Ombudsman Azərbaycanlıların
soyqırımı günü
ilə bağlı bəyanat verib
İnsan Hüquqları
üzrə Müvəkkil Elmira Süleymanova 31 mart - Azərbaycanlıların
soyqırımı günü ilə əlaqədar bəyanat
verib.
Ombudsman Aparatının
mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
bəyanatda qeyd edilib ki, ermənilərin azərbaycanlılara
qarşı genetik nifrəti özünü tarixin
bütün dövrlərində büruzə verib: "Qan
yaddaşının təməlinə şovinizm hakim olan ermənilərin
törətdiyi qanlı faciələrin daha dəhşətlisi
1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı
soyqırımı hadisələridir. Həmin il martın
30-da səhər tezdən erməni-bolşevik birləşmələri
Bakını gəmilərdən yaylım atəşinə
tutmuşlar. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların
evlərinə soxularaq amansız qətllər törətmişlər.
Martın 31-i və aprelin 1-də qırğınlar kütləvi
şəkil alıb. Erməni daşnakları üç
gün ərzində Bakıda 17 min azərbaycanlının həyatına
son qoymuş, qocaları, qadınları və uşaqları
amansızcasına qətlə yetirib, qiymətli tarixi abidələri
məhv ediblər. Bakı və Gəncə
quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran,
Muğan qəzalarında və digər bölgələrdə
də bu cür qanlı faciələr törədilib".
Ombudsman nüfuzlu beynəlxalq
təşkilatları Azərbaycanın haqq mövqeyini dəstəkləməyə
çağırıb, ədalətin tezliklə öz yerini
tapacağına, soyqırımını dövlət siyasətinin
tərkib hissəsinə çevirən Ermənistan dövlətinə
qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən
sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi
bütövlüyünün, qaçqın və məcburi
köçkünlərin kütləvi şəkildə
pozulmuş hüquqlarının bərpa ediləcəyinə,
əsir və girovların azad olunacağına
inandığını bildirib.
Bəyanat BMT-nin baş
katibi, baş katibin müavini, Uşaqlar və silahlı
münaqişələr problemi üzrə xüsusi nümayəndəsi,
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, ATƏT,
Avropa Şurası, Beynəlxalq və Avropa Ombudsmanlar
institutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq
Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif
ölkələrin ombudsmanları, Azərbaycanın xarici
ölkələrdəki, xarici ölkələrin
respublikamızdakı səfirlikləri və Azərbaycanın
diaspor təşkilatlarına ünvanlanıb.
Kaspi.- 2009.- 30 mart.- S. 3.