"Diqqət real gəlirlərin
sabit qalmasına yönəldilməlidir"
Hadı Rəcəbli: "Dünyadakı maliyyə
böhranı Azərbaycan üçün kataklizm
yaratmayacaq"
Dünyadakı
qlobal iqtisadi böhran, neftin qiymətinin kəskin şəkildə
ucuzlaşması şəraitində sosial tədbirlərə
ehtiyac daha da artıb. Bu baxımdan, parlamentin Sosial siyasət
daimi komissiyası tərəfindən qəbulu
planlaşdırılan qanun layihələri maraq doğurur.
Daimi komissiyanın sədri Hadı Rəcəbli
ilə söhbətimizdə də maraq doğuran bir sıra məsələlərə
aydınlıq gətirməyə çalışdıq.
- Hadı müəllim, bir müddət öncə rəhbərlik etdiyiniz komissiyanın iclasında keçirilən müzakirələr zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirdi ki, təmsilçisi olduğu dövlət qurumu tərəfindən yaxın gələcəkdə sosial sfera ilə bağlı qanunları özündə əks etdirən Sosial Məcəllə hazırlanaraq parlamentə göndəriləcək. Bir komissiya sədri olaraq, necə hesab edirsiniz, belə bir məcəllənin qəbuluna, doğrudanmı, ehtiyac var?
- Qeyd edim ki, Sosial Məcəllənin hazırlanması ilə bağlı məsələ bizim daimi komissiyanın çoxdan bəri gündəmində var. Eyni zamanda, biz səhiyyə ilə bağlı qanunvericilik aktlarını özündə ehtiva edən Səhiyyə Məcəlləsinin hazırlanmasını da nəzərdə tuturuq. Lakin bu məcəllələrin hazırlanması böyük zaman tələb edir, uzunmüddətli prosesdir. Bunun üçün inanmıram ki, biz bu sessiya, ümumiyyətlə, üçüncü çağırış dövründəki sessiyalar ərzində həmin məcəllə layihələrinin müzakirələrə çıxarılmasına və qəbuluna nail ola bilək. Bununla belə, hər iki məcəllə gündəlikdədir və onlar perspektivə hesablanıblar. Hesab edirik ki, ölkədə hər iki məcəlləyə ehtiyac var və zamanı yetişəndə bu ehtiyac ödənilməlidir.
- Yeri gəlmişkən,
parlamentin yaz sessiyasının gündəliyinə salınan
məsələlər sırasında Rəqabət Məcəlləsinin
üçüncü oxunuşu da var. Sizcə ətrafında
iki ildən artıq müzakirələr gedən və iki
oxunuşdan keçən bu məcəlləni nəhayət,
bu sessiyada qəbul etmək mümkün olacaqmı?
- Biz də hesab edirik ki, belə bir məcəllənin qəbuluna ehtiyac var. Qeyd edim ki, bu məcəllə artıq iki oxunuşdan keçirilərək üçüncü oxunuşa tövsiyə olunub və onun üçüncü oxunuşda qəbulu gözlənilir. İnanıram ki, biz bu məcəllənin üçüncü oxunuşda və bütövlükdə qəbuluna da nail ola biləcəyik. Eyni zamanda, bu məcəllənin qəbulu ölkədə bəziləri tərəfindən yaradılan süni monopoliya elementlərinin qarşısının alınmasında öz müsbət təsirini göstərəcək. Ümumiyyətlə, süni monopoliya elementləri Azərbaycanda görülən bütün mütərəqqi işlərə, proqressiv addımlara ləkə gətirən bir məsələdir. Onu da bildirim ki, bu kimi hallara qarşı mübarizə aparılır və onlar öz nəticəsini verir. Lakin bir məsələni də qeyd edim ki, bunun obyektiv tərəfləri də var. Məsələn, tutaq ki, ölkədə bir sement zavodu var, qiyməti də bazara bu zavod özü diqtə edir. Ona görə belə halların qarşısını almaq üçün bazarı bir qədər də genişləndirmək, məhsulların bazara daxil olmasına daha əlverişli şərait yaratmaq lazımdır. Bütövlükdə isə əsas diqqət ona yönəldilməlidir ki, Azərbaycanda real gəlirlər sabit qalsın. Real gəlirin pozulmasına nə xidmət edir? İlk növbədə manatın devalvasiyası, inflasiya, qiymətlərin süni şəkildə bahalaşması və sair hallar real gəlirin azalmasına gətirib çıxara bilər. Odur ki, real gəlirin sabit qalması, azalmaması üçün ölkədə ardıcıl işlər aparılmalıdır...
- Bu istiqamətdə daha hansı
addımların atılmasına ehtiyac var?
- Real gəlirin sabit
qalması, azalmaması üçün "Ərzaq təhlükəsizliyi
haqqında" qanunun qəbuluna zəruri ehtiyac var. Parlamentin
Aqrar siyasət daimi komissiyası tərəfindən artıq
bu yöndə müvafiq qanunvericilik aktının
hazırlanması nəzərdə tutulur. Onu da
nəzərinizə çatdırım ki, Azərbaycanda ərzaq
təhlükəsizliyinin təmin olunması ilə
bağlı dövlət başçımızın
imzaladığı sərəncam var. İstər bu yöndə
hazırlanması nəzərdə tutulan qanun, istərsə
də dövlət başçımızın
imzaladığı sərəncam bu məsələdə
çox müsbət rol oynaya bilər. Ümumiyyətlə,
qanunlarımız gərək o qədər dəqiq ola ki,
onlarda o dərəcədə boşluqlar olmaya ki, məmur
özbaşınalığına yer qalmasın. Bizim bəlalarımızın
biri də elə məmur
özbaşınlığıdır. Gərək məmur
özbaşınalığına qarşı biz
hamımız - mətbuat, bütün ictimai-siyasi qüvvələr,
bütövlükdə ictimaiyyət ciddi mübarizə
aparaq. Məmurlar da digər kateqoriyadan olan insanlar kimi qanunlara
birmənalı riayət etməlidirlər. Məmurlar qanunlar
çərçivəsində hərəkət etməlidirlər,
qanunların qulu olmalıdırlar. Bu onların birbaşa borcu
və vəzifəsidir.
- Elə qanunlar var ki,
onların qəbulu illərlə, bəlkə də onillərlə
uzanır. Buna misal olaraq "Təhsil haqqında"
qanun layihəsini, Rəqabət Məcəlləsini, digər
qanunvericilik aktlarını göstərmək olar. Sizcə bu
yubanmanın qanunayaradıcılığı
baxımından əhəmiyyəti varmı?
- Bilirsiniz, bu cür hallardan qorxmaq lazım deyil. Biz bir sıra qanunların, məcəllələrin qəbulunu nə qədər uzatsaq, bir o qədər xeyirlidir. Bu yubanmanın bizə heç bir ziyanı yoxdur. Ümumiyyətlə, bu və ya digər qanunlarda hansı müddəalar işləmirsə, onları bir ildən, iki ildən sonra yenidən təkrarən işləməli və dəyişməliyik. Yəni burada əsas olan müsbətə doğru addım atmaqdır. Belə hallardan çəkinmək, narahat olmaq lazım deyil.
- Məqamı düşmüşkən, neçə illərdir gəlir bəyannamələrinin təqdim edilməsi təxirə salınır.
- Gəlir bəyannamələrinin tələb olunmasında tələsmək lazım deyil. Türkiyənin mərhum prezidenti Turqut Özalın məşhur bir özəlləşdirmə - ona bəzən də "ozallaşdırma" deyilir, proqramı olub. Bu proqram bir vaxtlar sözün yaxşı mənasında Türkiyədə əsl iqtisadi inqilaba gətirib çıxardı. O zaman Turqut Özal elan etdi ki, dünyada olan bütün türklər konkret sahəyə, məsələn, turizmin inkişafına maliyyə yatırımı qoyarlarsa, onların heç birindən gəlir bəyannaməsi tələb olunmayacaq. Bu azmış kimi, onlar vergidən azad olunacaq, onlar üçün müvafiq infrastruktur yaradılacaq. Bugünkü Türkiyə məhz həmin dəstəyin hesabına inkişaf mərhələsinə qədəm qoydu. Biz də bu təcrübədən yararlanmalıyıq. Ancaq bəziləri bu təcrübədən yararlanmaq əvəzinə, deyirlər ki, gəlir bəyannaməsi təqdim edin. Belə olarsa, təbii ki, müəyyən işlər görmək istəyən insanlar xaricə - elə Türkiyəyə, Qazaxıstana üz tutacaq, orada iş quracaqlar. Mənim fikrimcə, biz bu ərəfədə daha çox Azərbaycanda qazanılan bütün vəsaitlərin ölkədə yeni iş yerlərinin yaradılmasına yönəlməsinə, bazarda qiymətlərin aşağı salınmasına, istehsalın artımına istiqamətləndirilməsinə çılışmalıyıq. Yəni elə etməliyik ki, pullu insanlarımız vəsaitlərini ölkədən kənara çıxarmasınlar. Bu gün bu məsələ çox vacibdir. Dünyadakı maliyyə böhranı onsuz da bütün ölkələrdə nağd pula tələbatı artırıb. Amma ola bilər ki, haradasa beş ildən, on ildən sonra gəlir bəyannamələrinin tələb olunmasına başlaya bilərik.
- Son olaraq bir məsələyə
də münasibətinizi bilmək istərdik. Deputat həmkarlarınızın
bəziləri dünyada neftin qiymətinin kəskin şəkildə
ucuzlaşması ilə əlaqədar 2009-cu ilin dövlət
büdcəsinə düzəlişlər edilməsi təklifi
ilə çıxış edirlər. Bəs, siz bu haqda nə
düşünürsünüz?
- Mən parlamentdəki
büdcə müzakirələri zamanı
çıxışlarımda demişəm ki,
dünyadakı maliyyə böhranı Azərbaycandan da yan
keçməyəcək. Əlbəttə, bu proses Azərbaycan
üçün kataklizm yaratmayacaq. Çünki
böhranın təsirinin minimuma endirilməsi
üçün dövlət tərəfindən müəyyən
işlər görülür. Ancaq bu böhran Azərbaycanda
da həm yaxşı mənada, həm də pis mənada
müəyyən qədər hiss olunacaq. Artıq bunu
insanlarımız da hiss etməyə başlayıb. Məsələn,
özünüz də görürsünüz ki, son vaxtlar
bazarda metal məhsulları və taxtanın qiyməti
aşağı düşüb. Lakin bununla yanaşı, bu
gün sahibkarların alıcılıq qabiliyyəti
azalıb. Təbii ki, bu, ticarət sektorunda
çalışanlara mənfi təsir edir. Dünyadakı
iqtisadi böhran davam etdikcə bu kimi hallar ola bilər və
olacaq. Ancaq bu məsələ daim bizim diqqətimizdə,
gündəmizdədir. Hesab edirəm ki, mayın
axırları - iyunun əvvəllərində ölkə
büdcəsinə parlamentdə yenidən baxıla bilər və
bu, gözləniləndir. Ola bilər ki, bu zaman biz büdcənin
profisitini yox, defisitini müzakirə etdik. Bu da
mümkündür. Yəni neft gəlirlərinin
azalması dolayı yolla büdcəyə təsir edir. Əslində, neftin qiymətinin ucuzlaşması Azərbaycan
büdcəsinin formalaşmasına birbaşa təsir etmir.
Çünki bizim Dövlət Neft Fondunda kifayət
qədər ehtiyatımız var. Büdcəyə transfert də
məhz fondun vəsaitlərindən olacaq. Amma dövlət
büdcəsinin yenidən müzakirə olunmasında
heç bir problem yoxdur, ola da bilməz.
İlham QULİYEV
Kaspi.- 2009.-11 mart.- S. 5.