Qiymətli kağızlar bazarının inkişafı layihəsi hazırlanır 

 

Ekspertlər ilk növbədə qanunvericiliyə diqqət yetiriblər

 

Dünyadakı qlobal maliyyə böhranı Azərbaycanın qiymətli kağızlar bazarına təsir etməyib. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı məlumat verdi. Onun sözlərinə görə, buna səbəb Azərbaycan qiymətli kağızlar bazarının dünya bazarına inteqrasiya etməməsidir. R.Aslanlı dedi ki, Azərbaycan qiymətli kağızlar bazarının əsas oyunçuları məlumdur. Bazarda əsasən dövlət qiymətli kağızları, o cümlədən Milli Bankın notları üstünlük təşkil edir. Yəni bazarda əsasən korporativ maliyyə sektorunun borc alətləri alınıb-satılır. Səhm qiymətli kağızlarının isə bazarda payı o qədər böyük deyil. "Buna görə dünya maliyyə bazarlarındakı proseslərin Azərbaycan bazarına ötürülmə kanalları demək olar ki, mövcud deyil" - deyə R.Aslanlı vurğuladı. O qeyd etdi ki, rəhbərlik etdiyi Dövlət Komitəsi qiymətli kağızlar bazarındakı vəziyyətin təhlilini tamamlayıb. Hazırda komitə qiymətli kağızlar bazarının formalaşdırılması inkişafına dair layihə üzərində işləyir. Bazarın inkişafı ilə bağlı planlar bir neçə istiqaməti əhatə edir. Ekspertlər ilk növbədə qiymətli kağızlar bazarı ilə bağlı qanunvericiliyə diqqət yetiriblər. Komitə sədrinin sözlərinə görə, qanunvericilikdə bir sıra təkmilləşdirilmələrin aparılmasına ehtiyac var. Hazırda bu istiqamətdə işlər davam edir. İkinci istiqamət qiymətli kağızlar bazarının infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutur. Burada əsas məqsəd qiymətli kağızlar bazarında reallaşdırılan əqdlərin real vaxt reyiminə keçirilməsidir. Paralel olaraq qiymətli kağızlar bazarındakı əməliyyatların milli ödəniş sistemi ilə əlaqəsinin qurulması planlaşdırılır. Bu ona imkan yaradacaq ki, qiymətli kağızların ticarəti elektron sistem vasitəsilə real vaxt reyimində aparıla bilsin. R.Aslanlı dedi ki, üçüncü istiqamət bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsini nəzərdə tutur. Dövlət Komitəsi bu istiqamətdə KİV-in xidmətindən yararlanmağı nəzərdə tutur: "Həm bazarın peşəkar iştirakçılarının potensialının artırılması, həm potensial investorların digər dairələrin qiymətli kağızlar bazarı ilə bağlı məlumatlılıq dərəcəsinin artırılması fəaliyyətimizin əsas istiqamətlərindən biri olacaq".

R.Aslanlı dedi ki, islahatlar çərçivəsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin özünün daxili potensialının genişləndirilməsi nəzərdə tutulur. Bir həftə öncə dövlət başçısı komitənin yeni əsasnaməsini təsdiq edib. Hazırda komitədə təşkilati struktur islahatları tamamlanmaq ərəfəsindədir: "Biz öz potensialımızı artırırıq ki, bazar iştirakçılarına yardımımızı böyüdək".

 

 

İlham QULİYEV 

 

Kaspi.- 2009.- 14-16 mart.- S. 11.