AŞ PA müşahidə missiyasından müsbət rəy

 

"Referendum Azərbaycan xalqının demokratikləşmə elementlərinin genişləndirilməsinə hazır olduğunu göstərir"

 

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı martın 18-də keçirilən referendum şəffaf olub, yaxşı təşkil edilib və dinc mühitdə keçirilib. Bu fikir Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) müşahidə missiyasının dünən referendumun nəticələri ilə bağlı yaydığı bəyanatda yer alıb. Bu barədə məlumat verən müşahidə missiyasının rəhbəri, belçikalı parlamentari Pol Villi qeyd etdi ki, nəzərdə tutulan dəyişikliklər Azərbaycan Konstitusiyasının əhəmiyyətli dərəcədə təkmilləşməsinə səbəb olacaq.

"AŞ PA-nın müşahidə missiyası belə nəticəyə gəlir ki, referendum Azərbaycan xalqının sabitlik və demokratikləşmə elementlərinin genişləndirilməsinə hazır olduğunu göstərir" - deyə hesabatda bildirilir. Missiya belə mühüm məsələlərlə əlaqədar Konstitusiyaya uyğun olaraq referendumun keçirilməsini legitim hesab edir. Bununla belə, missiya bu qənaətə gəlib ki, referenduma çıxarılan məsələlərlə bağlı mediada daha geniş müzakirələrin keçirilməsi yaxşı olardı. Missiya Avropa Şurası Venesiya Komissiyasının referendumla bağlı verdiyi rəydə nəzərdə tutulan məsələlərin nəzərə alınmasını da tövsiyə edib. P.Villi qeyd etdi ki, hakimiyyətin daha yaxşı tarazlaşdırılması gələcəkdə də ölkədə demokratik islahatların aparılmasını tələb edəcək. Onun sözlərinə görə, AŞ PA müşahidə missiyası seçki prosesindəki təkmilləşmələrin gələcəkdə daha da genişləndirilməsini və davam etdirilməsini tövsiyə edib.

Jurnalistlərin suallarını cavablandıran P.Villi qeyd etdi ki, referenduma Konstitusiyanın 29 maddəsi ilə bağlı əlavə və dəyişikliyin çıxarılması bir qədər mürəkkəblik yaradıb. Dəyişikliklər məzmun etibarı ilə də mürəkkəb olub. Amma o, referendumu müşahidə etdiyi məntəqələrdə səsvermədə iştirak edən seçicilərin nəzərdə tutulan dəyişikliklərin məzmunundan xəbərdar olduğunu müşahidə edib.

P.Villi dedi ki, əvvəlcə AŞ PA müşahidə missiyasının 6 nəfərdən ibarət olması nəzərdə tutulub. Amma avropalı parlamentarilərdən biri xəstələndiyindən Bakıya gələ bilməyib. Digər parlamentari isə ölkəsindəki siyasi proseslər səbəbindən referendumu müşahidə edə bilməyib. Bu səbəbdən referendumun gedişini AŞ PA müşahidə missiyasının üzvləri kimi özü, ispaniyalı parlamentari Pedro Aqramunt, almaniyalı parlamentarilər Eduard Linter və Hakkı Kəskin müşahidə ediblər. P.Villi bildirdi ki, missiyanın mandatı Avropa Şurasının bürosu tərəfindən təsdiqlənib və tam legitimdir. Missiya üzvləri AŞ PA-dakı bütün siyasi qrupları təmsil edirlər. Bu baxımdan missiyanın referendumla bağlı rəyi Avropa Şurasının mövqeyi kimi qəbul edilə bilər. Nümayəndə heyətinin rəhbəri bildirdi ki, onların referendumun gedişi ilə bağlı müşahidələri Avropa Şurasında müzakirə olunacaq. Missiya rəhbəri dedi ki, onlar referendumun gedişinə nə iqtidarın, nə də müxalifətin mövqeyindən yanaşıblar. İlkin rəydə yer alan fikirlər bütünlüklə missiya üzvlərinin müşahidələrinə əsaslanır. Onun sözlərinə görə, missiya üzvləri referendum günü seçki məntəqələrində hər hansı qanun pozuntusu ilə rastlaşmayıblar. Missiya üzvləri səslərin sayılması prosesində də iştirak edib və şəffaflığın tam təmin olunduğunu görüblər. "Şəxsən mən özüm səslərin sayılması prosesində iştirak etdim. Gördüm ki, Konstitusiyanın 29 maddəsinə nəzərdə tutulan dəyişikliklərin bütünlüklə lehinə və bütünlüklə əleyhinə səs verənlər olub. Eyni zamanda, bəzi vətəndaşlar nəzərdə tutulan dəyişikliklərin bəzilərinin lehinə, bəzilərinin isə əleyhinə səs vermişdilər. Bunun özü də göstərir ki, vətəndaşlar referendumda öz fərqli mövqelərini ifadə edib"-deyə P.Villi vurğuladı.

"Hesabatda yer alan hakimiyyətin daha yaxşı tarazlaşdırılması ifadəsi nəyi nəzərdə tutur" sualını cavablandıran P.Villi qeyd etdi ki, hakimiyyətin tarazlaşdırılması dedikdə hakimiyyətin bütün qollarının bərabər hüquqlara malik olması nəzərdə tutulur. Missiya rəhbəri dedi ki, Avropa Şurası bununla bağlı hər hansı bir qərar və ya təklif verə bilməz. Bununla bağlı Azərbaycan xalqı özü qərar verməlidir. Avropa Şurası yalnız Azərbaycan xalqının istəklərinin həyata keçməsinə dəstək verə bilər. Missiya rəhbəri onu da bildirdi ki, Azərbaycan xalqı referendumda iştirak etməklə hazırkı hakimiyyəti dəstəkləyib. Əhali həmçinin ölkədəki demokratikləşmə prosesinin davam etdirilməsinə səs verib. Onun sözlərinə görə, Azərbaycanda hazırda hakimiyyətin qolları arasında prezident daha çox səlahiyyətlərə malikdir. Avropa Şurasına üzv olan digər ölkələrdə isə hakimiyyətin qolları arasında səlahiyyət bölgüsündə bir qədər fərqlilik müşahidə olunur. "Bizim nümayəndə heyətinin mövqeyi belədir ki, Azərbaycanda da gələcəkdə prezidentin bəzi səlahiyyətləri Milli Məclisə və bələdiyyələrə ötürülməlidir. Bu, hakimiyyətin qolları arasında tarazlığın yaradılmasına təkan verə bilər" - deyə belçikalı parlamentari vurğuladı.

Almaniyalı parlamentari H.Kəskin isə Bakıda olarkən müxalifət təmsilçiləri və QHT nümayəndələri ilə də görüşdüklərini dedi. Onun sözlərinə görə, missiya referendumun əleyhinə olan qüvvələri də dinləyib və onların da fikrini ciddiyə alır. Bu mövqelər AŞ PA-dakı siyasi qruplara da çatdırılacaq. "Biz dost ölkə hesab etdiyimiz Azərbaycanda demokratikləşmə prosesinin daha da sürətləndirilməsinin tərəfdarıyıq. Hakimiyyətin qolları arasında tarazlıq təmin olunmalıdır" - deyə Almaniya parlamentinin türk əsilli deputatı vurğuladı. O qeyd etdi ki, hakimiyyətin qolları arasında tarazlığın olması demokratiyanın əsas şərtlərindən biridir. "İnanıram ki, Azərbaycan gələcəkdə parlamentin səlahiyyətlərinin genişləndirilməsi, məhkəmələrin daha da gücləndirilməsi istiqamətində islahatları davam etdirəcək" - deyə H.Kəskin fikirlərini tamamladı.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidv hesabatdan razı qaldığını bildirdi. O qeyd etdi ki, müşahidə missiyasının referendumla bağlı bəyanatı təhlil ediləcək. Nümayəndə heyəti rəhbərinin sözlərinə görə, müşahidə missiyasının verdiyi rəy obyektiv izləmələr əsasında hazırlanıb. Rəydəki əsas məqam referendumun Azərbaycan xalqının iradəsini əks etdirməsinin etiraf olunması olub: "Biz dəfələrlə vurğulamışdıq ki, Azərbaycan xalqı referendumda öz fikrini bildirəcək. Fikrimcə, referendumdan sonra beynəlxalq müşahidəçilərin açıqladıqları rəylər də bu prosesin tam obyektiv şəkildə keçdiyini göstərdi". S.Seyidov AŞ PA müşahidə missiyasının rəyində ölkədə demokratik islahatların davam etdirilməsi ilə bağlı tövsiyənin yer almasında da toxundu. O qeyd etdi ki, Azərbaycanda demokratik islahatlar daim davam edir. S.Seyidov AŞ PA-da referendumun nəticələrinin müzakirə olucağını da bildirdi. O qeyd etdi ki, buna səbəb Azərbaycanın monitorinq altında olmasıdır. Nümayəndə heyəti rəhbərinin sözlərinə görə, referendum çox yüksək səviyyədə təşkil olunaraq keçirildiyi üçün AŞ PA-dakı müzakirələrdə Azərbaycanın ünvanına hansısa kəskin tənqidlərin səslənəcəyinə inanmır.

 

 

İlham QULİYEV

 

Kaspi.- 2009.- 20 mart.- S. 3.