"Məqsədimiz Əsas Qanunu daha da təkmilləşdirməkdir" 

 

Əli Əhmədov: "Xalq müxalifətin çağırışlarını dəstəkləməyəcək"

 

Konstitusiyaya dəyişikliklər xalqın iradəsinə hər hansı məhdudiyyətin qoyulmamasını nəzərdə tutur. Xalqın iradəsinə qarşı çıxmaq qeyri-demokratik təfəkkürün nümunəsidir. Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Əli Əhmədov deyib. O, YAP-ın saytına müsahibəsində bildirib ki, Konstitusiyaya əlavə və dəyişikliklərin olunmasında əsas məqsəd vətəndaşların hüquq və azadlıqları sisteminin daha etibarlı müdafiəsi istiqamətində addımlar atmaq və bütün bunların zəminində Azərbaycanın həyatının bütün sahələrinin gələcək inkişafı üçün şərait yaratmaqdır:

- Hər bir təşəbbüs irəli sürülərkən bu təşəbbüsün faydalı tərəfləri mütləq şəkildə ölçülüb-biçilir və fayda olacaqsa, onda həmin təşəbbüs irəli sürülür. YAP Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar təşəbbüs irəli sürərkən, hər şeydən əvvəl Azərbaycanın Konstitusiyasını və Konstitusiyada müəyyənləşdirilmiş hüquqi normalarının ölkəmizin bugünkü inkişafına maksimum dərəcədə uyğunlaşdırılması prinsiplərindən və istəyindən çıxış edib. Biz hesab edirik ki, istənilən qanunvericilik bazası cəmiyyətdəki ictimai münasibətləri daha yaxşı təkmilləşdirmək funksiyası kimi bir vəzifəni yerinə yetirir və ictimai münasibətlərin təkmilləşdirilməsi bütövlükdə cəmiyyətin inkişafını təmin edən çox vacib amillərdən biridir. Bu mənada Konstitusiyanın bu və ya digər müəddalarının təkmilləşdirilməsi məqsədilə Azərbaycanın Əsas Qanununa bəzi düzəlişlərin təklif edilməsində məqsəd ictimai münasibətlər sferasının təkmilləşdirilməsi zəminində və əsasında ölkənin inkişafına daha da təkan verməkdən ibarət olmuşdur. Azərbaycanın Konstitusiyası 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Milli Konstitusiyasıdır. Azərbaycanda 1995-ci ildən bu yana həyatın bütün sahələrində - istər iqtisadiyyat, istər sosial sfera, istər demokratiya, istərsə də beynəlxalq münasibətlər sahələrində böyük inkişaf yolu keçib. Azərbaycan əhəmiyyətli dərəcədə dəyişib, ölkəmizin iqtisadiyyatı çox böyük inkişaf mərhələsi keçərək, güclü iqtisadiyyata çevrilib. Və bütün bunların hamısı Azərbaycanın Konstitusiyasının bir sıra müddəlarının həyatımızın inkişafına uyğunlaşdırılması və bu uyğunlaşdırma zəminində inkişafın gələcək gedişinə təkan verilməsi kimi vacib tələbi irəliyə sürür. Bu tələblərdən çıxış edərək, YAP Azərbaycanın Əsas Qanununa bir sıra dəyişikliklərin edilməsi təşəbbüsünü irəli sürüb. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan parlamenti YAP-ın bu təşəbbüsünü birmənalı şəkildə dəstəklədi. Eyni məmnunluq hissi ilə mən Azərbaycan vətəndaşlarının da Konstitusiyaya təklif edilən dəyişiklikləri qətiyyətlə dəstəklədiklərini deyə bilərəm. Ən azından bu fikri demək üçün mən YAP-ın çoxlu sayda təşviqatçısının Azərbaycanın bütün bölgələrində keçirdiyi görüşlərə istinad edirəm. Çünki bu görüşlərdə insanlar birmənalı şəkildə öz dəstəklərini ifadə edirlər. Beləliklə, bizim niyyətimiz tamamilə aydındır. Məqsədimiz Azərbaycanın Əsas Qanununu daha da təkmilləşdirmək, vətəndaşların hüquq və azadlıqları sisteminin daha etibarlı müdafiəsi istiqamətində addımlar atmaq və bütün bunların zəminində Azərbaycanın həyatının bütün sahələrinin gələcək inkişafı üçün şərait yaratmaqdır.

- Son prezident seçkiləri kampaniyası zamanı ölkə vətəndaşları bir sıra təkliflərlə çıxış ediblər ki, həmin təkliflərin bir hissəsi bu gün referenduma çıxarılıb. Bu mənada, prezident seçkiləri Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar referendumun keçirilməsinə nə dərəcədə təsir göstərdi?

- Bilirsiniz ki, Azərbaycan Konstitusiyasının 29 maddəsinə əlavə və dəyişikliklər təklif olunur. Əlbəttə, bunların bir neçəsi texniki xarakterlidirsə, böyük əksəriyyəti yuxarıda qeyd etdiyim ictimai tənzimləmə sferasına aiddir. Bu düzəlişlər insanların hüquq və azadlıqları sisteminin daha səmərəli və etibarlı şəkildə qorunması, Azərbaycanın Konstitusiyasının əsaslarının möhkəmləndirilməsi və s. əlaqədardır. Bundan savayı, Azərbaycan Konstitusiyasına təklif edilən düzəlişlərdən biri də 101-ci maddənin 5-ci bəndi ilə bağlıdır ki, həmin təklifin mahiyyəti Azərbaycanda bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhduiyyətin aradan qaldırılmasından ibarətdir. Belə bir təklifin meydana gəlməsi və təşəbbüsün irəli sürülməsi birmənalı şəkildə Azərbaycan vətəndaşlarının seçim imkanlarının genişləndirilməsi, bir az da dəqiq ifadə etsəm, seçicilərin seçmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırması ilə əlaqədardır.

Məsələ burasındadır ki, Azərbaycanın müstəqillik tarixi birmənalı şəkildə belə bir həqiqəti ortaya qoyub ki, Azərbaycanın inkişafına, dövlət maraqlarının ən səmərəli və etibarlı şəkildə qorunmasına təminat verə biləcək faktor şəxsiyyət faktoru ilə bilavasitə əlaqədardır və bu mənada liderə ictimai inamın və etibarın yüksək olması, ölkənin inkişaf etməsi üçün qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi və bütövlükdə milli maraqların təmin edilməsi üçün ən etibarlı və vacib şərtlərdən biridir. Azərbaycanın 1990-cı illərdən bu yana olan tarixi birmənalı şəkildə göstərir ki, insanların etibar etdiyi lider o lider ola bilər ki, o insanların etibarını qazanmaq qüdrətinə sahib olsun və insanların etibarını qazanmaq üçün səylər göstərmiş olsun. Bu cür keyfiyyətlərə malik olmayan lider təbiidir ki, insanlar tərəfindən inamla qarşılanmayacaq. İnsanların inanmadığı liderin isə Azərbaycanın qarşısında duran vəzifələrin həll edilməsi və yaxud milli maraqların təmin edilməsi istiqamətində səmərəli fəaliyyət göstərməsi mümkün deyil. Bütün bunların hamısı insanların seçim hüquqlarının hər hansı bir məhdudiyyət olmadan həyata keçirilməsinə imkan yaradılmasını tələb edir. Azərbaycanın mövcud müasir Konstitusiyasında müəyyənləşdirilmiş norma insanların seçmək imkanlarına məhdudiyyət qoyub. Bu məhdudiyyət bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməməsi şəklində özünü büruzə verib. Amma əslində, bu, konkret bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətdən daha çox insanların seçmək hüququna qoyulan məhdudiyyətdir.

Mən istərdim ki, bu gün Azərbaycanın Konstitusiyasına edilən dəyişikliklərin mahiyyətini təhrif edənlər məsələnin bu aspektinə fikir verməyə çalışsınlar. Bu, hansısa şəxsin iki dəfədən artıq prezident seçilməsi imkanlarının təmin edilməsi yox, xalqın seçmək hüququnun təmin edilməsindən savayı bir şey deyil. Yəni xalq kimi prezident görmək istəyirsə, kimin Azərbaycanın maraqlarına uyğun fəaliyyət göstərmək parametrlərinə malik olduğunu qəbul edirsə, bu iradəsini ifadə etmək imkanına malik olmalıdır. Bu təklifin meydana gəlməsinin başlıca səbəblərindən biri bundan ibarətdir və hesab edirəm ki, belə bir təklifin irəli sürülməsi bəzilərinin dediyi kimi, demokratiyanın məhdudlaşdırılması anlamı ilə uyğun gəlmir. Çünki insanların iradəsinin ifadəsindən savayı daha bariz şəkildə özünü ifadə edən demokratiyanı təsəvvür etmək mümkün deyil. Məsələnin ikinci tərəfi isə bundadır ki, bayaq qeyd etdiyim kimi, Azərbaycanın son 15 ilinin tarixi onu göstərir ki, ölkənin inkişafının əsas hərəkətverici qüvvəsi rolunu yalnız insanların etibar elədiyi, inandığı şəxsiyyətlər oynaya bilərlər.

Bu gün Azərbaycan reallıqlarından çıxış edərək qeyd etmək lazımdır ki, prezident İlham Əliyev insanların birmənalı şəkildə inandığı və etibar etdiyi liderdir. Və belə olan halda bayaq dediyim məhdudiyyətin mövcud olması onun namizədliyini irəli sürmək imkanlarını məhdudlaşdırır. Bununla da ölkənin inkişaf ehtiyacları ilə formal konstitutusion normalar arasında ziddiyyət yaranmış olur. Xalq ölkənin inkişaf etməsini, milli maraqların təmin olunmasını inandığı liderin fəaliyyətində görüb, ona növbəti etimadını göstərmək istəyir. Amma Konstitusiya bu iradənin ifadəsini məhdudlaşdırır və beləliklə, cəmiyyətin, ölkənin inkişafı ehtiyacları formal konstitutusion normalarla ziddiyyətə girmiş olur.

Biz ölkənin inkişafının təmin edilməsi naminə bu ziddiyyətin aradan qaldırılması təşəbbüsünü irəli sürmüşük. Təşəbbüsümüzün mahiyyəti ondan ibarətdir ki, bir yandan insanlar öz iradələrini heç bir məhduddiyyət olmadan istifadə etmək imkanı qazanmış olsun, ikinci bir yandan isə cəmiyyətin inkişafı ehtiyacları təmin edilmiş olsun. Prezident seçkiləri zamanı biz bu cür fikirləri və çağırışları insanların dilindən dəfələrlə eşitmişik. Azərbaycanın bütün bölgələrində prezident seçkiləri ilə əlaqədar keçirilən təşviqat kampaniyalarında insanlar birmənalı şəkildə bu çağırışları edirdilər və təbiidir ki, YAP-nın təşəbbüsünün irəli sürülməsində onlar böyük rol oynayıb. Mənbə oradan qaynaqlanır və mən belə hesab edirəm ki, Konstitusiya dəyişikliyinin bu qədər dəstəklənməsinin əsas səbəbi də bu təklifin prinsip etibarilə xalqın özündən gəlməsidir.

- Əli müəllim, Konstitusiya dəyişikliklərinin əleyhinə çıxan müxalifət partiyaları 101-ci maddənin 5-ci bəndinə təklif edilən dəyişikliklə bağlı ictimai rəyi çaşdırmağa çalışırlar. Onlar iddia edirlər ki, guya bu dəyişiklikdən sonra ölkədə monarxiya qurulacaq.

- Azərbaycanın Konstitusiyasına təklif olunan dəyişiliklərin və konkret olaraq 101-ci maddənin 5-ci bəndinə olan dəyişikliyin Azərbaycanda guya monarxiya qurulması və ömürlük prezident institutunun yaradılması kimi cəmiyyətə təqdim edilməsi qədər bu kampaniyaya bəsit münasibətin ifadəsini təsəvvür etmək mümkün deyil. Mən heç də demək istəmirəm ki, bu cür təhriflərin müəllifi olanların hamısı monarxiyanın və ya ömürlük prezident institutunun nədən ibarət olduğunu bilmirlər. Onların bəziləri bunu bilməsələr də, digərləri bilir. Lakin heç bir məsuliyyət hiss etmədən, utanıb-çəkinmədən insanları aldatmağa cəhdlər göstərirlər. Belə düşünmürəm ki, monarxiya və ya ömürlük prezidentlik anlayışları barədə geniş açıqlama verilməsinə ehtiyac var. Bəs müxalifət niyə belə təhriflərə yol verir? Məsələ burasındadır ki, yenə də Azərbaycan tarixinin ortaya qoyduğu nümunə bundan ibarətdir ki, Azərbaycanda indiki müxalifət hakimiyyət uğrunda azad, demokratik mübarizə aparmaq vərdişlərinə sahib deyil. Məncə, onlarda buna istək də yoxdur. Əgər bir az da diqqətlə təhlil etsək, aydın olar ki, Azərbaycan müxalifəti sadəcə, fürsətin yetişməsini istəyir ki, bu fürsətdən istifadə edərək hakimiyyəti zəbt istəyini həyata keçirsin. 1992-ci ildə onların hakimiyyətə gəlmə praktikası bu fikri söyləməyə əsaslar verir. Digər bir məsələ - 2003-cü ilin prezident seçkiləri kampaniyası ərəfəsində Azərbaycan müxalifətinin özünü qəribə aparması da bunu deməyə əsas verir. Əgər xatırlayırsınızsa, onların seçki taktikasında "X" günü anlayışı həlledici yer tuturdu. Heydər Əliyevin fiziki cəhətdən prezident seçkilərində iştirak etməməsini müxalifət öz qələbəsinin əsas şərti hesab edirdi. Düşünürdülər ki, onlar seçki mübarizəsi meydanında rəqibsiz qalacaqlar. Çox yaxşı oldu ki, Azərbaycan xalqı belə bir imkanı müxalifətə vermədi və məhz cənab İlham Əliyev Azərbaycanın prezidenti seçildi. İndi isə təklif olunan dəyişikliyin əleyhinə çıxmaqla onlar 2003-cü ildəki taktikalarını başqa formada təkrarlamaq istəyirlər. Ən layiqli namizəd seçkilərdə iştirak edə bilməsin, bir növ boş meydan effekti yaransın və onlar da bundan yararlanaraq rəqabətsiz şəraitdə hakimiyyətə gəlmək iddialarını reallaşdıra bilsinlər. Azərbaycan vətəndaşları çox aydın şəkildə dərk edirlər ki, belə bir təklifin referendumda dəstəklənəcəyi təqdirdə müxalifətin arzuladığı "rəqibsiz seçki texnologiyası" iflasa uğrayır. Ancaq bu, müxalifətə seçki kampaniyasını aparmaqda heç bir maneə yaratmır. Ona görə də müxalifətin bu təklifə qarşı çıxması, onun mahiyyətini təhrif etməyə çalışması anlaşılan deyil. Mən inanıram ki, xalqımız bunu dərk edir və buna görə də müxalifətin çağırışlarını dəstəkləməyəcək.

 

 

K.HACIYEV 

 

Kaspi.- 2009.- 14-16 mart.- S. 5.