Bizim yığma komanda 

 

Və yaxud geridə qoyduğumuz 10 illik yol

 

Mən bu qəzetdə az müddətdir çalışıram. Bilmirəm niyə baş redaktor bu səhifəni hazırlamağı mənə tapşırdı. Bir onu bilirəm ki, bu yazı ilə mənə ünvanlanan suallara cavab tapmışam. "Nə var mətbuatda?" sualını rişxəndlə ünvanlayanlar yəqin ki, bundan sonra bu səfeh sualı verməzlər. "Kaspi" demokratiyanın, azadlığın nə olduğunu yurnalistə anladan bəlkə də yeganə qəzetdir. Söhbət siyasi baxışlardan getmir. Məhz iş fəaliyyətindəki sərbəstlik, mehribançılıq, zarafatlar nəyə desən dəyər. Elə bir gün olmur ki, kimisə hoydu-hoyduya götürməsinlər, elə bir gün olmur ki, təzə termin eşitməyəsən, elə bir gün olmur ki, gözün yaşaranədək gülməyəsən. Bu, iş üçün stimul verir. İndiyə qədər sizlərlə yazıları ilə görüşə gələnləri bu dəfə başqa ampluada təqdim etmək istədik. Bir az yaxından tanıyın onları. Qəzet İlham Quliyev, Həqiqət, Təranə və Azərin çiyinləri üzərindədir. Süleyman, İlham İsmayılov, Vəfadar, Mərcan və Dilbər olmasa, qəzet işıq üzü görməz. Dayandurla, Zeynəb qəzetimizə oxucu gətirən müəlliflərdilər. Bir "uçeniki"miz, bir mühasibimiz var. Bir də bütün bu ansamblı idarə edən baş redaktor.

 

Mətbuatın "qara oğlanı"

 

Nurəddinlə on ilin dostuyuq. Bu yaxınlarda kəşf elədim onun adını. Həyat tarixçəsini, siyasi fəaliyyətini maraqla izlədiyim çox az insan var. Heç vaxt Çe Gevara ilə maraqlanmamışam, Napoleon da mənim üçün əhəmiyyətli deyil. Amma Taleyran diqqətimi cəlb edib. Otomar Bismarkı həmişə oxumuşam. I Pyotru təhlükəli işğalçı kimi izləməyə məcbur olmuşam. Yəni maraq dairəm bu qədər bəsitdir. Amma Türkiyə tarixinə öz adını qızıl hərflərlə yazdıran Bülənt Ecevitə həmişə simpatiyam olub. Türkiyənin "Qara oğlanı" deyirlər. Balaca, ilk baxışdan sakit, lakin gördüyü işlər... Nurəddin də bizim mətbuatın "qara oğlanı"dır. Fiziki baxımdan da Bülənt Ecevitə oxşayır. Gördüyü işlərdə də. Sakitdir, mehribandır, deyib-güləndir. Amma işə gələndə. Hə, bax oğul istəyirəm işdə onunla "zarafat" etsin. Bir səhvə görə adamın yediyini burnundan gətirər. Qismətdən dizaynerlərlə bir otaqda otururuq. Bir dəfə "İsmayılov" qışqıranda "şəkili"nin düşdüyü halları görmək kifayətdir. Ya plyonka göz qabağında cırılır, ya bir-iki kəlmə söz deyilir. Həyata baxışları qəribədir. Bizim "qara oğlan" bilirsiniz nə deyir? "Mən oxuculara bəzən lazımsız səhifə verdiyimə görə utanıram. Onların qızıl vaxtını cəfəng şeylərlə alıram". Sufizmə meyillidir. Sözü üzə deyəndir. İşinin peşəkarıdır və yaxşı idarəçidir. Nurəddinlə 4 qəzetdə bir yerdə işləmişik. Hamısında redaktorlar diktator olublar. Hərəsi bir cür. Heç anlamadığım bir şey var. Onun işçilərə yaratdığı demokratik şərait hardandır? Nə vaxt istəsən işə gəl, nə vaxt istəsən get. Amma işini gör sonra. İşçilərin ona münasibətini özünüz oxuyun. Tam səmimi deyirəm, onların dedikləri həqiqətdir. Fikir verdinizsə, mən Nurəddin müəllim ifadəsindən yararlanmadım. Bax budur səmimiyyət.

 

Beynəlxalq Azər

 

Qəzetə sırf təsadüf üzündən gəlib. "Azadinform" İA-da maliyyə böhranı yarananda məsləhət görülüb ki, qəzetdə beynəlxalq mövzudan yazsın. 2001-ci ildən "Kaspi"dədir. Redaksiyanın qocamanlarındadır. Azəri redaksiyaya sevdirən çox cəhəti var. Onu tanımayan olsa deyər ki, çox qaraqabaq və acıdildir. İnsanın xasiyyəti ilə fiziki görkəmi arasında tərs mütənasiblik olan Azər kimi tək-tük insan tapılar. Hədsiz zarafatcıl, hazırcavab və mehribandır. Bu yazını hazırlayanda, yəni onunla söhbət edəndə özümü gülməkdən güclə saxlayırdım. Çox ciddi və filosof görkəmi alıb danışır. Elə bil həmin Azər deyil. "Redaksiyanın müsbət cəhətləri hədsiz çoxdur. Qəzet kollektivləri çox görmüşəm, eşitmişəm. Bir sözlə, mətbuatın içindəyik. İntriqalar, xəbər üstündə mübarizə, inciklik... Bizdə belə şey olmayıb. Sivil rəqabət və dostun uğurlarına sevinmək". Azər hesab edir ki, redaksiyada darıxdığı konkret insan yoxdur. Amma hamı redaksiyada olsa, daha yaxşı olar. Hərənin öz yeri var. "Kaspi"dən vaxtilə gedənlərin də öz yeri görünür.

Başına gələn maraqlı hadisələrə gəldikdə... O qədər maraqlı hadisə olub. "Bir dəfə AMİP-ə zəng etdim. Məhərrəm Zülfüqarlı mənə lazım idi. Xanım qız dedi ki, Məhərrəm bəy bibisinin tədbirinə gedib. Mən elə bildim ki, bibisi rəhmətə gedib. Başsağlığı verdim. Telefon xəttində olan qızın gülməyi məni çaşdırdı. Məlum oldu ki, heç kim rəhmətə getməyib və bunun Məhərrəm bəyin bibisinə heç bir aidiyyəti yoxdur. Sadəcə, o, BBC radiosunda bir dəvətdədir və ora tədbirə gedib".

Azərlə çox söhbət etdik. Dərdi açılmışdı. Yaxşı bir işə keçmək istəyindən, iki nazirin məhkəmələrindən hazırladığı reportaylardan, onların qohum-əqrabasının təzyiqlərindən, zarafatlardan danışdıq. Məlum oldu ki, nərddə özünə rəqib axtarır. Sonda əsgərlikdən danışdı. Zarafat deyil, Avropada-Polşada qulluq edib. "Yəqin kef eləmisən" sualını səsləndirmişdim ki, otağa bir əməkdaş daxil oldu (adını çəkməyəcəm). Otağa daxil olan adamı göstərib "belələrinin sayəsində kef eləmişəm"- dedi. İndi gəl gülməkdən özünü saxla. Bax, əsl Azər budur.

 

Bura ansambldır

 

Mətbuata gəlişi təsadüfi olmayıb. Bu onun uşaqlıq həvəsidir. BDU-nun jurnalistika fakültəsinə daxil olmamışdan əvvəl Lənkəran Radio redaksiyasında çalışıb. Diktor olub. Bu, jurnalistikaya həvəs yaradıb. "Arzularımın başlanğıcı oldu. Jurnalistika fantastik aləm təsiri bağışlayırdı. Özümü bu aləmdə görmək istəyirdim". Necə deyərlər, istəyin hara, mənzilin ora. 1998-ci ildən mətbuatdadır. "Hər gün", "Dövran", "Spektr"... "Kaspi"də 2000-ci ildən çalışır. Veterandır. Təranə xanım da hesab edir ki, bu redaksiyanı digərlərindən fərqləndirən cəhət kollektiv arasındakı istilikdir. "Burada işləyənlərin çoxunun getməyə yeri var. Amma biz bura alışmışıq. Səmimiyyət, isti münasibətə çoxları həsəd apara bilər. Təkrarçılıq çıxmasın bir fikri deyəcəm. O insan xoşbəxtdir ki, işdən evə, evdən işə tələsir. Bax, biz o insanlardanıq". Təranə bu qənaətdədir ki, bura bir ansambldır. Bir nəfər işə gəlməyəndə yeri görünür.

Müsahiblərinin sayını itirən jurnalsitlərdəndəndir. Zarafat deyil, on ildir bu qəzetdədir. Belələri yəqin ki, mətbuatda çox az qalıb. Amma bizim Təranəni onlardan fərqləndirən bir cəhət də var. Ola bilsin ki, bu onun təbiətindən gələn bir xüsusiyyətdir. Axı, o romantikdir. Unudulan insanları arayıb-axtaran, onların yubileylərini, doğum günlərini xatırladan Təranə bu bacarığına görə də sevilir. Onun kimi duyğuları sətirlərə məharətlə köçürən jurnalist çətin tapıla. İnanmırsınızsa, Təranənin İçərişəhərlə bağlı yazısını oxuyun. Bu yazıya görə ona "Media açarı" mükafatı da verilib. Hərçənd bu mükafat qəzetin baş redaktoruna bir qonaqlığa başa gəlib, amma yenə də xatırlamağa dəyər.

Uğurları ilə bərabər problemləri də az olmayıb. "Bir dəfə yazımda şəkil səhv getmişdi. Həmin gün redaksiyaya zənglər oldu. Qəzetimizin həssas oxucuları var. Çox narahat olduq". Söhbətimiz əsnasında çox məqamlara toxunduq. Kitab nəşr etmək, korridada iştirak, sağlam olmaq...

Təranənin xətrini bilirsiniz niyə çox istəyirik? O, qəzetimizin yaraşığıdır.

 

Bir Həqiqətimiz var

 

İxtisasca jurnalistdir. Redaksiyada ən sərt, ən uğurlu yazıların müəllifidir. Dediyinə görə, "Kaspi"yə gəlişinin iki səbəbi olub. Birinci səbəb tələbə yoldaşı Təranənin burada çalışması, ikincisi isə daxilən, ruhən özünə yaxın kollektivin olmasıdır. Burada səmimiyyət, sakitlik və peşəkarlıq var. Tərifi xoşlamır, tənqidi fikirləri eşitmək və ondan nəticə çıxarmağın tərəfdarıdır. Çox sərt xarakterlidir, münasibətlərin qurulmasında qarşılıqlı hörmətin olmasını vacib sayır.

İşlədiyi müddətdə maraqlı hadisələrlə rastlaşıb. "Bir dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müsahibə alırdım. Ünvanlı sosial yardımın meyarlarının müəyyən olunması haqda idi. Sualları verdim, cavabları aldım. Yaxşı da müsahibə alındı. Redaksiyaya gələndə gördüm ki, diktofon işləməyib. Daha doğrusu, "batareya"lar qoyulmayıb. Çox ağır duruma düşdüm. Yenidən həmin müsahibimə zəng etdim, vəziyyəti anlatdım. O, anlayan adam oldu. Yenidən dediklərini təkrar etməyə ərinmədi." Amma belələri də olur:

"AZAL-ın mətbuat xidmətinin rəhbəri sərt adamdır. Həmkarlarımız deyirdilər ki, onunla dil tapmaq çətindir. Bir dəfə çox vacib məsələ ilə bağlı onunla əlaqə saxladım. O, nədənsə suallarımı cavablandırdı. Amma açıq-aşkar hiss olunurdu ki, kağızdan oxuyaraq cavab verir. Müsahibənin yarısında məlum oldu ki, diktofonda yenə texniki qüsur yaranıb. Ondan dediklərini bir daha təkrar oxumağı xahiş etdim. Çox sərt reaksiya verdi". Başqa bir hal: "Dövlət Miqrasiya Xidmətinə müsahibə almağa getdim. Sualları verdim. Müsahibim mənə kağız uzatdı və dedi ki, həmin sualın cavabı bu kağızlarda var. Növbəti sualı verdim. Eyni cavabı aldım. Beləcə, davam elədi."

"Ümumiyyətlə müsahibin hazırlıqlı, məlumatlı olmağını yəqin ki, bütün jurnalistlər istər. Bəzən elə olur ki, müsahibim əvəzinə mən danışmışam və onun işi mənim suallarımı təsdiqləmək olub. Faktsız, elmi əsassız inandırmağa çalışan müsahiblərdən uzaq qaçıram" - bu bizim Həqiqətin iş prinsipidir.

Necə varsa, elədir. Həqiqət olduğu kimi görünəndir. Sərtdir, tələbkardır. Amma elə bir o qədər də səmimi və mehribandır.

 

Yaxşı müəllim olardım...

 

Yəqin ki, indi evdən verilən pulu qəzet almağa sərf edən tələbə tapılmaz. O belə tələbələrdən olub. İntellekti və bacarığı özündə cəmləşdirən İlham Quliyev baş redaktorun müavinidir. "Tələbə idim. Dostlarım təklif etdi ki, gəl "Avrasiya" qəzetində işlə. Mən hara, qəzet hara. Amma mətbuata marağım var idi. Evdən yolpulu verirdilər ki, dərsə gedim, çörək pulum olsun. Mən o pulu qəzet almağa sərf edirdim. "Avrasiya"da işimiz uğurlu alınsa da, üç aydan sonra qəzet maliyyə böhranı ilə üzləşdi. Bizi ixtisara saldılar. Mənə pis təsir etdi. "Günaydın" qəzetində bir il çalışdım. Amma orada karyeram uğurlu oldu. Redaktor vəzifəsinə qədər yüksəldim. 1999-cu ilin sonlarından "Kaspi"də külüng çalıram".

İlham redaksiyanın qocamanlarından, ağsaqqallarındandır. Zarafatından, deyib-gülməyindən qalan deyil. O hesab edir ki, Azər Nuriyev olmasa, redaksiyada gülüş azalar. Nədənsə İlhamın həmişə zarafat obyekti Azər olur.

"Karyeram ərzində ən maraqlı yazı bir qrup insanın sosial problemlərinin həlli ilə bağlı hazırladığım məqalə olub. Araşdırma nəticəsində məlum oldu ki, Bakının müxtəlif rayonlarından Abşeron rayonuna verilmiş, heç bir yerə tabeçiliyi olmayan 30 kənd var. Belə çıxırdı ki, təxminən 50 min adamın qeydiyyatı yoxdur. Çox böyük əks-səda doğurdu yazı. Ona görə "Media açarı" aldım. İndi bəzən həmin insanlardan təşəkkürlər alıram".

Qeyd edək ki, İlham Quliyev uzun müddətdir qəzetin Milli Məclisdə akkreditasiya olunmuş təmsilçisidir. "Milli Məclis maraqlı yerdir. Qəzetlərdə görünənlər və TV-də baxdıqlarımız tam deyil. Misal üçün bu yaxınlarda Mədəniyyət məsələləri daimi Komissiyasının TV-lərlə bağlı maraqlı müzakirəsində iştirak etdik. Orada üç jurnalist iştirak edirdi. Biz oradan çıxanda dedik ki, bu iclas mədəni tədbir, tamaşa formasında olsaydı, biletin qiyməti 50 manata satılardı. O qədər düşündürücü və gülməli idi ki. Mən iclasın gedişini dost-tanışa üç gün danışdım".

İlham etiraf edir ki, xüsusi istedadı yoxdur. Uşaq vaxtı şeir, hekayə yazırmış. Mətbuata gələndən sonra bəzi şairləri, yazarları görüb həmin məsələni birdəfəlik bağlayıb. "İndi stolüstü oyunlarda maraqlı rəqib ola bilərəm. Tələbə yoldaşlarımızla səhərə qədər nərd oynadığım yadıma gəlir. İlk şahmat müəllimim olan dayımla səhərə kimi şahmat oynamışıq. O, şagirdin qalib gəlməsini qəbul edə bilmirdi".

İlham ixtisasca müəllimdir. Buna görə hesab edir ki, jurnalist olmasaydı, ondan yaxşı müəllim çıxardı. "Təvəkkül müəllimə münasibətin necədir?" - "O, ziyalıdır". Bu da hazırcavab İlhamın zarafatı. Anlamadınızsa, yazının davamını oxuyun.

 

Müəllim

 

Fikirləşməyin ki, bu redaksiyada hamı müəllim olmaq istəyir. Sadəcə, baş redaktorun müavini Salman Vilayətoğluna Müəllim deyə müraciət edirik. Sözün əsl mənasında bir çoxumuza jurnalistliyi, qələm tutmağı o öyrədib. Düzdür, bəzən ürəyimizdə onu qınayırıq: axı niyə öyrətdin? Öyrətməsəydin, indi daha gəlirli işdə çalışardıq. Salman müəllim isə elə məktəbdəki müəllimlərimiz kimi bizi ümidləndirir: "Darıxmayın, yurnalistika romantikadır, işinizin əvəzi yoxdur".

Lap yadımdan çıxmışdı, bizim gündəlik işlərimizdən biri də Müəllimlə demək olar ki, hər gün mübahisə etməkdir. Bu mübahisələrimiz həqiqət axtarışlarıdır.

 

Macəraçı

 

Rüstəm Qaraxanlını da bir xeyli müddətdir tanıyıram. Müxtəlif qəzetlərdə bir yerdə işləmişik. "Kaspi"də baş redaktorun müavini olaraq qəzetin yükünü çəkənlərdəndir. Macəraçı təqdimatını ona özüm verdim. Hər zaman yeniliklər onun həyatında ayrıca xətlə keçməlidir. Əgər uzun müddət durğunluqdursa, onda Rüstəmdən bu kəlmələri eşidəcəksiniz: "Biz yaşamırıq". Dediyində reallıq var: biz yaşamırıq, biz qəzet çıxardırıq.

 

"Şəkili"

 

Bu redaksiyada hamının ləqəbi var. Dizayner İlhamın ləqəbi "Şəkili"dir. Yəqin ki, səbəbi aydındır. Əgər Şəkidəndirsə, demək hazırcavabdır, şirindildir, kompleksi olmayan birisidir. Bizim İlham da bütün bu xüsusiyyətləri özündə cəmləşdirib.. "İnstitutun axırıncı kursu idi. "Azərbaycan" qəzetində işləyən bir dostum dedi ki, bekara bir iş var. Kağızları şöbədən-şöbəyə aparmalıyam. Razılaşdım. Tələbə adam idim. Daş daşımağa da razı olardım. Kompyuterin heç klaviaturasından xəbərim yox idi. Yavaş-yavaş öyrənməyə başladım. Qəzetdəki dizaynerlər məni öz yerlərinə işlədirdilər. O vaxt onlara nifrət edirdim, indi duaçıyam. Ştatda dəyişiklik oldu, məni o vəzifəyə təyin etdilər". Yəqin ki, bu sözləri kompleksli adam danışmaz. Amma İlhamın heç vecinə də deyil. İşdən çıxmağının səbəbini bilirsiniz necə izah edir? "Qəzetdə buraxdığım səhvlərə görə mitilimi atdılar bayıra. "Kaspi"yə gəldim". "Qəzetdə hansı xoş günlərini xatırlayırsan?" sualımıza İlham "mənim yaddaşım yoxdur. Yadda qalan günləri xartırlamıram"- cavabını verdi. İnanın ki, səmimidir.

İlham qəzetin sütunudur. İlhamın iş yoldaşlarını xarakterizə etməsi də maraqlıdır. İlham iş yoldaşlarının xətrini çox istəyir. Onun əsas hədəfi politoloq Təvəkküldür. İlhamın qənaətinə görə, "Kaspi" qəzeti olmasaydı, Dayandur Dayandur olmazdı. "Təvəkkül yaxşı oğlandır, amma bir eybi var, deyə bilmərəm. Vəfadar ürəyitəmiz oğlandır. Həqiqət xanım sözü üzə deyən, savadlı və istedadlı yurnalistdir. Mərcan xanım xətrini ən çox istədiyim iş yoldaşımdır. Azər simicdir. Baş redaktor gözəl insandır. O, işini qurmağı bacarır". Mən isə öz növbəmdə anlaya bilmirəm ki, öz oğlunun adını yadından çıxardan İlham belə dizaynı necə yaradır.

 

Vəfadar

 

1992-ci ildən mətbuatdadır. İlk dəfə kompyuter vasitəsilə qəzet dizayn edən bax bu oğlandır. Vəfadar "525-ci qəzet"in ilk dizayneri olub. Sonradan "Avrasiya", "Panorama", "Hürriyyət", "Bu gün", "Günaydın", "Üç nöqtə", "Dövran" qəzetlərində çalışıb. İşinə can yandıran, məsuliyyətli birisidir. "Kaspi"nin kollektivi haqda müsbət fikirdədir. "Kollektiv yaxşıdır. Bəziləri olmasa, daha yaxşı olar". Vəfadarın qənaətinə görə, dizayner İlham olmasa, onun yeri görünər. Həmkarlarını xarakterizə edən Vəfadar hesab edir ki, Nurəddin yaxşı idarəçi, İlham Quliyev öz işinin peşəkarı, Təranə biristiqamətli, amma gözəl yazılar yazan yurnalistdir. Təvəkkül peşəkar politoloqdur.

 

50-dən yuxarı

 

Dayandur Sevgin. Qəzetimizə ən çox oxucu gətirən böyük şair. Bu yaxınlarda yubileyini qeyd etmişik. 50 yaşlı həmkarımız poeziya səhifəsinin ustadıdır. Ədəbiyyatda o yenilik yoxdur ki, qəzetimizdə işıqlanmasın. Şeirlərini bəh-bəhlə oxuyuruq. Bəzən bir-birimizə Dayandur müəllimin şeirlərindən sitat gətiririk. Bir sözlə, redaksiyanın sevimlisidir. Məhz onun sayəsində redaksiyanın qapısını Azərbaycanın ünlü şairləri, yazıçıları döyürlər. Ümid edirik ki, qəzetimizin növbəti yubileylərində şairimizin şeirləri dünya ədəbiyyatı antologiyasına daxil ediləcək.

 

Səviyyə başqa şeydir

 

Azərbaycan mətbuatında nadir hadisələrdən biridir. Siyasi elmlər namizədi qəzetə politoloji şərhlər yazır və özünü qəzetin əməkdaşı sayır. Çox mehriban, sadə və şən oğlandır. "Mətbuata gəlişim ətrafımdakı insanların təsiri ilə olub. Onların peşəsinə qibtə edirdim". "Kaspi" onun ilk kollektivi olub. "Məni bu kollektiv cəlb edib. İnstitutda aldığım nəzəri biliklərin, praktikada tətbiqini burada görmüşəm. Qəzetin 8 səhifədən 16-ya, daha sonra 24 səhifəyə keçməsini hadisə adlandırır. Onun fikrincə, qəzetin ayağı sayalıdır. Çox rəsmiyyətcil, geyimində səliqəli, mehriban bir insandır. Ləqəbi var. Amma deməyə utanır.

Redaksiyanın Mərcanı   Bəli, bütün redaksiyanın xətrini çox istədiyi işçimiz varsa, o da Mərcan xanımdır. Sakit, mehriban, gülərüz. İndiyə qədər bir nəfərin ondan narazı qaldığının şahidi olmamışıq. Böyüklə böyükdür, kiçiklə kiçik. Redaksiyada ən çox eşidilən bir cümlə var: "Mərcan xanım, siz olmasanız biz nə edərik?". Doğrudan da belədir. Mərcan xanım, bizə çox lazımsınız.

 

Dilbər

 

Mərcan xanım qədər xətrini istədiyimiz əməkdaşımızdır. Redaksiyanın veteranıdır. İşinin peşəkarı, həmkarlarının sevimlisidir. İşinə məsuliyyətlə yanaşır, narazılıqlardan uzaqdır.

 

Zeynəb

 

Bizim Zeynəb qəzetimizin maraq səhifəsini hazırlayır. Etiraf edirik ki, oxucuların ən çox zəngi də bu səhifə ilə bağlı olur. Savadlı, bacarıqlı yazardır. Hekayələri "Kaspi"nin səhifələrini bəzəyir. Kollektivimizin səmimi olduğunu Zeynəb xanım da təsdiqləyir. O da hesab edir ki, uşaqlar peşəkar və bacarıqlıdırlar. Özü qapalı insan təsiri bağışlasa da, əslində belə deyil. Çox mehriban, gülərüz, çalışqandır.

 

"Uçenik"

 

Vüqar Vəliyev İlham İsmayılovun tələbəsidir. Altı aydır yetişdirir. O, müəllimindən, müəllimi də "uçenik"indən razıdır. Uzun müddət Türkiyədə əmək fəaliyyəti ilə məşğul olan Vüqarın "Kaspi"də yaradılan mühitdən daha çox xoşu gəlir. O, qəzetin əməkdaşlarının işlərinin öhdəsindən peşəkarlıqla gəldiyini deyir. Bu isə onu deməyə əsas verir ki, biz azərilər osmanlı türklərindən bacarığımıza, işə can yandırmağımıza görə irəlidəyik. Vüqar bu qənaətdədir. "Uçenik"in qənaətinə görə, müəllimi işə gəlməyəndə onun yeri görünür. Kaş bütün tələbələr sənin kimi olub, sənin kimi düşünərdi...

 

Süleyman

 

Qəzetimizin yayımına görə ona borcluyuq. Peşəkardır. Ayağa qaldırmadığı qəzet qalmayıb. Zarafatcıl, səmimi, əliaçıq. O qədər əliaçıqdır ki... Qubaya gedəndə Azəri pivəyə qonaq etməsi heç kimin yadından çıxmayıb. Bundan sonra Azərin zarafatları başlayıb, nə başlayıb. Kollektivlə birlikdə İsmayıllı, Şəki səfərlərini xatırlayır. Şəkinin Kiş kəndindəki alban abidəsini ziyarət yəqin ki, Süleymanın heç vaxt yadından çıxamayacaq. O da kollektivi səmimiliyə görə sevir. Uşaqlara məsləhət görür ki, daha maraqlı yazsınlar. Çünki belə olanda onun işi daha uğurlu alınır. Olar, Süleyman müəllim, tək sən qəzetimizi daha çox oxucuya çatdır.

Beləcə, 10 illiyimizi qeyd edirik. Redaksiyanın bu günə gətirib çıxaran, lakin bizimlə bir sırada olmayan həmkarlarımız var. Ülfətin, Arazın, Ayazın, Elmanın, Şəlalənin, Eldənizin, Əslinin, Rəşadın, hərbi xidmətdə olan Aminin haqqını unuda bilmərik. Eləcə də qəzetin internet sayıtının yaradılmasında İsgəndərin rolu danılmazdır. Əziz həmkarlarımız, bu bayramda sizin də haqqınız var. Bayramınız mübarək!

 

 

Sənan NƏCƏFOV

 

Kaspi.- 2009.- 7-10 mart.- S. 12-13.