Demokratik və şəffaf proses
Beynəlxalq müşahidəçilər
referendumda yüksək
seçici fəallığını
da müsbət hal kimi dəyərləndirirlər
Konstitusiyaya əlavə
və dəyişikliklərlə bağlı
keçirilmiş ümumxalq səsverməsinin ilkin nəticələri
açıqlanıb. Seçki məntəqələrinin 96
faizindən Mərkəzi Seçki Komissiyasına (MSK) daxil
olan protokollara əsasən, seçicilərin təxminən
90 faizi referendumda təklif olunan variantların lehinə səs
verib. Konstitusiyanın sadalanan 29 maddəsinə dəyişiklik
edilməsi təklifinin lehinə belə yüksək faizlə
səs verilməsi ümumilikdə dəyişikliyin dəstəkləndiyini
düşünməyə əsas verir.
Səsvermənin beynəxalq
standartlara uyğun keçirilməsi beynəxalq
müşahidəçilərin hesabatlarında da öz əksini
tapıb. Xatırladaq ki, referendumu izləmək
üçün Azərbaycana 172 beynəlxalq müşahidəçi
gəlib. Həmin müşahidəçilər referendum
günü ölkə üzrə seçki məntəqələrində
müşahidələr aparıblar. Gün ərzində
seçki məntəqələrində referendum prosesini izləyən
müşahidəçilər 23 ölkə və 4 beynəlxalq
təşkilatların nümayəndələri olub. Prosesi
izləyən beynəlxalq müşahidəçilər
müşahidələri zamanı referendum prosesində ciddi
qanun pozuntularına rast gəlinmədiyini bildiriblər. Beynəlxalq
müşahidəçilər keçirilən referendumu Azərbaycanın
regionda stabil və dinc ölkə kimi mövqeyini möhkəmləndirməsi
kimi qiymətləndirirlər. Beynəlxalq və xarici
müşahidə missiyaları nümayəndələrinin səsvermə
prosesi haqqında rəyləri birmənalıdır. Səsvermə
yüksək səviyyədə, əhalinin aktivliyi və
demokratik şəraitdə keçirilib. Beynəlxalq
müşahidəçilərin bəzilərinin rəylərinə
diqqət yetirək.
Təəssüratlarımız
müsbətdir
Fransa parlamentinin
deputatı, Fransanın Avropa Şurası Parlament
Assambleyasında nümayəndə heyətinin rəhbəri
Voisin Mişel deyib ki, Azərbaycanda seçkilərin mütəmadi
keçirilməsi müsbət haldır. Hər il müxtəlif
seçkilərin keçirilməsi vətəndaşları
demokratik təsisatlara alışdırır və bu, müsbətdir.
Fransalı deputat 17 saylı Yasamal birinci seçki dairəsinin
dairə seçki komissiyasında və bu dairəyə daxil
olan 5 məntəqədə müşahidə
apardığını bildirib: "Səsvermə prosesi
texniki baxımdan yüksək səviyyədə təşkil
olunub. Konstitusiyaya əlavə və dəyişikliklərə
gəldikdə isə burada antidemokratik məqamlara rast gəlməmişəm".
Fransanın AŞ PA-da
nümayəndə heyətinin üzvü Mariane Tyerri səsvermə
prosesinin gedişində hər hansı neqativ halla
rastlaşmadığını bildirib. 26 saylı Sabunçu
birinci seçki dairəsinin 3 məntəqəsində
müşahidə apardığını deyən deputat həmin
məntəqələrdə səsvermənin texniki
baxımdan yüksək səviyyədə təşkil
olunduğunu, prosesin gedişini müşahidə eləməyə
sərbəst şərait yaradıldığını,
seçici aktivliyinin normal olduğunu deyib.
Belçika parlamentinin
üzvü, Belçikanın NATO Parlament Assambleyasında
nümayəndə heyətinin rəhbəri Harmegines Yvon deyib
ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə
bağlı keçirilən referendumun gedişi ilə
bağlı təəssüratları müsbətdir:
"Seçki məntəqələrində səsvermə
prosesinin təşkili texniki baxımdan yüksək səviyyədə
təşkil olunub. Müşahidə apardığım
seçki məntəqələrində seçici fəallığı
yaxşıdır". Belçikalı qonaq seçkilərin
keçirilməsi prosesinin Belçikada keçirilən
seçkilərdən fərqlənmədiyini xüsusi
vurğulayıb: "Vətəndaşlar bu seçkilərdə
mütləq iştirak etməlidir, çünki səsverməyə
çıxarılan müddəalar ölkənin Əsas
Qanunu ilə bağlıdır".
Bu cür demokratik
referendum keçirilməyib
MDB müşahidə
missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin
sədr müavini Toktasın Buzubayev bildirib ki, təklif olunan
dəyişikliklər dərin mahiyyətə malikdir. Azərbaycanda
Konstitusiyanın təkmilləşdirilməsi
baxımından böyük iş görülür.
"Xüsusilə xoşuma gələn məqam odur ki, Azərbaycan
Əsas Qanuna edilən dəyişikliklərlə
sosial-iqtisadi yönümlü kursa meyillənir. Səsverməyə
çıxarılan hər əlavə və dəyişiklikdən
insanlara qayğı hissi aşıb-daşır"- bu T.
Buzubayevin fikridir. Qonaq hesab edir ki, referenduma yüksək
hazırlıq işi aparılıb, çox ciddi iş
görülüb: "Müşahidə
apardığımız məntəqələrdə
seçici aktivliyi yüksək olub. Bu, referendumla bağlı
yaxşı maarifləndirmə işi aparılması ilə
bağlıdır. Hələ gün yarı olmamış
baş çəkdiyimiz məntəqələrdə
seçicilərin 50 faizi səsvermə hüququndan istifadə
etmişdi. Biz qərargahla daim əlaqə
saxlamışıq, hələlik hansısa şikayət
daxil olmayıb".
Seçki məntəqələrində
veb-kameraların quraşdırılmasını yüksək
qiymətləndirən xarici qonaq bildirib ki. veb-kameralardan
kütləvi istifadə olunur, onlar tək Bakı, digər
şəhərlərdə yox, regionlarda da
quraşdırılıb: "Mən özüm də onlayn
reyimində seçkilərin gedişini izləmişəm. Seçicilərə
təqdim olunan sualların çoxluğunu nəzərə
alaraq bütün seçki məntəqələrində
kabinələrin sayını artırıblar, seçki məntəqələrində
əlavə seçki qutuları da saxlanır ki, qutular
dolduğu halda yeniləri ilə əvəz etsinlər. Bizə
bildiriblər ki, referendum üçün 1000-dan artıq yeni
qutu əldə olunub."
22 saylı Nəsimi 2-ci
seçki dairəsinin 22 saylı məntəqə seçki
komissiyasında olan Belarus parlamentinin vitse-spikeri, MDB PA nümayəndəsi
Mariya Birrukova insanların yüksək seçki fəallığı
göstərməsindən məmnun qaldığını
söyləyib: "Ən çox xoşuma gələn
referendumda gənclərin fəallıq göstərməsidir.
Referendum çox sakit keçməkdədir. Bu isə Azərbaycan
xalqının demokratik ənənələrə sədaqətli
olduğunu göstərir".
22 saylı Nəsimi
seçki dairəsinin 26 saylı məntəqəsində səsvermə
prosesini müşahidə edən MDB-dən olan nümayəndə
Likot Anatoli qeyd edib ki, MDB ölkələrində hələ
ki, bu cür demokratik referendum keçirilməyib. İspaniyadan
olan müşahidəçilər Ortiz Perez Yuan Yoze və
Manuel Guillermo Altava məntəqələrdə
narazılıq yaradan problemlərlə
qarşılaşmadıqlarını bildiriblər. Bolqarıstan
parlamentinin deputatı Nikola Prodanov: "Əhali referendumda fəal
iştirak edir, hər şey qaydasındadır və heç
bir pozuntu qeydə alınmayıb"-deyib. Bolqarıstan
parlamentinin digər üzvü Yuseyn Dsxemill: "Heç bir
pozuntu qeydə alınmayıb, referendum normal keçir".
Xalqın bir nəfəri
bir neçə dəfə seçmək hüququ var
ABŞ-ın Beynəlxalq
İnkişaf Agentliyinin (USAİD) nümayəndəsi Skott
Teylor bildirib ki, seçicilərin fəallığı
yüksəkdir və heç bir qanun pozuntusu müşahidə
etməyib. 75 saylı Lənkəran-Masallı Seçki Dairəsinin
bir neçə məntəqəsinə baş çəkdiyini
deyən S.Teylor səsvermənin sərbəst, maneəsiz
keçdiyinin şahidi olduğunu bildirib: "Prosesin çox
şəffaf və demokratik şəraitdə getdiyi qənaətinə
gəldim". Bolqarıstan parlamentinin üzvü İvan
Qrızanov təəssüratlarını belə ifadə
edib: "Aktivlik yüksəkdir. Bu seçki məntəqəsində
iki saat əvvəl də olmuşuq. Artıq 50 faiz seçici
səsvermədə iştirak edib. Ümumilikdə 30-a
yaxın məntəqədə müşahidə
aparmışıq, onlarda da fəallıq yüksəkdir. Həm
yaşlıların, həm də gənc nəslin səsvermədə
iştirakı təqdirəlayiqdir".
Beynəlxalq
müşahidəçi, Bolqarıstan parlamentinin üzvü
Dimitar Qandev çox yaxşı təəssüratlarının
olduğunu deyib: "Məni daha çox gənclərin fəallığı
sevindirir. 2 gün əvvəl referendumla əlaqədar gənclərin
təbliğat apardıqlarının şahidi oldum. Bu,
sevindiricidir". Estoniya parlamentinin üzvü, beynəlxalq
müşahidəçi Toomas Alatalu
könüllülüyün yüksək olduğunu diqqət
önünə çəkib: "Səsvermə prosesi
yaxşı gedir. Əhali gəlib rahat səs verir.
Müşahidəçilər arasında qadınların
çox olmasını da yüksək qiymətləndiririk".
Belçika parlamentinin
üzvü Yan Pol Anri: "Seçkilər öz qaydasında
gedir. İnsanlar gəlib heç bir maneə olmadan öz
seçimlərini edirlər". Belçika parlamentinin
nümayəndəsi Guy Saulmont da həmyerlisi kimi müsbət
fikirdədir: "Hər şey yaxşıdır. Demokratik və
şəffaf bir seçki prosesinin şahidi oldum. Ümid edirəm
ki, sona qədər də belə olacaq". Fransa parlamentinin
üzvü Yak Le Quen hesab edir ki, referendum şəffaf
keçib: "Mən iki seçki məntəqəsinə
baş çəkdim. Hər şey həqiqətən şəffaf
keçir və heç bir problem yoxdur."
Müstəqil Dövlətlər
Birliyi müşahidə missiyası
başçısının müavini, missiyanın qərargah
rəhbəri Yevgeni Sloboda hesab edir ki, Mərkəzi Seçki
Komissiyası, dairə və məntəqə seçki
komissiyaları tərəfindən referendumla bağlı
böyük izahat işi aparılıb. Referenduma
çıxarılan suallarla bağlı müqayisə cədvəlinin
paylanması seçicilərin aktivliyində böyük rol
oynayıb. Kütləvi informasiya vasitələrində də
yaxşı təbliğat aparılıb. "Məntəqələrdə
səsvermənin gedişini onlayn reyimində izləmək təcrübəsi
MDB məkanında ilk dəfə Azərbaycanda 2008-ci ilin
prezident seçkilərində tətbiq olunub, hazırkı
referendumda da bu sistemdən istifadə edilməsi yüksək
qiymətləndirilməlidir. Azərbaycanda gedən seçki
prosesini yer kürəsinin istənilən nöqtəsindən
izləmək olar"-deyən Y.Sloboda bu təcrübənin
MDB məkanında yayılması təklifi ilə
çıxış edəcəyini bildirib.
Böyük Britaniya
parlamentinin deputatı, Avropa Şurası Parlament
Assambleyasının üzvü Maykl Henkok həmkarları ilə
həmrəydir: "Seçki prosesi müsbət keçir,
seçici aktivliyi təqdirəlayiqdir. Gənclərin və
qadınların seçkidə fəal iştirakı
xüsusi qeyd olunmalıdır". Britaniyalı
qonağın qənaətinə görə, insanların kimi
prezident seçmək və neçə dəfə
seçmək hüquqları var. "Böyük Britaniyada
da belədir. Məsələn, xanım Marqaret Tetçer və
Toni Bleyer iki dəfədən artıq baş nazir
seçiliblər. Sonra isə xalq onlara etimad göstərməyib.
Buna görə də düşünürəm ki, bu,
heç də qeydi-demokratik hal deyil və müxalifətin
seçkiləri boykot etmək
çağırışı uğursuzluğa
düçar olub".
Beləliklə, dövlətin
xalq ilə dialoqunu həyata keçirən referendum ideyası
xalqın seçimini birinci plana çıxardı. Azərbaycan
Konstitusiyasına əlavə və dəyişiklərin edilməsi
üzrə referendumun demokratik keçdiyini əminliklə
söyləyə bilərik. Bu beynəxalq müşahidəçilərin
də rəylərində də öz əksini tapıb.
Sənan NƏCƏFOV
Kaspi.- 2009.- 20 mart.- S. 5.