Devalvasiya olmayacaq
Elman Rüstəmovun sözlərinə görə,
bunun üçün kifayət qədər arqument yoxdur
Dünyadakı maliyyə böhranı Azərbaycanın pul-kredit siyasətinin yumşaldılmasını tələb edir. Bu barədə Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verdi. O qeyd etdi ki, Milli Bank buna müvafiq olaraq addımlar atmaqdadır. Buna misal olaraq uçot dərəcəsinin 15 faizdən 3 faizədək azaldılmasını və rezervləşdirmə normasının 12 faizdən 0,5 faizə endirilməsini göstərdi. O qeyd etdi ki, atılan bu addımın nəticəsində Azərbaycan iqtisadiyyatına 900 milyon dollar məbləğində likvidlik gətirilib. Milli Bank rəsmisi özəl bankların və ölkənin xarici borclarının ödənilməsinə xüsusi diqqət yetirdiyini bildirdi. Onun sözlərinə görə, ilin əvvəlindən indiyədək 200 milyon dollardan yuxarı xarici borc ödənilib.
Milli Bank rəhbəri Azərbaycanın milli valyutasını devalvasiya etməyəcəyini bildirdi. Onun sözlərinə görə, milli valyutanın devalvasiyası ilə bağlı problem çox ciddidir. Artıq bir sıra ölkələr valyutalarının məzənnəsini 30-40 faiz ucuzlaşdırıblar. Amma həmin ölkələr bununla heç bir əlavə üstünlük əldə etməyiblər: "Onlar bu işə məcburən gediblər. Mən elə bir ölkə tanımıram ki, könüllü olaraq öz milli valyutasını devalvasiya etsin. Bizim ölkədə iqtisadi sabitlik elementləri məhz milli valyutanın sabitliyi ətrafında formalaşıb. Hazırda da bu sabitliyi pozmaq üçün kifayət qədər arqument yoxdur". E.Rüstəmov dedi ki, manatın məzənnəsi ilə bağlı cədvəldə 20-yə qədər amil yer alır ki, onların əksəriyyəti milli valyutanın stabil saxlanılmasını tələb edir. Milli Bank rəhbəri son vaxtlar ölkə mətbuatında manatın devalvasiya edəcəyi ilə bağlı dərc olunan yazılara da münasibət bildirdi. O qeyd etdi ki, referendumdan, Novruz bayramından sonra nələrinsə baş verəcəyi barədə mətbuatda yer alan məlumatlar şayiədir. Hazırda hökumət manatın devalvasiyası məsələsinə baxmır. "Manatın məzənnəsi neftin dünya bazarlarındakı qiymətindən asılıdır. Hələlik bu qiymət bizi qane edən səviyyədədir" - deyə Milli Bank rəsmisi vurğuladı. Bununla belə, o etiraf etdi ki, hazırda ölkə iqtisadiyyatının dollarlaşması prosesi gedir: "Əslində, manatın rəsmi məzənnəsi sabit qalsa da, psixoloyi proseslərə görə, dollarlaşma gedir. Həm əmanətlər, həm də nəğd pullar dollarlaşır".
E.Rüstəmov onu da bildirdi ki, böhran şəraitində bir sıra ölkələrdən fərqli olaraq Azərbaycan banklarının göstəriciləri heç də məyusedici deyil. Bunun davamlı olması üçün hökumət bank sektoruna əlavə yardım göstərməlidir. Bu, ümumilikdə ölkə iqtisadiyyatına, onun aparıcı sahələrinə, məşğulluq siyasətinə müsbət təsir edə bilər.
Milli Bank rəhbəri ölkənin daşınmaz əmlak bazarında vəziyyətin xeyli qəliz olduğunu etiraf etdi. Onun sözlərinə görə, hazırda bazarda alqı-satqı xeyli məhdudlaşıb. Vəziyyətdən çıxmaq üçün hökumət ipoteka sisteminin bərpasını nəzərdə tutur. E.Rüstəmovun fikrincə, ipotekanın bərpası daşınmaz əmlak bazarında qiymətlərin kəskin ucuzlaşmasının qarşısını almağa yardım edə bilər: "Hazırda bu istiqamətdə normativ sənədlər üzərində iş gedir. Biz yeni qərarlar qəbul etməklə bu prosesə başlamaq niyyətindəyik".
E.Rüstəmov "Əmanətlərin sığortalanması haqqında" qanunun dəyişdirilməsinə də ehtiyac olduğunu bildirdi. Onun sözlərinə görə, dövlət əhalinin banklardakı əmanətlərinin qorunacağına təminat verməlidir. Eyni zamanda, qorunan əmanətlərin miqdarı 6 min manatla kifayətlənməyib daha da artırılmalıdır.
Milli Bank rəhbəri hökumətin antiböhran proqramının hazırlandığını da bildirdi. Onun sözlərinə görə, proqramla bağlı müvafiq dövlət orqanları arasında konsensus da əldə olunub. Yaxın vaxtlarda prezident həmin proqramı hökumətə təqdim edəcək. E.Rüstəmovun sözlərinə görə, hazırkı böhran şəraitində Azərbaycan sabitlik meyarlarına görə dünyanın ən öndə gedən dövlətlərindən birinə çevrildi. Bunu beynəlxalq təşkilatların təmsilçiləri də etiraf edirlər. Çünki Azərbaycanın olduqca ciddi makroiqtisadi potensialı yaradılıb.
İlham QULİYEV
Kaspi.- 2009.- 14-16 mart.- S. 2.