Azərbaycan muğamı 7 əsas qolla məhdudlaşdırılmır

 

Alim Qasımov: "Muğamlarımızı dünyaya çatdırmaq üçün təbliğat kampaniyasının işə düşməsi vacibdir"

 

Bu həftə bir çox hadisəylə yadda qalacaq. Bunlardan biri paytaxt Bakıda keçirilən Beynəlxalq Muğam Festivalıdır. Bir neçə gündür ölkəmizdə səfərdə olan özbəkistanlı qonaq, Əməkdar incəsənət xadimi Ravşan Yunusov festival çərçivəsində keçiriləcək simpoziumlarda iştirak edəcəyini bildirib. O, eyni köklü muğam incilərinin qorunub gələcək nəsillərə çatdırılması baxımından festivalı gözəl fürsət hesab edib: "Qeyd etmək istəyirəm ki, çoxəsrlik tarixə malik muğam, demək olar ki, bütün Şərq xalqlarının mədəniyyətini özündə yaşadır. Son illər isə Azərbaycanda muğama böyük dəyər verilir. Bu sahədə görülən işlər bizim də diqqətimizdən yayınmayıb". Azərbaycanda keçirilən Beynəlxalq Muğam Festivalını yüksək qiymətləndirən özbəkistanlı qonaq özü ilə gətirdiyi elmi araşdırmaların tədbir iştirakçılarının diqqətinə çatdırıldığını dedi: "Mən 35 ildir muğamı tətdiq edirəm. Ən maraqlı araşdırmalarımı festival iştirakçıları ilə bölüşürəm. Qonaqların diqqətinə çatdırıram ki, Azərbaycan muğamı 7 əsas qola məhdudlaşdırılmır. Çıxışlar zamanı 100-ə qədər instrumental, simfonik xətlər olduğu barədə da məruzə nəzərdə tutulub".

Azərbaycan muğamını xarici ölkələrdə layiqincə təmsil edən Xalq artisti Alim Qasımov isə beynəlxalq festivala başqa istiqamətdən yanaşdı. O bildirdi ki, bu dəfə əcnəbi tamaşaçılar muğamı xarici səhnələrdə deyil, Azərbaycanda keçirilən Beynəlxalq Muğam Festivalında dinləyəcəklər. Tədbirin təşkilini təqdirəlayiq hesab edən xanəndə bunun davamlı olmasını arzuladı: "Vaxt var idi, mən Azərbaycan muğamını əcnəbilərə eşitdirmək üçün uzun yol qət edirdim. Bu gün onların özü biz tərəflərə təşrif buyurublar. Mən xaricə getmirəm, xaricdəkilər bura gəlirlər. Festivalın keçirilməsi ideyasını yüksək dəyərləndirirəm. Çünki muğamlarımızı dünyaya çatdırmaq üçün təbliğat kampaniyasının işə düşməsi vacibdir. Əvvəlcə diqqəti üzərimizə yönəldirik, daha sonra onlar bizi axtarıb tapırlar".

Dənizkənarı Milli Parkda keçirilən festivalın açılışında çıxış edən Alim Qasımov tamaşaçılar üçün "Çahargah" muğamını dəstgah şəklində ifa etdiyini bildirdi.

Xalq artisti Ağaxan Abdullayev isə hesab edir ki, Bakıda keçirilən Beynəlxalq Muğam Festivalı muamğlarımızı dünyaya tanıtmaqla yanaşı, gənclərin peşəkar yetişməsində təkan rolunu oynayacaq: "Festival çərçivəsində keçirilən müsabiqəyə gənclərin axınını görəndə çox sevindim. Çünki bu göstərici bir neçə il əvvəl aşağı səviyyədə idi. Muğamın təbliğatı genişləndikcə, gənclərdə də maraq artır. Bu mənim çoxdankı arzularımdan biri olub. Çünki bizdən sonra davamçıların yetişməsi vacibdir".

Festivala gələn qonaqların bir neçəsi ilə tanış olan Ağaxan Abdullayev onların sənəti ilə də yaxından maraqlanacağını bildirdi. Sözünə əlavə olaraq qeyd etdi ki, yerli və əcnəbi tamaşaçılar onun ifasını Dənizkənarı Milli Parkda keçirilən mərasimdə dinləyiblər. Xanəndə "Segah" muğamını səsləndirib.

 

 

İbrahimova S.

 

Kaspi.- 2009.- 20 mart.- S.16.