Lavrov günahı münaqişə tərəflərinin
üstünə atdı
"Problemin nizamlanmasında əsas məsuliyyət
azərbaycanlılarla ermənilərin üzərinə
düşür"
Rusiya xarici işlər
naziri Sergey Lavrovun Bakıya səfəri zamanı informasiya-mədəni
mərkəzin açılışı nəzərdə tutulub.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Açılış mərasimi hər iki ölkənin
XİN rəhbərlərinin iştirakı ilə
keçiriləcək. Səfəri ərəfəsində
"İnterfaks"a müsahibə verən nazir
vurğulayıb ki, rəsmi Bakının Kollektiv Təhlükəsizlik
haqqında Müqavilə Təşkilatının (KTMT)
çərçivəsində kollektiv çevik əməliyyat
qüvvələrinin (KÇƏQ) yaradılması ilə
bağlı narahatlığına əsas yoxdur. Nazir
vurğulayıb ki, yaradılan qüvvələr, məsələn,
NATO çevik reaksiya qüvvələrindən fərqli olaraq
öz fəaliyyətini yalnız KTMT-yə daxil olan dövlətin
ərazisində həyata keçirməyə yönəlib:
"Onların tətbiqi barədə qərar təşkilat
üzvü olan ölkələrin prezidentləri tərəfindən
yekdilliklə qəbul edilir".
Nazir onu da qeyd edib ki,
Qarabağ münaqişəsi məsələsində Rusiya
münaqişə iştirakçılarına kənardan
hansısa reseptin zorla qəbul etdirilməsinin əleyhinədir:
"Biz ona əsaslanırıq ki, bu problemin nizamlanması
işində əsas məsuliyyət azərbaycanlıların
və ermənilərin özlərinin üzərinə
düşür. Rusiya maraqlı tərəfləri qane edəcək
kompromis razılaşmanı dəstəkləməyə və
bu razılaşma əldə olunduğu halda nizamlanmanın
qarantı kimi çıxış etməyə
hazırdır". S.Lavrov həmçinin hesab edir ki, Moskva bəyannaməsi
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına
yardım göstərə bilər: "Bu sənəd
mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və
Ermənistan liderləri siyasi nizamlanmanın
razılaşdırılmasının başa
çatdırılması məqsədilə yüksək səviyyədə
ikitərəfli görüşlərini davam etdirmək niyyətlərini
və buna hazır olduqlarını bildiriblər". Onun
sözlərinə görə, üçtərəfli
görüşün yekunlarının həmin ilin
dekabrında Helsinkidə ATƏT-in Xarici İşlər Nazirləri
Şurasının iclasında güclü dəstək
alması təsadüfü deyil. "Hələ ATƏT-in
Minsk qrupunun həmsədrləri bu iclasda Azərbaycan və
Ermənistanın xarici işlər nazirlərinə Moskva Bəyannaməsinin
müddəalarının inkişafında tərəflərin
mövqelərinin yaxınlaşmasına dair əlavə təkliflərini
də veriblər. Moskva Bəyannaməsinin imzalanmasından
sonrakı üç aydan az vaxtda Azərbaycan və Ermənistan
prezidentlərinin bu yaxınlarda Sürixdə növbəti
görüşünün keçirilməsi faktı göstərir
ki, sənəd artıq nizamlanmanın xeyrinə işləyir"
- deyə nazir vurğulayıb.
Rusiyalı nazir bir daha
bildirib ki, Rusiyanın Ermənistana silah və hərbi texnika
verməsi barədə məlumat həqiqətəuyğun
deyil: "İnformasiya təxribatından başqa bir şey
olmayan bu nəşrin Azərbaycanda öz
"ünvanlarını" belə asanlıqla
tapmasından təəssüf edirik. Hər hansı əlavə
araşdırmanın aparılmasına ehtiyac olduğunu
düşünmürəm. Çünki Rusiya tərəfinin
diplomatik kanallar vasitəsilə verdiyi bütün bəyanatlar
faktlara və Rusiya hərbi rəhbərliyinin heç bir
şübhə yeri qoymayan nəticələrinə əsaslanır.
Bakı və Yerevan arasında münasibətlərin mürəkkəbliyini
nəzərə alaraq Azərbaycan tərəfinin bu
mövzuya diqqətlə yanaşması bizə
aydındır. Eyni zamanda əminik ki, Rusiya və Azərbaycan
bu cür saxtalıqların bizə strateyi tərəfdaşlığımızı
inkişaf etdirməyə mane ola bilməməsi
üçün kifayət qədər
qarşılıqlı etimad ehtiyatına malikdir".
Qeyd edək ki,
rusiyalı nazir bu gün Bakıya gəlir. Rusiya XİN-in rəsmi
nümayəndəsi Andrey Nesterenko "RİA Novosti"yə
bildirib ki, səfərin əsas məqamı S.Lavrovun prezident
İlham Əliyevlə görüşü olacaq: "Rusiya tərəfi
ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq
gündəlikdə duran məsələlərlə
bağlı Azərbaycan rəhbərliyi ilə təmaslara
xüsusi əhəmiyyət verir". A.Nesterenko S.Lavrovun həmkarı
Elmar Məmmədyarovla keçirəcəyi görüşdə
həm ikitərəfli münasibətlərin, həm də
regional və beynəlxalq vəziyyətin müxtəlif
aspektlərinin müzakirə olunacağını söyləyib:
"Nazirlər BMT, MDB və digər beynəlxalq strukturlarda əməkdaşlığın
dərinləşdirilməsi imkanları ətrafında fikir
mübadiləsi aparacaqlar. Rusiya Qafqazda bizim vacib strateyi tərəfdaşımız
olan Azərbaycanla münasibətlərini hörmət, etimad
və qarşılıqlı anlayış əsasında
qurur. Biz Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana keçən
il iyulun 3-4-də həyata keçirilmiş rəsmi səfəri
zamanı imzalanmış dostluq və strateyi tərəfdaşlıq
haqqında Bəyannamənin bəndlərinə uyğun
olaraq ikitərəfli münasibətləri inkişaf etdirməyi
davam etdirmək niyyətindəyik".
Bakıda müzakirə
olunacaq məsələlərə dair sualı cavablandıran
A.Nesterenko bəyan edib ki, əsas diqqət Xəzəryanı
ölkələrin 3-cü sammitinə hazırlıq
kontekstində Xəzərin hüquqi statusu probleminə
ayrılacaq: "Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi,
Xəzərdə təhlükəsizliyin təmin olunmasında
çoxtərəfli mexanizmin və Xəzər İqtisadi Əməkdaşlıq
Təşkilatının yaradılması məsələlərində
azərbaycanlı tərəfdaşlarımızla ciddi
qarşılıqlı anlayışa doğru irəliləyəcəyimizə
ümid edirik".
Azər NURİYEV
Kaspi.- 2009.- 11 mart.- S. 4.