Nikah müqaviləsinin yeni forması hazırlanır

 

Yeni sənəddə məcburi tibbi arayışın tələb olunması da əksini tapacaq

 

Son zamanlar Azərbaycan ailələrində boşanma hallarının artması müşahidə olunur. Belə halların çoxalması cəmiyyətin bütün təbəqələrini narahat etməkdədir. Düzdür, boşanma hallarının artması, ailələrin dağılmasının çoxsaylı səbəbi mövcuddur. Bu səbəblər sırasına ailə-məişət problemlərindən tutmuş xarici missioner təşkilatların aşıladığı ideologiyaların təsirini də daxil etmək olar. Ancaq ailələrin dağılmasının elə sadə səbəbləri mövcuddur ki, həmin səbəblərin vaxtında aradan qaldırılmasına ehtiyac duyulur. Ölkə Konstitusiyasına görə, cəmiyyətin əsas özəyini təşkil edən ailə birbaşa dövlətin himayəsindədir. Bu baxımdan, cəmiyyətin hər bir üzvünün iştirakı ilə dövlətin həyata keçirəcəyi tədbirlər nəticəsində Azərbaycan ailələrini bu bəladan xilas etmək mümkündür. Bunun isə ən sadə və təsirli mexanizmi ailə münasibətlərini tənzimləyən qanunvericilikdəki boşluqların aradan qaldırılmasından keçir. Müsahibimiz millət vəkili Lalə Abbasova ilə söhbətimizdə də bu məsələlərə toxunduq.

- Lalə xanım, statistik məlumatlara görə, hazırda ölkədə boşanma hallarının sayı xeyli dərəcədə artıb. Sizcə Azərbaycan ailələrinin dağılması hansı səbəblərdən baş verir?

- Ailə institutu bizim ən müqəddəs milli dəyərlərimizdəndir. Amma təəssüf ki, hazırda Azərbaycanda ailə institutu çox zəifdir. Bu səbəbdən ölkədə boşanma hallarının sayı durmadan artır. Belə halların qarşısını almaq üçün hər bir gəncin və valideynin ailə məsuliyyətini dərk etməsi vacib şərtdir. Xüsusən gənclər ailə qurarkən hər iki tərəf məsuliyyət daşımalı, valideynlər isə onlara dayaq olmalıdırlar. Konkret olaraq nikaha daxil olan gənclər mütləq nikah müqaviləsinə imza atmalıdırlar ki, bu məsuliyyətin daşıyıcılarına çevrilsinlər. Nikah müqaviləsində nəinki maddi, həm də mənəvi məsuliyyət məsələləri əksini tapmalıdır. Çox təəssüflər olsun ki, bu gün evlənən gənclər nikah müqaviləsinin məsuliyyətini dərk etmədiklərindən ailə qurduqdan sonra bir-birlərinin hüquqlarını pozurlar. Bir müddət birgə yaşadıqdan sonra xasiyyətlərinin düz gəlmədiyini əsas gətirərək boşanmağa qərar verirlər. Ancaq iş bununla bitmir, hökm verilir ki, qadın uşaqlarını da özü ilə atası evinə aparsın. Həm bu məsələ, həm də əmlak bölgüsü ilə bağlı ciddi problemlər yaranır. Bu mübahisələr o qədər mürəkkəb olur ki, məhkəmələr də ədalətli qərar qəbul etməkdə çətinlik çəkirlər. Biz millət vəkillərinə də bu cür problemlərlə bağlı çoxsaylı müraciət daxil olur. Məncə, bu problemlərin çox asan bir həll yolu var-ailə qurularkən tərəflər arasında nikah müqaviləsinin bağlanması. Əgər nikaha girənlər arasında belə müqavilə bağlanarsa, həmin sənədə əsasən əmlak və mülkiyyət məsələlərini problemsiz həll etmək mümkün olar.

- Gənclərin nikah müqaviləsi imzalaması ilə boşanma hallarının qarşısının alınacağı nə dərəcədə real görünür?

- Nikah müqaviləsi olsa, hər bir gənc başa düşər ki, həyat yoldaşını boşasa, onu mənzillə, uşağını isə maddi vəsaitlə təmin etməyə borcludur. Nəticədə heç bir günahı olmayan uşaqlar küçədə qalmayacaq, boşanmış qadın pis yollara getməyəcək. Ancaq bu problem həllini tapmadığından boşanmış qadınlar və uşaqlar ağır həyat tərzi keçirməyə məhkum olurlar. Xüsusən belə halların qurbanına təhsili olmayan, savadsız qadınlar çevrilirlər. Çünki onlar nikaha daxil olarkən belə bir müqavilənin olub-olmadığının fərqinə varmırlar. Boşanan zaman isə özlərini dolandıra bilmirlər, uşaqları da tamam başqa bir mühitin təsiri altına düşür. Belə halların qarşısını almaq məqsədilə nikah müqaviləsinin formallığı aradan qaldırılmalıdır.

- Azərbaycan ailələrinin formalaşmasında ailə adət-ənənələrinin rolu nə dərəcədədir?

- Bəzən deyirlər ki, müasir ailə ənənələri və yaxud nikah müqaviləsinin bağlanması kimi məsələlər Qərbdən götürülmüş bir adətdir. Əslində isə ailələrin əmlak məsələsi ilə bağlı bizim çox qədimdən yaşanan adət-ənənələrimiz mövcuddur. Vaxtilə nişanlı qıza cehiz və yaxud hədiyyə gətirdikdə həmin əşyalar camaat arasında elan olunurdu. Toy şənliyində iştirak edənlər şahid olurdu ki, həmin qıza hansı cehizlər, hansı hədiyyələr verilib. Sonradan boşanma baş verdikdə prosesə şahid kimi cəlb olunan ağsaqqallar və ya ağbirçəklərin təsdiqi əsas götürülürdü. Tərəflər də bu faktdan imtina edə bilməzdilər. İndi isə elə qızlar var ki, çoxlu sayda cehiz aparır, boşanan zaman bunu sübut etmək mümkün olmur. Cehiz əvəzinə qadına bir uşaq da verirlər ki, get atanın evinə. Sanki söhbət həmin kişinin övladından getmir. Yaxud olur ki, imkanlı bir ailənin qızı oğlanın hüquqlarını pozaraq onun əlindəki bütün əmlakı alır. Deməli, ailə institutunun möhkəm olması üçün hər iki tərəfin bərabər hüquqları təmin edilməlidir. Bu məsələdə söhbət mütləq mənada əmlakın bölünməsindən getmir. Elə ola bilər ki, nikaha daxil olan gənclərin heç nəyi yoxdur, sadəcə, bir-birlərini sevirlər, evlənərək adi bir şəraitdə kirayədə yaşayırlar. Belə olan halda onların nikah müqaviləsində yazılmalıdır ki, birgə nikahdan əldə olunacaq əmlak onların hər ikisinin mülkiyyəti hesab olunur. Bir sözlə, istənilən halda nikah müqaviləsinin məcburi qaydada imzalanması bütün ailələrdə yaşanan çoxsaylı problemin aradan qaldırılmasında mühüm rol oynaya bilər.

- Etiraf edilməlidir ki, hazırda qüvvədə olan nikah müqaviləsinin forması sadaladığınız tələblərə cavab vermir.

- Hazırda nikah müqaviləsinin yeni forması üzərində iş aparılır. İndiki vəziyyətdə ailə münasibətlərini tənzimləyən qanunvericilikdə bununla bağlı boşluqlar mövcuddur. Bizim "Qadın və Tərəqqi" adlı qeyri-hökumət təşkilatı bir qrant layihəsi udub. Bu layihənin məqsədi nikah müqaviləsinin yenidən tərtib edilməsindən ibarətdir. Bu məqsədlə mütəxəssislərlə fikir mübadiləsi aparılacaq. Tanınmış hüquqşünaslar, eləcə də Vətəndaşların Vəziyyəti Aktının Qeydiyyatı İdarəsinin əməkdaşlarının məsləhəti ilə nikah müqaviləsinin yeni forması hazırlanacaq. Yeni sənəddə tərəflərin hüquq və vəzifələri, məsuliyyət məsələləri ilə yanaşı, məcburi tibbi arayışın tələb olunması məsələsi də əksini tapacaq. İndiki şəraitdə belə bir sənədin hazırlanması zərurətə çevrilib. Gənclər arasında aparılan sorğuların nəticəsinə görə, əksər insanlar nikah müqaviləsinin imzalanmasının tərəfdarıdır. Deməli, bu gün gənclər buna hazırdır, onlar bu müqavilənin vacibliyini dərk edirlər. Bununla bağlı regionlarda da maarifləndirmə işləri aparılmalıdır. Həm gənclərə, həm də valideynlərə izah edilməlidir ki, belə müqavilənin imzalanması onların gələcəyi üçün lazımdır.

- Bir sıra mütəxəssislər nikaha daxil olanlardan məcburi tibbi arayışın tələb edilməsini insan hüquqlarının pozulması kimi qiymətləndirirlər. Sizcə belə bir qaydanın tətbiqi cəmiyyətdə fikir ayrılığı yaratmayacaq ki?

- Nikaha daxil olan tərəflərin tibbi arayışı mütləq olmalıdır. Tibbi arayışda əsasən narkomaniya, talassemiya, ruhi və digər xəstəliklərlə bağlı göstəricilər əksini tapmalıdır. Bu arayışı təqdim edən həkim komissiyası cavabdehlik daşımalıdır. Yəni saxta arayış verən həkimlərin məsuliyyət məsələsi müəyyən edilməlidir. Hazırda kişilər iş ardınca Rusiyaya getməklə müxtəlif yoluxucu xəstəliklər tapırlar. Geri qayıdanda isə öz həyat yodaşlarını da xəstələndirirlər. Daha dəhşətlisi ondan ibarətdir ki, bu xəstəliklərin gələcək uşaqlara yoluxma təhlükəsi mövcuddur. Bu isə Azərbaycan cəmiyyətinə, gələcək nəslin sağlamlığına bir zərbədir. Çünki sağlam nəsil olmadan ailənin, dövlətin gələcəyi də ola bilməz. Dövlətin, cəmiyyətin varlığı üçün sağlam və savadlı nəsil yetişməlidir. Bunlar olmasa, dövlətin və cəmiyyətin inkişafından danışmağa dəyməz. Bu hallar nəzərə alınmaqla nikaha daxil olan gənclərin məcburi tibbi arayışının olması vacibdir. Hesab edirəm ki, hər iki tərəf ailə qurmazdan əvvəl bu məsələyə məsuliyyətlə yanaşmalıdır.

 

 

İ.QULİYEV

 

Kaspi.-2009.-5 may.-S.8.