sığorta-pensiya sistemində həyata keçirilən
islahatların növbəti mərhələsini müəyyənləşdirən
"2009-2015-ci illərdə Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramı"ndan danışıb. Proqrama uyğun olaraq hər
il üçün DSMF-də Tədbirlər Planının
hazırlandığını deyən fond rəhbəri qeyd
edib ki, 2009-cu ildə tədbirlər əsas 4 istiqamət
üzrə aparılacaq. Belə ki, cari ildə
sığorta-pensiya sisteminin aktuar modellər əsasında təkmilləşdirilməsi,
məcburi dövlət sosial sığorta sahəsində fəaliyyətin
təkmilləşdirilməsi, əmək pensiyası təminatının
təkmilləşdirilməsi, dövlət sosial
sığorta sistemində fərdi uçotun inkişafı nəzərdə
tutulur. S.Müslümov Dünya Bankı (DB) ilə aparılan
işlərdən də söz açıb. Belə ki, fond
DB ilə "Sosial müdafiənin inkişafı" layihəsinin
reallaşdırılmasına başlayır:
"Sığorta-pensiya sisteminin aktuar modellər əsasında
təkmilləşdirilməsi ümumilikdə ölkəmiz
üçün yeni bir metod olsa da, cari ildən başlayaraq
layihə çərçivəsində nəzərdə
tutulan tədbirlərin əksər hissəsi məhz bu sahəyə
həsr olunacaq". Bu komponent üçün isə təxminən
13 milyon 925 min manat nəzərdə tutulur. Tələb olunan
vəsaitin 51 faizi DSMF, 49 faizi, yəni 6 milyon 823 min dolları
isə DB-nin payına düşür.
HƏQİQƏT
Kaspi.- 2009.- 7-10 mart.- S. 11.