"Hər yeni işdə yalnız təcrübəyə arxalana bilmirəm"

 

Ramiz Həsənoğlu deyir ki, dünya mədəniyyətindən uzaq olsan, sənətdə söz demək çətindir

 

"Mənə elə gəlir ki, bu gün Azərbaycan rejissorluğunun ən böyük problemi nəsillərin dəyişməsi ilə bağlıdır. Bizim sənətimizə yeni qüvvələr gəlir onlar çox vaxt özündən əvvəlki nəsli qəbul etmirlər.

 

Bu onların haqqıdır mən buna çox normal baxıram. Amma onların özlərindən əvvəlki nəslə qarşı "filankəs görüb, o neyləyib ki?!" iddiasını qəbul edə bilmirəm. Belələrinə "qınından çıxıb qınını bəyənməyənlər" demirəm, çünki onlar hələ heç qınlarından çıxmayıblar" - deyən Xalq artisti, rejissor Ramiz Həsənoğlu hesab edir ki, görmək üçün həyat, təcrübə məktəbi, sənətin əsaslarını bilmək mütləqdir: "Başa düşə bilmirəm ki, onlar rejissorluğu niyə belə asan hesab edirlər? Niyə elə hesab edirlər ki, hər toyu çəkən operator gəlib rejissorluq edə bilər? Elə rejissor tanıyıram ki, bir kitab belə oxumayıb. Onlar televiziya filmlərinə, hansısa kliplərə baxıb meymun kimi təkrarçılığa rejissorluq deyirlər. Mən bədii ədəbiyyatdan, dünyanın mədəni sərvətindən xəbərsiz olanlara reyissor deyə bilmərəm axı?! Rejissorluq böyük sənətdir. Bu mənada ola bilsin ki, yeni nəsillə mənim aramda müəyyən təzad var. Amma mən ciddi reyissoram, bilirəm ki, sənətin sirlərini öyrənməsən, dünya mədəniyyəti ilə hərtərəfli tanış olmasan, sənətdə söz demək çətindir. Rejissor hər yeni işində çətin sınaq qarşısındadır. Mən 42 ilin rejissoruyam, amma hər yeni işdə yalnız təcrübəyə arxalana bilmirəm".

Ramiz Həsənoğludan rejissorların ixtisaslaşmasının zəruri olduğunu soruşanda rejissor bunun vacibdən vacib məsələ olduğunu vurğuladı. Bildirdi ki, hər bir insan öz sahəsində mütəxəssis olmalıdır: "Rejissorların da aid olduğu görüntülü sənətin teatr, kino, televiziya rejissorluğu var. Televiziya rejissorluğu bir qədər çoxşaxəlidir. Bütün bu istiqamətlərin Azərbaycanda baniləri davamçıları olub. Azərbaycan televiziyasının yaranması ilə başlayan televiziya rejissorluğunun əsasını Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev, Kamil Rüstəmbəyov qoyub. Mən özümü üçüncü rejissor nəslinə aid edirəm. Bizdən sonra da gələnlər var, onların arasında uğur əldə edənlər olub, sənətdə uğur qazana bilməyənlər ".

Sonda Ramiz Həsənoğlu qeyd etdi ki, klip, sənədli film, yaxud böyük ekran əsəri yaratmağından asılı olmayaraq hər bir rejissor savad almalı bunu peşəkar səviyyəyə çatdırmaq üçün illərlə çalışmalıdır.

 

 

Kaspi.-2009.-2-4 may.-S.16.