Firəngiz Mütəllibova yubileyini təxirə saldı

 

Aktrisa qanlı hadisədən sarsılıb

 

Mayın 1- Xalq artisti Firəngiz Mütəllibovanın 50 yaşı tamam olub. Bir müddət əvvəl qəzetimizə açıqlama verərkən aktrisa yubileyin ssenariləşdirilmiş şəkildə keçiriləcəyini vurğulamışdı. Lakin aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı hadisə aktrisanı sarsıdıb. O, yubiley gecəsini keçirmək fikrindən daşınıb:

"Planlaşdırmışdım ki, ad günüm əvvəlcə yaxın dost və qohumlarımla birlikdə restoranların birində qeyd olunsun. Daha sonra yubileyi ssenariləşdirilmiş şəkildə sənət ocaqlarının birində davam etdirək. Bu həftə baş verən qanlı olayda cavan və yaşlı insanların amansızcasına qətlə yetirilməsi xəbərini eşidəndən sonra fikrimi dəyişdim. Hər iki proqram ləğv edildi. Hətta bir müddət sonra keçirməyi belə düşünmürəm". Yaxın sənət dostlarından yubiley təbrikləri alan Firəngiz xanım bununla kifayətləndiyini söyləyir: "Əslində, mən 60 yaşımın qeyd olunmasının tərəfdarıyam. Ötən dəfə də qeyd etdiyim kimi, artıq 50 yaş dövlət səviyyəsində qeyd olunmur. Bu səbəbdən hər bir hazırlığı 60 yaşıma saxlayıram. Yubileyi 10 il sonra həm teatrdakı dostlarımla qeyd edərəm, həm də dövlət səviyyəsində keçirilər".

Söhbətin davamında öyrəndik ki, Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsində dərs deyən Firəngiz Mütəllibova tələbələri ilə yeni tamaşa hazırlayır. Aktrisa bildirdi ki, yeni teatr əsəri "Bizim qəribə taleyimiz" adlanır və bu, İlyas Əfəndiyevin 95 illik yubileyinə həsr olunub. Öyrəndik ki, tamaşanın yaxın həftələrin birində nümayişi nəzərdə tutulub.

Aktrisanın rol aldığı və çəkilişləri Azərbaycan, Türkiyə və Rusiyada aparılan "Alın yazısı" filminin işləri isə başa çatıb. Bir müddət əvvəl Türkiyədə çəkiliş prosesində iştirak edən aktrisanın tezliklə daha bir səfərinin reallaşacağı gözlənilir: "Türkiyədə yaşayan həmkarım Məlahət Abbasova məni türkiyəli rejissorlardan biri ilə tanış edib. Onun bizim Mədəniyyət və Turizm Nazirliyi ilə müştərək layihəsi nəzərdə tutulub. Həmin layihədə mənim çıxışım gözlənilir”.

 

 

Kaspi.-2009.-2-4 may.-S.16.