"Antiböhran
tədbirlər paketinin
qəbulu tezləşdirilməlidir"
Əli Məsimlinin
fikrincə, manatın 1 faiz ucuzlaşması Azərbaycanın
xeyrinə olacaq
Dünyadakı qlobal
iqtisadi böhran proqnozlaşdırılandan da uzun çəkdi.
Əvvəl böhranın 2009-cu ilin ortalarında səngiyəcəyi
barədə fikirlər səsləndirilsə də, indi bu
cür optimist fikirdə olanlar çox azdır. İqtisadçıların
əksəriyyəti bu fikirdədir ki, böhran ən
yaxşı halda 2010-cu ilin sonlarında başa çatacaq. Hadisələrin
bu cür inkişafı təbii ki, Azərbaycana da təsir
edir. Düzdür, hökumət indiyədək
böhranın ölkəyə təsirini minimuma endirmək
üçün lazım olan bütün addımları
atıb. Lakin böhranın proqnozlaşdırılandan da
artıq davam etməsi əlavə addımların
atılmasını zəruri edir. Milli Məclisin İqtisadi
siyasət daimi komissiyasının üzvü, millət vəkili
Əli Məsimli də hesab edir ki, hökumət böhranla
mübarizə tədbirlərini daha da gücləndirməlidir:
- Mənim fikrimcə,
hökumət antiböhran tədbirlərini gücləndirməlidir.
Bu istiqamətdə əhalinin bütün təbəqələrinin
maraqlarına cavab verən addımlar atılmalıdır. Mən
təkliflərimi hökumətin parlamentdəki hesabatı
zamanı etdiyim çıxışda səsləndirdim. Hesab
edirəm ki, bu təkliflər hökumət tərəfindən
nəzərə alınmalıdır. Məncə, bu təkliflər
hazırlanmaqda olan antiböhran tədbirlər paketində yer
almalıdır. Bu, həm hökumətin, həm də vətəndaşlarımızın
xeyrinə olar.
- Hökumətin
parlamentdəki hesabatı sizi qane etdimi?
- Hökumətin fəaliyyətindəki
müsbət məqam odur ki, Azərbaycan azsaylı ölkələrdən
biridir ki, böhran nəticəsində iqtisadiyyatı
dağılmayıb. Yəni bizim iqtisadiyyatımız hələ
də böhranın təsirinə duruş gətirə
bilir. Təhlil aparanda görürsən ki, 2008-ci ilin iqtisadi
göstəriciləri əvvəlcədən müəyyənləşdirilən
proqnozlara uyğun gəlməsə də, hökumət demək
olar ki, bütün sosial öhdəliklərini yerinə yetirib.
Digər tərəfdən, bu cür böhranlar zamanı nəticələr
itirilən pullarla hesablanır. Burada söhbət böyük
şirkətlərin, bankların itkilərindən gedir. Budəfəki
böhran zamanı ən böyük itki inam itkisidir. Böhran
başlayandan sonra bir çox ölkədə inam itdi və
sosial xarakterli narazılıqlar siyasi xarakterli
narazılıqlara gətirib çıxardı. Nəticədə
vətəndaşlarla hökumətlər arasında
toqquşmalar yarandı. Amma Azərbaycanda bu mənfi proseslər
yaşanmır. Hökumət kifayət qədər
böyükhəcmli təhlükəsizlik
yastığından istifadə edərək uğurlu manevrlər
edir. Digər tərəfdən, Azərbaycanın xarici
borclarının az olması da böhran dövründə bizə
yardımçı olur. Bizim digər
üstünlüyümüz Azərbaycanın maliyyə
bazarının dünya maliyyə bazarlarına inteqrasiya etməməsidir.
Obyektivlik naminə hökumətin, xüsusilə də Milli
Bankın böhran dövründəki siyasətini
alqışlamaq lazımdır. Milli Bank kifayət qədər
mühafizəkar siyasət yürütməklə Azərbaycan
iqtisadiyyatını dağıntılardan
sığortalayır. Bununla belə, hökumətin
hesabatında tənqidi məqamların yer almaması məni
narahat edir. Yəni əslində, böhran bizim iqtisadi göstəricilərimizə
təsir edib. Bunu etiraf etmək elə də çətin
olmamalıdır. Çünki bu, bizdən asılı
olmayan səbəblərdən baş verir. Mən 2007-ci ilin
sonlarında parlamentdə təsdiqlədiyimiz proqnozlarla 2008-ci
ilin iqtisadi göstəricilərini tutuşdurmaqla bir sıra
hesablamalar aparmışam. Məsələn, biz ilin əvvəlində
Ümumi Daxili Məhsulun (ÜDM) 21 faizlik artımını
proqnozlaşdırmışdıq. Amma ÜDM-in artımı
böhranla əlaqədar cəmi 11 faiz oldu. Bu o deməkdir ki,
biz böhran səbəbilə proqnoz göstəricilərini
yerinə yetirməməklə ən azı 3-3,6 milyard dollar əlavə
dəyər itirdik. Nəzərə almaq lazımdır ki, Azərbaycanın
neft sənayesinin təxminən 85 faizi dünya iqtisadiyyatı
ilə sıx inteqrasiyadadır. Müxtəlif hesablamalara
görə, neftin 1 barelinin qiymətinin 1 dollar
ucuzlaşması nəticəsində Azərbaycanın gəlirləri
220-250 milyon azalır. Yəni keçən il elə günlər
olub ki, biz böhran nəticəsində 50 milyon dollar
itirmişik. Böhran keçən il bizim sənayemizə də
təsir edib. Məsələn, ilin əvvəlində biz sənayedə
27 faizlik artım proqnozlaşdırmışdıq. Amma ilin
sonunda sənayedə cəmi 7 faizlik artım qeydə
alındı. Yəni böhran nəticəsində sənayedə
nəzərdə tutduğumuz inkişafa nail ola bilməmişik.
Böhran keçən il Azərbaycanda nəzərdə tutulan
əməkhaqqı artımı üzrə proqnozların
yerinə yetirilməsinə də mənfi təsir göstərib.
Belə ki, biz ilin əvvəlində
proqnozlaşdırdığımız göstəricilərə
nail ola bilməmişik. Düzdür, keçən il əməkhaqları
artıb. Amma böhranla əlaqədar hər bir əməkhaqqı
alan şəxsin artımı nəzərdə tutulandan təxminən
12 manat az olub.
- Böhran nəticəsində
Azərbaycana valyuta axınının sürəti də
azalıb?
- Bəli, bu da
dünyadakı maliyyə böhranının Azərbaycana
göstərdiyi təsirlərdən biridir. Mənim fikrimcə,
bu il böhran nəticəsində Azərbaycana pul
axını azalacaq, keyfiyyətsiz mal axını isə
çoxalacaq. Xüsusilə də ölkəyə xeyli sayda
keyfiyyətsiz ərzaq məhsullarının gətiriləcəyi
proqnozlaşdırıla bilər. Bunun nəticəsində Azərbaycan
keyfiyyətsiz malların satış poliqonuna çevrilə
bilər. Mənim fikrimcə, bunun üçün yerli
istehsalı stimullaşdırmalıyıq. Xüsusilə də
kənd təsərrüfatı inkişaf etdirilməlidir. Bu
sahədəki göstəricilərimiz o qədər də
ürəkaçan deyil. Belə ki, hazırda Azərbaycanda
adambaşına ayda cəmi 5 manatlıq ərzaq məhsulu
istehsal olunur. Bu isə çox azdır. Məncə, bu rəqəm
hökuməti fikirləşməyə vadar etməlidir. Yəni
hökumət yerli istehsalı inkişaf etdirmək
üçün çox ciddi sistemli tədbirlər həyata
keçirməlidir. Bundan əlavə, hökumət bank
sisteminin sağlamlığının təmin edilməsinə
diqqəti artırmalıdır. Böhran dövründə
ölkə iqtisadiyyatı ciddi şəkildə dəstəklənməlidir.
Hökumət böhranın sadə vətəndaşlara təsirini
də minimuma endirməlidir. Bu üçbucaq sistemi çərçivəsində
kompleks tədbirlər hazırlanıb həyata keçirilməlidir.
- Hökumətin parlamentdəki
hesabatı zamanı Milli Bankın İdarə Heyətinin rəhbəri
Elman Rüstəmov bildirdi ki, hazırda antiböhran paketi
hazırlanmaqdadır. Sizcə bu sənədin qəbulu
gecikmir ki?
- Mən parlamentdəki
çıxışımda da dedim ki, hökumət
antiböhran tədbirlər paketinin hazırlanmasını
sürətləndirməli və onun qəbulunu tezləşdirməlidir.
Biz bu istiqamətdə vaxt itirməməliyik. Diqqət yetirin,
son illər bizim quşçuluq sənayemiz xeyli inkişaf
edib. Bir neçə il əvvəl Azərbaycan
quşçuluq məhsullarının əksəriyyətini
xaricdən alırdı. Nəticədə ölkəyə
keyfiyyətsiz quşçuluq məhsulları gətirilirdi.
Bir neçə ildir ki, bunun qarşısı alınıb. Belə
ki, ölkənin quşçuluq sənayesi xeyli inkişaf
edib. İnkişaf o səviyyədə oldu ki, bizim yerli broyler
fabriklərinin malları xarici şirkətlərin məhsullarını
Azərbaycan bazarından sıxışdırıb
çıxara bildilər. Bu gün ölkənin tələbatının
70 faizindən çoxu yerli quşçuluq fabriklərinin məhsulları
hesabına təmin olunur. Əgər hökumət bu sahəyə
dəstəyi bir qədər də artırsa, biz nəinki
öz tələbatımızı tamamilə ödəyə
bilərik, hətta xaricə də quşçuluq məhsullarını
ixrac edərik. Buna görə də hökumət böhran
dövründə bu cür perspektivli sahələri köməksiz
buraxmamalıdır. Göstəriləcək yardım da
gecikməməlidir. Xüsusilə də ölkəyə
xaricdən ərzaq gətirən şirkətlərlə rəqabətə
girə biləcək məhsul istehsal edən sahibkarlara dəstək
artırılmalıdır.
- Böhranın gətirdiyi
bəlalardan biri də milli valyutaların devalvasiyası ilə
bağlıdır. Bu proses artıq keçmiş
SSRİ-nin bir neçə respublikasında
yaşanıb. Bəzi iqtisadçılar
Azərbaycan manatının
da gec-tez devalvasiya olunacağını
proqnozlaşdırırlar. Amma Milli Bank hökumətin bu addımı atmayacağını vəd
edir. Siz bu barədə
nə düşünürsünüz?
- Məncə,
Azərbaycan artıq manatın daha liberal idarə olunması kursuna keçib. Diqqət yetirsəniz, keçən il
manat dollara nisbətən 5 faiz, avroya nisbətən isə 9 faiz möhkəmlənmişdi. Əslində bu bizə o qədər də sərf etmirdi. Çünki milli valyutanın
möhkəmlənməsi yerli
istehsalçıların ziyanınadır.
Bu prosesin bir neçə il
davam etməsi bizim yerli istehsalı
iflic edə bilərdi. Amma bu ildən Milli Bank manatın daha liberal idarə olunmasına keçib.
İlin əvvəlindən başlayaraq
manat dollara nisbətən cüzi də olsa ucuzlaşır.
İlin ilk aylarında
manatın dollara nisbətən ucuzlaşması
0,5 faiz təşkil
edib. Məncə, bunun özü
elə devalvasiyadır.
Amma hökumət bu siyasəti çox ağıllı və ehtiyatla həyata keçirir. Mən bu
siyasəti dəstəkləyirəm.
Hesab edirəm ki, hökumətin bu siyasəti milli iqtisadiyyatın dirçəlməsinə,
ixracın dəstəklənməsinə,
qeyri-neft sektorunda fəallığın artmasına
gətirib çıxaracaq.
Bu siyasət il
ərzində davam etdirilməlidir. Məncə,
manatın il
ərzində təxminən
1 faiz ucuzlaşması
Azərbaycanın xeyrinə
olacaq.
- Əli müəllim, hökumət böhranın təsirinin kompensasiya edilməsinin bir yolunu da tikinti sektorunun canlandırılmasında görür. Bunun üçün ipoteka kreditlərinin bərpa olunacağı
barədə məlumatlar verilir.
Amma bu proses hələ
də bərpa olunmur.
Sizcə hökumət nədən ehtiyat edir?
- Məncə, Azərbaycanda ipoteka kreditlərinin verilməsi tezliklə bərpa olunmalıdır. Hökumət heç nədən ehtiyatlanmamalıdır. Çünki Azərbaycanın dövlət büdcəsindən ipoteka kreditlərinin verilməsi üçün nəzərdə tutulan vəsaitin miqdarı çox azdır. Mən həmişə demişəm ki, 15-20 milyon dollarlıq ipoteka bazarı heç bir təhlükə yarada bilməz. 15-20 milyon dollar tikinti sektoru üçün "semiçka pulu"dur. Yəni bu qədər vəsait heç vaxt Azərbaycanda ipoteka böhranı yarada bilməz. Nağılları kənara qoyub ölkənin ipoteka sistemini inkişaf etdirmək lazımdır.
İlham QULİYEV
Kaspi.- 2009.- 30 mart.- S. 5.