Nüşabə Ələsgərli Zeynəb Xanlarovanın ənənələrini yaşadır

 

O, qonağı olduğu hər bir ölkənin mahnısını ifa edəcək

 

Müğənni Nüşabə Ələsgərli sabah Birləşmiş Ərəb Əmirliklərinə səfərə çıxacaq. Müğənninin "Kaspi" bildirdiyinə görə, onun səfəri konsert xarakteri daşımır.

Bundan əvvəl Rusiya, Türkiyə və Hollandiyada olan müğənni Zeynəb Xanlarovanın ənənəsini davam etdirmək qərarına gəlib: "Bildiyiniz kimi, Zeynəb xanım qonağı olduğu hər bir ölkənin mahnısını ifa etməyi qarşısına məqsəd qoymuşdu. Onun bu ənənəsini indi mən davam etdirirəm. Artıq rus, türk ingilis dilində mahnılar ifa etmişəm. Bu dəfə isə ərəb dilində oxumaq həvəsindəyəm. Ərəb Əmirliklərinə səfərim bu məqsəd daşıyır. Orada tanıdığım bir neçə musiqiçiylə görüşüm olacaq mahnılar seçiləcək. Səs tembrimə uyğun gələn mahnılardan birini seçib hazırlığına orada başlayacam. Mahnının yaxın bir ay ərzində təqdimatı nəzərdə tutulur".

Söhbətinə davam edən Nüşabə Ələsgərli vurğuladı ki, onun səfər proqramları sıxlıq təşkil edir. Belə ki, Ərəb Əmirliklərinə səfərini yekunlaşdırdıqdan sonra müğənni Çinə getməyi düşünür. Çin qrammatikasının onun dilinə bir qədər gec uyğunlaşacağına baxmayaraq, müğənni qarşısına qoyduğu məqsədin arxasınca gedəcəyini vurğuladı: "Bu işdə mənə yardım göstərənlər olacaq. Onu da qeyd edim ki, Çin mahnısından sonra hindistanlıların mahnı yaradıcılığından bəhrələnməyi düşünürəm. Onların musiqilərini sevdiyim üçün bu mənə bir o qədər çətin gəlməyəcək. Ən mürəkkəb işin ərəb mahnısının öhdəsindən gəlməkdir. Bu pilləni aşandan sonra digər işlər daha asan başa gələcək".

 

 

Kaspi.-2009.-2-4 may.-S.16.