Təbiətin mühafizəsində gənclərin
üzərinə böyük
vəzifələr düşür
YAP Gənclər Birliyi ekologiya ilə bağlı müsabiqəyə yekun vurub
Dünən Bakı
Dövlət Universitetində
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər
Birliyi və Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin (ETSN) birgə
təşəbbüsü ilə "Təbii sərvətlərimizə sahib
çıxaq, ətraf
mühitimizi qoruyaq"
adlı çoxşaxəli
proqram layihə əsasında keçirilmiş
eyniadlı məqalə
müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi
keçirildi. Tədbiri
açan YAP Gənclər
Birliyinin sədri Ramil Həsənov bildirdi ki, ətraf
mühitin qorunması
gənclər qarşısında
əsas prioritet kimi durur. "Tədbir ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində
keçirilir və bu da təsadüfi
deyil. Belə ki, ümummilli
lider daima ətraf mühitin qorunmasını daim diqqət mərkəzində
saxlayıb" - deyə
o vurğuladı. Onun sözlərinə görə, ölkə rəhbərliyi Azərbaycanın
uğurlu iqtisadi inkişafı ilə yanaşı, insanların
sağlamlığı, ekoloji
vəziyyətə də
xüsusi diqqət ayırır. YAP Gənclər
Birliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı çoxşaxəli
proqram gerçəkləşdirib.
Aprelin 15-dən başlayan tədbirlər
çərçivəsində tələbə gənclər
arasında məqalə
müsabiqəsi keçirilib.
Gəncə, Lənkəran,
Yevlax, Şəki və Quba şəhərlərində
gənclər arasında
ekoloji tarazlıq, ətraf mühitin qorunması, qlobal istiləşmə kimi mövzularla bağlı treninq kurslar keçirilib.
Tədbirdə çıxış edən
BDU-nun prorektoru İsmayıl Vəliyev bildirdi ki, ekologiya
inkişafın, istehsalın
və insanın özünün yaratdığı
problemdir. İstehsal durmadan genişlənir, insanlar sayca artır, yeni sənaye sahələri yaranır və inkişaf edir: "Bir məsələni
xüsusi qeyd etmək lazımdır ki, ətraf mühitin mühafizəsi,
insanların sağlam
təbii mühitdə
yaşaması və təbii sərvətlərdən
xalqımızın rifahının
yaxşılaşdırılması naminə istifadə edilməsi məsələsi
ölkə başçısı İlham
Əliyevin daim diqqət mərkəzindədir.
Dövlətin apardığı
sosial-iqtisadi islahat proqramlarında ekoloji vəzifələr
xalqımızın sağlamlığının
və milli genefondunun qorunması kimi mühüm yer tutur. Hətta
həlli vacib olan ekoloji problemlərin əksəriyyətinin aşkar
edilməsində prezidentin
özünün iştirakı
xüsusi əhəmiyyət
kəsb edir. Ekologiya sağlam həyat tərzinin tərkib hissəsidir.
Paytaxtda Abşeron hövzəsində
təmiz hava problemi xüsusilə aktualdır. Belə ki, həyati əhəmiyyətinə görə
bütün canlılar
üçün hava birinci yerdə durur". İ.Vəliyev onu da qeyd
etdi ki, hazırda bütün dünyada adambaşına
0,9 hektar meşə sahəsi, dünyanın ən yaşıl sahəsi hesab olunan Kanadada adambaşına 9,4 hektar, Rusiyada isə adambaşına 5,2 hektar meşə sahəsi düşür. Azərbaycanda
isə bu rəqəm 0,189 hektar təşkil edir. Bakıda isə Bakıda adambaşına
6,4 kv. metr ağac düşür. Bu göstəricinin əhalisinin sayı çox olan paytaxt üçün çox az olduğunu
deyən İ.Vəliyev
vurğuladı ki, gənclər arasında ekoloji tarazlığı qorumağa
xidmət edən layihələrin keçirilməsi
vacibdir.
ETSN-nin Xəzər Ekoloji Monitorinq İdarəsinin rəisi Mirsalam Qəmbərov isə bildirdi ki, Azərbaycan ekoloji sahədə 20-yə yaxın beynəlxalq konvensiyaya qoşulub. Gənclərin ekoloji təmizliklə bağlı
layihələrini dəstəklədiyini
deyən idarə rəisi onları içməli su, bərk tullantıların
idarə olunması, meşələrin salınması,
paytaxtda ağac əkilməsi kimi tədbirlərdə də
yaxından iştiraka
çağırıb.
Tədbirdə o
da qeyd edildi
ki, ölkəmizin əsas ekoloji problemləri - su ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsi,
o cümlədən transsərhəd çirklənməyə
məruz qalması, yaşayış məntəqələrinin
keyfiyyətli su ilə təminatının
aşağı səviyyədə
olması, şirin suların tələbatçılara
çatdırılana qədər
itkisinə yol verilməsidir. Eləcə də bura kanalizasiya xətlərinin
azlığı, sənaye
müəssisələri və
nəqliyyat vasitələri
tərəfindən atmosfer
havasının çirklənməsi,
münbit torpaqların
deqradasiyaya uğraması,
bərk sənaye və məişət tullantılarının, o
cümlədən təhlükəli
tullantıların tələb
olunan səviyyədə
idarə olunmaması,
biomüxtəlifliyin seyrəkləşməsi
və meşə ehtiyatlarının, faunanın,
o cümlədən balıq ehtiyatlarının
azalması da daxildir.
Sonra çıxış edən
Milli Məclisin üzvü Aydın Mirzəzadə isə vurğuladı ki, təbiətə daim diqqət yetirilməlidir. Əks təqdirdə təbiət ona vurulan ziyanı ikiqat insanlara geri qaytarır. Son günlər ölkə rəhbərliyinin
təşəbbüsü ilə ağac əkilməsi kampaniyasına
başlanıldığını yüksək qiymətləndirən
millət vəkili əlavə etdi ki, bunu regionlarda
da genişləndirmək
gərəkdir.
Milli Məclisin üzvü Fəttah Heydərov isə ümummilli lider Heydər Əliyevin hər zaman təbiətin mühafizəsinə
böyük önəm
verdiyini və məhz onun təşəbbüsü ilə
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin təsis olunduğunu xatırlatdı.
Onun sözlərinə
görə, təbiətin mühafizəsinin
gücləndirilməsində tələbə gənclərin
üzərinə böyük
vəzifələr düşür.
"Bu gün təbiəti qorumasaq, bunun ciddi fəsadları
ola bilər" - deyə o vurğuladı.
Tədbirdə çıxış
edən digər natiqlər ətraf mühit və cəmiyyət, ekoloji standartlar və iqtisadi maraqlar, gözlənilən
qlobal ekoloji böhranlar, ekologiya beynəlxalq münasibətlər sistemində,
müasir ekoloji vəziyyət gənc alimlərin gözü ilə, ekologiya və elmi-texniki tərəqqi və digər məsələlər ətrafında
fikir mübadiləsi apardılar.
Sonda çıxış edən
R.Həsənov "Təbii
sərvətlərimizə sahib çıxaq, ətraf mühitimizi qoruyaq" müsabiqəsinə
təqdim olunan məqalələrdən söz
açdı. Onun sözlərinə görə,
müsabiqəyə aprelin
10-dan start verilib. Qısa zaman kəsiyində müsabiqəyə
200-dək məqalə
təqdim olunub: "Təqdim olunan məqalələrin böyük
əksəriyyəti, təqribən
60 faizi BDU-nun payına düşür".
YAP Gənclər Birliyinin
sədri onu da qeyd etdi
ki, müsabiqəyə
təqdim olunan yazıların əksəriyyəti
elmi məqalələrdir.
Onların içərisində
ən layiqlisini seçmək isə Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə həvalə
edilib. Təqdim olunan məqalələrin
yüksək peşəkarlığını
nəzərə alan nazirlik həvəsləndirici
mükafatların sayını
18-ə çatdırıb.
Birinci yer - BDU-nun tələbəsi Məmmədbağır Məmmədzadəyə
(500 manat), ikinci yer Qərb universitetinin
tələbəsi Tural
İsmayılova (300 manat),
üçüncü yer
isə Xəyyam Muradova (200 manat) verilib. Həvəsləndirici
mükafatların sahiblərinə
isə 100 manat və diplomlar təqdim olundu. O da qeyd edildi
ki, müsabiqəyə
təqdim olunan məqalələr kitab şəklində dərc
edilib.
Azər
NURİYEV
Kaspi.-2009.-6 may.-S.8.