Pensiyaların staj əsasında hesablanması
planlaşdırılır
Artım məsələsinə
ilin ikinci yarısında baxıla bilər
Dövlət Sosial Müdafiə Fondunun Azərbaycanda əmək pensiyalarının iş stajı əsasında hesablanması üçün "Əmək pensiyası haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı ötən ilin avqustunda təqdim etdiyi təkliflər artıq müvafiq qurumlarla razılaşdırılıb. APA-nın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib ki, təkliflər yaxın günlərdə Nazilər Kabineti tərəfindən ölkə prezidentinə təqdim ediləcək, daha sonra isə təkliflərin Milli Məclisdə müzakirəyə çıxarılması nəzərdə tutulub.
Bu təkliflərə əsasən 2006-cı il yanvarın 1-dək olan dövrdə qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsi zamanı əməkhaqqına istinad aradan qaldırılmalı, hesablamalar vahid prinsiplə iş stajı əsasında aparılmalıdır. Pensiya hesablanarkən pensiyaçının bütün əmək stajının vaxtından 5 il çıxılacaq. Qalan hər il üçün ona həmin dövrdə olan baza pensiyasının 8 faizi qədər vəsait hesablanacaq. S.Müslümov bildirib ki, bu dəyişiklik reallaşdıqdan sonra artıq avtomatlaşdırılmış pensiya hesablama sistemi hər vətəndaşa xidmət göstərəcək: "Ondan sonra pensiya təminatı sektorlarını ləğv edəcəyik. Bir nəfər informasiya sisteminə, bir nəfər də əlil və ailə başçısını itirmiş şəxslərə qulluq göstərəcək. Pensiyanı avtomatlaşdırılmış şəkildə mərkəzi baza təyin edəcək".
Fond sədrinin sözlərinə görə, yeni dəyişikliklərdə pensiyaya çıxmaq istəyən vətəndaşlara seçim hüququ da verilib. Belə ki, pensiyanın hesablanması zamanı iş stajı əsas götürülməyə də bilər: "Kimsə pensiyanın stay əsasında hesablanmasını istəmirsə, onda bizə müraciət edə və aldığı əmək haqları barədə arayışlar təqdim edə bilər. Əgər təqdim etməzsə, o zaman sovet dövründə hansı sahə üzrə işləyibsə, həmin sahə üzrə orta aylıq əməkhaqqını götürərək onun əsasında pensiyaya çıxmaq istəyən şəxsin orta aylıq əməkhaqqını müəyyənləşdirə bilərik".
S.Müslümov qeyd edib ki, bu il təkliflərə baxılsa, gələn ildən bu təkliflər tətbiq edilə bilər.
Fond sədri əlavə edib ki, Azərbaycanda pensiyaların baza hissəsinin artırılması məsələsinə ilin ikinci yarısında baxıla bilər. Onun sözlərinə görə, ölkədə inflyasiya defilyasiya ilə əvəzlənsə belə, pensiyanın azaldılması nəzərdə tutulmur. Pensiyanın baza hissəsinin artırılması isə inflyasiya ilə bağlıdır: "Qanunda da yazılıb ki, pensiyanın baza hissəsi inflyasiya faizindən aşağı olmayaraq, ildə ən azı bir dəfə artırılmalıdır. Amma biz hələlik müzakirələr aparırıq və yəqin ki, pensiyanın baza hissəsinin artırılması məsələsinə ilin ikinci yarısında baxılacaq".
S.Müslümov bildirib ki, dünya
iqtisadiyyatında baş
verən böhran qiymətlərin düşməsinə
təsir edir. Bu isə inflyasiyanın
səviyyəsinin düşməsinə
şərait yaradır:
"Amma bizim büdcə proqnozlarımız
kifayət qədər
əsaslandırılmış və balanslaşdırılmış
formadadır. Üstəlik
ötən ildən
112 milyon manat istifadə edilməmiş
qalığımız qalıb.
Düzdür, bu vəsaitin 37 milyon manatı bizim deyil. Ancaq yerdə
qalan məbləğ
pensiyanın artım hissəsinin maliyyələşməsi
üçün yetərlidir.
Hər halda bu məsələ hökumət səviyyəsində
geniş müzakirə
ediləcək və yekun qərar veriləcək".
Kaspi.-2009.-5 may.-S.1.