Mehriban Əliyeva parlamentə "Amnistiya Aktı
haqqında" qanun layihəsi təqdim edib
Qanunverici təşəbbüs 9 min nəfərə
şamil olunacaq
Milli Məclisin
deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
parlamentə "Amnistiya Aktı haqqında" qanun layihəsi
təqdim edib. Bu barədə qəzetimizə Milli Məclisdən
məlumat verildi. Məlumatda bildirilir ki, Milli Məclis qanun
layihəsini martın 17-də müzakirə edəcək.
Amnistiya aktında yüngül cəzalı, cəzasının
bir hissəsini çəkən, şərti cəza alan, cərimə
ilə cəzalandırılan və digər kateqoriyalı
şəxslərin cəzadan azad olunması nəzərdə
tutulur.
"Amnistiya Aktı
haqqında" qanun layihəsinin təxminən 9 min şəxsə
şamil olunacağı bildirilir. 1700 məhbusun isə
birbaşa azadlığa buraxılması
planlaşdırılır.
Heydər Əliyev Fondundan
"Trend News"a bildirilib ki, Amnistiya Aktı layihəsində
böyük ictimai təhlükə törətməyən və
az ağır cinayətlərə görə məhkum
edilmiş qadınların, cinayət törədərkən
18 yaşına çatmayanların, birinci və ikinci qrup əlillərin,
60 yaşına çatmış kişilərin, öhdəsində
yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci
qrup əlil övladı olanların və bəzi digər
kateqoriyadan olan şəxslərin azadlıqdan məhrumetmə
cəzasından azad ediləcəyi nəzərdə tutulur. Həmçinin
azadlıqdan məhrum edilmiş və cəzalarının
bitməsinə bir il qalmış məhkumlara, islah işləri,
ictimai işlər cəzasına məhkum edilmiş
bütün şəxslərə, həmçinin cərimə
cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi
təxirə salınmış, şərti məhkum
edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara
amnistiya tətbiq etməklə onların cəzadan azad
olunmaları təklif olunur.
Xatırladaq ki, bundan əvvəl
parlament Mehriban Əliyevanın 2007-ci ilin mayında təqdim
etdiyi "Amnistiya Aktı haqqında" qanun layihəsini qəbul
edib. Onun tərəfindən irəli sürülmüş həmin
qanunverici təşəbbüs 9 minə yaxın insanı əhatə
edib, onlardan 1500 nəfəri həbsdən azad olunub.
Ölkədə indiyədək
imzalanan 8 Amnistiya Aktı 40 min məhkuma şamil olunub.
1994-cü ildən indiyədək
imzalanmış 45 əfv fərmanı ilə 4858 şəxs
cəzadan azad edilib. Fərmanların 13-ü prezident İlham Əliyev,
32-si isə ümummilli lider Heydər Əliyev tərəfindən
imzalanıb.
İ.QULİYEV
Kaspi.- 2009.- 11 mart.- S. 3.